Biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik

 

 Noyabrın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında partiyanın yaranmasının 20-ci ildönümü münasibətilə "Biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" məktəbinin məzunlarının diplomla təltif olunması ilə bağlı mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov bildirmişdir ki, bu il YAP Səbail rayon təşkilatının "Biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" məktəbi 2-ci məzun buraxılışını həyata keçirir. Bu məktəbin əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda böyütməkdən ibarətdir. Bunun üçün isə gənclər ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətini, onun Azərbaycan xalqının gələcəyi üçün həyata keçirdiyi işlərlə yaxından tanış olmalı və nümunə götürməlidirlər.

Qeyd olunmuşdur ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına və gənclərin intellektual səviyyəsinin yüksəlməsinə böyük qayğı göstərmişdir. Məhz onun təşəbbüsü ilə ötən əsrin 70-ci illərində minlərlə azərbaycanlı gənc Sovet İttifaqının qabaqcıl ali təhsil ocaqlarına göndərilmiş və mükəmməl kadr kimi yetişərək ölkəyə qayıtmışlar. Azərbaycan xalqının intellektual potensialının inkişafı üçün misilsiz işlər görülmüşdür. Müstəqillik illərində də Heydər Əliyev gənclərin xarici dövlətlərdə təhsil almaları üçün geniş imkanlar yaratmışdır.

Bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncliyinin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Gənclərin dünyanın aparıcı universitetlərində oxumaları üçün hər il dövlət büdcəsindən böyük məbləğdə maliyyə vəsaiti ayrılır.

Z.Qaralov qeyd etmişdir ki, cari ildə partiya sıralarına 30 minə yaxın vətəndaş qəbul olunmuşdur ki, bunların da əksəriyyətini gənclər təşkil edir. Gələcəkdə sabitinkişafda olan ölkəni idarə etmək üçün gənclərimiz sağlam siyasi düşüncəyə malik olmalıdırlar.

Çıxışlardan sonra "Biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" məktəbinin məzunlarına diplomlar təqdim edilmişdir.

Bu il məktəbi 50 məzun bitirmişdir.

 

 

Azərbaycan.-2012.- 8 noyabr.- S.4.