Dövlət hakimiyyətinin
aliliyini təsbit edən hüquqi sənəd Konstitusiyanın hər
bir müddəası xalqın iradəsini ifadə edir.
Heydər ƏLİYEV
Hər bir sivil cəmiyyət
yazılmış qanunlar əsasında inkişaf edir. Cəmiyyətin
üzvləri arasında ictimai münasibətlər insan həyatının
bütün aspektlərini əhatə etdiyindən bu
münasibətlərin hüquqi nizama salınmasına ehtiyac
duyulur. Eyni zamanda, ictimai münasibətlər inkişaf etdikcə
buna uyğun olaraq, mövcud münasibətləri əks etdirən
hüquq normaları dəyişir və dinamik şəkildə
inkişaf edir. Bir sözlə, yeni ictimai münasibətlər
yeni hüquq normalarının və hüquq sisteminin əmələ
gəlməsinə səbəb olur. Bu
normalar normativ aktlarda və məhkəmə presedentlərində
ehtiva oluna bilər. Bu mənada dövlətin
Əsas Qanunu olan Azərbaycan Respublikasının
Konstitusiyası da cəmiyyətin və dövlət
quruluşunun əsaslarını müəyyən edən
ictimai münasibətləri nizama salır.
XX əsrin sonlarında bərpa olunan
müstəqilliyimizin ilk illəri göstərdi ki, istiqlaliyyəti
qoruyub saxlamaq, inkişaf etdirmək çox mürəkkəb
və eyni zamanda, şərəfli vəzifədir. Həmin dövrdə hadisələrin
inkişafı Əsas Qanunun qəbul edilməsi
üçün zəruri olan ictimai mühitin, siyasi sabitliyin
və nəhayət, xalqın mənafelərini əks etdirən
milli iradənin mövcud olmadığını göstərirdi.
Belə bir çətin şəraitdə
müasir Azərbaycan dövlətinin memarı və qurucusu,
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
ölkə rəhbərliyinə qayıdışından
sonra Azərbaycanda siyasi sabitliyin bərqərar olunması və
ölkə həyatının bütün sahələrində
genişmiqyaslı islahatların başlanması
üçün real imkanlar yarandı. Vətəndaş cəmiyyətinin
yaradılması və hüquqi dövlət quruculuğunu
dövlətin əsas prioriteti kimi bərqərar edən Azərbaycan
qısa müddətdə irimiqyaslı qanunvericilik
islahatlarını reallaşdırmaqla beynəlxalq birliyə
sürətli inteqrasiya yolunda mühüm nailiyyətlər əldə
etdi. Həyata keçirilən islahatlardan ən
başlıcası 1995-ci ildə ümumxalq səsverməsi
(referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin
yeni Konstitusiyasının qəbul edilməsi oldu.
Azərbaycan Respublikasının yeni
Konstitusiyası humanizm və demokratiya prinsipləri ilə
ölkəmizdə vətəndaşların hüquq və
azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin
tərəqqisi naminə hərtərəfli zəmin
yaratdı. Məhz Heydər Əliyevin
gərgin əməyinin bəhrəsi olan bu böyük tarixi
və hüquqi sənəd Azərbaycanın müstəqillik
yolunda daha da inamla addımlamasına, milli, mənəvi dəyərlərimizin
qorunması və əhalinin rifahının təmin edilməsi
üçün geniş imkan açdı.
Bu mühüm hadisə dövlətçilik
tariximizə şanlı bir səhifəni yazdı və
dövlətimizin hüquqi, siyasi və iqtisadi
inkişafının gələcək istiqamətlərini
müəyyənləşdirdi. Azərbaycanda
hüquqi dövlət quruculuğu istiqamətində həyata
keçirilən islahatlar ölkəmizdə siyasi, iqtisadi və
hüquqi sistemin köklü dəyişdirilməsindən
ibarət olmaqla, dövlət və cəmiyyət həyatının
bütün sahələrini əhatə etmişdir.
Konstitusiyamız hazırlanan zaman
hüquqi dövlət ideyaları ilə yanaşı, bu
ideyaların inkişaf istiqamətləri də nəzərə
alınmış və bu prinsiplər özünəməxsus
milli dəyərlərlə və müasir yanaşmalarla zənginləşdirilmişdir.
