Ruhumuz qədər əziz, Vətən qədər müqəddəs

 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etidikdən sonra ay-ulduzlu, üçrəngli bayrağımız suverenliyimizin simvolu kimi xalqımız üçün müqəddəs dövlətçilik rəmzinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq millətimizin azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. XX əsrin əvvəllərindən başlayaraq bu günə qədər üçrəngli bayrağımızın hər zaman səmada dalğalanması üçün Azərbaycan vətəndaşları mübarizə aparıb, döyüşüb, canlarını, qanlarını əsirgəməyiblər. Bu savaş 1918-ci ildən başlayaraq 1990-cı il 20 Yanvar faciəsindən, 1992-ci ildə törədilmiş Xocalı soyqırımından keçən uzun bir yol gəlib. Müdhiş faciələrdən keçən bu yolun üzü indi qələbəyə doğrudur. İgidlərimiz ruhumuz qədər əziz, inancımız qədər müqəddəs bayrağımızı  mütləq Qarabağda, Şuşada ucaldacaqlar.    

Nişanlarında və rənglərində böyük mənalar ehtiva edən bayrağımız yarandığı gündən mənsub olduğu xalq kimi başı çox bəlalar çəkmiş, zülmətlərə gömülmüş, lakin yenidən bütün bayraqlardan yüksəklərdə bərqərar olmuşdur. İstiqlal ürfanlarının ən böyük arzusu da bu idi. Azərbaycan Dövlət Bayrağı rəsmi olaraq 94 il öncə ilk dəfə 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin birinci toplantısının açılışında dalğalanıb. Həmin gün şəhərin bütün küçələri üçrəngli bayraqlarla bəzədilib. Xarici ölkələrdə isə ilk dəfə 1919-cu ildə Fransada keçirilən Paris Sülh Konfransında ucaldılıb.

Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də Milli Şura Gəncədə fəaliyyət göstərərəkən verilmişdi. Qərara əsasən, bayraq al-qırmızı materialdan hazırlanmış, üzərində aypara və qırmızı fonda rəngdə səkkizguşəli ulduz təsviri verilmişdi. Eynilə Türkiyənin Dövlət Bayrağı formasında, yeganə fərq ulduzun səkkizguşəli olması idi. Bu da Azərbaycan adının əski əlifba ilə səkkiz hərflə yazılışının göstəricisi idi.

1918-ci ildə Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdikdən sonra Milli Şura Gəncədən paytaxta köçürbir neçə mühüm qərarlar verir. Onlardan biri də 1918-ci il noyabrın 9-da imzalanan Dövlət Bayrağı haqqında qərar idi.

Qərarda deyilir: "Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir".

Bayrağın üçrəngli olması ideyasının müəllifi Azərbaycanda milli istiqlal məfkurəsinin banisi Əli bəy Hüseynzadədir. Ay-ulduzun və bayrağın mənaları onun düşüncələrini əks etdirirdi. Mavi rəng türklüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng isə dinimizə bağlılığın nişanəsidir. Türk milli şüurunun təkamülü də Əli bəy Hüseynzadənin üç düsturu ilə bağlıdır: "Türkçülük, islamçılıq, müasirlik". Böyük ziyalının siyasimilli-ideoloji xəttini ifadə edən mülahizələr sonrakı mərhələlərdə milli özünütəsdiqin yollarını nişan verdi.  

1920-ci ilin aprel işğalından sonra cümhuriyyətin özü kimi rəmzləri də qadağan edildi. Yetmiş il sonra - 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız qaranlıqlardan xilas edilərək səmalara ucaldıldı və Naxçıvanın dövlət bayrağı kimi təsdiq edildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" qanun qəbul etdi. Həmin il oktyabrın 18-də isə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi. Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli sərəncamı ilə Dövlət Bayrağı Meydanının yaradılması qərara alındı. Çox keçmədən Bayılda dünyanın ən hündür bayrağı ucaldı. İnşa edilmiş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrəsinin üst hissəsinin diametri 1,09 metrdir. Möhtəşəm bayrağımızın göylərə ucaldılması 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə həyata keçirildi.

2009-cu il noyabrın 17-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, hər ilin 9 noyabr tarixi qeyri-iş günü hesab edilən bayramların siyahısına əlavə edilib.

Tarix sübut etdi ki, 1918-ci ildə yüksələn bayraq xalqımızın tarixi yaddaşında, hər birimizin canında və ruhunda əbədi ucaldılıb. Xalqımızın öz torpağına, dövlətçiliyinə və tarixinə sonsuz sevgisindən bəhrələnib yaranan üçrəngli bayrağımız 70 ildən sonra yenidən göylərə yüksəldi, başımızın üstündə daha əzəmətlə dalğalandı.

Artıq neçə ildir ki, hər il 9 noyabr tarixini Dövlət Bayrağı Günü kimi qeyd edirik. Ölkəmizin, demək olar ki, bütün bölgələrində ucalıb dalğalanan bayraqlar sanki sıralanaraq durna qatarı kimi Qarabağa, Şuşaya, işğal edilən digər torpaqlara sarı qanadlanır, bizi Vətən uğrunda müqəddəs döyüşə haraylayırlar. Vətən və bayraq sevgisi qoşadır. Bütün sevgilərin fövqündə dayanan hissdir bu. Hər birimiz yaşımızdan, kişi və qadın olmağımızdan asılı olmayaraq, üçrəngli bayrağımızı Şuşada, Qarabağda ucaldıb, onun önündə diz çökmək arzusu ilə yaşayırıq. Vətən adı çəkiləndə səcdəsinə əyildiyimiz qədər müqəddəsdir bayrağımız!

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2012.- 9 noyabr.- S.5.