Finlandiya parlamentində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
dair dinləmələr keçirilmişdir
Azərbaycan
Respublikası Baş nazirinin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun
başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Finlandiya
Parlamentlərarası Dostluq Qrupunun təşəbbüsü ilə Helsinkiyə, Finlandiya
parlamentinə (Eduskunta) gəlmişdir.
Noyabrın 7-də Finlandiya parlamentində
Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzünün
nəticələrinə dair qətnamə layihəsinin
müzakirəsi ilə əlaqədar "Dağlıq
Qarabağ - işğal edilmiş və unudulmuş ərazilər"
mövzusunda dinləmələr olmuşdur.
Dinləmələrdə Finlandiya
parlamentinin üzvləri, Azərbaycanın İsveçdəki
səfiri Rafael İbrahimov, Nazirlər Kabineti Aparatının
qaçqınların, məcburi köçkünlərin
problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla
iş şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi
inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru,
deputat Ayaz Orucov, Azərbaycan-Finlandiya Parlamentlərarası
Dostluq Qrupunun rəhbəri, deputat Elxan Süleymanovun
başçılığı ilə bu qrupun üzvləri
Fazil Mustafa, Zahid Oruc və Ceyhun Osmanlı iştirak etmişlər.
Finlandiya-Azərbaycan Parlamentlərarası
Dostluq Qrupunun rəhbəri Eero LEHTİ tədbiri açaraq
qeyd etmişdir ki, Azərbaycan ilə Finlandiya arasında əməkdaşlıq
yüksək səviyyədədir. Finlandiya 1991-ci ildə Azərbaycanın
müstəqilliyini tanımış və artıq 1992-ci ildə
diplomatik münasibətlər yaradılmışdır. Lakin
iqtisadi əlaqələr arzu edilən səviyyədə
deyildir, bu münasibətlərin genişləndirilməsi
üçün çox böyük potensial vardır.
Eero Lehti demişdir ki, bu gün Finlandiya
parlamentində müzakirə edilən Dağlıq Qarabağ
münaqişəsi Finlandiya KİV-lərində yetərincə
işıqlandırılmır. 20 ildən bəri davam edən
Dağlıq Qarabağ münaqişəsini dondurulmuş
münaqişə adlandırmaq olmaz, çünki dinc əhali
hələ də həlak olur. Bu problem beynəlxalq məsələdir,
çünki onun həll edilməmiş qalması təkcə
regiona deyil, bütün dünyaya ziyan vurur. Münaqişə
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
tənzimlənməlidir və dünya birliyi bu fikrin tərəfdarıdır.
Eero Lehti qeyd etmişdir ki, bugünkü
dinləmənin məqsədi regionda kəskin münaqişələrdən
biri sayılan Dağlıq Qarabağ problemini bir daha
müzakirə etməkdir. Finlandiya da öz növbəsində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində rol oynaya bilər.
Avronest Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin rəhbəri, Milli Məclisin
deputatı Elxan SÜLEYMANOV
çıxış edərək, Azərbaycan
üçün çox əhəmiyyətli olan bu
seminarın keçirilməsinə görə Finlandiya
parlamentinin üzvlərinə təşəkkür
etmişdir. Finlandiya Avropa İttifaqının fəal üzvlərindən
biridir və demokratik, hüquqi dövlət quruculuğu sahəsində
təcrübəyə malikdir. Azərbaycan üçün
demokratiyanın genişləndirilməsində və ölkədə
müvafiq təsisatların yaradılmasında Finlandiyanın
təcrübəsindən istifadə etmək vacibdir.
Natiq Azərbaycan dövlətinin tarixi
haqqında ətraflı məlumat verərək qeyd
etmişdir ki, Azərbaycan tarixən müxtəlif
xalqların, millətlərin və dinlərin dinc
yanaşı mövcud olduğu, mədəniyyətlərin
qaynayıb-qarışdığı,
qarşılıqlı nifrətə yer olmayan bir ölkə
kimi formalaşmış və inkişaf etmişdir.
