Azərbaycan Milli Olimpiya Komitəsinin
20 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
keçirilmişdir
Prezident
İlham Əliyev mərasimdə iştirak etmişdir
Xəbər
verdiyimiz kimi, noyabrın 7-də Buta sarayında Azərbaycan
Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyi münasibətilə
təntənəli mərasim keçirilmişdir.
Azərbaycan dövlətinin
başçısı, Milli Olimpiya Komitəsinin prezidenti
İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mərasimin iştirakçıları
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban
Əliyevanı hərarətlə qarşıladılar.
Dövlət başçısı mərasimdə
nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli
xanımlar və cənablar, əziz dostlar!
Bu gün ölkəmizin tarixində
çox gözəl, əlamətdar bir gündür. Biz bu
gün Milli Olimpiya Komitəsinin 20 illik yubileyini qeyd edirik.
Bizimlə bərabər bu bayramı qeyd etmək
üçün gəlmiş bütün qonaqları səmimiyyətlə
salamlayıram.
İyirmi il əvvəl Azərbaycan
Milli Olimpiya Komitəsi yaradıldı. Hamımız
yaxşı bilirik ki, müstəqilliyimizin ilk illəri nə
qədər ağır keçmişdir. Müstəqilliyimizin
ilk illərində ölkədə gedən xoşagəlməz
proseslər, xaos, böhran, anarxiya, iqtisadi tənəzzül
istər-istəməz idman sahəsinə də öz mənfi
təsirini göstərmişdir.
1993-cü ildə ulu öndər Heydər
Əliyevin hakimiyyətə gəlişindən sonra
bütün sahələrdə olduğu kimi, idman sahəsində
də uğurlar başlamışdır. Dövlət siyasəti
ortaya qoyulmuşdur və bütün sahələrdə
olduğu kimi, idman sahəsində də biz uğurlara nail ola
bilmişik.
Milli Olimpiya Komitəsinin tarixi müstəqilliyimizin
tarixi ilə üst-üstə düşür. Müstəqilliyin
bərpasından bir il sonra Milli Olimpiya Komitəsi
yaradıldı. Demək olar ki, 1990-cı illərin
ortalarından başlayaraq bu günə qədər Azərbaycanda
idman sahəsində, Olimpiya hərəkatı sahəsində
çox böyük işlər
görülmüşdür. Müstəqilliyimizin ilk illərində
ölkəmizi tərk etmiş tanınmış
idmançılar, məşqçilər, idman mütəxəssisləri
Vətənə qayıtdılar. Təlim-məşq prosesi
üçün çox gözəl şərait
yaradılmışdır. İdmanın müxtəlif
növlərinin inkişafı üçün konkret
addımlar atılmışdır, federasiyaların rəhbərliyi
gücləndirilmişdir. Nazirlik, Milli Olimpiya Komitəsi,
federasiyalar, idman cəmiyyətləri, klublar bir ailə kimi fəaliyyətə
başlamış və beləliklə, idman
uğurlarımızı şərtləndirmişdir.
Doğrudan da, əgər biz idmanın
iyirmi il ərzində inkişaf tarixinə nəzər salsaq
görərik ki, idman uğurlarımızı
ardıcıllıqla artırmışıq. Eyni zamanda, beynəlxalq
əlaqələrimiz də genişlənir, möhkəmlənir.
Bu gün bu bayramda iştirak etmək üçün Azərbaycana
gəlmiş müxtəlif ölkələrin nümayəndələri
bizim əziz qonaqlarımızdır. Onların Azərbaycana gəlişi,
eyni zamanda, beynəlxalq əlaqələrimizin nə qədər
geniş və zəngin olduğunu göstərir.
Azərbaycan beynəlxalq və Avropa
Olimpiya komitələrinin fəal üzvüdür. Azərbaycan
artıq idman dövlətidir. Bizim uğurlarımız beynəlxalq
idman qurumları tərəfindən qiymətləndirilir.
