Azərbaycan memarlığının böyük və uğurlu inkişaf yolu var

 

 Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Memarlar İttifaqının XVIII qurultayı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan Memarlar İttifaqının İdarə Heyətinin sədri Abbas Ələsgərov qurultayda 317 nümayəndənin dəvətli olduğunu, onlardan 210 nəfərinin qeydiyyatdan keçdiyini bildirmiş, reqlament barədə məlumat vermişdir.

Sonra hesabat dövründə dünyasını dəyişmiş memarların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

A.Ələsgərov Prezident İlham Əliyevin 2012-ci il 1 oktyabr tarixli sərəncamı ilə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə 7 nəfərin "Əməkdar memar", 5 nəfərin isə "Tərəqqi" medalına layiq görüldüyünü bildirmişdir.

Memarlar İttifaqının son 5 ildəki fəaliyyəti barədə ittifaqın katibi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova məruzə etmişdir.

Rektor bu illər ərzində ölkəmizin müstəqillik və tərəqqi yolunda böyük uğurlara imza atdığını vurğulamış, Prezident İlham Əliyevin mütərəqqi siyasəti nəticəsində respublika iqtisadiyyatının bütün sahələrində, eləcə də xarici siyasət kursunda mühüm nailiyyətlər əldə edildiyini diqqətə çatdırmışdır.

Memarlıq və inşaat sahəsi də bu dövrdə böyük və uğurlu inkişaf yolu keçmişdir. Tikinti və yenidənqurma işləri, abadlaşdırma regionlarda da sürətlə aparılır. Azərbaycanın bütün kənd və qəsəbələri, şəhərləri bu müddətdə öz simasını dəyişmiş və gözəlləşmiş, iri infrastruktur layihələri həyata keçirilmişdir. Bakı şəhərinin ərazisində belə orijinal layihələr daha çoxluq təşkil edir.  Paytaxtda Şərqin  və Avropanın memarlıq ənənələrini əks etdirən nadir binalar inşa olunur, onlar da şəhərimizin  görkəmini dəyişərək onu əsrarəngiz bir məkana çevirir. Bu proseslərdə memarlarımızın əməyi xüsusi qiymətləndirilməlidir.

Qeyd edilmişdir ki, hesabat dövründə Memarlar İttifaqının maddi-texniki bazası möhkəmləndirilmiş, onun yerləşdiyi bina əsaslı təmir edilmiş və müasir avadanlıqla təchiz olunmuşdur. G.Məmmədova həmçinin Memarlar İttifaqının beynəlxalq əlaqələrindən bəhs etmiş, təşkilatın Beynəlxalq Memarlar İttifaqları və digər qurumlarla qarşılıqlı münasibətlər qurduğunu, memarlarımızın respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrdə müvəffəqiyyətlə iştirak etdiyini söyləmişdir.

Son 5 ildə Memarlar İttifaqının uğurlu fəaliyyət göstərdiyini vurğulayan məruzəçi memarlara yaradıcılıq uğurları diləmişdir.

Tədbirdə çıxış edən digər natiqlər, respublikamızın tanınmış memarları hesabat dövrü müddətində şəhərsalma sahəsində görülən işlərdən danışmış, memarlarımızın yeni layihələrə daha çox cəlb edilməsi üçün münbit şəraitin yaradılmasının zəruriliyini vurğulamışlar.

Qurultayda tanınmış memar Elbəy Qasımzadə yekdilliklə Memarlar İttifaqının idarə heyətinin sədri seçilmişdir.

Qurultayın işində Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə iştirak etmişdir.

 

 

Azərbaycan.-2012.-7 noyabr.- S.3.