Novruz MƏMMƏDOV: Azərbaycanda
insan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin
vacib fəaliyyət istiqamətlərindən biridir
Prezident
Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin
müdiri Novruz Məmmədovun müsahibəsi
- Novruz müəllim, Avropa Komissiyasının
elektron məsələlər üzrə vitse-prezidenti Neelie
Kroes bu günlərdə Azərbaycanda internet
azadlığı barədə bir neçə müsahibə
verib. Bu barədə...
- Düzünü sizə deyim,
mənim bu xanım haqqında məlumatım
azdır. Onu bilirəm ki, Azərbaycana birinci dəfədir gəlir və Azərbaycan
haqqında ümumiyyətlə, heç bir məlumatı yoxdur. Əgər
belə olmasaydı, onu müşayiət
edən azərbaycanlı nümayəndədən
soruşmazdı ki, Naxçıvan niyə
Azərbaycandan aralı düşüb.
Ancaq, eybi yoxdur, bilməmək böyük
günah deyil. Buna fikir verməmək də
olar.
- Xanım Neelie Kroesin səfərinin
məqsədi nə idi?
-
Maraqlısı odur ki,
Azərbaycana birinci dəfədir gəlir.
O da maraqlıdır ki,
xanım Neelie Kroes Azərbaycanda
BMT-nin təşkilatçılığı
ilə keçirilən VII İnternet
İdarəçilik Forumunun
açılış sessiyasına və mərasiminə dəvətli
olsa da, bu mühüm tədbirlərə
gəlməyib. Yəni, BMT-nin belə mühüm bir tədbiri
Azərbaycanda keçirməsinin bu beynəlxalq
təşkilatın Azərbaycanın internet
idarəçiliyi sahəsində əldə etdiyi
uğurlara verdiyi
yüksək qiymət olmasına baxmayaraq,
xanım Neelie Kroes üçün maraqlı olmayıb.
- Yəni, belə düşünməyə
əsas var?
- Bilirsiniz, artıq qeyd etdim ki, VII Beynəlxalq
İnternet İdarəçilik
Forumunu BMT təşkil
edib. Bu foruma
1500-dən artıq internet idarəçiliyi
ilə məşğul
olan xarici mütəxəssis, rəhbər
gəlmişdi. 20-dən
artıq ölkənin
nazirləri iştirak
edirdi. Bu nümayəndələrin
arasında BMT baş katibinin müavini cənab Hu, Beynəlxalq Telekommunikasiya
İttifaqının baş
katibi cənab Ture, İnternet İdarəçilik Korporasiyasının
prezidenti cənab Fadi Şehad, ABŞ Beynəlxalq İnternet Cəmiyyətinin prezidenti
xanım Lin St.Amur,
ABŞ Dövlət Departamentinin
informasiya və kommunikasiya üzrə baş koordinatoru cənab Verveyer,
"Google" şirkətinin vitse-prezidenti cənab
Vinton Serf və internet idarəçiliyi
sahəsində onlarla
bu kimi yüksək
mənsəb sahibləri
var idi.
- Bəs belə bir mötəbər
toplantıda - forumda əsas fikir nədən ibarət oldu?
- Məsələ burasındadır ki, yuxarıda adlarını sadaladığım rəhbər
nümayəndələr, eyni
zamanda, Böyük Britaniyanın, Sloveniyanın,
Misirin nazirləri, eləcə də digər natiqlərin əsas mövqeyi ondan ibarət idi ki, Azərbaycan
internet idarəçiliyi sahəsində,
həqiqətən də,
böyük uğurlar
qazanıb. Azərbaycanda internet azadlığı var. Ölkədə internet-radio və
internet-televiziya proqramları,
elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr
geniş yayılıb.
Minlərlə bloqer Azərbaycanın
internet məkanında sərbəst
fəaliyyət göstərir.
Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da insan azadlıqlarının
qorunması müasir
internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı,
internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi,
hökumətin açıq
və şəffaf fəaliyyətinin təmin
olunması, vətəndaşların
idarəçilik proseslərinə
cəlb edilməsi Azərbaycanda da qlobal internet şəbəkəsinin
insanlara verdiyi yeni imkanlardır.
