YAP-ın 20 illik yubileyi münasibətilə Nərimanov rayonunda yaşıllaşdırma aksiyası keçirilib

 

Dünən Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi münasibətilə Nərimanov rayonu ərazisində daha bir yaşıllaşdırma aksiyası keçirildi. Aksiyada Milli Məclis Sədrinin müavini Bahar Muradova, ÜAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi və partiyanın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri iştirak edirdilər. Rəsmi şəxslər və ictimaiyyət nümayəndələri əllərinə bel alaraq gənclərlə birgə ağac əkdilər. Ərazidə bayram əhval-ruhiyyəsi vardı.

Milli Məclis Sədrinin müavini Bahar Muradova bu aksiyanın YAP-ın ənənəvi tədbirlərindən biri olduğunu söylədi: "Biz hər dəfə belə xeyirxah işlərlə məşğuluq. Amma bu dəfə özəllik ondan ibarətdir ki, bu aksiya partiyamızın yaranmasının 20 illik yubileyinə həsr olunub. Mən bu yubiley münasibətilə hər kəsi təbrik edirəm. Partiyamız yarandığı 20 il ərzində hər anını xalqa xidmətdə keçirib. Bu xidmətin də bəhrəsi olaraq hər zaman xalqdan etimad mandatı alıb. Qarşıdan 20 illik yubileyimiz gəlir. Hesab edirəm ki, bu əlamətdar tarix təkcə YAP-ın yox, partiyanın siyasətini dəstəkləyən Azərbaycan xalqının mütləq əksəriyyətinin bayramıdır. Ona görə də bu gözəl bayram ərəfəsində YAP-ın fəalları, xüsusilə gənclər böyük ruh yüksəkliyi ilə bu kampaniyaya qoşulublar. Hesab edirəm ki, əkdiyimiz ağaclar bir müddət sonra bu parkı bəzəyəcək və Bakı şəhərinin abadlaşmasına, daha da  gözəlləşməsinə böyük töhfə olacaq".    

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov isə bildirdi ki, partiyanın 20 illik yubileyi münasibətilə keçirilən bu kampaniya böyük əhəmiyyət kəsb edir. YAP-ın həmişə müxtəlif aksiyalar keçirdiyini xatırladan Əli Əhmədovun sözlərinə görə, bu aksiyaların içərisində Bakı şəhərində yaşıllaşdırma işlərinə dəstək verilməsi önəmli yer tutur: "Biz dəfələrlə paytaxtın müxtəlif ərazilərində ağaclar əkmişik. Məmnuniyyətlə deyə bilərəm ki, əkdiyimiz ağaclar indi həmin ərazilərin yaşıllığına əhəmiyyətli töhfə verir. Partiyamızın 20 illik yubileyi ərəfəsində Bakının bu hissəsində ağacəkmə kampaniyasını həyata keçiririk. Gördüyünüz kimi, bu yaşıllıq zonasının formalaşmasına YAP bundan əvvəl keçirdiyi aksiya ilə dəstək vermişdi. Bir neçə ay öncə burada ağaclar əkmişdik və həmin ağacların xeyli hissəsi boy atıb. İndi də burada yaşıllaşdırma işlərini davam etdiririk. YAP-ın çağırışı ilə partiyamızın fəallarının bir hissəsi 2000-dən çox yeni ağacların əkilməsindən ibarət olan bu aksiyada iştirak edir. Güman edirəm ki, bu, bizim sonuncu aksiyamız olmayacaq".

Əli Əhmədov qeyd etdi ki, YAP yalnız ölkənin siyasi həyatında iştirak etməklə öz missiyasını başa çatmış hesab etmir. Partiya siyasi həyatda yüksək mövqe tutmaqla yanaşı, ölkəmizin ictimai həyatında da çox müxtəlif aksiyalar keçirməklə iştirak edir: "Biz quruculuq, yaradıcılıq işlərinə dəstək veririk. Bütün bunların hamısı YAP-ın geniş və çoxşaxəli fəaliyyətindən xəbər verir. Partiyamız həmişə istər siyasət sahəsində, istərsə də həyatımızın digər sahələrində dövlətimizə, cəmiyyətimizə və insanlarımıza faydalı olan işlərlə məşğuldur. Güman edirəm ki, əkdiyimiz ağaclar da Azərbaycanda, Bakı şəhərində ekologiyanın təmizliyinə dəstək olacaq və şəhərimizin oksigenlə zənginləşməsinə kömək edəcək. Biz bundan sonra da faydalı işlər görəcəyik. YAP-ın bütövlükdə fəaliyyət prinsipləri bundan ibarətdir".

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev isə bildirdi ki, Yeni Azərbaycan Partiyası dəfələrlə belə yaşıllaşdırma kampaniyaları keçirib və bu, artıq ənənə halını alıb. Onun sözlərinə görə, yaşıllaşdırma kampaniyası çərçivəsində bu ərazidə 2000-ə qədər ağacın əkilməsi nəzərdə tutulur. Artıq Nərimanov rayonunun ərazisində olan bu guşə yaşıl bir zolağa çevrilməkdədir. Əkilən ağaclarla bağlı məlumat verən A.Fərzəliyev onu da dedi ki, burada hətta Cənubi Amerikadan gətirilmiş xüsusi palma ağacları da əkilib. Ağacları suvarma sistemi isə yüksək səviyyədə təşkil olunub. Bir neçə ildən sonra bu ərazidə böyük yaşıllıq olacaq və əkilən ağaclar Bakının havasını oksigenlə zənginləşdirəcək.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2012.- 9 noyabr.- S.4.