Elxan Süleymanov Ermənistan-Azərbaycan
münaqişəsindən söhbət açaraq
vurğulamışdır ki, bu problemin beynəlxalq hüquq
normalarına müvafiq qaydada həll edilməsi Azərbaycanın
xarici siyasət prioritetlərindən biridir. Beynəlxalq təşkilatlar
tərəfindən qəbul edilmiş qətnamələr bu
günə qədər yerinə yetirilməmişdir. Həmin
sənədlərdə qeyd edilir ki, Azərbaycanın Ermənistan
tərəfindən işğal edilmiş 20 faiz ərazisi nəzarət
edilməyən zonalara çevrilmişdir. Bu ərazilərin
azərbaycanlı əhalisinin hüquqları kütləvi
şəkildə pozulmuşdur, işğalçı
qüvvələr etnik təmizləmə siyasəti
aparmış, bunun nəticəsində bir milyondan çox
insan qaçqın və məcburi köçkün vəziyyətinə
düşmüşdür. E.Süleymanov demişdir ki,
Finlandiya daha fəal hərəkət edə və
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü prinsiplərinə və beynəlxalq
hüquq normalarına uyğun həllində ciddi mövqe tuta
bilər. Finlandiya parlamenti bu problem barəsində müvafiq qətnamə
qəbul etməklə, beynəlxalq təşkilatlardan həmin
sənədlərin yerinə yetirilməsini tələb edə
bilər.
AŞ PA-nın fəxri üzvü Jaako
LAAKSO çıxışında qeyd etmişdir ki,
Dağlıq Qarabağ münaqişəsini dondurulmuş
münaqişə hesab etmək səhvdir, çünki
regionda hər gün toqquşmalar baş verir, qadınlar və
uşaqlar snayper güllələrindən həlak olurlar. Son
vaxtlar müharibə təhlükəsi artmışdır.
Finlandiya hökuməti öz növbəsində beynəlxalq
hüquq çərçivəsində regionda sülhə
nail olmağa kömək edə bilər. Jaako Laakso
vurğulamışdır ki, beynəlxalq birlik ərazi
bütövlüyü prinsipindən çıxış edərək
münaqişənin dinc yolla tənzimlənməsinə dair
danışıqları dəstəkləyir. Təəssüflə
qeyd edilmişdir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti
münaqişə zonasında vəziyyəti dəyişməmişdir.
Jaako Laakso humanitar faciə barədə söhbət
açaraq, öz torpaqlarına qayıtmağa imkanı
olmayan bir milyondan çox qaçqın və məcburi
köçkün probleminə diqqəti cəlb etmişdir. O
qeyd etmişdir ki, Finlandiya dövləti bu münaqişənin
yaxın gələcəkdə həllinə və regionda
sülhün və tərəqqinin bərqərar olmasına
kömək etməlidir.
Sonra Azərbaycan Respublikası Baş
nazirinin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV çıxış
edərək, mühüm məsələyə həsr
olunmuş bu tədbirin təşkilinə görə Azərbaycan
hökuməti adından Finlandiya parlamentinin rəhbərliyinə
və deputatlara təşəkkürünü
bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi və onun fəsadları
haqqında ətraflı məlumat verən Əli Həsənov
demişdir ki, son iki yüz il ərzində Cənubi Qafqaz
regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində
azərbaycanlılar bir neçə dəfə öz əzəli
yurdlarından zorla köçürülməyə, etnik təmizləmə
və deportasiya siyasətinə məruz qalmışlar.