İdmanın, Olimpiya hərəkatının
inkişafına verilən beynəlxalq dəstək və qiymət
çox yüksək səviyyədədir. Beynəlxalq
Olimpiya federasiyalarının dəstəyi ilə ölkəmizdə
çoxsaylı idman yarışları, o cümlədən
Avropa və dünya çempionatları, həm Olimpiya, eyni
zamanda, qeyri-Olimpiya idman növləri üzrə
çempionatlar keçirilmişdir. Sentyabr-oktyabr aylarında
ilk dəfə olaraq 17 yaşadək qadınlar arasında
futbol üzrə dünya birinciliyi Bakıda, Azərbaycanda
çox yüksək səviyyədə keçirilmişdir.
Deyə bilərəm ki, bu təcrübə bizə imkan verəcəkdir
ki, gələcəkdə bundan da böyük beynəlxalq
yarışlara ev sahibliyi edək.
Azərbaycanda bütün beynəlxalq
idman yarışları yüksək səviyyədə
keçirilir. Bizim qonaqpərvərliyimiz, eyni zamanda, təşkilatçılıq
imkanlarımız, təşkilatçılıq qabiliyyətimiz
çox nadir bir mühit yaradır. Ən önəmlisi ondan
ibarətdir ki, bütün yarışlarda iştirak edən
idmançılar üçün çox gözəl şərait
yaradılır. Həm gözəl idman infrastrukturumuz, Olimpiya
kompleksləri vardır, eyni zamanda, Bakı şəhəri
gözəlləşir, abadlaşır və Bakıya gələn
qonaqların sayı artır. Çox şadam ki, onların
arasında idmançıların sayı ildən-ilə
artır.
Biz idmanın inkişafına geniş
prizmadan yanaşırıq və kompleks tədbirlər
görülür. Əlbəttə, ilk növbədə,
dövlət siyasəti bu istiqamətdə çox uğurla
aparılır. Dövlət siyasətinin nəticəsidir ki,
bu gün biz Azərbaycanı dünya birliyinə idman dövləti
kimi təqdim edə bilirik. Təsadüfi deyildir ki, 2012-ci il
Azərbaycanda "İdman ili" elan edilmişdir. Bu, özlüyündə bir
göstəricidir.
İdmanla məşğul
olan, idmanın inkişafına cavabdehlik daşıyan
bütün qurumlar, bir daha qeyd etmək istəyirəm ki,
vahid siyasət çərçivəsində fəaliyyət
göstərirlər. Deyə bilərəm ki, Azərbaycan o
nadir ölkələrdəndir ki, burada idman nazirliyi, Olimpiya
Komitəsi, federasiyalar, idman cəmiyyətləri arasında
heç bir anlaşılmazlıq yoxdur. Əksinə, maksimum
dərəcədə qarşılıqlı anlaşma və
qarşılıqlı dəstək vardır. Çünki
bu, bizim ümumi işimizdir.
İdman, demək
olar ki, əksər ölkələrin ictimai həyatında
önəmli bir amilə çevrilibdir. İdman
yarışlarında, xüsusilə, Olimpiya oyunlarında
ölkələr bir-biri ilə yarışırlar. Təsadüfi
deyildir ki, idman sahəsində əldə edilən uğurlar
bilavasitə ölkələrin inkişaf göstəricilərinə
də uyğundur. İnkişaf etmiş ölkələrdə,
adətən, idman da inkişaf edir. Azərbaycan inkişafda
olan bir dövlət kimi idman sahəsində də
böyük nailiyyətlərə çata bilibdir.
