«Şəhər gördüm addımlayır dalğaları yara-yara...»

 

 Neft Daşlarında ilk quyunun fontan vurduğu gündən 63 il keçir

 

 Neft Daşlarını gərək öz gözlərinlə görəsən. Təxəyyüllə, təsəvvürlə onu xəyalında olduğu kimi canlandıra bilməzsən. Saysız-hesabsız fotoşəkillərin, kinokadrların özübu əfsanəvi şəhər haqqında çox az məlumat verir. Qısası, polad dirəklər üstündə qərar tutmuş bu qeyri-adi məkanı, şahə qalxıb estakadaların məhəccərlərinə çırpılan dəli dalğaları və dənizin özündən də güclü insanları - möcüzələr adasının fədakar sakinlərini gərək əyani görəsən.

Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz".

...Estakadalar sağa-sola şaxələnib, sanki əl-ələ verib. Gah paralel, gah da perpendikulyar şəkildə bir-birinə bitişib onlarca kilometr uzanır. Neftçilər sözün əsl mənasında bu dəmir yollarla bəzən piyada hərəkət edir, bəzən idarənin avtobusları ilə gedirlər. Bu, asılıdır hər kəsin yerinin yaxın-uzaqlığından, neftçinin həvəsindən, bir havadan...

Hava demişkən, Neft Daşlarının havasına heç hər kəs uyğunlaşa bilmir. Bəziləri buraya çox böyük həvəslə gəldiyi halda, birinci qasırğadan sonra geriyə, sahilə dönməkdə israrlı olur. Neft Daşlarına yan alan ilk gəmi, yaxud enən ilk vertolyotla həmişəlik çıxıb gedirlər...

Xəzər sevgisinə, neftçi peşəsinə sadiq qalanların isə qisməti şərəfli əmək, halal çörək, şan-şöhrət olur. Geoloq Ağaqurban Əliyev, mühəndis Yusif Səfərov, neft təşkilatçısı Sabit Orucov, qazma ustaları Mixail Kaveroçkin, Qurban Abbasov... Neft Daşlarının tarixini yaradan bu onlarca digər fədai əslində öz adlarını Azərbaycanın tarixinə əbədi həkk ediblər. 

Bu gün əfsanəvi dəniz şəhərində böyük neftçilər ordusu çalışır. Neftçilər dedikdə yalnız dənizin dərin qatlarından nefti çıxaranlar deyil, böyük neftçi "ailə"sinin bütün üzvləri - geoloqlar, kəşfiyyatçılar, qazmaçılar, inşaatçılar, rabitəçilər, energetiklər, nəqliyyatçılar xidmət sahələrində çalışanlar nəzərdə tutulur. Onlar təkcə "Neft Daşları" Neft Qazçıxarma  İdarəsinin deyil, neçə-neçə digər müəssisə təşkilatın nümayəndələridir. Növbələşərək işləyirlər - hər ayın yarısını dənizdə olurlar. Sonrakı yarım ayı isə quruda, ev-eşiklərində keçirirlər.

 

Onlardan biri - neft qazçıxarma ustası Elşad Tahirov deyir:

- Neft Daşları burada çalışanların hamısının yeri olmaqla yanaşı, həm qürur mənbəyidir. Dəniz dənizdir onun qoynunda işləmək həmişə fədakarlıq tələb edir. Mən artıq 37 ildir Xəzərdəyəm. İllər keçir, Neft Daşlarına  yeni-yeni cavanlar gəlir, neftçi peşəsi nəsildən-nəslə ötürülür. Amma məsuliyyət, peşəyə vurğunluq peşəkarlıq, neftçi igidliyi hünəri dəyişməz qalır. Xəzərin , bu peşənin cazibə qüvvəsi çox böyükdür. Bunlara öyrəşdinmi, başqa bir həyat ağlına belə gətirmirsən.

Deyirlər, neftçi kişi peşəsidir. Lakin maraqlıdır ki, hələ Xəzərin qoynuna işləməyə gələn ilk neftçilər dəstəsində qadınlar olub. Hətta birinci quyudan neft alındığını dənizdən sahilə Zeynəb adlı rabitəçi qız xəbər verib... Qadınlar Neft Daşlarında həmişə ən müxtəlif sahələrdə işləyiblər. Onlardan bilavasitə neftin çıxarılması prosesində iştirak edənləri olub. İndi belədir.

Sənəm Abdullayeva Neft Daşlarında qadınlar şurasının sədridir. Bu onun ictimai vəzifəsidir. Əsl işi isə elektrik avadanlıqlarının kirayə-təmiri sexindədir. O, burada dispetçer işləyir. Deyir ki, hazırda dəniz şəhərində 200-ə yaxın qadın çalışır. Hətta mədənlərdə, qaz-kompressor sexində kişilərlə çiyin-çiyinə qadınlar da işləyirlər. Bundan əlavə, neftçilərin sağlamlığı keşiyində dayanan, onların xörəyini-çayını hazırlayan, otaqlarının səliqə-sahmanına baxanlar da qadınlardır. Sənəm xanım onları bir-birindən seçib adlarını çəkmir. "Möcüzələr adasının tarixini vərəqləsək, çox adlara rast gələrik" deyir.

Tarixi yaşadan çox nişanələr var Neft Daşlarında. Dənizdə sulardan  azacıq baş qaldıran qara daşlar görünür. Bir zaman bu daşlar iri olub Xəzərin həmin  ərazisində zəngin yataqların mövcudluğundan xəbər verib. Təsadüfi deyil ki, əvvəllər Neft Daşlarının adı elə "Qara daşlar" olub. 1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri dəstəsi birinci quyunun kəşfiyyatına həmin yerdə başlayıb. Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilib "Qara daşlar"ın yanında basdırılıb. Süni buxta yaradılıb. Qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi "Yeddi gəmi adası" Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrilib. Yataqdakı 1 nömrəli quyudan götürülən nümunə 100 tona yaxın neft fontanının yaxınlaşmasından xəbər verib. 1949-cu il noyabrın 7-də quyu fontan vurub. Bununla da dünyada dəniz neftinin erası başlanıb.

