Qəbələdə «Azərbaycanın
qədim şəhər mədəniyyəti dünya urbanizasiya kontekstində»
mövzusunda Beynəlxalq elmi konfrans işə
başlamışdır
Noyabrın
7-də Qəbələ şəhərində "Azərbaycanın
qədim şəhər mədəniyyəti dünya
urbanizasiya kontekstində" mövzusunda Beynəlxalq elmi
konfrans öz işinə başlamışdır.
AzərTAc
xəbər verir ki,
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu və
SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət
Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Koreya
Respublikası, Gürcüstan, Ukrayna, ABŞ, İran,
Qazaxıstan, Almaniya və Fransanın tanınmış tarixçi alimləri, arxeoloqları iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə rayonun Çuxur Qəbələ
kəndindəki muzeydə Qafqaz
Albaniyasının 900 ildən artıq müddətdə
paytaxtı olmuş və 2500 illik tarixə malik qədim
Qəbələ şəhərinin ərazisində
2005-2012-ci illərdə aparılmış arxeoloji
qazıntıların nəticələrinə həsr olunmuş sərgi ilə tanış olmuşlar.
Sərgidə
SEBA-nın təşəbbüsü və maliyyə dəstəyi
ilə yerli və əcnəbi arxeoloqlar tərəfindən antik
şəhər yerində, Səlbir yaşayış məskənində,
qədim Qala ərazisində
aparılmış qazıntılar zamanı əldə edilən
500-ə yaxın maddi mədəniyyət
nümunəsi nümayiş etdirilmişdir.
"Qafqaz Sport" mehmanxanasında
keçirilən konfransda AMEA-nın prezidenti, akademik Mahmud Kərimov,
mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatı Fəttah Heydərov,
Koreya Respublikasının ölkəmizdəki
səfiri Çoi Suk-İn,
Arxeologiya və Etnoqrafiya
İnstitutunun direktoru
Maisə Rəhimova, SEBA-nın sədri Rühəngiz Heydərova,
Qazaxıstan Arxeologiya İnstitutunun
direktoru Baurjan Baytanayev, Gürcüstan Arxeologiya İnstitutunun direktoru Vaxtanq Liçeli və başqaları
çıxış edərək Azərbaycanın ən qədim
mədəniyyət mərkəzlərindən olan Qəbələdə belə bir konfransın təşkilini yüksək
qiymətləndirmişlər.
Bildirilmişdir ki, son illər Azərbaycanda arxeoloji
işlərin və etnoqrafik səfərlərin
sayı artmış, uzun illər arxeoloji-etnoqrafik tədqiqatlar aparılmayan
bölgələr də tədqiqatlara cəlb edilmişdir.
Ölkənin bəzi ərazilərində arxeoloji
qazıntı işləri yenidən canlanmış, etnoqrafik məlumatların toplanma
miqyası böyümüşdür.
Diqqətə
çatdırılmışdır ki, Prezident İlham Əliyevin
göstərişi əsasında arxeoloji
ekspedisiyaların yüksək səviyyədə maliyyələşdirilməsi
işi uğurla davam etdirilir. Bu da Azərbaycanın arxeologiya
elminə, abidələrimizin tədqiqinə göstərilən
ən böyük diqqət və
qayğının təzahürüdür. Ölkəmizdə
arxeologiya elminə yüksək qiymət verildiyini qeyd edən natiqlər,
ekspedisiyalar üçün
ayrılan maliyyə vəsaiti hesabına geniş
arxeoloji qazıntıların
aparıldığını və çoxlu
sayda yeni maddi mədəniyyət nümunələrinin
qalıqlarının aşkara
çıxarıldığını xüsusi
vurğulamışlar.
Bildirilmişdir ki, Qarabağda, Gəncə-Qazax bölgəsində,
Naxçıvanda, Qəbələdə əcnəbi arxeoloqlarla birgə qazıntı işləri
aparılmış, bu tədqiqatlarda arxeoloqlarla yanaşı, Avropanın müxtəlif
ölkələrindən dəvət edilmiş
geomorfoloqlar, paleobotaniklər, topoqraflar və digər elm
sahələrinin nümayəndələri də çalışmışlar. Birgə çöl işləri
nəticəsində götürülən nümunələr
xarici ölkələrin müasir
laboratoriyalarına müxtəlif analizlər üçün
göndərilmişdir. Əvvəlki illərdə beynəlxalq
tərkibli ekspedisiyaların apardıqları arxeoloji
qazıntı işlərinin nəticələri barədə
elmi məqalələr bir sıra xarici ölkələrdə
nəşr edilmişdir.
Qeyd edilmişdir ki, son illər Azərbaycanın
qədim dövr abidələri, zəngin
tarixi barədə informasiyalar
dünya ictimaiyyətinə
çatdırılır. Bu baxımdan Azərbaycanın bölgələrində
belə beynəlxalq elmi konfransların
keçirilməsini, arxeoloji
qazıntılar aparılan ərazilərdə
görüşlərin təşkil edilməsinin əhəmiyyətini
yüksək qiymətləndirən natiqlər konfransın
işinə uğurlar
arzulamışlar.
Məlumat verilmişdir ki,
konfransın işi 3 bölmə üzrə
aparılacaqdır. Konfransın proqramına uyğun olaraq Azərbaycanda
tunc və erkən dövrə aid şəhər mədəniyyəti abidələrinin
arxeoloji araşdırmaları, bu şəhərlərin Qafqazın qədim
tarixində mövqeyi, antik
dövr şəhərlərinin arxeoloji, memarlıq və tarixi
tədqiqatları mövzusunda müzakirələr
aparılacaq, eləcə də Azərbaycanın orta əsr şəhərlərinin tədqiqatlarına
dair məruzələr dinləniləcəkdir.
Ölkəmizin
qədim şəhər abidələrinin tədqiqi işində
iştirak edən Azərbaycan, Almaniya, Gürcüstan, Koreya Respublikası, Rusiyanın arxeoloq və tarixçi
alimləri konfransda məruzələrlə
çıxış edəcəklər.
Konfrans noyabrın 10-dək davam
edəcəkdir.
Azərbaycan.-2012.- 8 noyabr.- S.7.