Dövlət
siyasəti idmanın təbliği, idmanla məşğul
olmaq üçün şəraitin yaradılması, maarifləndirmə,
gənc nəslin yetişdirilməsi kimi mühüm sahələri
əhatə edir. Onların arasında yeni idman infrastrukturunun
yaradılması xüsusi yer tutur. Mən çox şadam ki,
vaxtilə Milli Olimpiya Komitəsinin təşəbbüsü
kimi yaranmış bu proqram artıq ölkə üzrə
geniş vüsət almışdır. Birinci Olimpiya idman
kompleksi Milli Olimpiya Komitəsi tərəfindən 2000-ci ildə
Bakıda ucaldılmışdır. Ondan sonra Azərbaycanda
35 regional Olimpiya kompleksi tikilib istifadəyə verilib, 8
kompleksin tikintisi davam edir. Beləliklə, yaxın gələcəkdə
elə bir şəhər qalmayacaqdır ki, orada müasir, ən
yüksək standartlara cavab verən Olimpiya idman mərkəzi
olmasın. Bu mərkəzlərdə həm peşəkar
idmançılar məşq edirlər, eyni zamanda, bölgə
gəncləri, uşaqlar, yeniyetmələr idman bölmələrinə
gələrək öz peşəkarlığını
artırırlar.
Mən çox şadam ki, gözəl gənc
nəsil yetişir. Gənclərimiz bizi sevindirir. Yeniyetmələr
arasında birinci Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan
gəncləri çox yüksək nəticə göstərmişlər
və dünya miqyasında 11-ci yerə layiq olmuşlar. Bu,
doğrudan da, böyük və tarixi nailiyyətdir.
Çünki bu, onu göstərir ki, idman sahəsində
ardıcıllıq vardır. Gənc nəsil yetişir,
tanınmış idmançıların uğurlu
çıxışları, onların nümunələri gənclər
üçün, uşaqlar üçün bir örnəkdir
və onlar da çempionlara oxşamaq istəyirlər. Bu da
çox önəmli amildir.
Biz Azərbaycanda elə bir mühit
yaratmışıq ki, idmançı olmaq hazırda çox
şərəfli bir peşə və şərəfli bir
işdir. Olimpiya, dünya, Avropa çempionlarımız,
sözün əsl mənasında, bizim qəhrəmanlarımızdır
və cəmiyyətdə onlara olan sevgi, məhəbbət və
hörmət çox yüksək səviyyədədir. Bu,
dövlət siyasəti olaraq, eyni zamanda, cəmiyyətdə
idmana, idmançılara olan müsbət münasibətin təzahürüdür.
Bu gün idmançılarımız cəmiyyətimizin
çox dəyərli üzvləridir.
Mən çox şadam ki, bizim görkəmli
idmançılarımız - Olimpiya, dünya, Avropa
çempionlarımız həyatda nümunədirlər. Bu,
belə də olmalıdır. Çünki onların hərəkətləri,
fəaliyyəti, Vətənə olan
bağlılığı, eyni zamanda, gənc nəslin vətənpərvərlik
ruhunda yetişdirilməsinə xidmət göstərir.
Regional Olimpiya komplekslərinin fəaliyyəti
çox uğurludur, genişdir və bu, kadr
potensialının əsas mənbəyidir. Bölgələrimizdə
çox istedadlı gənclər, uşaqlar vardır.
İndi onlara idmanla məşğul olmaq üçün
şərait yaradılıbdır. Onlar bu şəraitdən
səmərəli şəkildə istifadə edirlər və
etməlidirlər. Bizim idmanla, Olimpiya hərəkatı ilə
bağlı siyasətimiz çox məqsədyönlüdür.
Azərbaycan Olimpiya hərəkatının fəal
üzvüdür, Olimpiya hərəkatının
ideallarını bölüşür. Olimpiya oyunları
dünyanın ən böyük beynəlxalq tədbiridir.
Ölkələrin orada iştirakının sayına görə,
eyni zamanda, Olimpiya oyunları zamanı hökm sürən
dostluq, qardaşlıq, qarşılıqlı anlaşma
mühiti nadir xarakter daşıyır. Dünyada ikinci belə
beynəlxalq tədbir, beynəlxalq yığıncaq yoxdur ki,
bu dərəcədə xeyirxahlıq, mərhəmət,
sülh, dostluq ideyalarını özündə ehtiva etsin.
