Azərbaycan ilə Moldova arasında əməkdaşlıq uğurla inkişaf edir

 

 Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Moldovanın rabitə və informasiya texnologiyaları naziri Pavel Filip noyabrın 6-da ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan ilə Moldova arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayan F.Məmmədov  geniş müqavilə bazasına söykənən hüquqi əlaqələri qeyd etmiş, ölkəmizdə həyata keçirilən hərtərəfli hüquqi islahatlardan, müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqindən, yeni innovativ və şəffaf xidmətlərin yaradılmasından danışmış, e-ədliyyənin inkişafı barədə məlumat vermişdir. Nazir ölkəmizin bu sahədə xarici dövlətlərin, o cümlədən Moldovanın təcrübəsindən bəhrələndiyini söyləmişdir.

Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən P.Filip  respublikamızın dinamik inkişafının şahidi olduğunu vurğulamış, Bakıda yüksək səviyyədə təşkil olunmuş forumun əhəmiyyətini qeyd etmişdir. Qonaq ölkəsində İKT-nin tətbiqi üzrə həyata keçirilən islahatlar, o cümlədən yeni konseptual strategiyalar barədə məlumat vermiş, Azərbaycanın bu sahədə müsbət təcrübəsinə maraq göstərmiş, təcrübə mübadiləsinin hər iki tərəf üçün səmərə verəcəyini bildirmişdir.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, habelə korrupsiyanın qarşısının alınmasında İKT-nin tətbiqi, müxtəlif reyestrlərin aparılması və digər məsələlər müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.-7 noyabr.- S.4.