«Azərbaycan-2020 gələcəyə baxış» inkişaf konsepsiyası sahibkarlığın sürətli inkişafı üçün zəmin yaradır

 

 Xalqın yekdil tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin növbəti dəfə hakimiyyətə qayıdışı sayəsində  təməli qoyulan  məqsədyönlü siyasət, zamanın tələblərinə cavab verən  tədbirlər nəticəsində ölkəmizin siyasi və iqtisadi inkişafı, sahibkarlar sinfinin formalaşması istiqamətində mühüm işlər görülməklə yanaşı, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünü inkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyanın təmin edilməsidir.

Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmişdir. Bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nüminəsi olmaqla, regionların kompleks inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olmuşdur.

Xalqın böyük etimadını qazanaraq dövlət başcısı seçilmiş cənab İlham Əliyevin ötən 9 illik fəaliyyəti mövcud siyasi strategiyanın təmin olunmasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.

Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana  çəkilməsidir. Makroiqtisadi sabitlik şəraitində iqtisadiyyatın dinamizmə əsaslanan sürətli tərəqqisi əhalinin sosial rifah halının davamlı şəkildə yaxşılaşmasını, həmçinin onun  beynəlxalq standartlara əsaslanan sosial müdafiə modelinin yaranmasını şərtləndirmişdir.

Respublikada həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan fərman və sərəncamlar ölkəmizdə yaşanan iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu davamlı şəkildə artırır.

İqtisadiyyatın bütün sahələrində dövlət müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaratmışdır, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırmışdır. Elmin son nailiyyətlərinə, texnika və texnologiyanın fasiləsiz yeniləşməsinə, innovasiya menecmentinin və marketinqinin tətbiqinə, sahibkarların innovasiya və risk qabiliyyətlərinin tam reallaşdırılmasına, mülkiyyətin dövlətsizləşdirilməsinə, azad rəqabətə imkan  verən mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. İstehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən müvafiq şərait yaradılmışdır.

Cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti olduğu müddətdə sahibkarlığın inkişafı ücün gördüyü işlərin, imzaladığı fərman və sərəncamların ölkənin inkişafına nə dərəcədə təsir göstərdiyini nüfuzlu beynəlxalq təkilatların hesabatlarından da görmək olar.

Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır.

Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi cıxış edərək Ukrayna, Gürcüstan, Moldova, Rusiya və digər dövlətlərin iqtisadiyyatına sərmayə qoyur.

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son 9 ilə yaxın müddətdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində  nailiyyətlər əldə olunmuşdur. 2004-2008-ci  və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Bu müddət ərzində 40 mindən artıq yeni müəssisə yaradılmış, bir milyon 100 min yeni iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yeridir.

Son 8 ildə yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə, işsizlik isə 5,3 faizə enmişdir. Son illərdə büdcə xərcləri 12 dəfə, ümumi daxili məhsul 3 dəfə artmış, 1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə cəlb edilmişdir. Təkcə 2011-ci ildə iqtisadiyyata qoyulmuş 21,7 milyard dollarlıq investisiyanın 15,7 milyard dolları qeyri-neft sektoruna yatırılmışdır. Dünyanın 149 ölkəsi ilə xarici ticarət dövriyyəsi 36,3 milyard dollar təşkil etmişdir.

Ötən il ölkəmizdə ümumi daxili məhsulun həcmi 63,4 milyard dollara çatmışdır ki, bu da Cənubi Qafqaz regionunda ümumi daxili məhsulun 80 faizindən çoxdur. Xatırladaq ki, bu ilin doqquz ayında isə ümumi daxili məhsul 1,5 faiz artmışdır. Hazırda adambaşına düşən illik məhsul istehsalının həcmi 7 min dolları ötmüş, əvvəlki illə müqayisədə 2011-ci ildə əhalinin gəlirləri 20 faizə qədər artaraq 30,6 milyard manata çatmış, adambaşına düşən məbləğ 3 min 400 manat olmuşdur.

Bu il oktyabrın 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası göstərdi ki, 2012-ci ildə Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirir.  Bu ilin doqquz ayında əhalinin pul gəlirləri 12 faiz artmışdır. Yəni, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq vardır. Bu da real gəlirlərin nə qədər yüksək templə artmasına dəlalət edir.

Bu gün iqtisadiyyatımızın 1,5 faiz artımı onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir. Bu ilin doqquz ayı ərzində qeyri-neft sektorunda iqtisadiyyat  10,3 faiz artmışdır.