Konstitusiyaya əsasən hakimiyyətin yeganə mənbəyi
kimi xalqın tanınması, ölkənin
bütövlüyünün qorunması, hakimiyyətlərin
bölünməsi prinsipinə ciddi riayət olunması, insan
və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin olunmasının Azərbaycan
dövlətinin ali məqsədi kimi bəyan
edilməsi, beynəlxalq hüququn milli qanunvericiliyin tərkib
hissəsi kimi hüquqi qüvvəyə malik olması Əsas
Qanunun mütərəqqi xarakter daşımasını təsbit
edir.
Azərbaycan Respublikasının
Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət
hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O,
konstiusiya quruluşuna sistemli baxışa əsas verir,
dövlət institutları sistemində balans yaradır və
konstitusiya quruluşunun sabitliyini təmin edir.
Ümumiyyətlə qeyd edilməlidir ki,
konstitusiya bütün ölkələrdə norma
yaradıcılığının əsaslarını
formalaşdırır və bütün qanunvericilik sisteminin
təməli kimi çıxış edir. Bu
sistemdə yaranan boşluqlar və problemlər ilk olaraq
konstitusiyanın müddəaları nəzərə
alınmaqla aradan qaldırılır.
Konstitusiya təsisedici xüsusiyyətdən
başqa alilik, sabitlik, reallıq, legitimlik, dövlət və
cəmiyyət həyatının əsasını təşkil
etmə kimi xüsusiyyətlərə də malikdir.
Hüquq sistemində konstitusiyanın
aliliyi onunla şərtlənir ki, konstitusiya, sadəcə
olaraq, əsas qanun və ya adi qanun deyil, o, digər qanunlarla
müqayisədə ən yüksək hüquqi qüvvəyə
malikdir. Buradan konstitusiyanın ali
hüquqi qüvvəyə malik olması meydana
çıxır və bu da konstitusiyaya növbəti
xüsusiyyət verir: konstitusiya normaları təkcə
konstitusiya hüququnun əsas mənbəyi kimi yox, həmçinin
hüququn digər sahələri - mülki hüquq, cinayət
hüququ, inzibati hüquq və s. hüquq sahələri
üçün də əsas mənbə kimi
çıxış edir. Qanunlar və digər
normativ-hüquqi aktlar konstitusiyanın rəhbər müddəalarına
uyğun qəbul olunmalıdır.
Konstitusiyada ölkənin ictimai və
dövlət quruluşunun əsasları müəyyən
edilir. Hüquqi sənəd kimi Azərbaycan
Respublikasının Konstitusiyası xüsusi məzmunundan, ali hüquqi qüvvəsindən, cari
qanunvericiliyin hüquqi əsası kimi rolundan, onun qəbul
edilməsi və dəyişdirilməsinin adi qanunvericilik
prosesindən fərqlənən xüsusi qaydası ilə əlaqədar
yüksək sabitlikdən ibarətdir. Əsas Qanunumuz ali hüquqi qüvvəyə malik olan,
xüsusi qaydada qəbul edilən və dəyişdirilən,
ölkənin sosial-iqtisadi quruluşunun, siyasi sisteminin və
s. əsaslarını, şəxsiyyətin hüquqi statusunu
müəyyən edən sənəddir.
Eyni zamanda, Konstitusiyamız siyasi
prosesləri nizama salan normativ aktdır.
Ümumiyyətlə, dövlətin konstitusion əsasları
bütün digər normalara münasibətdə ilkindir,
çünki üç əsas subyektin - şəxsiyyətin, cəmiyyətin
və dövlətin qarşılıqlı münasibətlərinin
ən vacib xüsusiyyətlərini müəyyən edir. Azərbaycan Respublikasının Konstitusiyası
yalnız dövlətin deyil, eyni zamanda sosial-iqtisadi
quruluşun əsaslarını, cəmiyyətin mədəni
həyatını, insan və vətəndaş hüquq və
azadlıqlarının vəzifələrini əhatə edir.
Onun tənzimləyici rolu bütün dövlət
orqanizminə aiddir. Belə ki, Azərbaycan
Respublikasının Konstitusiyası onun konstitusion quruluşunun
əsaslarını, insan və vətəndaşın
hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas
cəhətlərini, unitar dövlət quruluşunu,
respublikamızda qanunverici, icra və məhkəmə hakimiyyəti
orqanlarının təşkili və fəaliyyəti prinsiplərini,
yerli özünüidarəetmənin əsaslarını təsbit
edir.