Sonrakı illərdə estakada meydançaların tikintisi vüsət alıb. Həmin estakada meydançalar bugünə kimi Xəzərin fırtınalarına sinə gərərək dözüb-dayanıb. Onlarla yanaşı, bir çox hidrotexniki qurğular, kommunikasiya xətləri, istehsal yaşayış təyinatlı obyektlər inşa edilib. Qısası, ötən onilliklər ərzində Xəzərin qoynunda dünyanı heyrətə gətirən nadir neft-qaz kompleksi yaşayış şəhəri yaradılıb.

Neft Daşlarını "möcüzələr adası" adlandırıblar. Lakin Neft Daşları reallıqdır, əfsanəyə bənzəsə , əsl həqiqətdir. O, işləyən, yaşayan, qurub-yaradan şəhərdir. Burada beş doqquzmərtəbəli yataqxanalar, vertolyot meydançası, tibbi-sanitar hissə, mağazalar var. Bu şəhərin sakinləri yalnız əmək növbələri çəkən neftçilərdir.

Neft Daşları həm yaşı artdıqca cavanlaşan şəhərdir. Onun siması son dövrlərdə xüsusilə dəyişib. Sanki bu şəhər "möcüzə" sözünü öz taleyinə əbədi həkk edib. Onun sakinləri bu gün hamını öz işləri əməlləri ilə heyrətə gətirirlər. Polad estakadalar üstündə yaşıl ağaclar əkiblər (bunun üçün qurudan torpaq gətiriblər), Xəzərin fırtınalı qoynunda park salıblar, "Çay evi" tikiblər...

Ümummilli lider Heydər Əliyevin həmişə neftçilərin qayğısına qalması, dəniz neftinin gələcəyi üçün qlobal işlər görməsi burada heç vaxt unudulmur. Xəzər neftçiləri ulu öndərə məhəbbət ehtiram əlaməti olaraq öz şəhərlərinin mərkəzində "Heydər Əliyev muzeyi" yaradıblar. Muzeydə ulu öndərin dəniz şəhərinə səfərlərini, orada çalışan insanlarla görüşlərini söhbətlərini əks etdirən zəngin material toplanıb.

İndi bütün bunlar neftçilərin qəlbində silinməz xatirələrə çevrilib. 25 il Neft Daşlarında çalışmış, orada aparılan böyük tikinti-quruculuq işlərinin bilavasitə iştirakçısı olmuş neftçi-şair Zaməddin Ziyadoğlu kövrək bir xatirə danışır:

- 1975-ci ildə ümummilli lider Heydər Əliyev növbəti dəfə Neft Daşlarına gəlmişdi. Maraqlı görüşlər keçirildi, işgüzar söhbətlər aparıldı. Estakadada ulu öndər o zaman tikinti-quraşdırma idarəsinin rəisi işləyən Sosialist Əməyi Qəhrəmanı Xanoğlan Bayramov həmsöhbət oldular. Heydər Əliyevə estakadaların dayaqlarının 42 metr dərinlikdə quraşdırıldığı bildirildi. Onda ulu öndər üzünü gündoğar tərəfə tutaraq əli ilə uzaqları, lap üfüqi göstərdi dedi: "Bundan sonra daha böyük dərinlikləri fəth etmək lazımdır". Göstərdiyi yer indi "Günəşli" adı ilə tanıdığımız yatağın ərazisidir.

Bu gün Xəzərin dərinsulu hissələrində kəşf istismar olunan nəhəng yataqlara, quraşdırılan ən müasir platformalara yol məhz buradan - Neft Daşlarından başlanıb. Bu, "Bahar"a, "Çıraq"a, "Şahdəniz"ə doğru gələn yoldur.

Ölkə Prezidenti İlham Əliyev əfsanəvi şəhərin gələcəyinə ümid inam ifadə edərək demişdir: "Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət edəcəkdir".

Neft Daşları həqiqətən həmişə öz əvvəlki əzəmətində qalır, yaşayır, işləyir, ölkəyə xeyir verir. Buradakı eyniadlı yataq ehtiyatları tükənməyən bir xəzinədir. 63 ildir istismar olunsa da, "qara qızıl"ı hələ boldur. "Neft Daşları" NQÇİ sutkada orta hesabla 2600 ton neft verir. Hasilatın sabit saxlanılmasının bir səbəbi bu sərvətin bolluğu, digəri isə onu Xəzərin dibindən təhlükəsiz, itkisiz çıxaran, yeni texnika texnologiyanın imkanlarından istifadə edərək layları gücdən düşməyə qoymayan insanların əməyidir. Təsadüfi deyil ki, idarə bu ilin 10 ayının neft-qaz hasilatı tapşırıqlarını da artıqlaması ilə yerinə yetirib.

Burada yeni quyular da qazılır. Doğrudur, indi təzə estakadalar tikilmir. Neft ehtiyatları aşkar olunan yerdə özül quraşdırırlar, quyuları da elə həmin özüllərdən qazırlar. Odur ki, bu gün estakadalarda dayanıb baxanda yaxında-uzaqda ulduzlar kimi sayrışan neçə-neçə özül görünür. Sanki dəniz şəhəri dalğaları yararaq irəliyə addımlayır.

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2012.-7 noyabr.- S.5.