Azərbaycan Respublikası Prokurorluğunun Beynəlxalq Prokurorlar
Assosiasiyası
ilə əlaqələri uğurla davam etdirilir
Oktyabrın 27-də Tailand
Krallığının Patayya şəhərində Beynəlxalq
Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin
növbəti iclası keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən
bildirmişlər ki, tədbirdə Baş Katibliyin və
assosiasiyanın fəaliyyətinə dair hesabat, təşkilati
məsələlər, 2011-ci ilin maliyyə hesabatı,
növbəti ilin büdcəsi və s. məsələlər
müzakirə edilmişdir.
Tədbirdə ölkəmizi Beynəlxalq
Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin
üzvü, Azərbaycan Respublikasının Baş Prokuroru
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
rəisi Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə
heyəti təmsil etmişdir.
Azərbaycan nümayəndə heyəti
oktyabrın 29-dan noyabrın 1-dək Banqkok şəhərində
Beynəlxalq Prokurorlar Assosiasiyasının ümumi
yığıncağında və 17-ci illik konfransında
iştirak etmişdir. Dünyanın 30-dan çox ölkəsindən
və bir sıra nüfuzlu beynəlxalq təşkilatdan 400-dək
nümayəndənin qatıldığı illik konfrans
"Transmilli mütəşəkkil cinayətkarlıq: onun
müxtəlif sahələrdə təzahürü və
prokurorun rolu" mövzusuna həsr olunmuşdur.
Plenar iclas və seminarlarda mütəşəkkil
cinayətkarlıqla mübarizənin aktual problemləri,
müharibə, korrupsiya, maliyyə, terrorizm cinayətlərinin
qarşılıqlı əlaqəsi, cinayət yolu ilə əldə
edilmiş vəsaitlərin leqallaşdırılması,
ekologiya cinayətləri, kibercinayətkarlıq
mövzularında məruzələr dinlənilmişdir.
Azərbaycan nümayəndə heyətinin
üzvləri - Baş Prokuror yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinin şöbə rəisi
Vüqar Əliyev və Baş Prokurorluğun Beynəlxalq Əlaqələr
İdarəsinin şöbə rəisi İsmayıl
Qayıbov müzakirələrdə fəal iştirak edərək
mütəşəkkil cinayətkarlığın müxtəlif
təzahürləri ilə mübarizə sahəsində
ölkə qanunvericiliyi, mövcud təcrübə,
mübarizə üsullarına dair öz mülahizələrini,
təcrübələrini bölüşmüşlər.
Beynəlxalq Prokurorlar
Assosiasiyasının ümumi yığıncağında bir
sıra təşkilati məsələlərə də
baxılmış, xüsusi xidmətlərinə görə
fərqlənmiş üzvlərə mükafatlar təqdim
edilmişdir.
Qurumun növbəti illik
yığıncağının 2013-cü il sentyabrın 8-dən
13-dək Moskvada keçirilməsi qərara
alınmışdır.
Nümayəndə heyətinin üzvləri
Tailand Krallığı, Rusiya Federasiyası, Ukrayna və digər
ölkələrin prokurorluq əməkdaşları ilə
keçirdiyi görüşlərdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin dinamik inkişafı, həyata
keçirilmiş məhkəmə-hüquq
islahatlarının müsbət nəticələri, korrupsiya
ilə mübarizə sahəsində görülmüş
konkret tədbirlər barədə ətraflı məlumat vermiş,
qarşılıqlı və səmərəli əməkdaşlığa
dair fikir mübadiləsi aparmışlar.
Tədbirin sonunda ölkəmizdə
korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyəti
əks etdirən kitabçalar, həmçinin Azərbaycan
prokurorluğu tərəfindən rus dilində
hazırlanmış Beynəlxalq Prokurorlar
Assosiasiyasının fəaliyyət prinsiplərini
özündə cəmləşdirən bukletlər konfrans
iştirakçılarına təqdim edilmişdir.
AzərTAc
Azərbaycan.-2012.-7
noyabr.- S.3.