Azərbaycan Respublikası
Konstitusiyasının birinci bölməsi dövlət və
cəmiyyətlə bağlı münasibətlərin tənzimlənməsinə
həsr olunmuşdur. Burada əsasən
nizamlanan münasibətlər dolayısı ilə və ya
birbaşa digər sosial institutlara toxunur. Dövlət
və xalq konstitusiya hüququnun əsas subyektləri kimi qeyd
olunmaqla, onların hüquqi statusu bir-biri ilə münasibətdə
müəyyənləşdirilir. Dövlətin
bir çox keyfiyyətləri və ya cəmiyyətin bir
sıra əlamətləri məhz qarşı tərəfə
- dövlətə, cəmiyyətə nisbətdə onu
xarakterizə edir. Bu, onunla izah olunur ki,
hüquqi dövlət nəinki hakimiyyətlər
bölgüsündə, eyni zamanda, cəmiyyətdə
mövcud olan sosial təsisatların nizamlanmasında dövlətin
həmin subyektlərə özünüidarəetmə
imkanı verməsi ilə xarakterizə edilir.
Dövlət quruluşunun təməl
prinsiplərini müəyyənləşdirən Əsas
Qanun həm də cəmiyyət həyatının
başlıca sahələrinə dövlətin müdaxiləsinin
meyarlarını və yol verilən həddini dəqiqləşdirir,
bu sahədəki dövlət siyasətinin ümumi istiqamətlərini
təsbit edir. Bütün bu və ya digər
xüsusiyyətlər nəzərə alınmaqla,
konstitusiyalar hər bir xalqın və dövlətin həyatında
xüsusi rola malikdir.
Azərbaycan Respublikasının
Konstitusiyasında sosial ədalət konsepsiyası da geniş
formada öz əksini tapmışdır. Burada iqtisadiyyatın azad inkişafına təminat
verilməklə, ölkənin hər bir vətəndaşının
rifahının yüksəldilməsi, onun sosial müdafiəsi
və layiqli həyat səviyyəsinin təmin edilməsi
funksiya olaraq dövlətin üzərinə qoyulur.
Əsas Qanunumuzda dövlətin roluna
müasir cəmiyyət tələblərindən yanaşaraq,
insan və vətəndaş hüquqlarının müdafiəsi
dövlətin ali məqsədi kimi
göstərilmişdir. Dövlətin ali
məqsədi sivil cəmiyyətin tələbləri əsas
götürülməklə insan və vətəndaş
hüquqlarının müdafiəsi olduğunu müəyyənləşdirmişdir.
Başqa sözlə, Konstitusiyamız dövlətin
hər hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların
mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə
bəyan edir.
Konstitusiya Azərbaycanda konstitusiya
quruluşunun vacib əsası kimi xalq hakimiyyətini
(xalqın suverenliyini) bəyan edir, Azərbaycan xalqını
hakimiyyətin yeganə mənbəyi elan edir və nəzərdə
tutur ki, xalq öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi
- referendum və ümumi, bərabər və birbaşa
seçki hüququ əsasında sərbəst, gizli və
şəxsi səsvermə yolu ilə seçilmiş
nümayəndələri vasitəsilə həyata
keçirir. Əsas Qanun Azərbaycan dövlətinin
hakimiyyətlərin bölünməsi prinsipi əsasında
təşkil edilən demokratik, hüquqi, dünyəvi, unitar
respublika olduğunu ehtiva edir, başqa sözlə, dövlətin
öz təyinatını tam yerinə yetirməsi
üçün bütün zəruri xüsusiyyətləri
əks etdirir. Konstitusiya ölkədə
sağlam siyasi mühitin formalaşmasına imkan verən, vətəndaşların
cəmiyyətin siyasi həyatında və dövlətin idarə
olunmasında iştirakını nəzərdə tutan siyasi
müxtəliflik və plüralizm kimi mühüm prinsipləri
təsbit edir. Konstitusiya quruluşunun
xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyət
azadlığı, mülkiyyət növlərinin müxtəlifliyi
və onların bərabər müdafiəsinə verilən
təminat əks olunur.
Azərbaycan Respublikası
Konstitusiyası ilk növbədə milli hüquq sahəsidir. Hüquq anlayışı çoxmənalıdır.
Geniş mənada hüquq həm sosial
münasibətləri nizamasalma vasitəsinə, həm də
bu sosial nizamasalma vasitəsini öyrənən fundamental elm
kimi başa düşülür. Yəni
hüquq qanunvericiliklə normaya çevrilir, tətbiq, tədris
və tədqiq edilir.