XIX əsrin əvvəllərindən
başlayaraq Qafqazı işğal edən çar
Rusiyasının sistemli siyasəti nəticəsində
qonşu ölkələrin ərazisindən ermənilərin
kütləvi şəkildə Azərbaycana, o cümlədən
Dağlıq Qarabağ ərazisinə
köçürülməsi həyata keçirilmiş və
bununla da XX əsrin əvvəllərində bu ərazilərdəki
demoqrafik vəziyyət xeyli dəyişmişdir. Ermənilər
öz planlarını - Azərbaycana qarşı əsassız
ərazi iddialarını mərhələ-mərhələ
həyata keçirmişlər. 1905-1907-ci və 1918-1920-ci illərdə
baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən
və zorakı üsullardan istifadə olunmaqla minlərlə
azərbaycanlı kütləvi surətdə qətlə
yetirilmiş, onların yaşadıqları kəndlər
talan edilmiş, dinc əhali qaçqın və didərgin vəziyyətinə
salınmışdır. 1918-ci il mayın 28-də müstəqilliyini
bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin
torpaq iddiaları ilə üz-üzə qalmışdır.
Azərbaycan torpaqlarında, yəni vaxtilə Rusiyanın tərkibinə
Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan
xanlığının ərazisində erməni dövləti
yaratmaq ideyası ortaya atılmış, həmin dövrdə
Azərbaycan siyasətçiləri tarixi şəraitə
uyğun olaraq bir sıra güzəştlərə getməyə
məcbur olmuşlar. Nəticədə 1918-ci ildə İrəvan
xanlığı (sonradan İrəvan quberniyası) ərazisində
9,7 min kvadratkilometrlik kiçik bir Ermənistan dövləti
yaradılmış, sonralar onun ərazisi Azərbaycan
Respublikasının torpaqları hesabına tədricən
böyüdülərək 29,8 min kvadratkilometrə
çatdırılmışdır. Bu məkrli siyasətin
sovet hakimiyyəti dövründə də davam etdirildiyini diqqətə
çatdıran Baş nazirin müavini demişdir ki,
1923-cü ildə Moskvanın
köməyi ilə Azərbaycanın az sayda ermənilərin
yaşadığı ərazisində Dağlıq Qarabağ
Muxtar Vilayəti yaradılmışdır. Bu zaman muxtar vilayətin
inzibati sərhədləri elə tərtib edilmişdir ki,
burada ermənilərin say etibarilə əksəriyyət təşkil
etməsi təmin olunsun. Bundan sonra azərbaycanlıların
öz tarixi torpaqlarından zorla qovulması və onlara
qarşı etnik təmizləmə
siyasətinin yeni mərhələsi başlanmış, nəticədə
XX əsrdə müxtəlif dövrlərdə iki milyona
yaxın soydaşımız öz tarixi vətənindən
deportasiya edilmişdir.
Bu deportasiyanın SSRİ hökuməti
tərəfindən məqsədli şəkildə həyata
keçirildiyini bildirən Əli Həsənov demişdir ki,
tarixi saxtalaşdırmaq, təhrif
etmək və Azərbaycan torpaqlarının tarixi
adlarını dəyişdirərək Ermənistanı
monoetnik dövlətə çevirmək ermənilərin
işğalçılıq siyasətinin tərkib hissəsidir.
Məhz bu üsulla 1935-1989-cu illərdə Ermənistanda minlərlə
Azərbaycan toponimi xəritələrdən silinmişdir.
Mixail Qorbaçov Sovet İttifaqının rəhbəri
olduqdan sonra onun rəğbətindən istifadə edən ermənilər
"böyuk Ermənistan" yaratmaq iddialarını daha da fəallaşdırdılar.
1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara
qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq
və vəhşiliklə həyata keçirildi, 250 min
soydaşımız öz ata-baba yurdlarından qovularaq
qaçqına çevrildi.
Ermənistan silahlı qüvvələrinin
Azərbaycana hərbi təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və
ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir
milyona yaxın soydaşımızın qaçqın və
məcburi köçkünə çevrildiyini, milli-mədəni
sərvətlərimizin talan olunduğunu, bütün
infrastrukturun dağıdıldığını faktlarla diqqətə
çatdıran Baş nazirin müavini Xocalı
soyqırımı barədə də Finlandiya parlamentinin
üzvlərinə məlumat vermişdir.