Olimpiya oyunları dünya miqyasında nadir və təkrarolunmaz
bir formatdır. Mən çox şadam ki, Azərbaycan Olimpiya
oyunlarında uğurla iştirak edir və idman şöhrətini
daim yüksəklərdə saxlayır.
Bizim müstəqil dövlət kimi Yay
Olimpiya Oyunlarında iştirakımız 1996-cı ildən
başlanmışdır və əgər dinamikaya nəzər
salsaq görərik ki, hər dəfə
uğurlarımızı artırmışıq. Bizim
komandamız 1996-cı ildə bir, 2000-ci ildə üç,
2004-cü ildə beş, 2008-ci ildə yeddi, 2012-ci ildə isə
10 medal - onlardan 2-si qızıl, 2-si gümüş və
6-sı bürüncdür,- qazanmışdır. Ölkələrin
cədvəlində Azərbaycan London Yay Olimpiya Oyunlarında
30-cu yerə layiq görülmüşdür, medalların
sayına görə 24-cü, Avropa ölkələri
arasında 15-ci, müsəlman ölkələri arasında
isə 3-cü yeri tutmuşdur. Bu, doğrudan da, böyük və
tarixi nailiyyətdir. Bu, Azərbaycanda idman və Olimpiya hərəkatı
sahəsində görülmüş işlərin bariz
nümunəsi, ölkəmizin uğurlu inkişafının
göstəricisidir.
Azərbaycan dünyada dinamik inkişaf edən,
müasir, gənc ölkə kimi tanınır. Bizim iqtisadi
uğurlarımız artıq bütün beynəlxalq iqtisadi
aləmə tanışdır. Azərbaycanda iqtisadi sahədə
müşahidə olunan bu inkişafın dünyada analoqu
yoxdur. Çünki 8-9 il ərzində iqtisadi sahədə 3
dəfə - 300 faizlik artım, doğrudan da, dünya
miqyasında nadir bir göstəricidir. Bütün başqa sahələrdə,
- siyasi islahatlar, sosial müdafiə, müasir
informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqi,
- bütün bu sahələrdə biz qabaqcıl yerlərdəyik.
Bu günlərdə Bakıda Beynəlxalq İnternet İdarəçilik
Forumu keçirilir və müxtəlif qitələrdən,
ölkələrdən 1000-dən artıq qonaq vardır. Mənim
beynəlxalq telekommunikasiya qurumlarının rəhbərləri
ilə keçirdiyim görüşlər bir daha onu göstərir
ki, Azərbaycanda bu sahədə əldə edilən
uğurlar bölgə üçün nümunədir. Azərbaycan
bu sahədə regional liderdir. Azərbaycanda olan internet
azadlığı bir çox ölkələrdə yoxdur.
Bizim təcrübəmiz bölgədə artıq öyrənilir.
İnternet və informasiya-kommunikasiya texnologiyaları sahəsində
əldə edilən uğurlar, qoyulan investisiyalar və gələcək
planlarımız beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilir.
Yəni, istənilən sahəyə baxsaq
görərik ki, hər bir sahə üzrə konkret proqramlar,
konkret icra müddəti və eyni zamanda, bütün istiqamətlər
üzrə gələcəyə, müasirliyə,
inkişafa doğru konkret konseptual yanaşmalar vardır. O
cümlədən, idman sahəsində. Çünki bir daha
demək istəyirəm ki, idman cəmiyyətimizin ayrılmaz
hissəsidir. Mən Milli Olimpiya Komitəsinin prezidenti və
ölkə Prezidenti kimi çox istəyirəm ki, Azərbaycanda
idmanla məşğulolma prosesi kütləvi xarakter
alsın. Artıq kütləvilik artır, ancaq istənilən
səviyyədə deyildir. Hər bir vətəndaş, hər
bir gənc mütləq idmanla məşğul
olmalıdır. Çünki ilk növbədə, idman
sağlamlıq, sağlam həyat tərzi deməkdir.
