İnfrastruktur
layihələri regionların simasını dəyişir
İdman Olimpiya kompleksləri,
dünya standartlarına cavab
verən tibbi diaqnostika
mərkəzləri, müasir tipli məktəb və çoxmərtəbəli
yaşayış binaları, istehsal
obyektləri və digər infrastruktur
layihələri indi hər bölgədə,
hər rayonda həyata keçirilir. Paytaxtı
görümlü-baxımlı edən yeniliklər indi ağırlıq mərkəzini regionlara salıb. Milli
iqtisadiyyatın ildən-ilə güclənməsi regionlarda sosial-iqtisadi
infrastrukturların yenidən qurulması prosesini
daha da sürətləndirib.
Bölgələrdə bir-birindən
yaraşıqlı fərdi evlər tikilir,
əhali su, qaz və elektrik enerjisi ilə fasiləsiz
təmin edilir, yeni magistrallar, körpülər, yol
qovşaqları tikilir, müəssisələr
işə salınır, sosial-mədəni və turizm təyinatlı obyektlər yaradılır.
Nəticədə rayon mərkəzlərinin,
eləcə də qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması
sürətlə dəyişir. Artıq qəsəbələr
şəhərlərə, kəndlər qəsəbələrə
çevrilir, yeni
yaşayış məskənləri salınır, bir sözlə, həyat başdan-başa
yeniləşir.
Ölkənin ikinci böyük şəhəri
olan Gəncə də başdan-başa
yenidən qurulur. Cavad
xan, Məhsəti, Natəvan,
Sadıllı və Şıxzamanlı yaşayış
massivləri artıq qəsəbə statusunu
daşıyır. Prezident İlham
Əliyevin xeyir-duası ilə təməli qoyulmuş
Heydər Əliyev Mərkəzinin, Azərbaycanın dahi şairi və mütəfəkkiri
Nizami Gəncəvi Muzeyinin,
Gəncə Dövlət Filarmoniyasının və onlarca digər obyektin
inşası davam etdirilir.
Dövlət başçısının
tövsiyəsi ilə İmamzadə ziyarətgahı yenidən
qurulur, "Şah Abbas" və "Uğurlu
xan" karvansaraları əsaslı təmir
olunur, Gəncə-Bakı
magistralının hər iki tərəfində
inşa edilən "Qala"
kompleksində yerli arxitektura
üslubunda aparılan tikinti-quruculuq
işləri müasirliyi ilə diqqət
çəkir. Fikrət Əmirovun adını daşıyan parkda, Gəncəçay sahilindəki Nizami guşəsində, Hacı Zeynalabdin Tağıyev parkında aparılan
yenidənqurma işləri isə yekunlaşmaq
üzrədir. Yenidən qurulan
C.Cabbarlı, A.Səhhət, M.Hadi, İstiqlal parkları ilə yanaşı, Əziz
Əliyev və Məhsəti Gəncəvi adına yeni istirahət parkı yaradılır. Yaxın vaxtlarda istifadəyə
veriləcək Beynəlxalq Nizami Mərkəzi,
filarmoniya, Gənclər sarayı, Heydər
Əliyev Mərkəzi, Kamera Orkestri, Kukla Teatrı, Mərkəzi
Kitabxana, 10-a qədər orta
məktəb, uşaq bağçası,
məktəbəqədər müəssisə, Məhsəti
muzeyi, onlarca mini idman
meydançası, Gəncəçayın ətrafında
yaradılacaq Sahil parkı və digər infrastruktur layihələrin həyata
keçirilməsi şəhərin qədim görkəminə
müasirliyi ilə seçilən yeniliklər
bəxş edəcək.
Şəmkir
rayonunda da
iqtisadiyyatın bütün sahələrində
müşahidə olunan iqtisadi
artım, yaxşılaşan sosial şərait,
iş adamlarına, fermerlərə, fiziki şəxslərə dəstək,
yaşlı nəslə göstərilən qayğı insanlarda xoş ovqat yaradıb. Ötən üç
ildə rayonda 1000-ə yaxın, cari ilin doqquz
ayı ərzində isə 500-dən çoxu daimi olmaqla 3710 iş yerı
açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı ilə təməli qoyulan
Şəmkirçay dəryaçasının tikintisi uğurla davam edir. Əhalinin
içməli suya olan
tələbatını ödəmək üçün
Şəmkirçay dəryaçasından gətiriləcək
suyu qəbul etmək üçün
hər birinin tutumu 9 min kubmetr olan 4 su
anbarı artıq hazırdır. Şəhər sakinlərinə
verilməsi nəzərdə tutulan bulaq suyu üçün tutumu 3 min kubmetr olan
su anbarının tikintisinə isə
yaxın günlərdə başlanılacaq. Ötən ildən
başlanılan qəsəbə və kənd yollarında əsaslı
təmir və asfaltlanma işləri
də yekunlaşmaq ərəfəsindədir.
