2013-cü ilin dövlət büdcəsi layihəsi Azərbaycan
iqtisadiyyatının sürətli və davamlı inkişafının
əyani göstəricisidir
Dünən
Milli Məclisdə "2013-cü il dövlət büdcəsi
haqqında" qanun layihəsinin müzakirəsi daha 6 komitənin
birgə toplantısında davam etdirildi. Elm və təhsil,
Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər,
Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitələrinin birgə iclasında deputatlar gələn
ilin dövlət büdcəsi ilə bağlı fikir və
təkliflərini səsləndirdilər.
Azərbaycanda yoxsulluğun səviyyəsi
49 faizdən 5,1 faizə qədər düşüb
Elm və təhsil komitəsinin sədri
Şəmsəddin Hacıyev bildirdi ki, büdcə layihəsinin
əsaslandırılması səviyyəsi tamamilə qənaətbəxş
hesab oluna bilər. Son bir neçə il ərzində Azərbaycanda
qərarlaşmış, səriştəli büdcə institutu
formalaşıb: "Büdcə quruculuğu ilə məşğul
olan peşəkar mütəxəssislər var. Müzakirəyə
çıxarılan büdcə layihəsi mövcud potensial
imkanları və qarşıya qoyulan vəzifələr
baxımından tamamilə optimallıq səviyyəsindədir.
Sevindirici haldır ki, dövlət büdcəsi son illərdəki
pozitiv meyilləri özündə əks etdirir. Sosial və
investisiya yönümlüyünü qoruyub saxlayır. Son 9
il ərzində respublikada ciddi dəyişikliklər baş
verib. Azərbaycan iqtisadiyyatı bu dövr ərzində
öz dinamik inkişafını qoruyub saxlayıb. İqtisadi
inkişaf tempinə görə, dünyanın 10
aparıcı ölkəsi sırasındayıq. Azərbaycan
artıq keçid dövrünü tamamilə başa vurub.
Orta gəlirli ölkələr siyahısında öz
mövqeyini daha da möhkəmləndirib. Azərbaycanda
yoxsulluğun səviyyəsi xeyli aşağı
düşüb. Təxmini olaraq bu göstərici 49 faizdən
5,1 faizə qədər düşüb. Azərbaycanda
tarazlı inkişaf meyilləri qabarıq şəkildə nəzərə
çarpır".
Onun sözlərinə görə,
bütün sahələrdə olan inkişafla Azərbaycan
artıq qüdrətli dövlətə çevrilmək ərəfəsindədir.
Bu dövr ərzində Azərbaycan Cənubi Qafqazın lider
ölkəsinə çevrilib və regionda ümumi gəlirin
75 faizi Azərbaycanın üzərinə düşür.
Bütün bunlar ölkədə aparılan
düşünülmüş siyasətlə
bağlıdır. Əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən
bu siyasət Azərbaycanı xoş gələcəyə
doğru addımladır.
Komitə sədri onu da dedi ki, 2013-cü
ilin büdcə layihəsində ümumi daxili məhsulun 5,3
faiz artımı dünya iqtisadiyyatını, ümumilikdə
götürdükdə orta artım tempini iki dəfə
üstələyir. Onun sözlərinə görə, Ermənistanın
növbəti il üçün büdcə gəlirlərinin
həcmi 2,2 milyard dollar, xərcləri isə 2,5 milyard dollar həcmində
müəyyənləşdirilib. Düşmən ölkə
ilə Azərbaycanı müqayisə etdikdə böyük
fərqin ortaya çıxdığının şahidi
oluruq. Bütün bunlar 2003-cü ildən sonra Azərbaycanın
sürətli inkişafını xarakterizə edən ən
mühüm göstəricidir.
Gələn il sosial ipoteka kreditləri
üçün 40 milyon manatın ayrılması nəzərdə
tutulur
Maliyyə
naziri Samir Şərifov çıxışında qeyd etdi
ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin
inkişafı üçün müəyyən etdiyi strateji
xəttə və prioritet vəzifələrə uyğun
olaraq 2013-cü ilin dövlət büdcəsinin xərcləri
ölkənin iqtisadi qüdrətinin daha da
artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına,
onun səmərəliliyinin və
dayanıqlığının təmin edilməsinə,
investisiya mühitinin daha da
yaxşılaşdırılmasına, qeyri-neft sektorunun
inkişaf etdirilməsinə, istehsal və sosial
infrastrukturların müasir tələblər səviyyəsində
qurulmasına maliyyə təminatı yaradacaq. Növbəti
ildə dövlət büdcəsinin xərclərinin sosial və
investisiya yönümlüyü saxlanılmaqla xərclərin
əhəmiyyətli hissəsi dövlətin təhlükəsizliyi
və müdafiə potensialının daha da
artırılması, iqtisadi, enerji, nəqliyyat, ərzaq və
ekoloji təhlükəsizliyin təmin edilməsi,
sahibkarlığın və kənd təsərrüfatının
intensiv inkişafının stimullaşdırılması, əhalinin
gəlirlərinin, pensiyaların və digər dövlət tədbirlərinin
maliyyələşdirilməsi üçün yönəldiləcək.
