Sınaq fəslinə hərtərəfli
hazırlıq görülür
Gədəbəyin yayı nə
qədər xoş olsa da, payızı-qışı bir o qədər
sərt keçir. Ona görə də icra orqanları
qışın sərt sınağına hərtərəfli
hazırlıq görürlər.
Bu barədə doqquz aylığın
yekunları müzakirə olunarkən geniş söhbət
getdi. İcra hakimiyyətinin başçısı Ramiz
Yediyarov doqquz ayda görülən işlər barədə
hesabat məruzəsi ilə çıxış etdi. Nazirlər
Kabinetinin yığıncağının yekunlarına və
həmin toplantıda Prezident İlham Əliyevin
çıxışlarından irəli gələn tövsiyə
və tapşırıqlara uyğun rayonda görülən
işlər ətraflı təhlil olundu. Sonra ayrı-ayrı
idarə və müəssisə rəhbərlərinin məlumatları
dinlənildi. Qeyd edildi ki, Gədəbəy rayonunda
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında nəzərdə tutulan tədbirlər uğurla
yerinə yetirilir. Doqquz ay ərzində ümumi məhsul
istehsalının həcmi 134,5 milyon manat olmuşdur ki, bu da
ötən ilin müvafiq dövrünə nisbətən 24,6
faiz çoxdur.
Gədəbəyin iqtisadiyyatı əsasən
kənd təsərrüfatı ilə bağlıdır.
Kartofçuluq, taxılçılıq və maldarlıq burada
aparıcı yerləri tutur. Hesabat dövründə ötən
ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz
çox kənd təsərrüfatı məhsulları
istehsal edilmişdir. Bunun da böyük əksəriyyəti
özəl bölmənin payına düşür.
İndi də rayon ən çox öz
yüksək keyfiyyətli kartofu ilə tanınır. Cari il
üçün 13 min hektar sahədə kartof əkilmiş,
ilkin hesablamalara görə, məhsuldarlığın təqribən
iki yüz min tona çatması gözlənilir. Rayonda
mal-qaranın sayı getdikcə çoxalır. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə 1293
baş qaramal, 375 min baş qoyun və quzu artmışdır.
Bu müddət ərzində 93 min sentner ət, 50 min sentner
süd, 9 min sentner yun və digər məhsullar istehsal
olunmuşdur.
Rayon üzrə adambaşına
düşən məhsulların miqdarı və pul gəliri
xeyli çoxalmışdır. Yol, su, işıq və qazla
bağlı problemlərin vaxtında həlli çox vacib məsələlərdəndir.
Toplantıda bu barədə ətraflı
danışıldı.
Qeyd edildi ki, hesabat dövrü ərzində
rayonda qaz təminatı şəbəkəsi xeyli genişlənmiş,
yüzlərlə abonentin mənzilinə təbii qaz verilməsi
üçün tədbirlər görülmüşdür.
Məsələn Söyüdlü kəndində 950
yaşayış evinin qazlaşdırılması
üçün 9,5 min metr müxtəlif diametrli
daşıyıcı və paylayıcı qaz xətləri
istifadəyə verilmiş, Moruqlu, Çanaqlı, Nərimankənd,
Qoşabulaq, Samanlıq, Pərizamanlı və Totuqlu kəndlərində
üç min metr yeraltı polietilen daşıyıcı
qaz xətləri çəkilmişdir.
Dövlət başçısı
İlham Əliyevin Gədəbəyə səfəri
zamanı sərhəd kəndlərinin
qazlaşdırılması ilə bağlı verdiyi
tapşırıq uğurla yerinə yetirilir. Gədəbəy-Novosaratovka-Şınıx
magistral kəmərinin inşası başa
çatmışdır. Sərhəd bölgəsində
yerləşən Şınıx, Kollu, Hüseynqulular, Gərməşöylü,
Təkyemişan və Rəhimli kəndlərinə
daşıyıcı və paylayıcı qaz xətləri
çəkilmişdir. Miskinli və Çalburun kəndlərinin
qazlaşdırılması işləri davam edir.
Əhalinin elektrik enerjisi ilə fasiləsiz
təmini sahəsində də sistemli surətdə xeyli
işlər görülmüşdür. Köhnə xətlər
təzələnmiş, yarımstansiyalar, transformatorlar təmir
edilmiş, yararsız halda olan dayaqlar təzələnmişdir.