Əli Həsənov demişdir: 1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın
Dağlıq Qarabağ ərazisindəki Ermənistan
silahlı dəstələri Ermənistan prezidenti Serj
Sarkisyanın, Ermənistanın keçmiş rəhbəri
Robert Koçaryanın və digər erməni liderlərinin
rəhbərliyi və keçmiş SSRİ-nin Xankəndidə
yerləşən, o dövrün müasir döyüş
silahları ilə silahlanan
366-cı motoatıcı alayının köməyi ilə
Xocalı şəhərində azərbaycanlılara
qarşı soyqırımı cinayətini həyata
keçirdilər. Nəticədə 613 dinc sakin, o cümlədən
63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı
olduğuna görə xüsusi amansızlıqla, işgəncələrlə
öldürüldü, 487 nəfər şikəst edildi,
1275 sakin girov götürülərək amansız işgəncələrə
məruz qaldı. Girov götürülənlərdən 150
nəfərin, o cümlədən 68 qadının və 26
uşağın taleyi bu günədək məlum deyildir. Beləliklə,
beynəlxalq qiymətləndirmə təşkilatlarının
ilkin hesablamalarına görə, Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycan iqtisadiyyatına təxminən
300 milyard ABŞ dolları dəyərində ziyan vurulmuş,
yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan
Respublikası ağır iqtisadi böhran və bir milyondan
çox qaçqın və məcburi köçkün
problemi ilə üz-üzə qalmışdır.
Azərbaycan hökumətinin əhalinin
həssas təbəqəsi olan qaçqın və məcburi
köçkünlərin ehtiyaclarını ödəmək
üçün həm hüquqi, həm də sosial-iqtisadi
sahədə böyük işlər gördüyünü
diqqətə çatdıran Baş nazirin müavini
demişdir ki, ölkədə aparılan uğurlu iqtisadi
islahatlar, neft strategiyası nəticəsində Dövlət
Neft Fonduna yığılan ilkin vəsait də 2001-ci ildə
məhz qaçqın və məcburi köçkünlərin
mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına
yönəldilmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirilməyə
başlanılmışdır. Ölkədə mövcud olan
12 çadır düşərgəsindən sonuncusu 2007-ci ilin dekabrında ləğv
edilmiş, həmçinin ötən dövrdə fin tipli 9
şəhərcikdə yaşayan məcburi
köçkünlər də yeni qəsəbələrə
köçürülmüşlər. Ümumiyyətlə,
ötən dövrdə 26 min ailə 130 min nəfərdən
çox daimi məskunlaşmamış qaçqın və
məcburi köçkünlər üçün
bütün infrastruktura malik 76 qəsəbə salınmışdır. Hazırda
bu istiqamətdə işlər intensiv şəkildə davam
etdirilir.
Ümumilikdə qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həlli məqsədi
ilə 1993-2012-ci illərdə 5,3 milyard ABŞ dolları məbləğində
vəsait xərclənmişdir.
Bu vəsaitin 3 milyard dolları
dövlət büdcəsindən, 1,375 milyard dolları Dövlət Neft
Fondundan və 930 milyon dolları isə beynəlxalq humanitar təşkilatlar
tərəfindən ödənilmişdir.
Bu irəliləyişlərin əldə
edilməsinin Azərbaycan hökumətinə heç də
asan başa gəlmədiyini və problemin tam həll olunmadığını
diqqətə çatdıran Əli Həsənov qeyd
etmişdir ki, 400 min məcburi köçkün hələ
də yaşayış üçün əlverişsiz
olan tikililərdə, çətin
şəraitdə yaşayır. Bu baxımdan, Azərbaycanın
hələ də beynəlxalq təşkilatların və
donorların dəstəyinə ehtiyacı vardır. Azərbaycan
məcburi köçkünlərin əhalinin
adambaşına düşən sayına görə
dünyada ilk yerlərdən birini tutur. Bir milyondan çox
qaçqın və məcburi köçkünə
qayğı göstərmək həddindən artıq
böyük bir yükdür. Bu problemin yeganə həlli Ermənistan
tərəfindən işğal olunmuş Azərbaycan
torpaqlarının azad edilməsi və məcburi
köçkünlərin öz torpaqlarına geri
qayıtmasıdır. Lakin Azərbaycandakı 700 min məcburi
köçkün atəşkəsin əldə
olunmasından 18 il keçməsinə baxmayaraq, Ermənistanın
tutduğu qeyri-konstruktiv mövqeyə görə hələ də öz evlərinə
qayıda bilmir.