Nazir bildirdi ki, layihənin tərtibi zamanı qeyd olunan amillərlə
yanaşı, İqtisadi İnkişaf Nazirliyinin
hazırladığı respublikamızın iqtisadi və
sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz
göstəricilərinə əsasən, 2013-cü ildə
ölkə üzrə real iqtisadi artım 5,3 faiz, qeyri-neft
sektoru üzrə ümumi daxili məhsulun real artımı 11,7 faiz
proqnozlaşdırılır ki, bu da növbəti ildə
qeyri-neft sektorunun inkişafının yüksələn xətlə
davam edəcəyindən xəbər verir.
Nazir bir daha diqqətə
çatdırdı ki, gələn ilin dövlət büdcəsinin
gəlirləri ÜDM-in 34,2 faizini təşkil etməklə
19 milyard 154 milyon manat proqnozlaşdırılır. Büdcənin
gəlirlərinin 11,4 milyard manatı Dövlət Neft Fondundan
transfertlər, 6,4 milyard
manatı Vergilər Nazirliyi, 1,4 milyard manatı
Gömrük Komitəsinin xətti ilə, 0,1 faizi isə digər
daxilolmalar hesabına təşkil edəcək.
Elm, təhsil, səhiyyə, sosial
müdafiə, mədəniyyət və bədən tərbiyəsi
xərcləri üçün 4 milyard 427,4 milyon manat vəsait
nəzərdə tutulur. Sosial ipoteka kreditləri
üçün isə 40 milyon manatın ayrılması
proqnozlandırılır. Bu isə 2012-ci ilə nisbətdə
2 dəfə çoxdur.
Son 5 ildə dövlət büdcəsinin
elm xərcləri 45,9 milyon manat artıb
Samir Şərifov elm, təhsil,
səhiyyə və digər sahələr üçün ayrılan
vəsaitlərin həcminə
aydınlıq gətirdi. Nazir dedi ki,
4 milyard 427,4 milyon manatın 129,1 milyon manatının elm xərclərinə ayrılması
nəzərdə tutulur.
Həmin
xərclər fundamental elmi
tədqiqatların və
dövlət orqanlarında
mövcud olan elmi-tədqiqat təşkilatları
tərəfindən həyata
keçirilən elmi işlərin maliyyələşməsinə
yönəldiləcəkdir. 2013-cü
ildə elm xərclərində
əməkhaqqı sisteminin
təkmilləşdirilməsi, pensiya təminatının
yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşdirilməsi
ilə bağlı
3,8 milyon manat, elmi-tədqiqat layihələrinin
Azərbaycan Respublikası
Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsi ilə həyata keçirilməsi üçün
7,0 milyon manat, latın qrafikalı kitabların çap edilməsi üçün
5,0 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmiri üçün
3,0 milyon manat, elmi-tədqiqat müəssisələrinin
maddi-texniki təminatının
möhkəmləndirilməsi üçün 3,0 milyon manat nəzərdə tutulub. Nazirin sözlərinə görə,
son 5 ildə (2009-2013-cü illər) dövlət büdcəsinin cari xərclərində elm xərcləri
45,9 milyon manat və ya
55,2 faiz artıb.
Növbəti ildə təhsil xərcləri üçün
1530,4 milyon manat vəsait ayrılıb. Təhsil xərcləri üçün
ayrılmış vəsaitin
798,8 milyon manatı natamam və orta təhsil xərclərinin, 394,4 milyon
manatı təhsil sahəsində tətbiqi tədqiqatlar və təhsil sahəsində digər xidmətlərin,
57,2 milyon manatı ali təhsil xərclərinin, 145,8 milyon
manatı məktəbəqədər
və ibtidai təhsil xərclərinin,
81,1 milyon manatı texniki-peşə məktəblərinin
və liseylərin,
53,1 milyon manatı internat və xüsusi məktəblərin
maliyyələşdirilməsinə yönəldiləcək.