Kür qəsəbəsinə gedən 12
kilometr yol isə əsaslı
təmirdən sonra müasir
standartlar səviyyəsinə
çatdırılıb, eyni zamanda, Qaracaəmirli ilə Təzəkəndi
birləşdirən yol əsaslı təmir
olunub. Bunlardan əlavə, şəhərin içməli su xətti və kanalizasiya
sistemi yenidən qurulur,
Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri üçün
36 mənzilli bina inşa
olunur, 14 hektara
yaxın ərazini əhatə edəcək Heydər Əliyev
Mərkəzinin, Gənclər evinin, Bayraq meydanının, abidələr
parkının tikintisi davam
etdirilir.
İnfrastruktur yenilikləri sırasında Heydər
Əliyev Fondunun hesabına tikilmiş müasir tipli məktəblər xüsusilə seçilir. İki ay bundan əvvəl rayonun Düyərli, Şeyidlər, Abbaslı
kəndlərində müasir standartlara cavab verən yeni məktəb binaları istifadəyə verilmişdir. Hazırda Sabirkənd, Seyfəli, Qasım
İsmayılov, Qaralar, İsgəndərli
kəndlərində və Zəyəm qəsəbəsində
yeni məktəb binaları tikilir.
Rayon əhalisinin təbii qaz və elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi üçün də lazımi tədbirlər
həyata keçirilir. Hazırda ən ucqar kəndlərdə belə əhali elektrik enerjisi ilə fasiləsiz
təmin olunur. Bu gün rayon əhalisinin 95
faizi təbii qazdan
istifadə edir.
Samux rayonunda da yolların təmiri və genişləndirilməsinə
xüsusi diqqət yetirilir.
Prezidentin sərəncamı əsasında tikilən Gəncə-Sərkar-Qarayeri-Qədili
avtomobil yolunun Sərkar,
Ziyadlı, Qovlarsarı kəndlərindən və Qarayeri qəsəbəsindən keçən
hissələrinin kənarlarında abadlıq və yenidənqurma
işləri artıq başa
çatıb, yolun kənarında istirahət
parkı salınıb. Həmçinin
Alıuşağı-İnstitut-Gəncə yolunda
təmir işləri aparılıb, yolun
hər iki tərəfindəki yararsız
tikililər və çəpərlər götürülüb,
kənarlarına şam və sərv
ağacları əkilib.
Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə
başçısı demişdir: "Regional infrastruktur layihələri
ilə bağlı digər istiqamətlər üzrə
işlər sürətlə gedir. Həm
magistral yollar, həm
də şəhərlərarası yollar
və kənd yolları tikilir. Deyə bilərəm
ki, bu il
kənd yollarına müasir Azərbaycan
tarixində ən böyük vəsait qoyulmuşdur. Hər bir
bölgədə kənd yolları tikilir
və onlarca kənd, şəhərlər,
rayon mərkəzləri bir-biri
ilə birləşir. Bunun çox böyük mənası
vardır. Bu,
həm sosial məsələdir, biz bunu insanların
rahatlığı üçün edirik. Eyni zamanda, bu, iqtisadi məsələdir. Çünki
bir neçə bölgədə mənə
müraciət olunarkən qeyd edilirdi ki, əgər kənd
yolu çəkilərsə, o zaman bu
bölgənin turizm imkanları
açılacaqdır. Çünki turizmin inkişafı üçün
kənd yolları əsas şərtdir. Nəzərə
almalıyıq ki, bizdə turizm yerləri dağlıq ərazilərdədir,
bəzi hallarda o
gözəl, mənzərəli yerlərə çatmaq
üçün insanların imkanı olmur. Ona görə biz bu məsələlərə
fərdi qaydada baxırıq. İlin sonunda siyahı tutulur və kənd yollarının bəziləri
dövlət büdcəsi, bəziləri isə Prezidentin Ehtiyat Fondu hesabına tikilir. Biz gələn il də eyni yanaşmanı tətbiq etməliyik".
