Baba bəy Şakirin sənət dünyası

 

Görkəmli ədəbiyyatşünas alim Firidun bəy Köçərli yazırdı ki, XIX əsrin birinci yarısında Qarabağ mahalı Azərbaycan şairlərinin vətəni hesab olunub. Həqiqətən də Azərbaycan milli şeirində yeni ideyalar məhz XIX əsrdə Qarabağda qoyulub. Xüsusilə də bu dilbər bölgənin tacı sayılan Şuşada onlarla şair yaşayıb yaradıb. Abdulla Canıoğlu, Aşıq Pəri, Məmməd bəy Aşiq, Qasım bəy Zakir, Mirzə Həsən kimi sənətkarların yetişdiyi məkanda öz müasirləri arasında fərqlənənlərdən biriBaba bəy Şakir olub. Bu il anadan olmasının 240 ili tamamlanan Baba bəy Şakir Qarqar çayının sahilində, Mehriban kəndində anadan olub. Hətta Mir Möhsün Nəvvab təzkirələrində, Firidun bəy Köçərli əsərlərində onu "Mehribanlı Baba bəy" kimi təqdim ediblər. Biz bir çox arxiv materiallarda, sənədlərdə bu yaşayış sahəsinin sonrakı adı ilə maraqlandıq. Məlum oldu ki, Qarabağa edilən basqılar, müharibələr, müəyyən iğtişaşlar nəticəsində bu kənd dağılıb, xarabalıqları da eləcə toz-torpağın altında qalıb. Yalnız arxiv materiallarında, Baba bəy Şakirlə əlaqədar araşdırmalarda bu kəndin adı yaşamaqdadır. Həyatın qəribəliyi də budur. Bəzən bir şəxsiyyət məramı və əməlləri, fəaliyyəti ilə doğulduğu yerə elə bir əbədi şöhrət gətirir ki, o kənd, o şəhər həmişə xatırlanır, yaşanır. Baba bəy Şakirin 240 il öncə doğulduğu kənd də beləcə, onun şeirləri kimi bir əbədiyyət ünvanına çevrildi. Daha fərq etmir, bu kənd indi var, yox, işığı yanırmı, çayı axırmı?

Əslində, Baba bəy Şakirin doğum tarixi fərqli göstərilib. Ədəbiyyatşünas alim Feyzulla Qasımzadə onun 1769-cu ildə doğulduğunu yazıb. Rus tədqiqatçıları da Baba bəy Şakirin doğum tarixini müxtəlif rəqəmlərlə əks etdiriblər. Yalnız Firidun bəy Köçərli Baba bəy Şakiri müasirləri ilə - kimdən kiçik və kimdən böyük olduğunu müqayisə edərək, onun 1772-ci ildə doğulduğunu əsaslandırıb. Şairin mənşəcə Pənah xanın nəslindən - Sarıcalılardan olması inkaredilməz bir faktdır. Şair özü də şeirlərindən birində şəcərəsini bildirib:

 

Mən özüm övladi Pənah aliyəm,

Keçən qəziyyədən yeksər haliyəm.

Tamam aləm bilir Sarıcalıyam,

Mən türkəm, nə kürdəm, nə ləzgi, nə tat.

 

 Amma hansısa səbəbə görəsə nə İbrahim xan, nə Mehdiqulu xan, nə də Cəfərqulu xan Şakirin güzəranı ilə o qədər də maraqlanmayıblar. Öz zəhməti ilə dolandığından Baba bəy Şakir ömrü boyu yaşayışından narazı qalmasa da, qohumlarından, xüsusilə də Mehdiqulu xandan incikliyini sonralar dostu və yaxın qohumu şair Qasım bəy Zakirə yazdığı bir mənzum məktubunda belə bildirib:

 

Külli Qarabağa olub mehriban

Götürdükcə dövlət elədi ehsan.

Bizlərə düşəndə xani-alişan,

İşıqlı dünyanı elədi zülmət.