Düşünülmüş düzgün siyasətin nəticəsidir ki, qlobal maliyyə-iqtisadi böhran, Azərbaycandan yan keçmiş, dünyanın bir çox ölkələrini sarsıdan həmin böhrandan Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempini və dayanıqlığını qoruyub saxlamış və ümumilikdə 1,1 faizdən çox artıma nail olmuşdur.

Regional dövlət proqramlarının icrası nəticəsində ölkə iqtisadiyyatına 2004-cü ildən bu günə qədər 90 milyard dollardan cox vəsait qoyulmuş, təkcə bu ilin doqquz ayında bu məbləğ 16 milyard dollara çatmışdır. İlin əvvəlindən  strateji valyuta ehtiyatları artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollar səviyyəsindədir. İlin sonuna qədər bu rəqəmin,  daha da artaraq 50 milyard dollar səviyyəsinə çatacağı gözlənilir

Başa vurmaqda olduğumuz mərhələ sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılmış, çoxsaylı körpülər və yollar, yüzlərlə məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. On ilə yaxın bir müddətdə görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

Azərbaycan Respublikası artıq ikitərəfli və çoxtərəfli münasibətlərdə etibarlı tərəfdaş, beynəlxalq təhlükəsizlik və enerji sektorunda mühüm söz sahibi, dünyada multikulturalizm və etnik-dini tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir.

155 ölkənin etimadı ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Meksikada "Böyük iyirmiliyin" sammitinə dəvət edilən 10 ölkədən biri və MDB məkanından yeganə dövlət olması ölkəmizin böyük diplomatik qələbəsi və beynəlxalq nüfuzunun birmənalı etirafıdır.

Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalisinin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

Cari ildə dünyanın ən mötəbər iqtisadi qurumlarından biri olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliyi ilə bağlı yeni cədvəli dərc etmişdir və Azərbaycan o siyahıda 46-cı yerdədir. Hesabatda Azərbaycanın MDB məkanında birinci, dünya miqyasında 46-cı olması, kecən ilə nisbətən 9 pillə yuxarı qalxmasını göstərilir. Bu hesabatda, eyni zamanda, makroiqtisadi vəziyyətlə bağlı göstəricilər dərc edilmiş, makroiqtisadi sabitliyə görə Azərbaycanın dünya  miqyasında 18-ci yerdə olması göstərilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin hazırladığı respublikanın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2013-cü ildə ölkədə real iqtisadi artım 5,3 faiz olmaqla, ümumi daxili məhsul istehsalı bazar qiymətləri ilə 56,1 milyard manat təşkil edəcək. Qeyri-neft sektorunda əlavə dəyərin cari ilə nisbətən 11,7 faiz real artımı proqnozlaşdırılır ki, bu da növbəti ildə  qeyri-neft sektorunun inkişafının yüksələn xətlə inkişaf edəcəyi deməkdir. Eyni zamanda, özəl sektorun ümumi daxili məhsulda payı 83,1 faiz həddində nəzərdə tutulur.

Prezident İlham Əliyevin dövlətimizin inkşafı ücün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq, sosial məsələlərin həllinə, əhalinin yaşayış və məşğulluq səviyyəsinin artırılmasına, regionların və sahibkarlığın inkişafına, digər dövlət əhəmiyyətli məsələlərə dair qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilir, tələb olunan məbləğdə vəsait nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, gələn ilə planlaşdırılan büdcə gəlirlərinin əsas hissəsi digər sahələrlə bərabər sahibkarlığın inkişafına da yönələrək keçiriləcək dövlət tədbirləri ücün maliyyə imkanlarının yaradılmasını özündə əks etdirir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən bu işdə fəallıq göstərmək, sahibkarlara kömək etmək  məqsədilə ayrıca tədbirlər planı işlənib hazırlamış və hazırda onun həyata keçirilməsi sahəsində mühüm işlər görülür.

Azərbaycanda ardıcıl və dinamik inkişafı, rəqabətə davamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri, o cümlədən beynəlxalq birliklər tərəfindən ciddi təhlil edilir və yüksək qiymətləndirilir.

Vaxtilə ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ictimai təşkilat kimi ölkədə sahibkarlığın inkişafına kömək sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsində, iqtisadi islahatların hüquqi  bazasının təkmilləşdirilməsində, sahibkarların və iş adamlarının hüquq və qanuni mənafelərinin qorunmasında, ölkədə əhalinin hüquq mədəniyyətinin formalaşdırılmasında və işgüzar fəaliyyətinin gücləndirilməsində fəal rol oynayır".

