Fransa
jurnalında Azərbaycan ilə bağlı məqalələr
dərc edilmişdir
Parisdə nəşr olunan "Diplomatiya: əsas
sənədlər" jurnalının oktyabr-noyabr
nömrəsində Azərbaycan ilə bağlı məqalələr
çap olunmuşdur.
Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun
fransız jurnalisti Oliviye
Russo ilə müsahibəsi jurnalda "Azərbaycanın geosiyasəti"
sərlövhəsi altında verilmişdir.
Jurnalistin Azərbaycan ilə NATO arasında gələcək
əməkdaşlıq barədə sualını
cavablandıran N.Məmmədov ölkəmizin beynəlxalq təhlükəsizliyə
xüsusi əhəmiyyət verdiyini diqqətə çəkmiş, Qərb
və Avropa dövlətlərinin terror aktlarına məruz
qaldığını, terrorizmə qarşı beynəlxalq ictimaiyyətin birgə mübarizə
aparmasının vacibliyini, Azərbaycan hökumətinin terroru dünyanı təhdid edən bir təhlükə kimi qətiyyətlə
pislədiyini və terrora qarşı mübarizədə hər
cür kömək göstərməyə
hazır olduğunu bəyan etmişdir.
Jurnalistin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinin
regionda ciddi mübahisə
doğurduğu və bunun
Azərbaycan üçün problem yaradıb-yaratmaması sualına
cavabında N.Məmmədov bildirmişdir
ki, Xəzər dənizinin beynəlxalq hüquqi statusu mühüm məsələdir. Bu məsələdə Azərbaycan
Respublikasının mövqeyi beynəlxalq
təcrübədə artıq qəbul edilmiş
sektorlara bölünmə prinsipinə əsaslanır.
1921-ci və 1940-cı illərdə bağlanmış Rusiya-İran və Sovet
İttifaqı-İran sazişləri Xəzər dənizinin
mineral ehtiyatlarının istismarı və
tədqiq edilməsi məsələlərini qaydaya salmamışdır. Bu
sazişlər artıq reallığa cavab
vermirlər və onlar mahiyyətlərini
itirmişlər. Xəzər dənizinin yeni
statusunun hazırlanması labüddür.
Novruz Məmmədov sovetlər birliyi
dövründə Xəzər dənizinin sahilyanı ölkələr
arasında bölündüyünü, 1962-ci il sentyabrın
15-də Tehranda İran xarici işlər naziri ilə
SSRİ-nin bu ölkədəki səfiri arasında gizli
memorandum imzalandığını, "Astara-Həsənqulu
xətti"nin Xəzər dənizində İran ilə
SSRİ arasında sərhəd zolağı olduğunu
bildirmişdir. 1992-ci ildən etibarən Xəzər dənizi probleminin daha
İran ilə SSRİ arasında deyil, Rusiya Federasiyası, Azərbaycan,
Qazaxıstan, Türkmənistan və İranın
iştirakı ilə həlli yollarının müzakirə
olunduğunu diqqətə çatdırmışdır.
2009-cu ilin oktyabrında Türkiyə ilə
Ermənistan arasında münasibətlərin
normallaşdırılmasına dair bağlanan sazişin Azərbaycan
üçün hansı nəticələr verəcəyi ilə
bağlı sualın cavabında
N.Məmmədov bildirmişdir ki, Ermənistan Azərbaycan
ərazilərinin 20 faizini işğal etmişdir. BMT Təhlükəsizlik
Şurası bu ərazilərin heç bir şərt
qoyulmadan dərhal azad edilməsi ilə bağlı 4 qətnamə
qəbul etmişdir. Beynəlxalq hüquqa hörmətlə
yanaşan Türkiyə Azərbaycan
ərazilərinin işğalına etiraz əlaməti olaraq
1993-cü ildən Ermənistan ilə sərhədlərini
bağlamışdır. Zəbt edilmiş torpaqlar azad edilməyincə
Türkiyənin Ermənistanla iqtisadi və diplomatik əlaqələri
normallaşdırmaması normal və məntiqidir. Türkiyə
həmişə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan
da bütün məsələlərin həllində daim
Türkiyənin mövqeyini dəstəkləyir.
Jurnalistin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllində Madrid
prinsipi versiyasının aktuallaşması və onun 14
prinsipindən hansının problem yaratmasına dair sualı
cavablandıran N.Məmmədov ölkəmizin münaqişənin
danışıqlar yolu ilə həllini həmişə dəstəklədiyini
və bu mövqeyin dəyişməz
olduğunu vurğulamış, münaqişəyə dair qətnamə
barədə son Helsinki Aktı
prinsipləri ilə Azərbaycan
rəsmilərinin razılaşdığını, həmçinin
Madrid prinsiplərinə sadiq olduğunu, Azərbaycan tərəfindən Ermənistanın
ərazi bütövlüyünə qarşı heç bir
təhlükə gözlənilmədiyini, beynəlxalq
hüququn normalarından çıxış edərək Dağlıq Qarabağda yaşayan
ermənilərin ən yüksək
statusuna təminat verilməsinə hazır olduğunu, amma erməni
tərəfinin Madrid prinsipləri ilə
razılaşmadığını bildirmişdir.
