Qədimliyin və müasirliyin qovuşduğu
diyar
İlin elə fəsli
olmaz ki, Şəkidə
turistlə rastlaşmayasan. Azərbaycana
gələn qonaqlar böyük
həvəslə Şəkini görməyə can atır, qısa müddətə də olsa bu qədim və
gözəl şəhəri görmək, onun
küçələrini dolaşmaq, tarixi memarlıq abidələri ilə, həmçinin
duzlu-məzəli söhbətləri, səmimiyyəti
və mehribanlıqları ilə ilk
ünsiyyətdəncə insanın qəlbində xoş duyğular oyadan sakinlərlə daha
yaxından tanış olmaq istəyirlər.
Mübaliğəsiz
demək olar ki, Şəki
bu gün Azərbaycanda
turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən
biridir. Burada turizm infrastrukturunun
yaradılması istiqamətində əhəmiyyətli
işlər görülmüş, müasir istirahət mərkəzləri, yeni hotellər tikilib
istifadəyə verilmişdir. Təsadüfi
deyil ki, Prezident İlham Əliyev
də Şəkinin potensialını yüksək qiymətləndirərək
demişdir: "Şəki turizm mərkəzidir. Şəki nəinki Azərbaycanın,
bölgənin və dünyanın turizm
mərkəzinə çevrilməlidir".
Hazırda
Şəkidə görülən abadlıq, tikinti-quruculuq
və yenidənqurma işləri Şəki Şəhər İcra Hakimiyyəti və Arxitektura
Şəhərsalma Komitəsi ilə birgə
hazırlanmış "Şəki şəhərinin Baş Planı"na uyğun
aparılır. Şəhərin milli
memarlıq üslubunun qorunub
saxlanmasına yüksək səviyyədə diqqət yetirilir.
Ümumilikdə isə şəhər tanınmaz dərəcədə
dəyişib, yeni görkəm alıb.
Bu il sentyabr
ayının 9-da Şəkiyə səfəri çərçivəsində
Heydər Əliyev Mərkəzinin təməlqoyma, 423 məcburi
köçkün ailəsi üçün salınmış yeni qəsəbənin, Sahibkarlığa
Kömək Milli Fondunun
güzəştli krediti hesabına inşa olunmuş taxıl
anbarı və dəyirman
kompleksinin, dördulduzlu
"Shaki Palace" hotelinin açılış mərasimlərində
iştirak edib. M.F.Axundzadənin adını daşıyan mədəniyyət
və istirahət parkındakı yenidənqurma işləri
ilə tanış olan Prezident
İlham Əliyev öz
təəssüratları barədə məcburi
köçkünlərlə və ictimaiyyətin nümayəndələri
ilə görüşündə belə demişdir:
"Şəki şəhərinin və rayonunun
inkişafı ilə bağlı çox
böyük işlər görülür.
Mən dəfələrlə Şəkidə olmuşam, keçən il,
bu il, ondan
əvvəlki dövrdə. Böyük quruculuq, abadlıq işləri görülür. Bu gün
Heydər Əliyev Mərkəzinin təməl
daşını qoyduq. Şəkidə mədəniyyət,
səhiyyə, təhsil sahəsində böyük
işlər görülür, infrastruktur layihələri icra
edilir. Şəki böyük
mədəniyyət mərkəzidir, zəngin tarixə, mədəniyyətə
malik olan bir diyardır. Rayonun və
şəhərin kommunal infrastrukturunun
yeniləşdirilməsi məsələləri də öz həllini tapır. Bir
sözlə, Şəki çox dinamik inkişaf edir. Mən keçən dəfə Şəkidə
ötən ilin payızında olmuşam. Heç bir il keçməyib, amma gördüyüm dəyişikliklər
məni çox sevindirir".
Qeyd etmək lazımdır ki, sentyabr ayı şəkililər üçün dövlət
başçısının səfərindən başqa, Mirzə Fətəli Axundzadənin
200 və Şəkinin 2700 illik yubileylərinə
həsr olunmuş "Şəhər günü" bayram tədbirləri
ilə də yaddaqalan olmuşdur.
2012-ci ilin TÜRKSOY tərəfindən "M.F.Axundzadə ili" elan olunması ilə
əlaqədar yubiley tədbirlərində
TÜRKSOY-un üzvü
olan ölkələrdən, o cümlədən Türkiyədən,
Qazaxıstandan, Başkortostandan da qonaqlar iştirak
etmişlər. Həmin ərəfədə ölkə Prezidentinin tapşırığı əsasında
inşa olunmuş
600 yerlik
"Yay teatrı"nın da açılışı olmuşdur.
