Bakının Əhmədli
qəsəbəsində 14 nömrəli şəhər
poliklinikası açılmışdır
Azərbaycan
Prezidenti İlham Əliyev
açılışda iştirak etmişdir
Noyabrın 8-də Bakının Xətai
rayonunun Əhmədli qəsəbəsində
14 nömrəli şəhər poliklinikasının
açılışı olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev poliklinikanın
açılışında iştirak etmişdir.
Ötən il aprelin 1-də Prezident İlham Əliyev Əhmədli
qəsəbəsinin sosial-iqtisadi
inkişafı ilə bağlı həyata keçirilən
işlərlə tanış olarkən burada
yeni poliklinikanın tikilməsinə dair tapşırıqlarını vermişdi. Dövlət
başçısının 2011-ci il 1 aprel tarixli sərəncamı
ilə bu tibb müəssisəsinin
inşası üçün 1,5 milyon manat vəsait
ayrılmışdı.
Əhmədli qəsəbəsinə
gələn Prezident İlham
Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini
əks etdirən şəkillərdən ibarət stendə
baxdı.
Xətai Rayon İcra Hakimiyyətinin
başçısı Razim Məmmədov
məlumat verdi ki,
poliklinikanın 1936-cı ildə inşa edilmiş əvvəlki binasında məktəb
fəaliyyət göstərmiş, 1991-ci ildən öz təyinatı üzrə istifadə olunmağa başlanmışdır. Poliklinika 15 min nəfərədək əhaliyə, həmçinin
bu ərazidə yaşayan
Böyük Vətən müharibəsi əlillərinə
və iştirakçılarına, Qarabağ
müharibəsi əlillərinə, şəhid ailələrinə,
400-dək qaçqın və məcburi köçkünə
tibbi xidmət göstərir. Xidmət
ərazisində yaşlı əhalinin və uşaqların da sayı çoxdur. Bu
insanların digər yerlərə stasionar
müalicəyə getmələri onlar üçün həmişə çətinliklər
yaradırdı. Poliklinikanın yeni
binasının istifadəyə verilməsi ilə əhaliyə
tibbi xidmətin göstərilməsində
bir çox məsələlər
həll olunacaqdır.
Prezident İlham Əliyev poliklinikanın rəmzi
açılışını bildirən lenti
kəsdi, yaradılan şəraitlə tanış oldu.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin
ölkəmizdə səhiyyənin inkişafına diqqət
və qayğısını əks etdirən fotoguşə
yaradılmışdır.
Bildirildi ki, səhiyyə
ocağının müasir memarlıq üslubunda inşa olunmuş üçmərtəbəli yeni binasının sahəsi 3,6 min kvadratmetrdir. Burada 80 nəfərlik tibbi
heyət əhaliyə xidmət göstərəcəkdir.
Dövlət
başçısı poliklinikada funksional diaqnostika
şöbəsində yaradılan şəraitlə
tanış oldu. Burada
stasionar ultrasəs müayinəsi, rentgen kabineti, klinik laboratoriya, ultrasəs
və elektrofarez aparatları ilə təchiz
olunmuş fizioterapiya
otaqları vardır. Poliklinikada 25 nəfərlik
bufet də vardır.
Poliklinikanın
terapiya şöbəsi ilə
tanış olan Prezident
İlham Əliyevə bildirildi
ki, burada fəaliyyət
göstərən müxtəlif şöbələrdə ən
müasir tibbi
avadanlıq quraşdırılmış, əhaliyə
keyfiyyətli tibbi xidmətin göstərilməsi
üçün lazım olan
bütün şərait yaradılmışdır.
Poliklinikanın
eyvanından ətrafı seyr edən
dövlət başçısına məlumat verildi ki, eyni
zamanda, iki min kvadratmetr ərazidə
abadlıq işləri aparılmış, yaşıllıq
zolaqları salınmış, ağac və
gül kolları əkilmiş, müasir işıqlandırma sistemi
quraşdırılmışdır. Həmçinin qəsəbənin
bir sıra küçələrinə yeni asfalt örtük
salınmış, müasir
işıqlandırma sistemi
yaradılmış, hasar və səkilər
bərpa olunmuşdur.
Poliklinikada yaradılmış şəraitlə
tanışlıqdan sonra Prezident
İlham Əliyev 2011-ci ilin
aprelində Əhmədli qəsəbəsində ictimaiyyətin
nümayəndələri ilə görüşdə iştirak edən qəsəbə sakini Qurbanəli Əlizadə ilə söhbət
etdi.
Qurbanəli ƏLİZADƏ:
- Salam, xoş gəlmisiniz. Gələn qədəmləriniz var olsun, Allah Sizə yar olsun. Möhtərəm Prezidentim, belə möhtəşəm müalicə ocağını bizə Siz hədiyyə etmisiniz.
Prezident İlham ƏLİYEV:
- Təbrik edirəm. Sabah da
gözəl bayramdır,
Dövlət Bayrağı
Günüdür. Biz bu gün bu
ərəfədə belə
gözəl poliklinikanın,
- əslində, bu, xəstəxanadır - açılışında
görüşürük. Keçən dəfə qəsəbə
sakinləri ilə görüşdə bu məsələ qaldırıldı.
Yəni,
əsas iki məsələ qaldırılmışdı
- biri yol məsələsi idi, o da indi öz
həllini tapır.
İkincisi isə poliklinikanın
yenidən qurulması
idi. İndi əvvəlki şəkillər
də burada vardır, siz də yaxşı xatırlayırsınız, əvvəlki
vəziyyət necə
idi. İndi belə gözəl,
möhtəşəm tibb
ocağı yaradıldı
və sakinlərə
xidmət göstərəcəkdir.
Sizi təbrik edirəm. Ancaq görüləsi işlər
hələ çoxdur.
Ölkə üzrə bütün
yerlərdə belə
gözəl tibb ocaqları yaradılır.
İnşallah, gələcək illərdə daha böyük işlər görəcəyik. Sizi təbrik
edirəm. Sağ olun.
AzərTAc
Azərbaycan.-2012.-
9 noyabr.- S.1.