Bu mənada turizm
bölgəsi sayılan Lənkəranda həyata keçirilən
tədbirlər diqqətəlayiqdir. Prezident İlham Əliyevin
sərəncamı ilə Lənkəranın sosial-iqtisadi
inkişafının sürətləndirilməsi məqsədilə
ayrılmış 5 milyon vəsait
hesabına rayon ərazisində xeyli işlər görülüb
- yollar, küçələr təmir olunub, parklar, xiyabanlar yenidən qurulub,
yaşıllıqlar salınıb. Artıq 40 kilometrlik Lənkəran-Vilvan-Osaküçə-Türkəncil
yolunun yarıya qədəri
asfaltlanıb. Şürük-Vel-Qamışlı yolunun tikintisi isə başa çatmaq üzrədir.
Prezidentin sərəncamı ilə Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
üçün ümumilikdə 7 milyon manata yaxın vəsait
ayrılması burada aparılan tikinti-quruculuq və yolların əsaslı təmiri
işlərinə yeni ahəng vermişdir. Cari ilin doqquz ayında
yolların təmiri, abadlaşdırılması və
asfaltlanması Yardımlı, Lerik və
Cəlilabad rayonlarında da uğurla davam etmişdir. Göyçayda isə İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində
Çayarxı, Çaxırlı və Yekəxana kəndlərində
ümumi uzunluğu
15,3 kilometr olan kəndarası
yollar təmir edilmiş,
6 yerdə su keçidləri bərpa olunmuş, yeni su keçidləri tikilmiş,
Hacalıkənd-Qaraman-Ləkçılpaq kəndarası avtomobil yolunun bir hissəsinə yeni
asfalt salınmışdır. Habelə Goranboy rayonunda şəhərin
Gəncə istiqamətindən girişində ikitərəfli
yolun tikintisi başa çatdırılmış, Nizami Gəncəvi adına parkın 1,5 hektardan ibarət birinci
hissəsi istifadəyə verilmişdir. Saatlı rayonunda Gənclər Mərkəzi,
Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm
Qalereyası, Şahmat məktəbi
açılmış, habelə əsaslı yenidənqurmadan
sonra rayon Mərkəzi
xəstəxanası, Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindən keçən
hissəsində körpü istifadəyə
verilmişdir. Bu
günlər Beyləqan rayonunda da bir sıra təzə
tikililər və sosial obyektlər
açılmışdır. Yeni
yaradılan Heydər Əliyev Mərkəzi və yenidən qurulan Mədəniyyət sarayı
hamının sevincinə səbəb olmuşdur.
Rayonda həmçinin Beyləqan-Kəbirli-Baharabad
avtomobil yolu yenidənqurmadan
sonra istifadəyə verilmiş,
Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin
tikintisinə başlanılmışdır. Cari ilin
doqquz ayında abadlıq, tikinti-quruculuq
işləri ilə diqqətçəkən İmişlinin
də sosial-iqtisadi həyatında əsaslı
dəyişikliklər baş vermiş, bir sıra sosialyönümlü obyektlər istifadəyə
verilmiş, mühüm
infrastruktur layihələr yerinə yetirilmişdir. Heydər Əliyev Mərkəzi,
Şahmat məktəbi, Olimpiya
İdman Kompleksi inşa edilmiş, ümumi ərazisi 21,2 min kvadratmetr olan ikimərtəbəli
Mərkəzi xəstəxana əsaslı təmirdən sonra fəaliyyətə
başlamışdır.
Bütün bunlar onu göstərir ki,
ölkə əhalisinin sosial həyat şəraitini
yaxşılaşdırmaq üçün dövlət tərəfindən
qayğı da var, diqqət də. Odur ki, paytaxtda olduğu
kimi, respublikamızın bölgələrində də
tikinti-quruculuq və abadlıq işləri, həyata
keçirilən yeni infrastruktur layihələri getdikcə
daha geniş vüsət alır.
Rəhman SALMANLI
Azərbaycan.-2012.-
9 noyabr.- S.8.