Bu gün bir daha bildirmək istəyirəm ki, konfederasiyanın üzvləri daim ölkə sahibkarlarına, o cümlədən konfederasiyaya ulu öndər tərəfindən verilən yüksək qiymətə layiq olmağa çalışır. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkədə iş adamlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir. O, özündə 5000-dən çox sahibkarlıq subyektini, o cümlədən 50-yə qədər assosiasiya və birlikləri birləşdirir.

Səmərəli idarəolunmanı təşkil etmək məqsədilə konfederasiyanın yanında yaradılmış 10 daimi komissiya sahələr üzrə, respublikanın bütün bölgələrini əhatə edən 10 regional nümayəndəlik isə regional idarəetməni təmin edir. Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılması və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası 2012-ci ildə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş biznes-forumlarda, Vergilər Nazirliyinin keçirdiyi birgə seminarlarda,  beynəlxalq sərgilərdə, xarici ölkələrdən gəlmiş iş adamları ilə görüşlərdə, Azərbaycanın rayonlarında və iqtisadi zonalarında tədbirlərdə, səfirliklərdə qəbulda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi elmi-praktiki konfranslarda, hüquqi məsələlərin müzakirəsində, videokonferensiyalarda, məzun yarmarkalarında və digər görüşlərdə yaxından iştirak etmişdir.

2001-ci ildən etibarən, konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayıb. 2012-2013-cü illər üzrə sonuncu Baş Kollektiv Saziş 6 mart 2012-ci ildə imzalanmışdır. Bu yeni sənəd də sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, inkişafına kömək edəcəkdir.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmirik, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində də fəal iştirak edirik. Eyni zamanda, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik məsələləri Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir. Bununla əlaqədar 27 yanvar 2012-ci il tarixdə keçirilmiş iclasda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında "Təhlükəsiz və sağlam əmək şəraiti" üzrə Milli Üçtərəfli Sosial Şuranın yaradılması haqqında qərar imzalanmış və onun əsasnaməsi təsdiq edilmişdir. Təhlükəsiz və Sağlam əmək şəraiti bütün səviyyələrdə sosial dialoq üçün yaxşı başlanğıc nöqtəsidir və yeni yaradılmış şura bu istiqamətdə vacib platforma olacaq.

Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsini, qarşıdakı 10 ildə qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılmasını nəzərdə tutur. Qarşıda  duran hədəflərə nail olunması üçün Azərbaycan Sahibkarlar Konfederasiyası müvafiq tədbirlərin görülməsini qərarlaşdırmışdır.

Konfederasiya öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə Milli Məclis, məhkəmə orqanları, mətbuat və beynəlxalq təşkilatlarla əlaqəli şəkildə quraraq ölkədə sosial tərəfdaş kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Konfederasiya bir sıra nüfuzlu Beynəlxalq Təşkilatların, Beynəlxalq İşəgötürənlər Təşkilatının, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin üzvlüyündə təmsilçiliyi davam etdirərək ölkədə sahibkarlığın inkişafına dəstək verir. Konfederasiya həmcinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və Türkdilli Ölkələrin Biznes Şurasında Azərbaycanı layiqincə təmsil edir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları, digər beynəlxalq qurumlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

2012-ci ilin doqquz ayında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun xətti ilə yerli və xarici iş adamlarının, habelə beynəlxalq təşkilatların iştirakı ilə 73 biznes-forum, "dəyirmi masa", sərgi və ikitərəfli görüşlər təşkil edilmişdir.

Konfederasiya Azərbaycan Respublikasını Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasında müvəffəqiyyətlə təmsil edir. Bu məqsədlə konfederasiyanın nümayəndə heyəti Biznes Şurasının Serbiyanın Belqrad şəhərində keçirilən yığıncağında iştirak etmişdir. Hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq davam etdirilir.

Konfederasiya ölkədə  və xaricdə təşkil olunan sərgi və biznes-forumlarda sahibkarların iştirakına önəm verərək onların bu vasitələrdən yararlanmasına kömək göstərir. Sahibkarlar üçün Avropa profilli Yunanıstan Şirkətinin "Milli Konfederasiya Bürosuna və TƏS-in icrasına dəstək layihəsi" ilə birlikdə rəqabətə davamlılıq və iş yerlərinin təhlükəsizliyi  mövzularında seminarlar keçirilmişdir. Sahibkarların maarifləndirilməsinin təşkili məqsədilə konfederasiya tərəfindən "ABŞ texnikasının və texnologiyasının Azərbaycanın kənd təsərrüfatında tətbiqi" mövzusunda da seminar keçirilmişdir.

