Görkəmli kimyaçı alim haqqında kitab
Bu günlərdə dünya
şöhrətli kimyaçı alim, Azərbaycan
SSR Dövlət və iki dəfə
SSRİ Dövlət mükafatları laureatı akademik Əli Musa oğlu Quliyevin həyat və
yaradıcılığına həsr olunmuş
"Akademik Əli Quliyev"
adlı yeni kitab işıq
üzü görmüşdür.
Alimin anadan
olmasının 100 illiyi münasibətilə
qələmə alınmış əsərin müəllifi
Rəsul Rəxşanlıdır.
Kimya elmləri doktoru, professor Əli
Quliyev zəngin həyat yolu keçmişdir. O, Azərbaycan
Dövlət Universitetinin kimya fakültəsinin tələbəsi
ikən müəllimi, görkəmli kimyaçı alim Yusif
Məmmədəliyevin rəhbəri olduğu laboratoriyada
çalışmağa başlamışdır. 1939-cu ildə
universiteti fərqlənmə diplomu ilə bitirərkən o,
artıq assistent vəzifəsində işləyirdi.
İkinci dünya müharibəsi ərəfəsində Y.Məmmədəliyevlə
birgə yüksək keyfiyyətli aviasiya
yanacağının alınması sahəsində
çalışmışdı. Ə.Quliyev bu illərdə
müstəqil surətdə partlayıcı və
yandırıcı maddələr, tibb preparatları və dərmanların
alınması sahəsində tədqiqatlar aparmış,
uğurlu nəticələr əldə etmişdir.
Müharibədən sonra dövlət
alim və mütəxəssislərin qarşısına
aşqarların yaradılması və istehsalının təşkili
kimi həyati vacib məsələnin həllini qoymuşdu. Bu
məqsədlə Azərbaycan Elmi-Tədqiqat Neft
İnstitutunda aşqarlar laboratoriyası yaradılmış və
gənc alim Əli Quliyev bura müdir təyin olunmuşdu.
Aşqarlar kimyası və
texnologiyası ötən əsrin əvvəllərində
yaranmış və təşəkkül tapmış elm
sahələrindəndir. Nəqliyyat, maşın və
mexanizmlər mürəkkəbləşdikcə və şimala doğru irəlilədikcə
o zaman yeni
problemlər ortaya çıxırdı.
Onları həll etmək üçün
xüsusi xassələrə malik kimyəvi maddələr, yəni aşqarlar lazım idi. Müxtəlif xassəli aşqarlar sintez etmək,
sınaqdan çıxarmaq, yeni
texnologiyaları işləyib hazırlamaq və
istehsalını təşkil etmək kimi
problemlər qarşıda dururdu. Məhz bu elmi-praktik məsələlərin
həllindən sonra aşqarları əldə
etmək mümkün idi.
Yenicə ortaya çıxmış aşqarlar
kimyası və texnologiyası sahəsində tədqiqata başlayaraq dünya
şöhrəti qazanmaq məhz Ə.Quliyevə
də nəsib oldu. Böyük
xidmətlərinə görə alim
SSRİ Dövlət mükafatı laureatı oldu.
Beləcə, tədqiqatlarını
uğurla davam etdirən
Ə.Quliyevin elmi rəhbərliyi
və bilavasitə iştirakı ilə bir
çox aşqarlar
yaradıldı, istehsalı təşkil edildi.
Sənayenin, nəqliyyatın müxtəlif sahələri
lazımi aşqarlarla təmin olundu. Xarici ölkələrdən
asılılıq xeyli azaldı. Lakin problemlər bitmək bilmirdi,
əksinə, yeniləri ortaya
çıxırdı. 1965-ci ildə keçmiş
SSRİ-də ilk dəfə olaraq məhz Bakıda Ə.Quliyevin
rəhbərliyi ilə Aşqarlar
Kimyası İnstitutu təşkil olundu. Hazırda AMEA-nın bu
institutu görkəmli alimin
adını daşıyır.
Fəxrlə
qeyd etmək lazımdır ki, akademik Əli Quliyevin rəhbərliyi və iştirakı, onun başçılıq etdiyi
alim və mütəxəssislərin gərgin
əməyi ilə yaradılmış aşqarlar
keçmiş SSRİ-də istehsal edilmiş
aşqarların 20 faizini təşkil edirdi.
Bu isə olduqca böyük rəqəmdir.
Alimlərimizin
həyat və yaradıcılığını əks etdirən
bir-birindən maraqlı kitabların müəllifi olan Rəsul Rəxşanlının qələmə
aldığı kitabda görkəmli
kimyaçı alimin həyat və
yaradıcılığı dolğun
şəkildə işıqlandırılmışdır.
Kitabda alimin aşqarlar
probleminin həlli, tədqiqatlarının
nəticələrinin sənaye müəssisələrində
tətbiqi, gənc mütəxəssislər və elmi kadrların hazırlanması sahəsindəki
xidmətləri, gözəl müəllimliyi və elmi rəhbərliyi, qayğıkeş ailə
başçısı olması maraqlı faktlar və epizodlarla
qələmə alınmışdır. Onun
neçə-neçə uğurlu əsəri
Azərbaycan və rus dillərində keçmiş SSRİ-nin
müxtəlif şəhərlərində nəşr olunmuşdur. Onlardan bəziləri
isə digər xarici dillərə tərcümə
edilmişdir. Kitabın maraqlı məziyyətlərindən
biri də Əli müəllimin vətənpərvər
və poeziya vurğunu
olmasının oxucuya
çatdırılmasıdır. Yeri gəldikcə,
müəllif bəzi önəmli xatirələri şeir parçaları ilə yada salır.
Görkəmli alim və gözəl
müəllimimizdən bəhs edən kitabın redaktoru
akademik V.Fərzəliyevdir.
Həqiqət
CAVADOVA,
AMEA-nın
Akademik Ə.Quliyev adına
Aşqarlar
Kimyası İnstitutunun
laboratoriya müdiri,
texnika elmləri
doktoru
Azərbaycan.-2012.-7
noyabr.- S.7.