Bakıda Qara dəniz hövzəsi ölkələrinin Gəmi Sahibkarları Beynəlxalq Assosiasiya Şurasının XVI iclası keçirilmişdir

 

 Noyabrın 6-da Bakıda Qara dəniz hövzəsi ölkələrinin Gəmi Sahibkarları Beynəlxalq Assosiasiya (BİNSA) Şurasının XVI iclası keçirilmişdir.

Yaxt Klubda keçirilən iclası açan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi, BİNSA-nın prezidenti Aydın Bəşirov son illər ölkəmizin həyatında baş verən müsbət dəyişikliklərdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi sahədə əldə olunan uğurlardan danışmışdır. BİNSA-nın Qara və Xəzər dənizləri hövzələrində böyük rol oynadığını vurğulayan A.Bəşirov Azərbaycanın tranzit potensialını diqqətə çatdırmış və Dövlət Xəzər Dəniz Gəmiçiliyinin bu istiqamətdə lazımi addımlar atdığını qeyd etmişdir. O bildirmişdir ki, gəmiçiliyin sifarişi ilə Xorvatiyada tikilən gəmi-bərələr məhz Böyük İpək yolunda istismar ediləcəkdir ki, bu da bizə tranzit yükdaşımaların həcmini daha da artırmağa imkan verəcəkdir.

Çıxış edənlər beynəlxalq dəniz və iqtisadi əməkdaşlıq təşkilatları ilə yaradılan əlaqələrin müsbət nəticələr verdiyini qeyd etmiş, qarşıda duran məsələlər barədə müzakirələr aparmışlar.

İclasda BİNSA şurasının əvvəlki toplantısından sonrakı dövrdə görülmüş işlər, assosiasiyanın maliyyələşdirilməsi, strukturu və tərkibi, gələcəkdə görüləcək işlər və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov növbəti dəfə BİNSA-nın prezidenti vəzifəsinə seçilmişdir.

Sonda şura iclasının yekun bəyannaməsi imzalanmışdır.

İclasda Azərbaycan, Türkiyə, Gürcüstan, Fransa və Ukraynanın dəniz administrasiyalarının nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.-7 noyabr.- S.3.