İdmançıların mütləq əksəriyyəti
yüksək insani keyfiyyətlərə malikdir. Eyni zamanda,
idman mədəniyyətdir və idmanla məşğul olan
insan özünü rahat, çox əmin hiss edir. Biz
çalışmalıyıq ki, sağlam gənclər
yetişsin. Sağlamlıq məsələlərinin həllində
idmanın çox böyük rolu vardır.
Əlbəttə, bütün başqa sahələrdə
olduğu kimi, ekoloji vəziyyət, təmiz hava, keyfiyyətli
qida, təmiz içməli su - bütün bu məsələlər
Azərbaycanda öz həllini tapır, o cümlədən
idman sahəsində. Bütün bu amillər bir məqsədə
xidmət edir ki, Azərbaycan vətəndaşı
yaxşı yaşasın, rifah içində yaşasın,
sağlam olsun və öz xalqına, öz Vətəninə
sədaqətlə xidmət etsin.
Bir sözlə, idman, yenə də deyirəm,
sadəcə olaraq yarış, sadəcə olaraq hansısa
bir qələbə deyildir. Hər dəfə milli
bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə
hər bir vətənpərvər Azərbaycan vətəndaşı
qürur hissi ilə bu gözəl anları yaşayır.
Çünki ölkənin qələbəsi,
idmançıların qələbəsi, bizim
uğurlarımız hər bir vətənpərvər vətəndaşı
sevindirir. Ancaq idman sadəcə olaraq idman
yarışlarında əldə edilən qələbə
deyildir. İdmanın cəmiyyətdə çox geniş,
çoxşaxəli təsiri vardır. Bir daha qayıtmaq istəyirəm
əvvəlki fikrə, adətən, inkişaf etmiş
ölkələrdə idman da inkişaf edir və
inkişafdadır. Yəni, idmanın inkişafı ölkələrin
ümumi inkişafının göstəricisidir.
Baxmayaraq ki, müstəqilliyimizin cəmi
iyirmi bir yaşı vardır, bizim dövlətimiz
özünü təsdiq edə bilib. Azərbaycana beynəlxalq
aləmdə çox böyük hörmət vardır. Beynəlxalq
aləm bizi dəstəkləyir və keçən il BMT Təhlükəsizlik
Şurasına seçilməyimiz bunun bariz nümunəsidir.
155 ölkə namizədliyimizi dəstəkləyərək
bizə öz hörmətini, inamını və
etimadını göstərmişdir. Bu gün Azərbaycan
dünyada gedən qlobal proseslərdə fəal iştirak
edir. Yəni, biz həm regional çərçivələrdə,
həm beynəlxalq arenada çox fəal işlər
görürük. Bizim birmənalı müstəqil siyasətimiz,
uğurlu iqtisadi islahatlarımız vardır.
Sadaladığım bütün bu amillərin arasında
idmanın da öz mühüm yeri vardır.
Mən şübhə etmirəm ki, bundan
sonrakı illərdə də idman və Olimpiya hərəkatı
Azərbaycanda sürətlə inkişaf edəcəkdir.
Hazırda Bakıda tikilməkdə olan
yeni, müasir, böyük Olimpiya obyektləri, idman
qurğuları siyasətimizin nə qədər böyük
və düşünülmüş olduğunu bir daha
göstərir.
Hazırda Bakıda yeni Olimpiya stadionu
inşa edilir. Yetmiş min yerlik bu stadion bölgənin ən
böyük və ən müasir Olimpiya stadionu olacaqdır.
Hazırda böyük tutumlu gimnastika sarayı tikilir. Bu
yaxınlarda yeni, müasir su idman növləri sarayı tikilməyə
başlamışdır. Bu il, eyni zamanda, idman
yarışları üçün lazım olan ən
böyük Bakı "Crystal Hall" tikilmişdir. Bölgələrdə
stadionlar, idman obyektləri tikilir. Yəni, bu sahədə
işlərimiz bundan sonra da davam etdiriləcək və biz elə
idman infrastrukturu yaradacağıq ki, istənilən beynəlxalq
yarışı Bakıda keçirmək mümkün olsun.
