Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş xarici dövlətlərin nümayəndələrini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Milli Olimpiya Komitəsinin 20 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş xarici dövlətlərin nümayəndələrini qəbul etmişdir.

 

Görüş iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

 

- Xoş gəlmisiniz, əziz dostlar. Sizi Azərbaycanda görməyimə çox şadam. Bu əlamətdar tədbirə gəldiyinizə və iştirak etdiyinizə görə təşəkkür edirəm.

Azərbaycan 20 ildir ki, Olimpiya ailəsinin üzvüdür. Biz bunu bu gün qeyd edəcəyik, faktiki olaraq bir neçə gün əvvəldən qeyd olunmağa başlayıb. Sizin bu tədbirlərdə iştirakınız bizim üçün çox əhəmiyyətlidir. Olimpiya ailəsinin üzvü olandan bəri beynəlxalq əlaqələrimiz sürətlə inkişaf etməyə başlayıb. İndi, 20 ildən sonra bizim artıq federasiyalarla, Olimpiya komitələri, beynəlxalq və Avropa Olimpiya komitələri ilə çox yaxşı əlaqələrimiz vardır. Biz Azərbaycanda bir çox mühüm tədbirlər - Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasını, həmçinin çempionatlar, müxtəlif seminarlar, konfranslar, dünya kubokları yarışlarını keçirmişik. Bu yaxınlarda biz 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatı keçirmişik. Bizim artıq beynəlxalq tədbirləri təşkil etməkdə təcrübəmiz vardır. Biz Azərbaycanda daha çox və böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək əzmindəyik. Eyni zamanda, əminəm ki, siz həmkarlarınız tərəfindən ölkəmizdə idmanın inkişafı, idman infrastrukturu, beynəlxalq yarışlardakı nailiyyətlərimiz barədə  məlumatlandırılacaqsınız. Mən həqiqətən şadam ki, Azərbaycanda idman və Olimpiya hərəkatı artıq həyatımızın bir hissəsinə çevrilib, idmançılara və veteranlara münasibət yüksək səviyyədədir. Dövlət proqramı idman və Olimpiya hərəkatının inkişafının bir çox aspektlərini əhatə edir. Cəmiyyətdəki ümumi əhval-ruhiyyə olduqca yüksəkdir. Sizlərdən çoxunuz əvvəllər Azərbaycana səfər etmisiniz. Mən burada bir çox köhnə dostlarımı görürəm. Bildiyimə görə, sizin bəziləriniz ölkəmizə ilk dəfədir səfər edir. Əminəm ki, burada baş verənləri görmək və dostlarınızla bir neçə gün keçirmək maraqlı olacaqdır. Bir daha xoş gəlmisiniz. Bugünkü tədbirdə iştirakınıza görə sizə bir daha təşəkkür etmək istərdim. Mən sizə ən xoş arzularımı bildirirəm, ölkələrinizə, təmsil etdiyiniz ölkələrin idmançılarına uğurlar arzu edirəm.

Sonra Polşa Olimpiya Komitəsinin prezidenti Andrzej KRASNİCKİ çıxış edərək Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubiley tədbirlərinə dəvətə görə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. O qeyd etdi ki, Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyi təkcə Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq Olimpiya hərəkatı üçün çox mühüm hadisədir. Çünki cəmi iki onillikdə Azərbaycanda Olimpiya hərəkatı çox geniş vüsət alıb.

Polşalı qonaq Azərbaycan idmançılarına yeni-yeni uğurlar arzuladı.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Gazdar Mohammad SALEH Federasiyanın prezidenti Şahzadə Nəvaf bin Fəyzal bin Fəth bin Abduləzizin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Beş il əvvəl ölkəmizdə səfərdə olduğunu deyən Gazdar Mohammad Saleh o vaxtdan keçən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu bildirdi. Daha sonra qonaq Azərbaycan dövlətinin başçısı ilə London Olimpiya Oyunları zamanı görüşünü xatırlatdı və həmin oyunlarda ölkəmizin idmançılarının əldə etdiyi nailiyyətlərə görə Prezident İlham Əliyevi təbrik etdi.

Sloveniya Olimpiya Komitəsinin rəhbəri Janez KOÇİJANÇİÇ  yubiley tədbirlərində iştirakdan məmnun olduqlarını vurğuladı. O, qısa zamanda ölkəmizin Olimpiya hərəkatında əldə etdiyi uğurları yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycanın Olimpiya Oyunlarındakı nailiyyətləri bütövlükdə Avropada idmanın inkişafına bir töhfədir.                

Görüşdən sonra xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 8 noyabr.- S.1.