 

 Bəlkə də elə buna görə Baba bəy Şakirin qələmindən satira, tənqid, dövründən, zəmanəsindən, varlı qohumlarından, laqeyd insanlardan şikayət və giley daha çox süzülüb.

Şairin ən yaxın dostu Qasım bəy Zakir olub. Ona ünvanladığı mənzum namələri də çoxdur. Qasım bəy də ömrü boyu Baba bəyi özünə ustad bilib. Hətta poetik ləqəbini də Baba bəy Şakirin təxəllüsünə uyğunlaşdıraraq götürüb. Baba bəy Şakir dövrünün çox kamil və tanınmış şairlərindən biri idi. Onun səsi-sorağı İrəvandan, Ordubaddan, Gəncədən... eşidilib. Görkəmli tədqiqatçı alim Salman Mümtaz yazırdı: "O vaxtkı ədəbiyyatımızı gözəlləşdirən, məzlumların imdadına çatan cəsur, qəhhar bir şair olub Baba bəy Şakir". Onun yaradıcılığını diqqətlə araşdırdıqda, həqiqətən, də görürsən ki, XIX əsr Azərbaycan satirik şeir cərəyanının zənginləşməsində bu şuşalı oğlunun böyük xidmətləri var. XIX əsr Azərbaycan ədəbiyyatı tarixində poeziyanın ictimai mübarizə silahına çevrilməsində Şakirin zəhməti çoxdur. "Ay Mədət" və "Yetmədi" rədifli qoşmaları, "Gəlməz" gəraylısı Şakir yaradıcılığının sarı simidir. Hər üç şeirdə Vaqif ruhu duyulur. Belə də söyləyirlər ki, "Ay Mədət" rədifli qoşmasından sonra Zakir də bu poetik nümunədən təsirlənərək eyni adlı əsər yaradıb.

Baba bəy Şakirin şeirləri arasında həcvlər də çoxdur. Onun bu janrda yazmasının səbəbini dürüst açıqlayan Firidun bəy Köçərli bildirib ki, çox ehtimal o zaman bu şairlərin qəzetlə, jurnalla əlaqələri olmadığından öz müasirlərinin əxlaqını həcvlə islah etmək istəyiblər. Firidun bəy Köçərli ona da təəssüflənib ki, Baba bəy kimi incə ruhlu, istedadlı şairin dünyadan, xüsusilə də Avropadan qətiyyən xəbəri olmayıb. Bu səbəbdən də öz gözəl təbini həcvlər yazmağa, "latayır söyləməyə" sərf edib. Həcv yazmaq, müasirlərinin karikaturasını sözlə çəkmək, onlara təsir etməyə çalışmaq, əslində,  pis fəaliyyət deyil. Amma Firidun bəy Köçərlini təəssüfləndirən səbəb budur ki, Baba bəy Şakir həddən artıq istedadlı və təbli bir şair olub. Saatlarla bədahətən qoşma, gəraylı söyləmək iqtidarına malik imiş. Onun iş üslubu da qəribə olub. Hər bir şeiri - qoşmanı, müxəmməsi, gəraylını qəflətən birnəfəsə deyərmiş. Onun poetik nümunələrinin çoxu da elə bu şifahi "monoloqun" məhsulu kimi yaddaşlara köçüb.

Müxtəlif xatirə və qeydlərdən bəlli olur ki, o dövrün şairləri tez-tez bir araya gələrək hansısa bir məsələ haqqında söhbət edərkən hər kəs öz fikrini konkret və qısa bildirməyə çalışarmış. Baba bəy Şakir münasibətini də, fikrinilakonik, amma şeirlə dilə gətirərmiş. Bir dəfə yerli bəylərin insafsızlığından söhbət düşüb. Baba bəy Şakir dərhal ürəyindən keçənləri belə bildirib:

 

Bu dövranda hünər söhbəti bitdi,

Bərəkət qeyb oldu, kişilik itdi.

