Şuşa
Şəhər Uşaq İncəsənət
Məktəbinin 80 illik yubileyi təntənəli şəkildə
qeyd edilmişdir
Noyabrın 8-də Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində
Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət
Məktəbinin 80 illiyinə həsr edilmiş tədbir
keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir
iştirakçıları əvvəlcə mərkəzin
foyesində məktəbin tarixinə dair fotosərgi ilə
tanış olmuş və onlara "Şuşa musiqi
beşiyidir" adlı kitab təqdim edilmişdir.
Dövlət himninin səslənməsi
ilə başlanan tədbirdə Şuşa Rayon İcra
Hakimiyyəti başçısının müavini Vüsalə
Fətəliyeva "Şuşa Azərbaycanın qədim
musiqi və mədəniyyət mərkəzidir"
mövzusunda məruzə ilə çıxış
etmişdir.
Bildirilmişdir ki, dünya mədəniyyətinə
çox nadir incilər bəxş etmiş Qarabağın səfalı
diyarı Şuşanın görkəmli yetirmələri Azərbaycan
musiqisini ləyaqətlə təmsil edərək, bu musiqi
ocağına böyük şöhrət gətirmişlər.
XIX əsrin ikinci yarısında Azərbaycanın bir sıra
bölgələrində musiqi məclisləri, dərnəkləri
təşkil olunur, xalq musiqisinin, muğamın ilk nümunələri
yaranırdı. Belə musiqi məclislərindən biri də
Azərbaycan mədəniyyətinə böyük korifeylər
bəxş etmiş Şuşada o dövrün görkəmli
sənətkarlarından olan Xarrat Qulu Yusifi (1823-1883) tərəfindən
təşkil edilmişdi. Bu məktəbin başlıca məqsədi
yeni xanəndələr nəsli yetişdirmək, xanəndəlik
sənətini xalq arasında geniş yaymaq və klassik Azərbaycan
muğamlarını daha da inkişaf etdirmək idi.
Musiqişünas Xarrat Qulunun yaratdığı bu məktəb
Azərbaycan musiqisinin inkişafında önəmli rol
oynamışdır.
XIX əsrin ikinci yarısında
Şuşada muğam aşiqi Kor Xəlifə musiqi məktəbi
açır. O, tələbələrə muğam
oxumağı, tarda və kamançada çalmağı
öyrədirdi.
XX əsrin əvvəllərində
Şuşanı Qafqazın konservatoriyası, Azərbaycanın
musiqi beşiyi adlandırırdılar. Artıq Şuşada
xoş avazı, gözəl səsi ilə bütün Şərqdə,
Avropanın bir sıra ölkələrində böyük
şöhrət qazanmış görkəmli sənətkarlar
yetişməyə başladı. Bu dövrdə
Şuşada elmin, mədəniyyətin və incəsənətin
sürətli inkişafı üçün geniş imkanlar
yaranmışdı. Bu inkişafın nəticəsi idi ki,
1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin
banisi, məlahətli səsi olan, görkəmli müğənni
Bülbülün təşəbbüsü ilə Azərbaycan
SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il
tarixli qərarına əsasən rəsmi olaraq Şuşa
Musiqi Məktəbi yaradılmışdır. Bu, həm də
Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi. Məktəb
Xurşidbanu Natəvanın evi olmuş binada fəaliyyətə
başlamışdır. Bu təhsil ocağında tar,
kamança, fortepiano, skripka və vokal şöbələri
fəaliyyət göstərirdi. Musiqi məktəbi tez bir
zamanda Şuşanın mədəniyyət və incəsənət
mərkəzinə çevrildi.
Respublikanın bir neçə görkəmli
musiqi müəllimi Şuşa Musiqi Məktəbində dərs
demişdir. Sonrakı illərdə də məktəb öz
fəaliyyətini yüksək səviyyədə davam
etdirmiş, buranı yüzlərlə gənc bitirmiş və
onlar respublikanın musiqi həyatında mühüm rol
oynamışlar.