Səhiyyə xərcləri üçün
isə 2013-cü ilin dövlət büdcəsində
666,3 milyon manat vəsait ayrılıb. Ayrılan vəsaitin 326,8 milyon manatı xəstəxanaların,
98,0 milyon manatı poliklinikalar və ambulatoriyaların saxlanılması
xərclərinə, 232,4 milyon
manatı səhiyyə
sahəsində digər
xidmətlər üzrə
xərclərə, 9,1 milyon
manatı səhiyyə
sahəsində tətbiqi
tədqiqatlar və səhiyyə sahəsinə
aid edilən digər xidmətlər üzrə
xərclərə yönəldiləcək.
Son 5 ildə isə
(2009-2013-cü illər) dövlət
büdcəsinin cari xərclərində səhiyyə
xərcləri 263,9 milyon manat artıb.
Səhiyyə və təhsil işçilərinin
əməkhaqlarının artırılması vacibdir
Azərbaycan Respublikasının
milli təhlükəsizliyinin
və müdafiə qabiliyyətinin gücləndirilməsi
və maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün (Xüsusi
müdafiə təyinatlı
layihələrin və
tədbirlərin maliyyə
təminatı ilə
bağlı əsas bölmələrə aid edilməyən
xərclərdə nəzərdə
tutulmuş vəsait də nəzərə alınmaqla) 2013-cü il dövlət büdcəsi
xərclərinin 13,6 faizi həcmində vəsait nəzərdə
tutulub.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə
və prokurorluğun saxlanılması xərcləri
2013-cü il dövlət
büdcəsi xərclərinin
5,5 faizini təşkil edəcək.
Məhkəmə sisteminin
saxlanılması xərcləri
üçün 2013-cü il dövlət büdcəsində 58,5 milyon manat vəsait
proqnozlaşdırılıb. Eyni zamanda, 2013-cü il dövlət
büdcəsinin əsaslı
vəsait qoyuluşu xərclərində də
müdafiə və təhlükəsizlik, məhkəmə
hakimiyyəti, hüquq-mühafizə
və prokurorluq orqanlarına aid olan infrastrukturlar üzrə investisiya layihələri üçün müvafiq
məbləğdə vəsait
nəzərdə tutulub.
Samir Şərifov
onu da bildirdi
ki, 2013-cü ilin dövlət büdcəsinin
xərcləri ümumi
daxili məhsulun 35,3 faizini təşkil
etməklə 19,8 milyard
manat proqnozlaşdırılır.
Xərclərin 50,3 faizi cari, 45,8 faizi əsaslı, 3,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə
yönəldiləcək. Gənclər siyasəti üçün
isə 50 milyon manat ayrılıb.
Müzakirələr zamanı çıxış
edən Regional məsələlər
komitəsinin sədri
Arif Rəhimzadə, Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədri Səməd Seyidov, Mədəniyyət
komitəsinin sədri
Nizami Cəfərov və deputatlar Mübariz Qurbanlı, İqbal Ağazadə, Yevda Abramov, Qüdrət Həsənquliyev,
Rasim Musabəyov, Fəzail İbrahimli müxtəlif təklif və tövsiyələrini
irəli sürdülər.
Deputatlar
əsasən ölkədə
səhiyyə və təhsil işçilərinin
əməkhaqlarının artırılmasının vacibliyini
vurğuladılar. Ali Attestasiya Komissiyasının
sədr müavini Vəli Hüseynov elm sahəsinə ayrılan vəsaitin bir qədər də artırılmasını təklif etdi. İnsan hüquqları üzrə müvəkkil
Elmira Süleymanova isə
son iki il
ərzində rəhbərlik
etdiyi quruma əlavə səlahiyyətlərin
verildiyini diqqətə
çatdırdı. Onun
sözlərinə görə,
bununla bağlı Ombudsman aparatında bəzi avadanlıqlar çatışmır,
buna vəsait lazımdır.
Nazir Samir Şərifov isə
bütün təklif və tövsiyələrin nəzərdən
keçiriləcəyini söylədi. Müzakirələrin
yekununda "Azərbaycan Respublikasının 2013-cü il
dövlət büdcəsi haqqında" qanun layihəsi
komitələrin yekdil qərarı ilə Milli Məclisin
plenar iclasına tövsiyə olundu.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2012.-
8 noyabr.- S.2;5.