Misraların doğmalığı

 

Bu günlərdə Türkiyənin Qırıqqala şəhərinin Qırıqqala Dövlət Universitetində "Mədəniyyət və dəyərlərin görüşməsi" adlı IV Beynəlxalq Müqayisəli Ədəbiyyat simpoziumu keçirildi. Simpoziuma İngiltərə, Misir, İran, Azərbaycan, Qırgızıstan və Türkiyənin müxtəlif universitetlərindən alimlər gəlmişdi. Tədbirin əsas mövzusu ədəbiyyatların müqayisəli təhlili idi.  Modernistpostmodernist ədəbiyyatların təhlilinə geniş yer verilmişdi. İranın Tehran, Təbriz, Gilan və digər şəhərlərindəki universitetlərdən və xüsusilə Təbrizdə 1987-ci ildən fəaliyyət göstərən, Azərbaycanın adını daşıyan iki müxtəlif universitetdən alimlər maraqlı məruzələrlə çıxış etdilər. Əsasən Azərbaycan şairlərinin əsərlərindən söz açıldı.

Qırıqqala şəhəri Ankaranın yaxınlığında yerləşir, daglar qoynunda mənzərəli yerdədir. Hətta  şəhərin Qarakecili kəndinə köçüb məskən salanların Azərbaycandan gəldiyi də söylənilir. Bu barədə Qırıqqalanın tarixi haqqındakı kitabda belə yazılır: "Qarakeçililər, Oğuzların iyirmi dörd qolundan biri olan Bozok qolundandır, Oguzxanın böyük oğlu Günxanın mənsub oldugu Qayı Boyuna mənsubdurlar. Qarakecili bu boyun ən böyük qəbiləsidir ki, 1219-cu ildə Azərbaycandan Şərqi Anadoluya köç etmişdi. Burada yaşayan insanların adətləri Azərbaycanın Aran bölgəsində yaşayanların, xüsusilə tərəkəmələrin adətlərinə çox oxşayır. Onlar da bir zamanlar Aran bölgəsindəki azərbaycanlılar kimi yayı yaylaqda, qışı qışlaqda keçirirdilər. Aradan uzun əsirlər keçməsinə baxmayaraq, onlar adətlərini hələ də qoruyub saxlamış, bu günədək nəsildən-nəslə ötürmüşlər. Xüsusilə toyyas adətləri bir-birinə çox bənzəyir".

Beynəlxalq simpoziumda Azərbaycanı təmsil edən Əskişəhər Osman Qazi Universitetinin müəllimi dosent T.Əliyeva "Müasir Azərbaycan və Türkiyə şairlərinin yaradıcılıgında dünyəvi mövzular" adlı elmi məruzə ilə çıxış etdi. O, müasir Azərbaycan şairlərindən B.Vahabzadə, M.Araz, N.Həsənzadə, türkiyəli şairlərdən F.Halıcı, M.Qubad, A.Satoğlunun vətən mövzusundakı şeirlərindən söz açdı. Azərbaycanlı şairlərin vətən mövzusuna sovetlər dönəmində və müstəqillik illərində necə yanaşdığını təhlil etdi. Azərbaycan və Türkiyə şairlərinin Vətən mövzusunda yazılan şeirləri müqayisə edildi, oxşar və fərqli cəhətlərə toxunuldu. Amma ümumi fikir belə oldu ki, mədəniyyəti, adətləri, tarixi bir-birinə bənzəyən bu iki qardaş  xalqın şairlərinin yaradıcılığında fərqlərdən çox doğmalıqlar, bənzərliklər qabarır.  Bu şeirlər dilüslub cəhətdən də bir-birinə oxşayırlar. Bu mövzu Türkiyədə yeni oldugu üçün həm türkiyəli, həm də dünyanın müxtəlif yerlərindən gələn alimlərin diqqətini çəkdi. Məruzə ətrafında müzakirələr aparıldı. Çıxış edənlər B.Vahabzadə, M.Araz və N.Həsənzadənin şeirlərini mütaliə etdiklərini, bu şeirlərdə dünyəvi mövzuların yer aldığını söylədilər. Güney Azərbaycandan gələnlər ustad şair Şəhriyardan söz açdılar və onun B.Vahabzadə ilə dostlugunu xatırlatdılar. Türkiyənin müxtəlif universitetlərindən gələn alimlər gələcəkdə müasir Azərbaycan şeiri ilə baglı toplantılar keçirəcəklərinə söz verdilər.

Simpoziumda Qırıqqala Universitetinin rektoru, professor Əkrəm Yıldız, Qırıqqala valisi Əli Kolat, bələdiyyə başqanı Vəli Korkmaz, professor Adnan Karaismayıloğlu və başqaları iştirak edirdilər. Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinin kökünün çox dərinlərə getdiyini, Odlar diyarında elmə böyük qiymət verildiyini dilə gətirdilər. Azərbaycanda da belə bir simpoziumun keçirilməsinin vacibliyini qeyd etdilər. Qırıqqala Universitetinin prorektoru, professor A.Karaismayıloglu ədəbiyyatçı oldugu üçün Azərbaycan ədəbiyyatı, xüsusilə şeiri haqqında geniş məlumat verdi, Azərbaycan şeirindən örnəklər söylədi. Əskişəhər Osman Qazi Universitetində Müqayisəli ədəbiyyat kafedrasının müdiri professor Əli Gültəkin  2008-ci ildə Bakıya gəldiyini, şəhərin gözəlləşdiyini, Bakı Dövlət Universitetində müəllim və tələbələrlə görüşdüyünü və bu ölkədən xoş təəssüratla ayrıldıgını xatırlatdı. Simpoziumda iştirak edən müəllimlərdən Anadolu Universitetinin professorları A.Kurtman, K.Öztürk, Əskişəhər Osman Qazi Universitetinin müəllimləri M.Sivri, M.Səmərci, E.Bölükmeşə və başqaları B.Vahabzadə, M.Araz və N.Həsənzadənin yaradıcılıgı haqqında ürək sözlərini söyləməklə yanaşı, şeirlərini əzbər dedilər. M.Arazın "Azərbaycan - dünyam mənim" şeiri isə bütün zalı ayaqüstə saxladı, uzun zaman alqışlar kəsilmədi.

 

 

Tamilla ƏLİYEVA,

"Azərbaycan" qəzetinin Türkiyə təmsilçisi,

Qırıqqala

 

Azərbaycan.-2012.- 9 noyabr.- S.11.