Diqqətə
çatdırılmışdır ki, məktəb 1932-ci ildən
1984-cü ilədək Şuşa Musiqi Məktəbi adlanaraq
Seyid Şuşinskinin adını
daşımışdır. 1984-cü ildən isə Niyazi
adına Şuşa Şəhər Uşaq İncəsənət
Məktəbi kimi fəaliyyət göstərirdi. Ötən
müddətdə məktəbin məzunları müxtəlif
fəxri adlara layiq görülmüşlər.
1992-ci ildən-Şuşa şəhərinin
erməni silahlı qüvvələri tərəfindən
işğalından sonra Bakı şəhərinin
Sabunçu rayonunda məskunlaşan uşaq incəsənət
məktəbi 20 ildir ki, öz tarixi ənənələrini
qoruyub saxlayır. Məktəbdə 400 şagirdin təlim-tərbiyəsi ilə 60 nəfər pedaqoji heyət
məşğul olur. Məktəb şagirdlərinin əksəriyyəti
respublika və rayon müsabiqələrinin qalibidir.
Xüsusi olaraq qeyd edilmişdir ki,
ümummilli lider Heydər Əliyevin musiqimizin inkişafına
göstərdiyi yüksək diqqət və qayğı
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Prezident İlham Əliyevin Azərbaycan musiqisinə,
mədəniyyətinə verdiyi yüksək dəyər
şuşalılar tərəfindən də həmişə
böyük rəğbət və hörmətlə qarşılanır.
Qeyd edilmişdir ki, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyevanın
musiqi mədəniyyətinin, muğamın inkişafında
misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın
gərgin zəhmətinin bəhrəsidir ki, Azərbaycan
muğamı UNESCO-nun "Xüsusi mühafizə edilən
irs" siyahısına salınmış,
"Şuşa-UNESCO-nun musiqi şəhəri"
nominasiyasına layiq görülmüşdür.
Bildirilmişdir ki, "Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin dəstəyi ilə
Şuşa Musiqi Məktəbinin istedadlı gənclərinin
bir qrup üzvü İtaliyanın Milan və Roma şəhərlərində
Şuşanın musiqi ənənəsini bir daha dünyaya
nümayiş etdirmişdir.
Gecədə Azərbaycanda ilk dövlət
uşaq musiqi məktəbinin növbəti yubiley tədbirinin
doğma Şuşamızda qeyd olunacağı əminliklə
vurğulanmışdır.
Sonra musiqi məktəbinin keçdiyi 80
illik şərəfli tarixi əks etdirən videoçarx
nümayiş olunmuşdur.
Mərasimdə mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva
çıxış edərək məktəbin bütün
yaradıcı heyətini təbrik etmiş və onlara işlərində
uğurlar arzulamışdır.
Tədbirdə çıxış edən
məktəbin məzunu, Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzin baş metodisti Səid
Hacıyev, məktəbin direktoru Mirkamil Ağamirov və
Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Zahid Abbasov məktəbin tarixi ənənələrindən,
Azərbaycan musiqisinin inkişafına verdiyi töhfələrdən
və milli mədəniyyətimizin qorunaraq gələcək
nəsillərə çatdırılmasındakı misilsiz
xidmətlərindən danışmışlar.
Yubiley tədbirinin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirən "Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"
İctimai Birliyi İdarə Heyətinin sədri, Şuşa
Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov
dövlətimizin şuşalılara, eləcə də
bütün ölkə vətəndaşlarına göstərdiyi
diqqət və qayğını yüksək qiymətləndirmişdir.
Sonra məktəbin pedaqoji kollektivinin fərqlənən
üzvlərinə fəxri fərmanlar təqdim olunmuşdur.
Tədbir məktəbin məzun və
şagirdlərinin hazırladıqları geniş konsert
proqramı ilə davam etdirilmişdir.
Azərbaycan.-2012.-
9 noyabr.- S.10.