Belə ciddi humanitar problemi olan Azərbaycanın
son illərdə əldə etdiyi uğurlardan, bölgənin
lider dövlətinə çevrilməsindən, yoxsulluq səviyyəsinin
azalmasından, yeni iş yerlərinin açılmasından,
beynəlxalq aləmdə nüfuzunun artmasından, keçən
il 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsindən
danışan Əli Həsənov demişdir ki, cari ilin 9
ayı ərzində iqtisadiyyat 1,1 faiz, qeyri-neft sektorunda 10,3
faiz, kənd təsərrüfatına isə 6,3 faiz
artmış, ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə
qoyulmuşdur. Ölkə iqtisadiyyatının 83 faizi özəl
sektorda formalaşmışdır. Davos İqtisadi Forumunun
hesablamalarına əsasən, "Qlobal Rəqabət Qabiliyyəti
İndeksi 2012-2013" hesabatında makroiqtisadi sabitliyə
görə Azərbaycan dünyada 18-ci yerdə, rəqabət
qabiliyyətliliyi cədvəlində ötən ilə nisbətən
9 pillə irəliləyərək 46-cı yerdədir.
İnflyasiya cəmi 1,5 faizdir, əhalinin pul gəlirləri
13,6 faiz artmışdır.
Azərbaycan yuxarı orta gəlirli,
yüksək insan inkişafına malik olan ölkələr
sırasında olaraq, regionun lider dövlətinə
çevrilmiş, Cənubi Qafqazda investisiya kredit reytinqi alan
ilk və yeganə ölkədir.
Hazırda qarşıda duran ən əsas
iqtisadi vəzifə, Azərbaycan
Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi
kimi, gələcək on ildə qeyri-neft sektorunun inkişafı
hesabına ümumi daxili məhsulun iki dəfə
artırılması, qeyri-neft sektorunda onun xüsusi çəkisinin
80 faizə çatdırılmasıdır.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın ən
başlıca problemi olduğu barədə Prezident İlham Əliyevin
fikirlərini diqqətə çatdıran Əli Həsənov
demişdir ki, münaqişəni həll etmək
üçün hərtərəfli hüquqi baza vardır.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən
münaqişənin tezliklə, sülh yolu ilə həlli,
işğal olunmuş ərazilərin azad edilməsi,
qaçqın və məcburi köçkünlərin
doğma yurdlarına qaytarılması haqqında 4 qətnamə
qəbul edilmişdir. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO, İslam Əməkdaşlıq
Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu
beynəlxalq təşkilatlar tərəfindən qəbul
edilmiş qərar və qətnamələrdə pislənilmiş,
işğal edilmiş Azərbaycan ərazilərindən
silahlı qüvvələrin geri çəkilməsi, öz
doğma yaşayış yerlərindən didərgin
salınmış qaçqın və məcburi
köçkünlərin geri qayıtma hüququnun bərpa
edilməsi tələb edilmişdir.
ATƏT-in Minsk qrupunun himayəsi
altında danışıqlar 20 ildən artıqdır ki,
davam etdirilir. Münaqişənin həlli beynəlxalq
hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır.
Bu qərar və qətnamələr birmənalıdır. Təəssüf
ki, bu qərar və qətnamələr hələ də icra
olunmur. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl
qoymayan və destruktiv mövqe tutan Ermənistan işğal
edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini
davam etdirməkdədir.
