Azərbaycan ilə Malayziya
arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur
Azərbaycan Respublikası Milli Məclisinin
Sədri Oqtay Əsədovun başçılıq etdiyi
nümayəndə heyəti noyabrın 6-dan 8-dək Malayziyada
rəsmi səfərdə olmuşdur. Nümayəndə heyətinin
tərkibinə parlamentin İnsan hüquqları komitəsinin
sədri Rəbiyyət Aslanova, deputatlar Bəxtiyar Əliyev,
Çingiz Əsədullayev, Mirkazım Kazımov, Milli Məclis
Aparatının rəhbəri Səfa Mirzəyev və digər
rəsmi şəxslər daxildirlər.
Azərbaycanın bu ölkədəki səfirliyindən
bildirmişlər ki, səfər Malayziya Parlamentinin Nümayəndələr
Palatasının sədri Tan Sri Pandikar Amin Haji Mulianın dəvəti
ilə həyata keçirilmişdir.
Oqtay Əsədov noyabrın 6-da Tan Sri
Pandikar Amin Haji Mulia, Senatın sədri Tan Sri Abu Zahar bin Ujanq və
Malayziya Baş nazirinin ofisində nazir Dato Sri Mohamed Nazri bin Əbdül
Əziz ilə görüşmüş, parlamentin plenar
sessiyasını müşahidə etmişdir.
Malayziya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun üzvlərinin, parlament aparatının rəhbərinin,
Malayziya Xarici İşlər Nazirliyinin Qərbi Asiya İdarəsi
rəisinin və əməkdaşlarının da iştirak
etdiyi görüşlərdə hər iki ölkənin
qanunvericilik orqanları
arasında əlaqələrin inkişafı, təcrübə
mübadiləsi, qarşılıqlı səfərlərin
təşkili və digər məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
Noyabrın 7-də isə Oqtay Əsədov
Malayziyanın Baş naziri Dato Sri Mohd Najib Tun Abdul Razaq, sabiq
Baş nazir, Perdana Liderlik Fondunun rəhbəri və ölkə
iqtidarının siyasi liderlərindən olan Tun dr.Mahathir bin
Muhamad ilə görüşmüşdür. Bu
görüşlərdə Azərbaycan ilə Malayziya
arasında dostluq münasibətlərinin qədim tarixi,
ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, humanitar və
digər sahələrdə əməkdaşlıq məsələləri
müzakirə olunmuşdur.
Azərbaycan parlament nümayəndə
heyəti Malayziyanın Kuala Lumpu və Putrajaya şəhərlərinin
görməli yerləri ilə tanış olmuşdur.
Səfər çərçivəsində
Milli Məclisin nümayəndə heyətini Azərbaycanın
Malayziyadakı səfiri Tahir Kərimov və səfirliyin əməkdaşları
müşayiət etmişlər.
Azərbaycan nümayəndə heyətinin
Malayziyaya səfəri ilə bağlı bu ölkənin
"Bernama" Milli Xəbər Agentliyi, "Utusan Melayu",
"Malaysiazoom" və digər xəbər portallarında
məlumatlar dərc edilmişdir. Bu məlumatlarda səfərin
hər iki ölkə arasında ikitərəfli münasibətlərin
və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi
məqsədi ilə həyata keçirildiyi və Senat sədrinin
sitatları ilə Azərbaycanın siyasi iqtisadi vəziyyəti
haqqında xəbərlər yer almışdır.
Noyabrın 8-də Azərbaycan parlament
nümayəndə heyəti xüsusi təyyarə ilə
İndoneziyanın Cakarta şəhərinə yola
düşmüşdür.
AzərTAc
Azərbaycan.-2012.-
9 noyabr.- S.3.