Müstəqilliyimizin rəmzi

 

Azərbaycanlı milli düşüncəsində əsas dövlət rəmzlərindən olan bayrağa  xüsusi münasibət tarix boyu özünü qabarıq göstərmiş, xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır. Üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması isə 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Həmin gün Azərbaycan Milli Şurası Tiflisdə İstiqlal Bəyannaməsi ilə dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir.

Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilir. 1918-ci il noyabrın

9-da isə Nazirlər Kabinetinin Bakıda keçirilən iclasında Fətəli Xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış edir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, aypara və səkkiz guşəli ulduzdan ibarət olan bayraq Dövlət bayrağı kimi qəbul olunur.

Azərbaycanın üçrəngli bayrağı dahi mütəfəkkir və ziyalı Əli bəy Hüseynzadənin hələ ötən əsrin əvvəllərində milli yaşam fəlsəfəsi kimi irəli sürdüyü "Türkləşmək, müasirləşmək, islamlaşmaq" devizinə əsaslanmışdır. Türkləşmək - milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi, islamlaşmaq - islamda  milli  dini-əxlaqi    ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi, avropalaşmaq isə - Avropa elm və texnikasının nailiyyətlərinin öyrənilib nəticələrinin milli elm və mədəniyyətinin inkişafına istiqamətləndirmək, Qərb demokratiyası ənənələrindən istifadə etmək deməkdir.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra üçrəngli bayrağımız Azərbaycan Parlamentinin binası üzərindən endirilmiş, əvəzində bolşevik ideologiyasının məhsulu kimi əsas hissəsi qırmızı, aşağı hissəsi tünd göy rəngdən ibarət, üzərində oraq və çəkic şəkli olan qondarma bayraq 70 il dövlət atributu kimi cəmiyyətə sırınmışdır.

Ötən əsrin sonlarına doğru Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət alması, imperiyanın süquta uğraması zəminində üçrəngli bayrağımız qeyri-rəsmi şəkildə mitinqlərdə dalğalanmağa başlamış, xalqın istiqlala qovuşmaq niyyətinin ali təzahürünə çevrilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər ulu öndər Heydər Əliyevin hələ Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. O zaman ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan ümummilli lider Heydər Əliyev əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunmasına misilsiz töhfələr vermişdir.

Respublikada geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı ilə Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, ulu öndər bu istiqamətdəki vətənpərvər səylərini israrla, əzmlə davam etdirmişdir. Nəhayət, muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adından "sovet" və "sosialist" sözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Sessiyada, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edilmişdir. Muxtar respublikanın ali orqanı üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət də qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatət əsasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanun qəbul etmişdir. Bu qanunla şanlı üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edilmiş, istiqlal rəmzi kimi dalğalanmağa başlamışdır.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə, dövlətin parçalanmasına yönəlmiş separatçı cəhdlərin qarşısını qətiyyətlə almaqla bərabər, Azərbaycanın üçrəngli bayrağını uca tutmuş, onun bütün bölgələrdə dalğalanmasını təmin etmişdir. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. "Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - deyən ulu öndər çıxışlarında bunu dəfələrlə bildirmişdir.

Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq qalan və bütün sahələrdə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. Andiçmə mərasimləri zamanı Dövlət bayrağı qarşısında diz çökərək onu öpən Prezident İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə yüksək sevgi, ehtiram və sədaqət nümayiş etdirir. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Xatırlatmaq yerinə düşər ki, dövlət başçısı hələ 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Əsasnaməyə edilmiş əlavə və dəyişiklikləri təsdiqləmiş, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanun imzalamışdır.

"Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunun 1.3-cü maddəsinə əsasən, "Dövlət əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədi ilə tədbirlər görür".  Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" Sərəncamı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. 2010-cu ildən başlayaraq noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Bayrağı Meydanı üçün Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında müvafiq yerin ayrılması təmin edilmiş, 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılmış, tikinti işlərini xüsusi layihə əsasında xarici və yerli mütəxəssislər həyata keçirmişlər. Dövlət Bayrağı Meydanının tikintisinə 2008-ci ilin əvvəlindən start verilmişdi. Layihənin əhəmiyyətini nəzərə alan ölkə başçısı İlham Əliyev 2008-2010-cı illərdə 6 dəfə Dövlət Bayrağı Meydanında olmuş, inşaat işlərinin yüksək keyfiyyətlə aparılmasına dair tapşırıq və tövsiyələrini vermişdir.

Dünyanın ən uca bayraq dayağının hündürlüyü 162, bünövrəsinin diametri 3,2 bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Bayrağın dəniz səviyyəsindən hündürlüyü isə 192 metrdir. Bayraq dirəyinin hündürlüyü artdıqca dirəyin diametri 1 metrədək azalır. Küləyin sürəti saniyədə 66 metr (saatda 200 kilometrdən çox) olanda belə dirəyin təhlükəsizliyi tam təmin olunub. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə 350 kiloqramdır. Yaş halda çəkisi 2 dəfə artır. Xüsusi yumşaq materialdan hazırlanan bayraq təbii təsirlərə olduqca davamlıdır.

Dövlət Bayrağı Meydanının əhəmiyyətini artıran digər mühüm amil bu monumental kompleksin dövlət rəmzlərini özündə birləşdirən məkana çevrilməsidir. Hündürlüyü 5 metr olan pyedestal Azərbaycan Respublikasının bayrağında əks olunan səkkizguşəli ulduzu simvolizə edir. Bayrağın bünövrəsinin əhatəsində isə dövlət rəmzləri - gerb, himnin sözləri və Azərbaycanın xəritəsi yerləşdirilib. Azərbaycanda ilk dəfə sahəsi təxminən 100 kvadratmetr, 9x11 metr nisbətində, çəkisi 16 ton olan, üzəri qızıl suyuna salınmış nəhəng bürünc gerb hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Təqdirəlayiq faktdır ki, "Ginnes" dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Prezident İlham Əliyev Dövlət Bayraq Meydanının açılış mərasmində demişdir: "Bu gün bu gözəl meydanda Azərbaycanın müstəqil siyasətini xüsusi qeyd etmək istərdim. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəkdik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, möhkəm ölkə yaratmışıq".

Azərbaycanın Dövlət Bayrağının Bakı şəhərinin ən möhtəşəm guşəsində - analoqu olmayan hündürlükdə dalğalanması xalqda milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirir. Dövlət Bayrağı Meydanı dövlətçiliyimizin keçdiyi şərəfli tarixi, onun hansı təməl prinsiplərinə, ideoloji sütunlara söykəndiyini nümayiş etdirməklə yanaşı, xalqın müstəqil dövlətini qorumaq, inkişaf etdirmək, yaşatmaq əzmini göstərir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2012.- 9 noyabr.- S.6.