Kərəmli kişilər rəhmətə getdi,

Kələf çözələndi yumaq üstünə.

 

 Qəribədir ki, bütün dövrlərdə yaşayıb-yaradan qələm sahibləri həmişə keçmişi həsədlə anıblar. Hər şeyin dünəndə qaldığını, bu gün "başqa zəmanədir", - deyiblər. Görünür, bu da həyatın rənglərindən, xüsusilə də insan ovqatının müəyyən məqamlara kökləndiyi anlardan doğur.

Dövrünün haqsızlıqlarından, bəzən də yadellilərin doğma vətəndə at oynatmasından narahat olan Baba bəy Şakir qardaşı qədər sevdiyi, inandığı Qasım bəy Zakirə ünvanladığı bir məktubda onunla belə dərdləşirdi:

 

Vilayətdə urus olub ixtiyar,

Eyləyib bir bina yoxdu görən kar.

Tamam işlər olub cahilə bazar.

Heyf bu vilayət, heyhatü heyhat!

 

 İctimai haqsızlığa dözməyən Baba bəy Şakir üsyankar bir sənətkar olub. Çarizmin istilasından sonra dağıntılara məruz qalmış Qarabağın viranəliyi, talançıların özbaşınalığı onun ürəyini nifrətlə doldururdu. Xalqın arzu istəklərini, adət ənənələrini addımbaşı tapdalanyalara meydan verən kütbeyinlərə, xəyanətkarlara, cahillərə qəzəblə kükrəyirdi: "Kimdir yetən fəryadına kəndlinin?" Xalq kütləsinin acınacaqlı halı şairi dirigözlü alovlandırırdı. Gördüklərini realistcəsinə şeirlərində əks etdirirdi. Divanbəyinə ünvanladığı bir məktubda şikayətini belə çatdırırdı: "Ya bizləri tamam tutsun naçalnik, ya eləsin dərdə çarə, ərz elə". Yaxud da: " oğru, xain, hiyləgərik, habelə vətənin tərkin edərik. Elliklə baş götürüb gedərik, hər birimiz bir diyara, ərz elə". O dövrdə çar Rusiyasının Dumasına Qarabağda da deputat seçkiləri keçirilib. Yenə dostu Zakirə ünvanladığı məktubda bu seçkilər haqqında Baba bəy Şakir yazırdı:

 

 Zakira, eşitdim təzə bir xəbər,

Həqiqət qoydu məni xeyli mat.

Zahira ki, seçilərmiş Qalada

Tərəf tərəf olub bəylər deputat.

 

 Baba bəy Şakirin müxəmməsləri, məsnəviləri özünəməxsus təbin müşahidənin məhsuludur. Xüsusilə "Dördlükləri" diqqət çəkir. Həcmindən janrından asılı olmayaraq, bütün şeirlərində şair dövrünün mənzərəsini çox məharətlə çəkib. Onları bugünün gözü ilə oxuduqca çox şey haqqında bir daha dərindən düşünməli olursan. Torpağımıza təşrif buyuranların, çağırılmamış "qonaq"ların bizə etdikləri zülmlərin kökünün haradan mayalandığı bir daha bəlli olur. Baba bəy Şakir XVIII əsrdə doğulub, XIX əsrdə vəfat edib. Yazdıqlarında isə sovet həyat tərzinin bizə "bəxş" etdiyi töhfələr aydın duyulur. Görünür, bütün zamanlarda istismarçılar eyni ssenarini həyata keçiriblər. Sadəcə, birinin adı çarizm olub, o birisinin adı bir başqa... "Quberniya bina olandan bəri" Qarabağ əhlinin başına çox zülmlər gəldi. Şakir söyləyir ki, çox binava zamandır. Haqqını tələb edə, həqiqəti bildirə bilmirsən. Çünki "olmaz urusluqda eyləmək isbat". Haqqın tapdalandığı bir zamanda isə fəryadın həddi bilinməz.

