İkinci
Bakı Beynəlxalq Humanitar Forumu dünyada təhlükəsizliyin təmin olunması və
xalqlar arasında dialoqun inkişafı baxımından
mühüm əhəmiyyətə malikdir
Cari ilin
oktyabrında keçirilmiş İkinci Bakı Beynəlxalq
Humanitar Forumunun nəticələrini yüksək qiymətləndirən
Yaponiyanın NHK kanalının beynəlxalq şərhçisi,
forumun iştirakçısı İçiyo İşikava
AzərTAc-ın xüsusi müxbirinə bildirmişdir ki, tədbir
dünyada təhlükəsizliyin təmin olunması və
xalqlar arasında dialoqun inkişafı baxımından
mühüm əhəmiyyətə malikdir.
Forumun yüksək səviyyədə təşkil
olunduğunu deyən İ.İşikava qeyd etmişdir ki, son
illər Azərbaycanda çox mühüm beynəlxalq
humanitar tədbirlər həyata keçirilir. Azərbaycanın
coğrafi mövqeyini xüsusi vurğulayan
İ.İşikava bildirmişdir ki, ölkəmiz Şərqlə
Qərbin qovuşuğunda yerləşir.
Dünyanın görkəmli alimlərinin
və ictimai xadimlərinin forumda iştirakı tədbirə
olan beynəlxalq marağı ifadə edir. Bu, həm də Azərbaycanın
hərtərəfli inkişafından xəbər verir. Azərbaycanın
bu təşəbbüsü reallaşdırması isə
çox təqdirəlayiq hadisədir. Xüsusən
dünyada baş verən proseslər, qloballaşma
dövründə meydana çıxan problemlər
baxımından Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsü
çox yüksək qiymətləndirilməlidir. Azərbaycan
Prezidentinin təşəbbüsü ilə keçirilən
forum dünyanın müxtəlif xalqlarının nümayəndələrinin
bir yerə toplaşaraq dünyada təhlükəsizliyin təmin
olunması və xalqlar arasında dialoqun inkişafı
üçün müzakirələr aparmasına geniş
imkan yaradır. Bu cür beynəlxalq tədbirin təşkili
ilə Azərbaycan dünyada sülhə və əmin-amanlığa
öz töhfəsini verir.
Cəmiyyətdə medianın rolunun
günbəgün artdığını qeyd edən beynəlxalq
şərhçi Bakı forumunda bu istiqamətdə
aparılmış müzakirələrin əhəmiyyətini
xüsusi vurğulamışdır. Xüsusən sosial
medianın cəmiyyətdə daha geniş yayılması və
inkişafı istiqamətində dünyanın aparıcı
informasiya agentliklərinin nümayəndələrinin fikir
mübadiləsi bu baxımdan çox əhəmiyyətlidir.
İ.İşikava bildirmişdir ki,
Bakı forumunda müxtəlif ölkələrin
çoxsaylı nüfuzlu şəxslərinin iştirakı
onun uğurlu keçirilməsini təmin etmiş və nəticədə
mühüm sənəd - Bakı Bəyannaməsi qəbul
olunmuşdur. Azərbaycan rəhbərliyinin bu layihəni davam
etdirmək arzusu xüsusən təqdirəlayiqdir və forum
iştirakçıları tərəfindən birmənalı
olaraq dəstəklənmişdir.
Bakıya son səfərinin altı il əvvəl
olduğunu xatırladan İ.İşikava forumun Azərbaycanda
aparılan böyük quruculuq işlərini izləmək
baxımından da əhəmiyyətli olduğunu qeyd
etmiş, ölkəmizin son 9 ildə böyük inkişaf
yolu keçdiyini xüsusi vurğulamışdır. Azərbaycan
sürətlə inkişaf edir və müasirləşir.
Bakını Yaponiya paytaxtı ilə müqayisə edən
İ.İşikava Azərbaycan paytaxtının ona 1964-cü
il Olimpiya Oyunları ərəfəsindəki Tokionu
xatırlatdığını qeyd etmişdir. Həmin vaxt
Tokionun görkəminin sürətlə dəyişdiyini
söyləyən İ.İşikava bu gün Azərbaycanın
neft gəlirlərindən səmərəli istifadə
etdiyini, yalnız Bakının deyil, regionların da sürətlə
inkişaf etməsinin şahidi olduğunu bildirmişdir.
Bakı sivilizasiyanın mühüm mərkəzlərindən
biri olaraq hərtərəfli inkişaf edir, sürətlə
öz görkəmini dəyişir.
Forum çərçivəsində bir
qrup nümayəndə ilə Naxçıvan Muxtar
Respublikasında olduqlarını qeyd edən
İ.İşikava ümummilli lider Heydər Əliyev kimi
görkəmli dövlət xadimini yetirmiş torpağın
onlarda yüksək təəssürat
yaratdığını vurğulamışdır. Naxçıvandakı
tarixi abidələr buradakı insanların yüksək mədəniyyətindən
xəbər verir. Ermənistan tərəfindən blokadaya
alınmasına baxmayaraq, Azərbaycanın bu regionu da sürətlə
inkişaf edir. Bu qədim Azərbaycan torpağı
özünəməxsusluğu, yüksək qonaqpərvərliyi
və mədəniyyəti ilə bizi heyran etdi.
Vüqar AĞAYEV,
AzərTAc-ın xüsusi müxbiri
Tokio
Azərbaycan.-2012.-
8 noyabr.- S.7.