Rabitə xidmətinin müasir tələblər
səviyyəsində qurulması üçün
bütün elektron ATS-lərdə profilaktik işlər
aparılmış, Zəhmətkənd-Qoşabulaq kəndləri
arası 22 kilometr məsafədə FO-12 optik kabel çəkilərək
Beynəlxalq "TAE" xəttinə qoşulmuşdur. Bundan
əlavə, Arıqdam və Söyüdlü kənd elektron
ATS-lərinə altı kilometrlik məsafədən FO-12
kabeli çəkilmiş, Hacılar, İsalı və
Göyəlli kənd ATS-lərinə FO-12 xəttinin çəkilməsi
işinə başlanılmışdır. Slavyanka,
Novosaratovka və Zəhmətkənddəki elektron ATS-lərinə
genişzolaqlı internet avadanlığı
quraşdırılmışdır. Bununla da mərkəzi
elektron ATS-də sürətli internet istifadəçilərinin
sayı 237-yə çatmışdır.
Gədəbəyin kəndlərində
evlər bir-birindən xeyli aralıdır. Yollar dərələrdən,
təpələrdən keçir. Buna görə də
rayonda yol təsərrüfatının nizamlanması
üçün sistemli işlər görülür. 59 min nəfər
əhalinin yaşadığı onlarca yaşayış məntəqəsini
birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər
avtomobil yolunun tikintisi məqsədilə dövlət
başçısı İlham Əliyevin sərəncamı
ilə 3 milyon manat vəsait ayrılmışdır.
Toplantıda minnətdarlıqla qeyd olundu ki, sərhəd
bölgəsində yerləşən Gədəbəy
üçün bu, çox böyük töhfədir.
Dövlət başçısının
tapşırığına əsasən çəkilən
bu mühüm strateji yolun yüksək keyfiyyətli icrası
üçün konkret tədbirlər görülür.
Hesabat dövrü ərzində
Fındıqlı körpüsü bərpa edilmiş, Gərgər-Şəkərbəy
yolu əsaslı təmir olunmuş, bir sıra yerlərdə
bərpa işləri aparılmışdır. Arıqdam,
Söyüdlü, Soyuqbulaq yolundakı körpünün təmirində
son tamamlama işləri gedir. Bununla yanaşı, dağ şəraitinin
mürəkkəbliyi nəzərə alınaraq hər
ehtimala qarşı 1800 kubmetr qum, 20 ton duz tədarük
edilmiş, mütəxəssislərdən ibarət operativ
briqadalar yaradılmışdır.
Qış mövsümünə
hazırlıqla əlaqədar olaraq rayonun təhsil, səhiyyə
və mədəniyyət ocaqlarında, habelə qəza vəziyyətində
olan yaşayış evlərində genişmiqyaslı
abadlıq və təmir işləri
görülmüşdür. Dövlət proqramına
uyğun olaraq Qoşabulaq, Slavyanka, Novosaratovka kənd məktəbləri
üçün münasib binalar tikilmiş, Samanlıq və
Arıqdam kəndlərində təhsil ocaqları
üçün təzə binaların inşasına
hazırlıq işləri görülür. Yeni inşa
olunan məktəblərin bir hissəsi müasir istilik sistemi
ilə qızdırılır. Belə sistemlərin
olmadığı yerlərdə isə xeyli miqdarda odun tədarük
edilmişdir.
Toplantıda o da qeyd olundu ki, şəhərin
girişində tikinti materiallarının satışı ilə
məşğul olan yöndəmsiz ticarət obyektləri həmin
ərazidən çıxarılmış, onların bir yerdə
fəaliyyət göstərmələri üçün
"inşaat bazarı" tikilmişdir. Bundan əlavə,
şəhər ərazisində mal-qara bazarının,
Arıqdam kəndində təzə yarmarkanın təşkilinə
başlanılmışdır. Şəhərin mərkəzində
Zərifə Əliyeva küçəsinə asfalt
salınmışdır. Heydər Əliyev prospektinə qədər
olan sahədə genişləndirmə işləri
aparılmış, mədəniyyət və turizm
şöbəsinin yerləşdiyi binanın fasadı yenidən
qurulur. 20 Yanvar küçəsi əsaslı təmir
olunmuş, M.Abbasov, İ.Aznaurov, M.Rəsulzadə, A.Məmmədov
və C.Ağayev küçələrinə asfalt beton
salınmışdır.
Bunlarla yanaşı, rayonda müasir
quruluşlu binaların inşasına da xüsusi diqqət
yetirilir. Aşıq musiqi məktəbinin, rayon məhkəməsinin,
habelə statistika idarəsinin inzibati binalarında son tamamlama
işləri görülür.
Bir sözlə, dağlar diyarı Gədəbəy
əsl tikinti meydanına bənzəyir. Havaların xoş
keçən hər günündən səmərəli
istifadə olunur. Cari ildə nəzərdə tutulan
bütün problemlərin uğurlu həlli üçün
konkret işlər görülür. Hamı
çalışır ki, soyuq qış aylarında məhsul
bol, evlər isti, yollar rahat olsun.
Əhməd İSAYEV
Azərbaycan.-2012.-7
noyabr.- S.6.