- Bütün bunlarla bərabər, xanım Neelie Kroesin fikirləri ilə bağlı nə deyə bilərsiniz?
- Bir daha
təkrar edirəm. Xanım Neelie Kroes Avropa
Komissiyasının elektron
məsələlər üzrə
vitse-prezidenti olaraq dəvət aldığı
forumun əsas tədbirlərinə qatılmayıb.
Azərbaycana birinci dəfədir
gəlib, ölkəmiz
haqqında məlumatı
isə yox dərəcəsindədir. Bununla belə, təəssürat
yaranır ki, xanım sanki özünün qarşısına
qoyduğu xüsusi missiya ilə gəlib. Bu missiya
isə Azərbaycan haqqında yalan, qərəzli, həqiqətəuyğun
olmayan məlumatları
müsahibə verməklə
yaymaq olub. Axı, sual yaranır: bu sahə üzrə dünya ictimaiyyəti
internet idarəçiliyi sahəsində,
ifadə azadlığının
təmin edilməsində
Azərbaycan hökumətinin
fəaliyyətinə yüksək
qiymət verərək
Azərbaycanı regionun
lideri hesab edir, xanım Neelie Kroes isə
qarayaxmaqla məşğul
olur. Məqsəd bu idisə,
elə Brüsseldə
edəydi. Onsuz da onun Azərbaycandan xəbəri yoxdur.
Xanım Neelie Kroes anlamalıdır ki, o, çox yüksək vəzifə tutur, onun vəzifəsi isə əməkdaşlığa
töhfə verməkdir,
mane olmaq yox. Əgər hesab edirsə ki, müstəqil dövlətə göstəriş
və ya əmr vermək hüququ var, səhv edir. Bunu başa düşmək lazımdır. Azərbaycanla belə yüksək tonda danışmaq qəbuledilməzdir. O bunu
başa düşmürsə,
təəssüf edirəm.
Digər tərəfdən,
xanım Neelie Kroes fundamental hüquqlardan
ağızdolusu danışmaqla
bunun məsuliyyətini
necə başa düşür, bilmirəm,
amma, deyəsən, heç Azərbaycan ərazilərinin iyirmi ildən artıq işğal altında qaldığından və
bu ərazilərdə
yaşayan bir milyon əhalinin illər ərzində bu fundamental hüquqlardan məhrum olduğundan xəbəri yoxdur. Olsaydı, heç olmasa, özünə bəraət
qazandırmaq üçün
bir söz deyərdi.
Xanım Neelie Kroes yəqin bilməmiş
deyil ki, (bu vəzifəsində iki ilə yaxındır ki,
işləyir) belə qərəzli, həqiqətəuyğun
olmayan bəyanatlar əməkdaşlığın
inkişafına töhfə verə bilməz, əksinə,
mane olar. Ona görə də, başqa sahələrə də
qarışmaqla özünü pis vəziyyətdə
qoymasın. Azərbaycan Respublikasının həm Avropa
İttifaqı, həm də NATO ilə əməkdaşlığı
indiyədək çox yüksək səviyyədədir.
Xanım Neelie Kroesin nəzərinə çatdırıram
ki, Azərbaycanla Aİ arasında strateji əməkdaşlıqla
bağlı memorandum hələ 2006-cı ildə
imzalanıb. Yəqin bundan da xəbərsizdir. NATO ilə əməkdaşlığı
gəldikdə isə bütün sahələri, o cümlədən
Əfqanıstanla bağlı əməkdaşlığa nəzərə
alsaq, düşünürəm ki, bu əməkdaşlıqda
Azərbaycanın rolunun nə dərəcədə yüksək
qiymətləndirildiyini vurğulamağa ehtiyac yoxdur. Xanım
Neelie Kroes, azacıq da olsa, maraqlansaydı, dediklərinə
peşman olardı.
Azərbaycan.-2012.-
9 noyabr.- S.3.