Yeni Azərbaycan
Partiyası tarixi zərurətdən
yaranmışdır
Yeni Azərbaycan
Partiyasının (YAP) yaradılmasının 20-ci ildönümü münasibətilə Bərdədə
yubiley tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə
ümummilli lider Heydər
Əliyevin Bərdə şəhərindəki abidəsi
önünə gül dəstələri
qoymuş, xatirəsinə
ehtiramlarını bildirmişlər.
Rayon mədəniyyət evində
keçirilən tədbirdə görkəmli dövlət və
siyasi xadim, YAP-ın qurucusu Heydər Əliyevin xatirəsi birdəqiqəlik
sükutla yad edilmişdir.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət
Şadlinskaya partiyanın
yarandığı tarixi şəraitdən,
keçdiyi şərəfli yoldan və qazanılan uğurlardan
danışmışdır. Bildirmişdir
ki, YAP Azərbaycan tarixinin
son dərəcə ağır və kəşməkəşli
günlərində, ölkənin ciddi
sınaqlara məruz qaldığı bir
dövrdə tarixi zərurətdən
yaranmışdır. YAP-ın ölkəmizin ictimai-siyasi
həyatında yeri və rolu
müstəqil Azərbaycanımızın tarixinin
şanlı səhifəsini təşkil
edir.
Qeyd edilmişdir ki, dövlət müstəqilliyini yenicə bərpa
etmiş Azərbaycanda ictimai-siyasi
gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə
dərinləşir, hakimiyyət uğrunda
mübarizə gedirdi. Azərbaycanın
dövlət müstəqilliyinin itirilməsi təhlükəsi
ilə üz-üzə qaldığı belə bir mürəkkəb dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, ulu öndərin böyük
dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş
təbəqəsinin istəyini ifadə edən 91 nəfər
ziyalı 1992-ci il oktyabrın 16-da ümummilli lider Heydər Əliyevə
müraciət etdi. Ulu öndər çox keçmədən dövlətçiliyimiz
üçün "Yeni,
müstəqil Azərbaycan uğrunda"
adlı çox əhəmiyyətli cavab məktubunu xalqa
ünvanladı. Dahi rəhbərin bu çağırışı YAP-ın,
Heydər Əliyev ideyalarının ətrafında sıx
birləşmiş yüz minlərlə
insanın vahid siyasi
məqsədinə, Azərbaycanın milli
ideoloji məramına, onu
ağır vəziyyətdən xilas etməyin
ilk və həlledici proqramına çevrildi, müstəqil dövlət quruculuğunun ilk
konsepsiyası oldu.
Vurğulanmışdır
ki, 1993-cü il
martın 13-də 185 nəfər təəssübkeşin
iştirakı ilə təsis edilən YAP Bərdə rayon təşkilatı hazırda öz ətrafında 9985 nəfər partiya üzvünü
birləşdirir. Onlardan 3818 nəfəri
qadın, 2905 nəfəri isə gənclərdir. Bu ilin ötən 9
ayında 721 nəfər partiya
sıralarına qəbul olunmuşdur.
Milli Məclisin Sədr müavini Bahar Muradova və Bərdə
Rayon İcra Hakimiyyətinin
başçısı Vidadi İsayev əlamətdar yubiley
münasibətilə tədbir
iştirakçılarını təbrik etmiş,
Azərbaycanın bugünkü
uğurlarında partiyanın tarixi xidmətlərindən
danışmışlar.
Sonra YAP-ın sədri, Prezident
İlham Əliyevə müraciət qəbul
edilmişdir.
Tədbirdə YAP-ın 20 illiyi ilə
bağlı keçirilmiş intellektual bilik və idman
yarışlarının, inşa yazı müsabiqəsinin
qaliblərinə fəxri fərman və hədiyyələr,
partiya sıralarına yeni qəbul olunan üzvlərə
üzvlük vəsiqələri təqdim edilmişdir.
Tədbir konsert proqramı
ilə davam etmişdir.
Azərbaycan.-2012.- 8 noyabr.- S.4.