II Bakı Beynəlxalq Humanitar Forumu barədə Misirin «Əl-Cümhuriyyə» qəzetində məqalə dərc olunmuşdur

 

II Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı Misir mətbuatında yazılar dərc olunması davam edir.

Misirin Baş nazirinin sabiq müavini Yəhya Camal, azərbaycanşünas alim Safsafi Əl-Quturi və jurnalist Məhəmməd Sələməninin II Bakı Beynəlxalq Humanitar Forumu haqqında yazdıqları məqalələrdən sonra "Əl-Cümhuriyyə" qəzetinin baş redaktor müavinihumanitar forumun iştirakçısı Məhəmməd İsmayılın bu nəşrdə "Azərbaycana qısa səfər" adlı məqaləsi dərc olunmuşdur.

Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, "Əl-Cümhuriyyə" ölkənin və ərəb dünyasının ikinci ən böyük qəzetidir, hər gün yarım milyon tirajla dərc edilir.

İlk növbədə, ölkəmiz haqqında məlumat verən M.İsmayıl yazmışdır ki, müasir müstəqil Azərbaycan dünyəvi, demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyir. Bölgənin lider dövləti olan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, milli sərvətlərdən xalqın rifahının yüksəldilməsi üçün geniş istifadə edir. Bu ölkənin paytaxtı Bakı son illərdə yüksək sürətlə inkişaf edir.

M.İsmayıl Beynəlxalq Humanitar Forumda Azərbaycan Prezidenti İlham Əliyevin çox maraqlı və məzmunlu nitq söylədiyini diqqətə çatdırmış, yazmışdır ki, dövlət başçısı sürətli inkişafın təməlində siyasi iradənin və müasir texnologiyaların tətbiqinin dayandığını qeyd etmişdir. Məqalədə deyilir ki, Odlar yurdu Azərbaycanın inkişafı həqiqətən, heyrətamizdir.

"Əl-Cümhuriyyə"nin baş redaktorunun müavini Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunubunun nəticəsində bir milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırmış, problemin həlli üçün Azərbaycan Prezidentinin yüksək səy və qətiyyət göstərdiyini qeyd etmişdir.

Jurnalist Prezident İlham Əliyev ilə dəfələrlə görüşmüş misirli Nobel mükafatçısı Ə.Züveylin Azərbaycan haqqında fikirlərinə də məqalədə yer vermişdir. Görkəmli alim ölkəni elmi təməllər üzərində inkişaf etdirmək üçün Prezident İlham Əliyevdə güclü iradənin olduğunu söyləmiş, Azərbaycanda bu istiqamətdə əlverişli mühit yaradıldığını demişdir.

M.İsmayıl məqaləsini bu sözlərlə bitirir: "Həqiqətən də, deyə bilərəm ki, 21 il bundan əvvəl Azərbaycan kommunizmlə vidalaşaraq, demokratik inkişafa və elmi tərəqqiyə üstünlük vermişdir".

 

 

Azərbaycan.-2012.- 9 noyabr.- S.3.