İki
ölkə arasında bütün sahələrdə
əlaqələrin inkişafı məsələləri
müzakirə edilmişdir
Xəbər verildiyi kimi, Azərbaycan-Finlandiya
parlamentlərarası dostluq qrupunun təşəbbüsü
ilə Azərbaycan Baş nazirinin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənovun rəhbərliyi ilə nümayəndə
heyəti Helsinkiyə gəlmişdir.
Noyabrın 8-də Baş nazirin
müavini Əli Həsənovun Finlandiya parlamentinin sədri
Eero Heynyaluoma ilə görüşü olmuşdur.
Görüşdə həmçinin
Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi
köçkünlərin və miqrasiya problemləri üzrə
şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf
nazirinin müavini Sevinc Həsənova, Məcburi
Köçkünlərin Sosial İnkişafı Fondunun
direktoru, deputat Ayaz Orucov, deputatlar Fazil Mustafa, Zahid Oruc, Ceyhun
Osmanlı iştirak etmişlər.
Eero Heynyaluoma qonaqları salamlayaraq
bildirmişdir ki, Finlandiya parlamentində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair dünən
keçirilən dinləmələr çox maraqlı idi və
Finlandiya Parlamentinin üzvlərini, ekspertləri Azərbaycan
dövlətinin başlıca problemi ilə tanış
etmişdir.
O, ümidvar olduğunu bildirmişdir ki,
Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupu əlaqələrin
bundan sonra da genişlənməsinə kömək edəcəkdir.
Bunun üçün bütün imkanlar vardır. Finlandiya
parlamentinin fəaliyyəti barədə məlumat verən
E.Heynyaluoma qarşılıqlı səfərlərin
vacibliyini diqqətə çatdırmışdır.
Azərbaycan Baş nazirinin müavini Əli
Həsənov səmimi qəbula görə təşəkkürünü
bildirərək Dağlıq Qarabağ münaqişəsinə
dair Finlandiya parlamentində keçirilən dinləmələrin
Azərbaycan üçün əhəmiyyətini
vurğulamışdır.
Əli Həsənov demişdir ki,
müasir Azərbaycan tarixinin 30 ildən artıq bir
dövrü qırılmaz surətdə ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. Xalqın
bütün sahələrdə, o cümlədən
ictimai-siyasi, iqtisadi-mədəni sahələrdə dirçəlişi
dahi Heydər Əliyevin sayəsində mümkün
olmuşdur. Heydər Əliyevin xalqın təkidi ilə
hakimiyyətə qayıdışı Azərbaycanın
siyasi və iqtisadi həyatında taleyüklü
islahatların təməlini qoydu. 1994-cü ildə
imzalanmış "Əsrin müqaviləsi"nin məqsədi
neft hasilatından əldə edilən həm siyasi, həm də
iqtisadi faydanın Azərbaycan xalqının gələcəyinə,
rifahına yönəltmək idi.
Əli Həsənov bildirmişdir ki, bu
gün davam etdirilən uğurlu xarici siyasət strategiyası
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu
artırır. Azərbaycanın regionda lider ölkə
olduğunu vurğulayan Baş nazirin müavini bildirmişdir
ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın
iqtisadiyyatının təxminən 80 faizini təşkil edir.
Əli Həsənov
vurğulamışdır ki, Prezident İlham Əliyevin
müəyyənləşdirdiyi Azərbaycanın 2020-ci ilədək inkişaf strategiyasına əsasən,
Azərbaycanda bir nəfər də olsun, aztəminatlı
insan qalmayacaq, qeyri-neft sektoru dinamik inkişaf edəcək, Azərbaycan
yüksək həyat səviyyəsinə malik ölkələr
siyahısına daxil olacaqdır.
Dağlıq Qarabağ münaqişəsi
haqqında ətraflı məlumat verən Əli Həsənov
demişdir ki, 20 ildən artıq müddətdə ATƏT-in
Minsk qrupunun himayəsi altında davam edən
danışıqlar heç bir nəticə verməmişdir.
Azərbaycan isə öz növbəsində, bütün
öhdəlikləri və qətnamələri yerinə
yetirir. BMT Təhlükəsizlik Şurasının
işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin
və ətraf ərazilərin azad olunmasına dair dörd qətnaməsi
bu günə qədər Ermənistan tərəfindən
yerinə yetirilmir. Əli Həsənov Azərbaycanın
münaqişənin tezliklə dinc yolla həll ediləcəyinə
ümid etdiyini vurğulamışdır.
Baş nazirin müavini BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsində
Azərbaycanı dəstəklədiyinə görə
Finlandiya hökumətinə təşəkkürünü
bildirmişdir.
Azərbaycanın Finlandiya ilə əlaqələrin
inkişafında maraqlı olduğunu qeyd edən Əli Həsənov
parlamentin sədrini Azərbaycana səfərə dəvət
etmişdir.
Finlandiya parlamentinin sədri Eero
Heynyaluoma dəvətə görə minnətdarlığını
bildirmiş və ölkələrimiz arasında bütün
sahələrdə, xüsusən, ticarət sahəsində əlaqələrin
inkişaf edəcəyinə əminlik ifadə etmişdir.
Parlamentin sədri demişdir ki, Prezident İlham Əliyevin
2020-ci ilədək olan dövr üçün ölkənin
inkişaf strategiyası ona xoş təsir
bağışlamışdır.
Eero Heynyaluoma ümidvar olduğunu
bildirmişdir ki, parlamentlərarası dostluq qrupunun fəaliyyəti
bütün sahələrdə əlaqələrin
inkişafına kömək edəcəkdir.
Sonra Finlandiya parlamenti
ilə tanışlıq
olmuşdur.
Nigar HÜSEYNOVA,
AzərTAc-ın xüsusi müxbiri
Helsinki
Azərbaycan.-2012.-
9 noyabr.- S.3.