Ermənistan və Azərbaycan
qoşunlarının təmas xəttində atəşkəsin
müntəzəm surətdə pozulduğunu diqqətə
çatdıran Baş nazirin müavini demişdir ki,
işğal altında olan Dağlıq Qarabağın və ətraf
rayonların demoqrafik, sosial, inzibati strukturu dəyişdirilmişdir.
ATƏT-in iki missiyası - faktaraşdırıcı və
qiymətləndirmə missiyaları həmin ərazilərə
səfərləri zamanı hər şeyin
dağıdıldığını və beynəlxalq
humanitar hüququn tələblərinə zidd olaraq, həmin ərazilərə
başqa ölkələrdən etnik ermənilərin
köçürüldüyünü təsdiq etmişlər.
Bu ərazilərdə ermənilər tərəfindən bərpa
və məcburi məskunlaşdırma prosesi davam edir. Bu,
münaqişənin real mənzərəsi olmaqla, Ermənistan
tərəfindən törədilir.
Ermənistan işğal edilmiş ərazilərdə
yerləşən Xocalı hava limanını qanunsuz şəkildə
bərpa etdirərək buraya mülki uçuşların təşkilinə
cəhdlər edir. Ermənistanın bu cəhdləri, beynəlxalq
hüququn norma və prinsiplərini, xüsusilə də
mülki aviasiya haqqında Çikaqo Konvensiyasının tələblərinə
zidd olmaqla bərabər, regionda olduqca həssas olan vəziyyəti
daha da gərginləşdirmək, nizamlama prosesini pozmaq məqsədi
daşıyır.
Eyni zamanda, nəzarətimizdə
olmayan ərazidə narkotik vasitələr
əkilib-becərilir, transmilli
cinayətkarlığın digər təhlükəli
növləri baş verir, həmin zona böyük həcmdə
narkotiklərin MDB və Avropa ölkələrinə tranzit
marşrutuna çevrilib. Buna görə də BMT-nin Narkotiklər
və Cinayətkarlıq üzrə İdarəsinə
işğalda olan ərazilərdə monitorinqin
aparılması barədə müraciət etmişik.
Əli Həsənov demişdir: Mən
bu fürsətdən istifadə edərək, Azərbaycan tərəfinin
ən yüksək səviyyədə dəfələrlə
bəyan edilmiş mövqeyini burada bir daha təkrarlamaq istəyirəm.
Azərbaycan beynəlxalq hüququn müvafiq norma və
prinsiplərindən irəli gələrək hesab edir ki,
münaqişənin davamlı həlli yalnız Dağlıq
Qarabağın erməni və azərbaycanlı
icmalarının Azərbaycan tərkibində beynəlxalq
praktikadan irəli gələn və hər iki icma
üçün bərabər hüquq və
azadlıqların təmin edilməsinə və onların
dinc şəkildə birgə yaşayışına zəmanət
verən özünüidarə formasında ola bilər.
Azərbaycan Prezidentinin bəyan etdiyi
kimi, biz bu sahədə dünyada, xüsusilə Avropada
mövcud olan ən qabaqcıl təcrübəni tətbiq etməyə
hazırıq. Münaqişə yalnız Azərbaycan
Respublikasının suverenliyi, ərazi bütövlüyü
və sərhədlərinin toxunulmazlığı çərçivəsində
həll edilə bilər.
Ermənistanın danışıqlar
prosesini uzatmaqla mövcud status-kvonu saxlamağa
çalışdığını diqqətə
çatdıran Əli Həsənov demişdir ki, bu cür
hallar təkcə Azərbaycan üçün deyil, eyni
zamanda, region və bütövlükdə, beynəlxalq aləm
üçün çox təhlükəlidir. Ona görə
də münaqişənin həlli ilə uzun müddət məşğul
olan beynəlxalq qurumlar, dünyanın aparıcı dövlətləri
beynəlxalq hüququn fundamental əsaslarını
pozanların işğalçı siyasətinə son
qoymalı, ikili standartlardan və
ədalətsizlikdən əl çəkməli, prinsipial
mövqe nümayiş etdirməli, beynəlxalq hüquqa əsaslanan
addımlar atmalı, Azərbaycanın ərazi bütövlüyünü
təmin etməklə regionda sülhün, ədalətin bərpa
olunmasına nail olmalıdırlar.
