Muğan torpağında növraq dəyişir

 

 Mil-Muğan düzündə qədim yurd  yerləri az olmayıb. Kür-Araz boyunca uzanan çöllərdə əkin-biçin üçün münbit sayılan torpaqlar bu yerlərə pənah gətirənləri isə heç zaman ac qoymayıb.  Bu günburada kənd təsərrüfatı,  xüsusən də bitkiçilik  inkişafın əsasını təşkil edir. Vaxtilə rayon mərkəzi olmuş Qaradonlu Muğan düzündə  İmişlinin ən qədim yaşayış məntəqələrindən biri kimi tanınır. Rayonun yaxın tarixini vərəqləsək, görərik ki, Muğan  torpaqları doğrudan da "biri üç eyləyən"dir.

1930-cu ildə təşkil  olunan Qaradonlu rayonu  hələ çar Rusiyası dövründə Cavad qəzasına daxil olub. Ərazinin karvan yolları üzərində və Araz çayı sahilində yerləşməsi, su mənbələrinin bol, məhsuldar torpaqların isə çoxluğu burada kənd təsərrüfatının, xüsusən də əkinçiliyin inkişafına  zəmin yaradıb. 1906-cı ildə Qaradonluda ilk məktəb fəaliyyətə başlayıb və həmçinin ərazidə çoxlu sayda yaşayış evləri, karvansaralar, dəyirmanlar və dükanlar tikilib. 1933-cü ildə isə Ələt-Mincivan dəmir yolunun çəkilməsi nəticəsində əhali rayon mərkəzindən stansiya olan əraziyə köçüb. İmişli kəndi ilə Qaradonlu  arasında ilk dəfə olaraq ikimərtəbəli kərpic bina tikilib və beləliklə, rayon mərkəzi bura köçürülüb. İmişli inzibati rayon kimi  belə  təşkil edilib. 1944-cü ildə İmişli qəsəbə, 1960-cı ildə isə şəhər statusu alıb. 1959-cu ildə Araz çayı üzərində, indiki Bəhramtəpə ərazisində o vaxtlar üçün unikal sayılan su qovşağı istifadəyə verilib. Öz başlanğıcını buradan götürən Baş Muğan və Əzizbəyov kanalları nəinki İmişlinin, həmçinin Saatlı, Biləsuvar və Sabirabad rayonlarının torpaqlarını da su ilə qidalandırırE

İmişlinin dünəni ilə bugünü arasında çox kəskin bir təzad var. Sosial-iqtisadi, eləcə də mədəni həyatında yüksəliş dövrünü yaşayan İmişli son 20 il ərzində  erməni təcavüzü nəticəsində yurd-yuvasız qalan məcburi köçkünlərimizin də sığındığı rayonlar sırasındadır. Son illərə qədər bu yerlər çadır düşərgələrinin salındığı ərazi kimi tanınırdı. Lakin  dövlət başçısı İlham Əliyev hələ  2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərkən  ölkə ərazisində bir dənə də çadır düşərgəsinin qalmayacağını vəd etdikdən sonra bu yerlərdə nəinki inkişaf sürətləndirildi, əslində, növraq dəyişdi. Bu gün İmişlidə çadır düşərgələrini əvəz edən qəsəbələr salınır, illərdən bəri qeyri-yaşayış yerlərində məskunlaşmış məcburi köçkünlərə yeni həyat bəxş  edilir.

İmişlinin Bəhramtəpə ərazisində 550 evdən ibarət yeni qəsəbədə  son tamamlama işləri görülür. 700 nəfərə yaxın usta və fəhlənin çalışdığı yeni qəsəbədə ev  alacaq məcburi köçkün ailəsinin hər birinə 6 sot həyətyanı torpaq sahəsi də ayrılıb.  İnşaat işləri ilə bir sıra şirkətlər məşğul olur. Onlardan biri də "NUR-tikinti"dir.  Qəsəbədə işlərin gedişi ilə maraqlanan zaman  adıçəkilən şirkətin texniki nəzarətçisi İlham Həsənov xatırlatdı ki, tikinti işlərinin  vaxtında və keyfiyyətli başa çatdırılması Qaçqınların və  Məcburi Köçkünlərin  İşləri üzrə Dövlət Komitəsi tərəfindən qarşıya qoyulan mühüm tapşırıqlardandır. Layihə-smeta sənədlərinin hazırlanmasından qəsəbənin  tikilib istifadəyə verilməsinədək  sifarişçi təşkilat kimi Məcburi Köçkünlərin Sosial-İnkişaf Fondu bütün işlərin texniki tələblər əsasında görülməsinə nəzarət edir.

Həmsöhbətimiz onu da bildirdi ki, məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli ilk növbədə Azərbaycan Prezidentinin diqqət mərkəzindədir: "Hazırda fin tipli qəsəbələrdə məskunlaşan məcburi köçkünlərin köçürülməsi üçün dövlət başçısının tövsiyə, göstəriş və tapşırıqlarına  əsasən, bütün infrastruktura malik yeni qəsəbələrin salınma prosesinin sona çatmasına az qalır. Onlardan biriİmişlinin Bəhramtəpə ərazisində salınır. İlkin  mərhələdə tikilən evlərin sayı 325-dir ki, onlardan 30-u bir, 163-ü iki, 115-i üç, 17-si isə dördotaqlıdır".

Qəsəbədə 360 şagirdlik tam orta məktəb, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, feldşer-mama məntəqəsi də fəaliyyət göstərəcək. Yaxın vaxtlarda öz sakinlərini qarşılayacaq yeni yaşayış məntəqəsinə gedən və qəsəbədaxili yollara yumşaq asfalt örtüyü salınır,  ətrafda abadlıq və yaşıllaşdırma işləri görülür.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2012.-7 noyabr.- S.4.