Şübhəsiz
ki, xalqın zəngin mədəni irsinin qorunub
saxlanmasında və təbliğ olunmasında dövlət
başçısı İlham Əliyevin
diqqət və qayğısı əvəzsizdir. Bu barədə
minnətdarlıqla danışan Şəki fizika-riyaziyyat
və humanitar təmayüllü liseyin tarix müəllimi,
respublikanın əməkdar müəllimi Bəşarət Yusifov, Şəki Mərkəzi Rayon Xəstəxanasının həkimi Nəzakət
Paşayeva, Şəki Musiqi
Kollecinin müəllimi, tələbə
gənclər təşkilatının sədri
Elnarə Hümmətova və digər şəhər sakinləri
xüsusi vurğuladılar ki, Prezident İlham
Əliyevin bölgələrə səfəri, görülən
işlərlə yerində tanış olması, insanlarla birbaşa
ünsiyyəti, fikir və təklifləri
dinləməsi, gərəkli tövsiyə və tapşırıqlarını
verməsi, ən nəhayət, həyata keçirilən
layihələrin daha əhatəli
olması üçün əlavə vəsait
ayrılması barədə müvafiq sərəncamlar
imzalaması olduqca təqdirəlayiqdir. Bütün bunlar isə
bölgələrin kompleks
inkişafına əsaslı zəmin yaradır.
Yüksək
dövlət qayğısının nəticəsidir ki, 2012-ci ilin doqquz ayı ərzində Şəki rayonunda hamısı daimi olmaqla 967 yeni iş yeri
açılıb. Rayonda gedən
abadlıq-quruculuq işlərində isə yüzlərlə
insan mövsümi olaraq çalışıb. Onu
da qeyd edək ki, 2012-ci ilin doqquz ayında əsas kapitala
yönəldilmiş investisiyanın 88,8 faizi
tikinti-quraşdırma işlərinə sərf edilib. Bu isə əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 59 faiz çoxdur.
Şəki
ölkənin iri kənd təsərrüfatı
rayonlarından sayılır. Təsadüfi deyil
ki, rayon bu il də taxıl
istehsalına görə ölkədə ən yüksək
göstəriciyə nail oldu.
Bu baxımdan sentyabrın 9-da dövlət
başçısının açılışında iştirak etdiyi taxıl
anbarı və dəyirman kompleksi əsas
ərzaq məhsullarına olan tələbatın
təmin edilməsi istiqamətində mühüm
rol oynayacaq.
Regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramına uyğun olaraq Şəkinin
Göybulaq kəndində üç
hektar ərazidə taxıl məhsullarının
tədarükü, saxlanması və emalı kompleksi
də inşa edilib. Müasir texnologiya əsasında
qurulmuş bu kompleks Şəki və ətraf rayonlarda fəaliyyət göstərən
fermerlərin istehsal etdiyi
taxıl məhsullarının uzun
müddət itkisiz saxlanmasına imkan verəcək. Rayonda
heyvandarlığın inkişafı, heyvandarlıq məhsulları
istehsalının həcminin artırılması həmişə
diqqətdə saxlanılır.
Ötən
müddət ərzində təhsil sahəsində də xeyli iş görülüb.
Şəki şəhər 5 nömrəli tam
orta məktəb üçün
320 yerlik yeni tədris
korpusunun, Şorsu kəndində
360 yerlik, Çələbi Xan qəsəbəsində 180 yerlik
yeni məktəb binalarının tikintisi başa çatdırılıb. Bunlardan əlavə, Şəki Şəhər
Təhsil Şöbəsinin yeni inzibati binasının, Əliyar kəndində
80 yerlik ümumi orta məktəbin, həmçinin şəhər
12, 14 və 17 nömrəli məktəblər üçün yeni
binaların tikintisi davam
edir. Bəzi məktəblərdə isə
əsaslı təmir işləri görülür.
Yaradılan şərait təhsilin keyfiyyətinə də təsir
edir. Təsadüfi deyil
ki, 2012-ci ildə Şəkinin ümumtəhsil
məktəblərini bitirmiş məzunlardan
1166 nəfəri ali məktəbə daxil olmaq üçün
sənəd vermiş, onlardan
587 nəfəri tələbə adını
qazanmışdır. Uğur qazananlardan 112 nəfəri 500-dən, 35 nəfəri
isə 600-dən yuxarı bal
toplamışdır. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
Elxan Usubov deyir ki, hələ
görüləsi işlər çoxdur.
Yol təsərrüfatı
və nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi,
elektrik enerjisi, istilik və qaz təchizatının,
rabitə xidmətinin yaxşılaşdırılması, su təchizatının və kanalizasiya
sisteminin yenidən qurulması, yeni iş yerlərinin
açılması, quşçuluq və
baramaçılıq təsərrüfatlarının
yaradılması, eləcə də digər məsələlərin
həlli ümumi infrastrukturun
yenidən qurulmasını təmin edə bilər. Şəkililər
qarşıda duran bu
vəzifələrin də öhdəsindən layiqincə gələcəklərinə
əmindirlər.
Telman NƏZƏRLİ
Azərbaycan.-2012.-7
noyabr.- S.6.