Bizim hədəfimiz də məhz bundan ibarətdir. Ümid
edirəm ki, biz bu istiqamətdə də hədəfimizə
çatacağıq.
Mən hesab edirəm ki, növbəti
Olimpiya oyunlarına qədər biz, bizim üçün ənənəvi
olmayan idman növlərində də uğurlar
qazanmalıyıq.
Hər bir Olimpiya oyunlarının
yekunları, uğurları və bəzi hallarda yaşanan məyusluq,
eyni zamanda, gələcək fəaliyyətimiz
üçün də bir yol göstəricisidir.
Çünki həm uğurlar, həm məğlubiyyətlər bizi, necə
deyərlər, öyrətməlidir ki, bizim üçün
ənənəvi idman növlərində
uğurlarımızı artıraq, bizim üçün yeni
olan idman növlərində də peşəkar kadrları
yetişdirmək üçün hansı addımları
ataq.
Hesab edirəm ki, London Yay Olimpiya
Oyunları medalların sayına,
idmançılarımızın
çıxışlarına görə, doğrudan da,
böyük qiymətə layiqdir. On medal qazanılıb. Ancaq
hamımız yaxşı bilirik ki, ən azı beş medal
da qazanılmalı idi. İdmançılarımız buna
yaxın idi. Bəzi medalların əyarları daha da
üstün olmalı idi. Biz bunu, bəzi Olimpiya
oyunlarındakı məqamları yaxşı
xatırlayırıq. Ancaq bəzi hallarda ədalətsizlik
bizi yoldan çəkindirməməlidir. Biz daha böyük əzmlə
və iradə ilə çalışmalıyıq ki,
uğurlarımızı artıraq.
Bu gün
Bakıda Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd olunur. Bu
yubiley tədbirləri artıq bir neçə gündür
ki, Bakıda qeyd olunur.
Bu gün bu ziyafətdə bizim qonaqlar,
bizim görkəmli idmançılar, idman ictimaiyyətinin
nümayəndələri toplaşmışlar.
Mən bir daha bütün idman ictimaiyyətini,
bütün Azərbaycan xalqını bu gözəl hadisə
münasibətilə ürəkdən təbrik edirəm.
İdmançılara yeni qələbələr,
yeni uğurlar arzulayıram.
Sağ olun!
Avropa Olimpiya Komitəsinin İcraiyyə
Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti
Janez KOCİJANÇİÇ çıxış edərək
dedi:
- Cənab Prezident, Azərbaycanın Milli
Olimpiya Komitəsinin prezidenti, cənab İlham Əliyev!
Azərbaycanın hörmətli rəsmiləri,
Azərbaycanın Olimpiya hərəkatlarının fəalları,
dəvət olunmuş digər Olimpiya təşkilatlarının
rəhbərləri.
Mən böyük iftixar və şərəf
hissi ilə Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik
Hikkeyin, İcraiyyə Komitəsinin üzvlərinin və
hamımızın salamlarını sizə
çatdırıram. Hamı gözəl bilir ki, Olimpiya hərəkatının
inkişafının 20-ci ildönümü nə deməkdir.
Çünki mən həmçinin bu cür digər tədbirlərdə
də iştirak etmişəm və onlar da eyni ildönümlərini
qeyd ediblər. Çox gözəl bilirəm ki, məhz Azərbaycan
üçün bu yolu keçmək nə qədər
çətin olmuşdur. Bu yol mürəkkəb olmuşdur.
Bəzi hallarda atılan addımlar çox böyük enerji
tələb edirdi. Burada fərdilik, fərdi yanaşmaya ehtiyac
duyulurdu. Bəzi hallarda heç də bərabər,
tarazlı mövqe mövcud deyildi.
Mən Sizi təbrik edirəm. Siz
böyük uğurlar, fantastik nailiyyətlər əldə
etdiniz. London Olimpiya Oyunlarında on medal qazanmaqla Siz göstərdiniz
ki, ölkənizdə idman nə dərəcədə
güclüdür, idman sahəsi nə dərəcədə
güclənir. Burada mövcud olan
keyfiyyət nədən ibarətdir.
