Bakı Dövlət Universiteti ilə Türk
Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası
arasında əməkdaşlığa dair müqavilə
bağlanmışdır
Noyabrın 8-də Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının Ankara şəhərində başqanı
professor Hayrettin İvgin Bakı Dövlət Universitetində
(BDU) olmuşdur.
Alim və təhsil işçilərinin
iştirak etdikləri görüşdə Bakı Dövlət
Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
Azərbaycan ilə Türkiyənin tarixi birliyi, mehriban
qardaşlıq münasibətlərindən
danışmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin
apardığı siyasətin əhəmiyyətini
vurğulayan rektor ölkəmizin dinamik inkişaf etdiyini
bildirmişdir.
Müasir dünyada elmin, təhsilin
önəmli rolunu xatırladan akademik A.Məhərrəmov
BDU-nun beynəlxalq əlaqələrindən bəhs
etmişdir.
H.İvgin Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası
qurumun fəaliyyəti barədə məlumat vermişdir. Qeyd
etmişdir ki, akademiya türk dünyasında və türklərin
yaşadıqları ölkələrdə türk dilini, mədəniyyətini,
tarixini və ədəbiyyatını araşdırmaq məqsədilə
yaradılmışdır. Bu beynəlxalq elm təşkilatı
dünyanın 30-dan çox ölkəsinin
tanınmış universitetləri, tədqiqat institutları,
akademiyaları, bioqrafiya mərkəzləri, vəqfləri və
digər qurumları ilə qarşılıqlı əməkdaşlıq
edir. Ayrı-ayrı ölkələrdə
təmsilçiləri olan bu akademiya tərəfindən indiyədək
100-dən çox beynəlxalq konqres, simpozium, konfrans və
digər tədbirlər keçirilmişdir.
Görüşdə Bakı Dövlət
Universiteti ilə Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər Akademiyası arasında əməkdaşlığa
dair müqavilə imzalanmışdır.
Sənədi akademik A.Məhərrəmov
və professor H.İvgin imzalamışlar. Sonra H.İvgin
akademik Abel Məhərrəmovun Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının həqiqi üzvü seçildiyini
bildirmiş və quruma üzv seçilməsi barədə
diplomu rektora təqdim etmişdir.
AzərTAc
Azərbaycan.-2012.-
9 noyabr.- S.10.