Heydər Əliyev Fondunun təşkilatçılığı ilə «Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri» layihəsi çərçivəsində növbəti tədbir Fransanın Konyak şəhərində keçirilmişdir

 

 Noyabrın 5-də Fransanın Konyak şəhərinin mərkəzində Azərbaycan bayraqları asılmış, görməli yerlərdə ölkəmizlə bağlı sərgi və konsert barədə afişalar vurulmuşdur. Bu, Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Konyak şəhərində keçirilən "Azərbaycan günləri" ilə bağlı idi.

Şəhərin incəsənət və tarix muzeyində sərginin və Salamandr  zalında təşkil edilən konsertin açılışında çıxış edən bələdiyyə idarəsinin başçısı Mişel Gurinşa bildirmişdir ki, belə mədəni tədbirlər onu təşkil edən ölkəni tanımaqda mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan şəhərimizdə Azərbaycanla bağlı təşkil olunan sərgi və konsert sayəsində konyaklılar qədim tarixə və zəngin mədəniyyətə malik bu ölkə haqqında ətraflı məlumat əldə edəcəklər. Digər tərəfdən, mədəni tədbirlər ölkələr arasında əlaqələrin yaranmasında və inkişaf etməsində əsas stimullardan biridir.

Cari ilin oktyabr ayında Bakıda səfərdə olduğunu, Gəncədə keçirilən birinci şərab festivalında iştirak etdiyini, Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərində keçirdikləri görüşləri diqqətə çatdıran mer ölkəmizdən aldığı böyük təəssüratı xatırlamış, Fransa ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində atılan addımları yüksək qiymətləndirmiş, məşhur fransız konyakının vətəni olan şəhər barədə məlumat vermişdir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun təşkilatçılığı  ilə ölkəmizi Avropada, o cümlədən dünyanın mədəniyyət beşiyi hesab edilən Fransada tanıtmaq məqsədi ilə xüsusi layihənin həyata keçirildiyini vurğulamışdır. Bu layihəyə əsasən ilk addım Fransada atılmışdır. Bu da səbəbsiz deyildir. Çünki Fransa iqtisadi və digər sahələrdə Azərbaycanın mühüm tərəfdaşıdır. Məhz Fransa Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmuşdur.

Azərbaycanın müxtəlif sahələrdə Fransa ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən səfir sentyabrın 18-də Prezident İlham Əliyevin Fransa Prezidenti Fransua Ollandla Yelisey sarayında görüşünü və hər iki dövlət başçısının Luvr muzeyində İslam İncəsənəti Departamentinin açılışında iştirakını xatırlatmışdır.

Səfir E.Əmirbəyov Azərbaycanın Fransa ilə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrinin inkişaf etdiyini xüsusi vurğulamış, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin Fransada nəşr olunan "Qafqaz" qəzetinin redaktoru olduğunu, Ümbülbanu Əsədullayevanın Parisdə yaşadığını və "Banin" təxəllüsü ilə fransız dilində esse və romanlar yazdığını bildirmişdir.

Cənubi Qafqazda Azərbaycanın lider dövlət olmasından bəhs edən səfir bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-cü və 2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları qəbul edilmiş, bölgələrdə həyata keçirilən mühüm infrastruktur layihələrinə böyük məbləğlərdə sərmayə yatırılmış, son səkkiz ildə bir milyon səkkiz yüz min yeni iş yeri açılmış, qeyri-neft sektorlarına diqqət daha da artırılmışdır.

Səfir 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın tolerant bir ölkə olduğundan, azsaylı xalqların dininə, dilinə, mədəniyyətinə hörmətlə yanaşıldığından, onların inkişafına dövlət tərəfindən göstərilən qayğıdan bəhs etmiş, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və  zəngin mətbəxi ilə yaxından tanış olmaq üçün konyaklıları respublikamıza səfərə dəvət etmişdir.

Tədbirin sonunda incəsənət ustalarının ifasında caz musiqisi səslənmiş və muğamlar ifa olunmuşdur.

Konyak sakinlərinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktor olduğu "Baku", fransız dilində nəşr olunan  "İrs" jurnalları, ölkəmizin tarixini, mədəni dəyərlərini, turizm imkanlarını əks etdirən kitab və broşürlər paylanmışdır.    

Tədbirdən sonra konyaklı  Jak Qabriel sərgidən aldığı təəssürat haqda AzərTAc-a verdiyi müsahibəsində demişdir: "Mən Azərbaycanın neft və qazla zəngin bir ölkə olması barədə eşitmişdim. Təsəvvür etməzdim ki, ölkəniz bu qədər qədim tarixə, zəngin mədəniyyətə malikdir. Sərgidə nümayiş etdirilən xalçalar Azərbaycanın qədim tarixindən xəbər verir. Mənim evimdə çoxlu sayda, o cümlədən Təbriz xalçaları vardır. Amma onlar sizin qədim xalçaların yerini vermir. Kişi və qadın geyimləri, gildən hazırlanmış məişət əşyalarına heyranlığımı ifadə etmək üçün söz tapmıram. Bu sərgi ilə tanışlıqdan sonra həyat yoldaşımla birlikdə bizim üçün bir az sehrli, bir az da Şərq nağıllarını xatırladan ölkənizə səfər etməyə qərar verdik".

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Konyak

 

Azərbaycan.-2012.-7 noyabr.- S.7.