45 yaşlı Bakı metropoliteni
Ötən əsrin 30-cu illərinin
əvvəllərində Bakı təkcə Qafqazın deyil, həm də bütün
keçmiş SSRİ-nin
əhalisi çox olan
sənaye, mədəni və elmi mərkəzlərindən
birinə çevrilmişdi. Bu səbəbdən hələ 1932-ci ildə
Bakı şəhərinin inkişafının baş planının ilkin
variantlarında burada metropolitenin
tikintisi qərara alınmışdı.
Lakin İkinci Dünya müharibəsi bu
planın həyata keçməsinə mane
oldu. Yalnız 1947-ci ildə
hökumət layihə-axtarış işlərinin
aparılmasının başlanması barədə qərar qəbul
etdi və 1949-cu ildə metropolitenin
tikinti bazasının yaradılmasına
başlandı. 1951-ci ildə isə birinci
xəttin texniki layihəsi təsdiq olundu və metropolitenin
12,1 kilometrlik xəttinin inşasına başlanıldı.
Baş yolun xətləri
dəniz sahilindən 500-700 metr aralı
keçərək buxtaya paralel
uzanıb gedirdi. Təəssüf ki, müxtəlif səbəblərdən
1953-cü ildə tikinti işləri
müvəqqəti dayandırıldı və yalnız
1960-cı ildə bərpa olundu. Nəhayət,
1967-ci il noyabrın əvvəlində
Bakıda metropolitenin 5 stansiyası və
6,5 kilometrlik yeraltı xətləri olan I növbəsi istismara
verildi. Həmin stansiyalardan
3-ü dərin özüllü idi. 1967-ci il noyabrın
25-dən isə metropolitenin mütəmadi
istismarı və qatarların müntəzəm hərəkəti
başlandı.
Bakı metropoliteninin tikintisi çox mürəkkəb hidrogeoloji
şəraitdə həyata keçirilmişdi.
Azərbaycan paytaxtında tunel
qazılmasının çox ağır
hidrogeoloji şəraitdə
aparılmasını bütün
aparıcı mütəxəssislər qeyd
edirdilər. Onların sözlərinə görə, belə
şəraitlə dünyanın heç
bir şəhərində qarşılaşmamışlar.
Axı, o zamanlar
tunellərin dərinliyi qabaqcadan müəyyən
olunurdu və onları sonradan
təshih etmək üçün heç bir imkan qalmırdı. Buna
görə də ən əlverişsiz sahələrdə
tunellərin inşası zamanı kesson
qazması, su səviyyəsinin
azaldılması, yüksək məhsuldarlıqlı mexaniki alətlər və dağ-mədən
avadanlıqları tətbiq olunmaqla
qruntların süni möhkəmləndirilməsi
kimi xüsusi qazma üsulları tətbiq edilirdi.
Kesson üsulu ilə qazma isə yeni və ən
mürəkkəb iş növü
idi və Bakıda bu üsul üzrə iş
təcrübəsi olan qazmaçılar yox idi. Odur
ki, qısa müddət ərzində
Bakıya müvafiq ixtisası olan onlarca təcrübəli
qazmaçı göndərilmişdi.
Bütün bunlara baxmayaraq, ötən 45 ildə Bakı metrosu böyümüş,
inkişaf etmişdir.
Hazırda Bakı metropoliteni ümumi uzunluğu 34,56 kilometr olan 2 xətdən,
23 stansiyadan ibarətdir, həmin
stansiyaların 39 vestibülü var. Stansiyaların 7-si böyük
dərinlikdə yerləşir. Metropolitendə pilləkən
zolağının ümumi uzunluğu 4500 metrdən artıq olan beş tipli
54 eskalator işləyir. Tunel
tikililərinin ümumi uzunluğu
91,36 kilometrdən artıqdır. Bakı metropoliteninin
nadirliyi bundan ibarətdir
ki, onun xətləri
təpəlik ərazidə yerləşən şəhərin
bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır.
Bu gün
metropolitendə istehsalat proseslərinin
kompyuterləşdirilməsi, xidməti yerlərdə
kompyuterlərin tətbiqi işin operativliyinini xeyli
yaxşılaşdırmışdır. Sərnişinlərə
xidmət mədəniyyətinin yüksəldilməsi, habelə
ANM-lərdən keçən sərnişin
axınının düzgün
hesablanması məqsədilə məlumatların fərdi kompyuter və monitorlara
verilməsi şərtilə gediş
haqqının smart-kartlarla ödənilməsinin
yeni sistemi tətbiq edilmişdir.
Gələcəkdə Bakı
metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və
3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və
119 kilometr metro xəttindən ibarət olacaq. Bu o deməkdir ki,
paytaxtda 53 yeni stansiya və 84,3 kilometr metro xətlərinin
inşası nəzərdə tutulur. Həmçinin vaqon
parkının təmiri, detalların, qovşaqların və
ehtiyat hissələrinin hazırlanması üzrə
güclü mexaniki bazanın inşası ilə birlikdə
şəhərin dağüstü yaylasının şimal-qərb
hissəsində ikinci elektrik deposu yaradılacaq.
Xüsusi qeyd olunmalıdır ki,
metropolitenin inkişafında əldə edilən bütün
nailiyyətlər ümummilli lider Heydər Əliyevin və
Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz
ulu öndərin təşəbbüsü ilə 1998-ci ildən
Bakı metropoliteninin dünya standartlarına
uyğunlaşdırılması prosesi
başlanmışdır. Sonrakı illərdə də
dövlət tərəfindən əsaslı vəsait
qoyuluşu hesabına metropolitenin vaqon parkı tamamilə yenilənmiş
(166 müasir tipli vaqonlar alınmışdır), əl əməyini
yüngülləşdirməyə imkan verən və istənilən
mürəkkəb geoloji-hidrogeoloji şəraitdə müvəffəqiyyətlə
işləyən "Robbins" qazma qurğusu, yolun təhlükəsizliyini
artırmağa imkan verən K-900A markalı rels qaynaqedici
aqreqat, eləcə də digər müasir texniki avadanlıqlar
və cihazlar alınmış, təmir-bərpa işlərində
müasir texnologiyalar tətbiq edilmişdir. Bakı
metropoliteninin 20 illik perspektiv inkişaf planının təsdiq
olunması, dövlət investisiya fondlarının hesabına
bir-birinin ardınca tikilib istismara verilən yeni-yeni müasir
tipli stansiyalar bu əvəzsiz ictimai nəqliyyat
növünün son illərdəki inkişafına parlaq
sübutdur.
Azərbaycan.-2012.-7
noyabr.- S.5.