Macarıstanda erməni zabitini
öldürdüyünə görə 8 il həbsdə
yatdıqdan sonra Azərbaycana verilən Ramil Səfərovun
Prezident tərəfindən əfv edilməsinin Avropada və
ABŞ-da bəzi dairələr tərəfindən tənqid
olunmasının Bakını beynəlxalq səhnədən,
Avropa İttifaqı və ABŞ-la yaxınlaşmaqdan kənarda qoya bilərmi
sualını cavablandıran N.Məmmədov R.Səfərovun ərazisi
işğal olunan bir dövlətin vətəndaşı və
zabiti olduğunu, münaqişə zamanı Ramilin neçə-neçə
yaxınlarını itirdiyini, onun Vətənə verilməsinin
Avropa Konvensiyasının tələblərinə tamamilə
uyğun olduğunu bildirmiş, ermənilərin həyata keçirdikləri terror
aktları nəticəsində onlarla türk
diplomatının məhv edildiyini, hətta Fransanın Orli
beynəlxalq hava limanında erməninin
törətdiyi terror aktı zamanı 8 nəfərin həlak
olduğunu və 60-dan artıq insanın yaralandığını,
Xocalı faciəsində əlləri yüzlərlə azərbaycanlı
uşaq, qadın və ahıl insanın qanına
batmış cinayətkarların hazırda azadlıqda gəzdiklərini
və Ermənistanda yüksək vəzifə
tutduqlarını qeyd etmişdir.
Bakı Dövlət Universitetinin müəllimi
Fazil Zeynalovun "Dağlıq Qarabağ müharibəsi: səbəblər,
məqsədlər və iddialar" sərlövhəli məqaləsində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin mənşəyinin hələ XIX əsrin
əvvəllərində yarandığı, rus çarı
Böyük Pyotrun Cənubi Qafqazı işğal etmək
planının əsas mahiyyəti, ruslar tərəfindən
qızışdırılan
ermənilərin 1905-ci, 1918-ci, 1948-ci və 1988-ci illərdə
ərazi iddiası ilə azərbaycanlılara
qarşı soyqırımı təşkil etmələri,
beynəlxalq təşkilatların iki ölkə arasında
münaqişəni danışıqlar yolu ilə həll etmək
istiqamətində təşəbbüs göstərmələri,
bununla əlaqədar ABŞ, Rusiya və Fransanın həmsədrliyi
ilə ATƏT-in Minsk qrupunun
yaradıldığına dair geniş məlumat
verilmişdir.
Münaqişənin sülh yolu ilə
həlli istiqamətində danışıqların dəfələrlə
Ermənistan tərəfinin boyun qaçırması və
müxtəlif bəhanələr gətirməsi səbəbindən baş tutmadığını diqqətə
çəkən müəllif Minsk qrupunun fəaliyyətinin
hələlik bir nəticə vermədiyini qeyd etmişdir.
F.Zeynalov
münaqişənin ərazi bütövlüyü
prinsipi çərçivəsində həllinin yeganə
düzgün yol olduğunu vurğulamış və beynəlxalq
ictimaiyyəti bu istiqamətdə fəaliyyət göstərməyə
çağırmışdır.
Parisin
Şərq Dilləri və Sivilizasiyaları
İnstitutunun tədqiqatçıları
Emin və Emil Kərimov qardaşlarının "Azərbaycanın
tarixi eskizi" sərlövhəli məqaləsində
ölkəmizin eramızdan əvvəlki tarixindən 1988-ci ilə
qədər olan dövründən bəhs olunmuşdur. Məqalədə
Azərbaycan ərazilərinin tarix boyu işğallara,
talanlara məruz qaldığı bildirilmiş, ermənilərin
Azərbaycan torpaqlarına köçürülmələri
tarixi faktlarla diqqətə
çatdırılmışdır.
Məqalədə XIX əsrdə
ölkəmizdə neftin çıxarılmasına
başlanmasının Azərbaycanın ictimai-siyasi həyatında
mühüm dəyişikliklərə səbəb
olmasından, 1918-ci ildə Şərqdə ilk demokratik
respublikanın - Xalq Cümhuriyyətinin yaradılması və
onun 23 ay yaşamasından, ötən əsrin 90-cı illərinin
əvvəllərində Ermənistanın Azərbaycana
qarşı işğalçılıq müharibəsinə
başlamasından, bir milyondan artıq azərbaycanlının
qaçqın və məcburi köçkünə
çevrilməsi məsələlərindən geniş
söhbət açılmışdır.
Fransız jurnalist Jak Fontenelin "Neft və
qaz: Azərbaycan iqtisadiyyatının iki əsas qolu" məqaləsində
Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf
etdiyi, ölkənin tərəqqisində enerji
ehtiyatlarının mühüm rol oynadığı
vurğulanmışdır. Məqalədə
Bakı-Tbilisi-Ceyhan kəməri ilə Azərbaycan neftinin
Avropa bazarlarına nəqlinin ölkənin çiçəklənməsində
xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilmiş,
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında respublikamızın xüsusi rolu
vurğulanmışdır.
Jurnalda yazılarla bağlı
çoxlu sayda fotolar verilmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Paris
Azərbaycan.-2012.-
8 noyabr.- S.3.