Hüquq sosial hadisə olduğuna
görə cəmiyyətdən cəmiyyətə müəyyən
məsələlərdə fərqlənir. Bütün ölkələrin
konstitusiya hüququ eyni deyildir. Onlar
bir-birindən bəzi xüsusiyyətlərinə görə
fərqlənir. Məsələn, Amerika
Birləşmiş Ştatlarının konstitusiya hüququ
Fransanın konstitusiya hüququndan fərqlənir. Bu, təbiidir. Bununla
yanaşı, bütün konstitusiya hüququ elminin oxşar cəhətləri
də var. Məsələn, əksər ölkələrin
konstitusiya hüququ dövlət, şəxsiyyət və cəmiyyət
arasındakı münasibətləri və əlaqələri
nizama salır. Konstitusiya hüququ dövlət
və cəmiyyətin təşkilinin, şəxsiyyətin
hüquqi statusunun, yerli idarəetmənin və
özünüidarəetmənin əsaslarını tənzimləyən
hüquq sahəsidir.
Konstitusiyamızın milli hüquq
sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də
hüquqi dövlətin ayrılmaz atributu olan və müasir
tələblərə cavab verən müstəqil məhkəmə
hakimiyyətinin yaradılması olmuşdur. Əsas Qanunda öz əksini tapan prinsiplər
çərçivəsində ölkəmizdə daha sonra həyata
keçirilmiş məhkəmə-hüquq islahatları məhkəmə
hakimiyyəti orqanlarının bir sıra yeni funksiyalar əldə
etməsinə geniş imkanlar yaratmışdır. Azərbaycanda ədalət mühakiməsinin həyata
keçirilməsini təmin etmək məqsədilə
müstəqil məhkəmə hakimiyyətinin
yaradılmasına yönəlmiş qanunvericilik bazası
formalaşmış, hər kəsin hüquq və
azadlıqlarının daha səmərəli təmin edilməsi
üçün çoxpilləli məhkəmə sistemi
yaradılmışdır.
Nəzərə almaq lazımdır
ki, Azərbaycan Respublikası Konstitusiyasının xüsusiyyətlərindən
biri də həmin dövrədək ölkəmizdə məhkəmə
sistemi üçün səciyyəvi olmayan yeni institutun,
dövlətçilik tariximizdə ilk dəfə olaraq
konstitusiya nəzarəti orqanı - Konstitusiya Məhkəməsinin
təsis edilməsi olmuşdur. 1998-ci il iyulun 14-də Milli Məclisin qərarı və
ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin
müstəqilliyini və hakimlərin hüquqi statusunu təmin
etmək məqsədilə imzaladığı fərmanla bu
orqan rəsmi fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi normativ-hüquqi aktların
Konstitusiyaya və hüquqi iyerarxiyada özündən
üstün qüvvəyə malik aktlara uyğunluğunun
müəyyənləşdirilməsi, Konstitusiyanın və
qanunların şərh edilməsi, hakimiyyətlər
arasında səlahiyyətlər bölgüsü ilə
bağlı mübahisələrin həll edilməsi,
seçkilərin nəticələrinin yoxlanılması və
təsdiq edilməsi kimi səlahiyyətlərə malikdir. Qeyd etmək lazımdır ki, bu səlahiyyətlər
həm də ölkəmizin tarixində ilk dəfə olaraq məhkəmə
hakimiyyətinin Konstitusiya Məhkəməsinin timsalında
prinsipcə yeni fəaliyyət istiqamətləri və səlahiyyətlər
əldə etməsi baxımından diqqətəlayiqdir.
Qanunvericilikdə Konstitusiya Məhkəməsinin
əsas məqsədləri Konstitusiyanın aliliyinin təmin
edilməsi və hər kəsin hüquq və
azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilmişdir. Məhkəmə müstəsna olaraq
Konstitusiyanın və qanunların ona verdiyi səlahiyyətlər
çərçivəsində qəbul etdiyi qərarlarla bu
məqsədləri həyata keçirir və milli hüquq
sistemimizə öz töhfəsini verir.
Konstitusiya Məhkəməsi fəaliyyətə
başladığı ilk dövrdən üzərinə
düşən vəzifələrin öhdəsindən
layiqincə gəlməyə çalışmış,
insan hüquq və azadlıqlarının daha səmərəli
həyata keçirilməsinə imkan verən qərarları
ilə qısa müddətdə ictimaiyyətin
etimadını qazanmışdır.
