Azərbaycanın və İtaliyanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır

 

 Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Romada keçirilən Beynəlxalq Kriminal Polis Təşkilatının (İnterpol) Baş Assambleyasının 81-ci sessiyasında iştirak edir.

Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, noyabrın 5-də sessiyanın nazirlər görüşü zamanı İnterpolun prezidenti Hu Bun Hyui və bu qurumun baş katibi Ronald Nobl çıxış etmişlər. Sonra bir çox ölkələrin nümayəndələri cinayətkarlıqla mübarizə sahəsində əldə etdikləri uğurlardan danışmış, bu sahədə beynəlxalq əməkdaşlığın önəmliliyini vurğulamışlar.

Sessiya çərçivəsində R.Usubov bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə işçi görüşləri keçirmişdir.

R.Usubov İtaliyanın daxili işlər naziri xanım Anna Mariya Kançelliyeri ilə də görüşmüşdür. R.Usubov həmkarına Azərbaycanın   dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmlənməsi, hüquqi, dünyəvi, iqtisadi baxımdan güclü dövlət quruculuğu,  ictimai münasibətləri tənzimləyən hüquq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat vermiş, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin  genişləndiyini və daha da möhkəmləndiyini qeyd etmiş, hüquq-mühafizə sahəsində əməkdaşlığın inkişafı və bu çərçivədə əldə edilən təcrübə mübadiləsinin vacibliyini xüsusi qeyd etmişdir.

Xanım Kançelliyeri ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyəsindən məmnun olduğunu vurğulamış, İtaliyanın Azərbaycan ilə daha da möhkəm əməkdaşlığa və bunun üçün lazımi addımların atılmasına hazır olduğunu bildirmişdir.

Görüşün sonunda "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyiİtaliya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında" Saziş imzalanmışdır.

Elə həmin gün R.Usubov və nümayəndə heyətimizin üzvləri dahi Azərbaycan şairi Nizami Gəncəvinin Romadakı abidəsi önünə əklil qoymuşlar.

Görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iştirak etmişdir.

 

 

Azərbaycan.-2012.-7 noyabr.- S.4.