Artıq bu ilin əvvəlindən etibarən ASK BƏT-in "Böhrandan uyğun və təhlükəsiz işə" adlı layihə sənədinə qoşulmuşdur. Layihə 2013-cü ilin dekabr ayına qədər nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində işlə bağlı davamlı regional inkişafın və sosial ədalətin, milli peşəkar təhlükəsizliyin və səhiyyə sisteminin modernləşdirilməsinin, sosial müdafiə və sosial təhlükəsizliyin təmin olunmasıdır.

Yeri gəlmişkən, Avropanın təşəbbüskarlığı çərçivəsində Şərq regionunun mehriban qonşuluğunun iqtisadi inkişafına yönəldilən investisiya-ticarət əhatəsinin yaxşılaşdırılması üçün Şərq tərəfdaşlığı regional "Twinnig" layihəsi işə başlamışdır. Bu layihə Avropa Birliyinin Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya qarşılıqlı investisiya münasibətlərində və əməkdaşlığında onların potensial inkişafına kömək etmək məqsədilə reallaşdırılır.

Mühüm məqamlardan biri də odur ki, hazırda Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ixrac potensialının artırılması məsələlərinə dövlətimizin başçısı daha çox diqqət yetirir. Bu məqsədlə xaricdəki səfirliklərimiz, xarici dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə geniş iş aparılır.

Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq heç kəsə sirr deyil. Ona görə də ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Bu gün ASK Azərbaycan hökuməti ilə yaxından əməkdaşlığı şəraitində sahibkarlara keyfiyyətli kredit xidmətinin göstərilməsi, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması və biznes mühitinin inkişafının təmin edilməsi məsələlərinə də mühüm önəm verir.

Ölkə iqtisadiyyatının bütün digər sahələrində əldə olunan yüksək nəticələr və davamlı sürətli inkişafa hesablanan sosial-iqtisadi layihələrin reallaşdırılması əminliklə deməyə əsas verir ki, iqtisadi potensialımız 2012-ci və növbəti illərdə daha da güclənəcəkdir.

Sahibkarlar Konfederasiyasının fəaliyyətini yüksək qiymətləndirən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: "Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sahibkarlıq subyektlərinin maraq və mənafelərinə uyğun olaraq, milli səviyyədə sosial-iqtisadi siyasəti həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı ilə əməkdaşlıq əlaqələrini genişləndirir, sahibkarların sahə və regional ictimai təşkilatlarının yaradılmasına, onların fəaliyyətinin əlaqələndirilməsinə, sosial tərəfdaşlıq və əməkdaşlıq praktikasının gücləndirilməsinə köməklik edir".

Göründüyü kimi, bazar iqtisadiyyatının ən vacib atributlarından hesab edilən sahibkarlığın dinamik inkişafı ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən olaraq qalır. Bu kontekstdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlığın bütün növləri indi sürətli tərəqqi yolundadır. İstehsal, sənaye, aqrar, ticarət, xidmət, maliyyə, sığorta kimi sahibkarlıq növləri ötən illərlə müqayisədə inkişaf tempini daha da artırıb, məcmu istehsal həcmini və xidmət səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldib.

Bunun nəticəsidir ki, artıq ölkəmizdə ümumi daxili məhsul istehsalında özəl sektorun payı davamlı olaraq artır, bu sahədə sahibkarlıq institutu aparıcı qüvvəyə çevrilir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, 2003-cü ilin 15 oktyabr seçkilərindən ötən müddətdə cəmiyyətdə qəti olaraq belə rəy formalaşmışdır ki, Prezident İlham Əliyev ölkəni tərəqqiyə aparan, sosial-iqtisadi inkişafı uğurla təmin edən alternativsiz liderdir. Azərbaycan ücün strateji əhəmiyyət daşıyan hazırki kursun davam etdirilməsi istəyinin cəmiyyətdə ciddi sosial sifarişə cevrilməsi, ilk növbədə, hər bir fərdin maraq və mənafelərinin incəliklə nəzərə alınmasından irəli gəlir.

Əminəm ki, qarşıdan gələn növbəti Azərbaycan Respublikası prezidenti seçkiləri zamanı 5000-dən çox üzvü özündə birləşdirən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sahibkarlıq subyektləri ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin seçkilərində yaxından iştirak etmək üçün bütün səylərini birləşdirərək Heydər Əliyev siyasi kursunun davamına, zəfərinə və təntənəsinə nail olmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.

 

 

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası

Sahibkarlar (İşəgötürənlər)

Təşkilatları Milli Konfederasiyasının

prezidenti

 

Azərbaycan.-2012.- 8 noyabr.- S.5.