Dinləmələrdə Avropa
İttifaqının Qafqaz regionu üzrə sabiq xüsusi
nümayəndəsi, səfir Heyikki TALVİTİE də
çıxış etmişdir. O, diqqətə
çatdırmışdır ki, Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in
Minsk qrupunun himayəsi altında aparılan
danışıqlar heç bir nəticə verməmişdir.
Minsk qrupunda təmsil olunmuş ölkələrdə
güclü erməni lobbisinin fəaliyyət göstərməsi
Azərbaycanın bununla əlaqədar haqlı
narazılığına əsas verir.
Sonra müzakirələr
başlanmışdır. Debatlarda çıxış edən
Azərbaycan parlamentinin üzvləri diqqətə
çatdırmışlar ki, Ermənistan Azərbaycan
torpaqlarını işğal etməklə
qazandığından çox itirmişdir. Azərbaycan Ermənistanı
bütün beynəlxalq və regional layihələrdən təcrid
etmişdir.
İqtisadi inkişaf nazirinin müavini
Sevinc HƏSƏNOVA "Azərbaycanın iqtisadi perspektivləri"
mövzusunda məruzəsində ölkəmizin dinamik
inkişafı haqqında söhbət
açmışdır. S.Həsənova Azərbaycan
iqtisadiyyatının üç dəfə, dövlət
büdcəsinin 13 dəfə artmasını vurğulayaraq
diqqətə çatdırmışdır ki, bunlar
dünyada analoqu olmayan göstəricilərdir.
Nazir müavini Azərbaycanın
Finlandiya ilə iqtisadi əlaqələrindən söhbət
açaraq qeyd etmişdir ki, iki ölkə arasında əmtəə
dövriyyəsinin 60 faiz artmasına baxmayaraq, bu həcmi daha
da yüksəltmək üçün yaxşı potensial
vardır.
S.Həsənova onu da diqqətə
çatdırmışdır ki, Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən
işğal edilməsi nəticəsində 900-ə yaxın
yaşayış məntəqəsi, 150 min ev, 7 mindən
artıq ictimai bina, 1500-dən çox məktəb, uşaq
evləri, 700-dən çox tibb məntəqəsi, 500 tarixi
abidə, 6 min istehsalat obyekti məhv edilmişdir.
Helsinki Universiteti yanında Aleksandr
İnstitutunun tədqiqatçısı Mikko PALOKORPİ
demişdir ki, Dağlıq Qarabağ münaqişəsi
dondurulmuş münaqişə deyil, uzun sürən
münaqişədir. Onu aradan qaldırmaq cəhdləri
dondurulmuşdur. Mikko Palokorpi
qeyd etmişdir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın
ümumi büdcəsindən çoxdur. Əhalinin
inkişafında fərq müşahidə edilir, Azərbaycanda
əhalinin artımı daha yüksəkdir. Ermənistanda isə
əhali ölkəni kütləvi surətdə tərk edir.
Bu isə Ermənistanda iqtisadiyyatın sürətli tənəzzülünə
səbəb olacaqdır. Beləliklə, Ermənistan beynəlxalq aləmdə
unudulacaqdır.
M.Palokorpi diqqətə
çatdırmışdır ki,bu ilin yazında Bakıda
keçirilmiş seminarda Aland adaları probleminin həllinin
fin modelindən söhbət getmişdir. Bu problemin həllinə
20 il vaxt gərək olmuşdur və yeni nəsil başa
düşmüşdür ki, yeganə çıxış
yolu muxtariyyətdir.