 

Var idi on atım, iyirmi malım,

Qərəz, bir tövr ilə keçirdi halım;

Yığıb bir hal ilə apardı zalım,

Qapımız sovrulmuş xırmana dönüb.

 

 Bu şeir təqribən XIX əsrin əvvəllərində yazılıb. Biz nəslin xəyalına isə ötən əsrin 20-30-cu illərində Azərbaycanda sovetləşmə zamanı xalqımızın malını talan edən, var-dövlətini əlindən alan, atını ilxıdan, qoyununu sürüdən, malını naxırdan aparan sovet məmurlarının hikkəli sifətləri düşür. Bir qədər dərinə gedəndə erməni vandallarının başımıza gətirdiyi müsibətlərin ağrılarını hiss edirik.

Baba bəy Şakirin yaradıcılığında lirik şeirlər çoxdur. Təmiz bir məhəbbətin, eşqin, həsrətin dil açdığı bu poetik töhfələrdə müəllifin qəlb harayı duyulur:

 

  müddətdi o biilqar,

Mənimlə göz-gözə gəlməz.

Boş, bihudə sözdən ötrü,

Yar yarınnan sözə gəlməz.

 

 Məhəbbət ruhlu gəraylıların ahəngində qəribə bir ritm var. Onları adicə söyləmək belə mümkün olmur. Sanki təbii bir musiqi öz-özünə bu şeirləri müşahidə edir. Görünür ki, xalq mahnılarının əksəriyyəti elə bu ruhda doğulduğu üçün dillər əzbərinə çevrilib. Tədqiqatçılar yazıblar ki, Baba bəy Şakirin qoşma gəraylılarından çoxu xalq mahnıları kimi dilləri elləri dolaşmaqdadır. Bəzilərinin son beytindəki "Şakir" sözü onun müəllifinin kim olduğunu aydınlaşdırır. Təbii ki, bu sərvətlərin itib-batanı da çoxdur.

Baba bəy Şakirin şeirlərini ilk dəfə toplayıb Azərbaycan oxucularına çatdıran unudulmaz Salman Mümtaz olub. 1927-ci ildə əski əlifbada (ərəb əlifbası) nəşr edilən kitab geniş oxucu kütləsi arasında o qədər uğurla yayılmadı. Nəhayət, 1985-ci ildə Fərhad Yəhyayevin tərtibatında Baba bəy Şakirin "Seçilmiş əsərləri" işıq üzü gördü. Təəssüf ki, quruluşun diktəsindən irəli gələn tələblərə görə şairin bu kitabçasında isə ədəbi irsi olduğu kimi yox, müəyyən mənada redaktələrə, ixtisarlara məruz qalaraq çap edildi. Bəzi sözlər, ifadələr o dövrdəki Azərbaycan dilinin orfoqrafiyasına uyğunlaşdırıldı.  Bununla belə, kitabda ilk dəfə çap edilmiş şeirlər çox idi. Əlbəttə, XIX əsr satirik şeirimizin görkəmli nümayəndəsi olan Baba bəy Şakirin külliyyatını bu gün latın qrafikası ilə çap edib (özü olduğu kimi) oxuculara çatdırmaq daha məqsədəuyğundur. Dövrləri, zamanları onların əhatə etdiyi mühiti, tarixi təkcə salnaməçilər, tarixçilər yazmayıb. Azərbaycan şairləri yaşadığı dövrün bədii ensiklopediyasını, mənzərəsini, rəngini, rufunu olduğu kimi öz əsərlərinə gətiriblər. Bu mənada Baba bəy Şakirin şeirlərinin əksəriyyəti dövrünün güzgüsüdür. Bu güzgüdən isə Qarabağ həyatı, Şuşa olduğu kimi görünür...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2012.- 9 noyabr.- S.11.