Qeyd etmək istəyirəm ki, idman həmçinin
etikadır. Etika olmadan idman, sadəcə, mənasız bir hərəkata oxşayardı.
Bunu mən xüsusi qeyd etmək istəyirəm. Dopinq,
matçların nəticələrinin öncədən
sövdələşməsi və digər bu kimi hallar
baxımından mən bu sözləri qeyd edirəm. İdman
gələcəkdir. Bizim hamımız bilməliyik ki,
medalın məhz əldə edilməsi anından etibarən
bu medal artıq keçmişdə qalır, o, tarixə
çevrilir. Biz hamımız gələcəyə doğru
baxmalıyıq. Azərbaycan gələcəyə nəzər
salan idman ölkəsidir.
Sizi bir daha təbrik edirəm. Ümidvaram
ki, Sizin gələcəyiniz bundan sonra da iqtisadi və sosial tərəqqinizə
uyğun olacaqdır.
Janez Kocijançiç Azərbaycan Milli
Olimpiya Komitəsinin 20 illiyi münasibətilə Avropa Olimpiya
Komitəsinin xatirə hədiyyəsini Prezident İlham Əliyevə
təqdim etdi.
Beynəlxalq Güləş
Federasiyasının prezidenti Rafael MARTİNETTİ
çıxış edərək dedi:
- Hörmətli dostlar! Əvvəlcə,
icazə verin, mən öz çıxışımı
fransız dilində edim. Bu, mənim doğma dilimdir.
Fransız dili mənim rəhbərlik etdiyim idman təşkilatının
rəsmi dilidir. Buna görə, icazə verin, FİLA-nın rəsmi
dilində danışım.
Hörmətli cənab Prezident!
Hörmətli Azərbaycan
Respublikasının birinci xanımı!
Xanımlar və cənablar!
2012-ci ildə biz Azərbaycanın Milli
Olimpiya Komitəsinin 20-ci ildönümünü qeyd edirik. Bu
dövr ərzində FİLA Azərbaycanın Milli Olimpiya
Komitəsi ilə sıx əməkdaşlıq etmiş və
bunu davam etdirir. Azərbaycanın sabiq Prezidenti mərhum Heydər
Əliyev demişdir: "Azərbaycanın Milli Olimpiya Komitəsinin
yaradılması Azərbaycanın müstəqilliyinin
atributlarından biri, ölkənin suverenliyi ilə sıx bağlıdır".
2012-ci ildə biz həmçinin İlham Əliyevin Azərbaycanın
Milli Olimpiya Komitəsinin prezidenti seçilməsinin 15-ci
ildönümünü qeyd edirik. Azərbaycan idmanı və
Olimpiya hərəkatı 1997-ci ildə öz
inkişafının yeni mərhələsinə qədəm
qoydu. Azərbaycan güləşçiləri dörd
qızıl, dörd gümüş, beş bürünc
medal qazanaraq, son 15 il ərzində Olimpiya oyunlarında
yüksək nəticələr nümayiş etdirdilər.
Cənab Prezident! Mən bu fürsətdən
istifadə edərək, Azərbaycanın Milli Olimpiya Komitəsinin
20-ci ildönümü münasibətilə bütün güləşçilər,
dünyanın bütün güləşsevərləri
adından idmanın inkişafına, xüsusən də,
güləşin inkişafına verdiyiniz dəstəyə
görə Sizə dərin minnətdarlığımı
bildirmək istəyirəm. Mən bu mərasimdə
iştirak edən bütün şəxsləri səmimiyyətlə
təbrik edir, Sizə böyük uğurlar və yeni nailiyyətlər
arzulayıram.
Sonra Azərbaycanın
tanınmış incəsənət ustaları geniş
konsert proqram ilə çıxış etdilər.
AzərTAc
Azərbaycan.-2012.-
9 noyabr.- S.2-3.