Ötən müddət ərzində
Konstitusiya Məhkəməsinin plenumu tərəfindən
ümumilikdə 235 qərar və 52 qərardad qəbul
edilmişdir. Qərarların
böyük bir hissəsi insan hüquq və
azadlıqlarının həyata keçirilməsi ilə
bağlı olmuşdur.
Konstitusiya Məhkəməsinin 2005-ci il 25 yanvar tarixli qərarının hüquqi
mövqeyinə görə, "Konstitusiya Məhkəməsinin
hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının
hüquqi qüvvəsinə bərabər olduğundan və
ümumi xarakter daşıdığından yalnız
konstitusiya işinin predmetini təşkil etmiş hala deyil,
hüququn mənbəyi kimi hüququn realizəsi təcrübəsində
rast gəlinən analoji hallara da şamil edilməlidir". Bu isə Məhkəmənin insan hüquq və
azadlıqlarının pozuntusu ilə bağlı konkret
işlər üzrə çıxardığı qərarlarının
hüquq tətbiqedici orqanlar, o cümlədən məhkəmələr
üçün hüququn mənbəyi qismində
çıxış etməsini ehtiva edir.
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi fəaliyyətə
başladığı ilk günlərdən həyata
keçirdiyi beynəlxalq əməkdaşlıq çərçivəsində
xarici ölkələrin konstitusiya məhkəmələri,
Avropa Şurası, ATƏT, Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti və bir sıra beynəlxalq təşkilatlarla
əlaqələrin möhkəmləndirilməsinə və
genişləndirilməsinə böyük diqqət yetirir.
Belə ki, Konstitusiya Məhkəməsinin
dəvəti ilə Türkiyə, Rusiya, Almaniya, Belçika,
Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Ukrayna,
Gürcüstan, Moldova, Litva, Latviya, Bolqarıstan və digər
ölkələrin konstitusiya nəzarət orqanlarının,
o cümlədən İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinin hakimləri və əməkdaşları
ölkəmizə rəsmi səfərlər etmişlər.
Eyni zamanda, Konstitusiya Məhkəməsinin
təşəbbüsü ilə mütəmadi olaraq
konstitusiya mühakiməsi, insan hüquq və
azadlıqlarının müdafiəsi və digər müasir
hüquqi məsələlərə həsr olunmuş birgə
beynəlxalq seminar və konfranslar təşkil olunur. Xarici
ölkələrin konstitusiya məhkəmələrinin, həmçinin
beynəlxalq təşkilatların dəvəti ilə son
dövrlər ərzində Konstitusiya Məhkəməsinin
nümayəndə heyəti Rusiya, Fransa, İtaliya, Almaniya,
Türkiyə, Slovakiya, Çexiya, Polşa, Belçika,
Rumıniya, Albaniya, Moldova, Avstriya, Gürcüstan, Ukrayna və
Koreya Respublikasına rəsmi səfərlər etmişlər.
Konstitusiya Məhkəməsinin beynəlxalq hüquqa və
xarici məhkəmə praktikasına daim böyük diqqət
yetirdiyini nəzərə alaraq, Azərbaycan
Respublikasının qoşulduğu beynəlxalq sazişlər,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
qərarları mütəmadi olaraq öyrənilir və
Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinad
edilir.
Bununla yanaşı, qeyd etmək istərdik
ki, yaranmış hüquqi məsələ ilə
bağlı xarici təcrübənin öyrənilməsinə
ehtiyac olduqda, Konstitusiya Məhkəməsi Avropa
Şurasının Venesiya Komissiyasının vasitəsilə
qısa müddət ərzində konkret hüquqi məsələlərlə
bağlı digər Avropa konstitusiya məhkəmələri
və konstitusiya nəzarəti orqanlarının məsləhət
və rəylərini əldə edə bilir. Eyni zamanda,
Venesiya Komissiyasının bütün Avropa konstitusiya məhkəmələri
üçün ildə üç dəfə nəşr
etdiyi bülletenlərdə Avropa konstitusiya məhkəmələrinin
qərarları ilə yanaşı, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarları
ingilis və fransız dillərində nəşr olunur.