Finlandiya parlamentinin üzvü Elizabet
NAUKLER "Aland adaları - muxtariyyətin Finlandiya modeli"
mövzusunda məruzə ilə çıxış
etmişdir. O qeyd etmişdir ki, Aland adaları probleminin həlli
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
variantı ola bilərdi. Finlandiyanın bu təcrübəsindən
çox ölkənin istifadə etdiyini vurğulayan E.Naukler
ümidvar olduğunu bildirmişdir ki, Qarabağ münaqişəsi
hərbi əməliyyatlarsız, danışıqlar yolu ilə
həll ediləcəkdir.
Çıxışlardan sonra Azərbaycanın
Baş nazirinin müavini Əli Həsənov Finlandiya
parlamenti üzvlərinin və ekspertlərin toxunduqları bəzi
məsələlərə aydınlıq gətirmişdir.
Əli Həsənov natiqlərə minnətdarlığını
bildirərək demişdir ki, bu gün Azərbaycanda 30 min erməni
yaşayır, beləliklə, Dağlıq Qarabağ
münaqişəsi zamanı ikitərəfli deyil, birtərəfli
etnik təmizləmə siyasəti yeridilmişdir. Əli Həsənov,
həmçinin diqqətə çatdırmışdır
ki, Ermənistanda 2,7 milyon nəfər adam yaşamır. Beynəlxalq
Miqrasiya Təşkilatının məlumatına görə,
son 15 ildə Ermənistanı 1,5 milyon adam tərk etmişdir.
Ermənistan Dövlət Statistika Komitəsinin məlumatı
təsdiq edir ki, 9 ay ərzində ölkəni 90 min erməni
tərk etmişdir. Öz ölkəsini sevən ermənilər
başa düşməlidirlər ki, Sarkisyan və
Koçaryan hökumətinin məsuliyyətsiz və səriştəsiz
siyasəti ölkəni ağır vəziyyətə gətirib
çıxarmışdır.
Əli Həsənov Aland adaları
modelindən bəhs edərkən demişdir ki, Azərbaycan
Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq
tədbirlərdə bildirmişdir ki, Dağlıq Qarabağa
ən yüksək özünüidarəetmə statusu
verilir, lakin Ermənistan münaqişənin nizama
salınmasının bu variantını da qəbul etmək
istəmir. Nə üçün qəbul etmir? Çünki
Koçaryan və Sarkisyan özlərini erməni
xalqının qəhrəmanları kimi qələmə verərək
məhz bu münaqişə, Azərbaycan torpaqlarının
işğalı sayəsində hakimiyyətə gəlmişlər.
Yüz min suriyalı
qaçqının yerləşdirilməsi məsələsinə
gəldikdə isə Suriya ermənilərinin Azərbaycanın
işğal olunmuş ərazilərinə
köçürülməsini Sarkisyan rejimi təşkil
etmişdir.
Əli Həsənov demişdir ki, Azərbaycan
neftinin Ermənistan ərazisindən nəqli üzrə
tranzit marşrut yetərincə rəqabətqabiliyyətli və
sərfəli olardı, lakin Dağlıq Qarabağ
münaqişəsinə görə Ermənistan beynəlxalq
və regional layihələrdən təcrid olunmuşdur ki, bu
da ölkə iqtisadiyyatının tamamilə
dağılmasına gətirib çıxarır.
Dağlıq Qarabağın
ayrılması məsələsinə gəldikdə isə
Azərbaycan Prezidenti və xalqı bildirmişlər ki, bu barədə
heç bir güzəşt olmayacaqdır. Azərbaycanın ərazi
bütövlüyü bərpa olunmalıdır. Azərbaycan
başqa dövlətlərin ərazi bütövlüyünə
böyük hörmətlə yanaşır və öz
dövlətinə də belə münasibət tələb
edir.
Parlamentin foyesində Xocalı
soyqırımı haqqında kitabların və digər
materialların sərgisi təşkil edilmişdir.
Nigar
HÜSEYNOVA,
AzərTAc-ın
xüsusi müxbiri
Helsinki
Azərbaycan.-2012.-
8 noyabr.- S.3;5.