Konstitusiya Məhkəməsi Azərbaycan
Respublikasının digər dövlət orqanları ilə
qarşılıqlı fəaliyyət göstərir və
onlarla əməkdaşlığa böyük önəm
verir. Hesab edirik ki, məhz
dövlət orqanları, xüsusilə də fəaliyyəti
birbaşa insan hüquq və azadlıqlarının təmin
edilməsi ilə əlaqədar olan qurumlar arasında əməkdaşlığın
lazımi səviyyədə qurulması bu sahədə daha
uğurlu nəticələrin əldə edilməsinə,
insan hüquq və azadlıqlarının hamılıqla qəbul
edilmiş beynəlxalq standartlara uyğun həyata
keçirilməsinə imkan verə bilər.
Respublikamızın hüquqi dövlət
quruculuğu yolunu tutması ölkəmizin sosial və mənəvi
həyatının yüksək zirvələrə doğru
irəliləməsindən xəbər verir. Onun
hüquq sistemi kompleks sosioloji tədqiqatların və digər
işlərin həyata keçirilməsini, iqtisadi və
siyasi sistemin normal fəaliyyətinin hüquqi əsasının
analizini, bütövlükdə qanunvericilik prosesinin öyrənilməsini,
insan hüquqları və vətəndaş azadlıqlarının
real müdafiəsi üçün əsaslandırılmış
tövsiyələrin işlənib hazırlanmasını nəzərdə
tutur.
Bu gün dövlət orqanları və
ictimaiyyət qarşısında duran əsas tələblərdən
biri ölkə həyatını Konstitusiyanın tələblərinə
uyğun qurmaq və onun tətbiqini, xüsusilə də
ölkə ərazisində ali və
birbaşa hüquqi qüvvəsini təmin etməkdən ibarətdir.
Məhz konstitusion dəyərlər əsasında
həyata keçirilən fəaliyyət, ümumi mənafelər
üçün şəxsiyyət, cəmiyyət və
dövlət arasında Konstitusiyanın müəyyən
etdiyi çərçivələrdə birgə əməkdaşlıq
Əsas Qanunun qarşıya qoyduğu məqsədlərin tam
reallaşdırılmasına imkan verəcəkdir. Bu prizmadan ölkəmizdə hüquqi dövlət
quruculuğunda dövlət orqanları ilə yanaşı, vətəndaş
cəmiyyəti və ölkənin hər bir vətəndaşı
da yaxından iştirak etməlidir. Çünki
məhz cəmiyyət həyatını Konstitusiyanın tələblərinə
uyğun qurmaq istisnasız olaraq hər kəsin qanuna əməl
etməsini, hörmətlə yanaşmasını və
müasir hüquq düşüncəsinin
formalaşmasını tələb edir.
Təməli ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş siyasi kursun layiqli
davamçısı olan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi altında
reallaşdırılan, həyatımızın bütün
sahələrini əhatə edən islahatlar prosesi və
artıq əldə edilən böyük nailiyyətlər Azərbaycan
dövlətinin parlaq və böyük gələcəyinə
olan inamımızı daha da artırır. Bu
islahatlar milli səviyyədə bir çox fundamental problemlərin
həllinə imkan yaratmaqla yanaşı, həm də ölkəmizin
dünya birliyinə inteqrasiyasını sürətləndirir,
Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun
günbəgün artmasına gətirib çıxarır.
Artıq 17 ildir ki, cəmiyyətimiz
müasir Konstitusiya əsasında yaşayır. Bu dövr ərzində bir çox sahələrdə
əldə edilmiş nailiyyətlər dövlətimizin sivil
ölkələr ailəsinin tamhüquqlu üzvü
olmasına əsas yaratmışdır.
Əminliklə deyə bilərik ki, Azərbaycan dövlətinin
başçısı İlham Əliyevin Konstitusiya əsasında
ölkəmizin modernləşməsinə yönəlmiş
siyasəti hər bir vətəndaşın rifahını
daha da yüksəldəcəkdir.
Fürsətdən istifadə edərək
bütün Azərbaycan vətəndaşlarını
müasir tariximizin əlamətdar bayramlarından biri -
Konstitusiya Günü münasibətilə ürəkdən
təbrik edir, xalqımıza xoşbəxt rifah və əmin-amanlıq
arzulayırıq.
Fərhad
ABDULLAYEV,
Azərbaycan
Respublikasının
Konstitusiya Məhkəməsinin
sədri
Azərbaycan.-2012.-
11 noyabr.- S.4.