Milli Məclisin nümayəndə heyəti Meksikada səfərdə olmuşdur

 

Azərbaycan ilə Meksika arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyəti Meksikada səfərdə olmuşdur.

Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ülvi Quliyevin, deputatlar Asəf Hacıyevin və Asim Mollazadənin daxil olduğu nümayəndə heyəti Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri Teofilio Torres Corzo, Deputatlar Palatasının sədr müavini Fransisko Arroyo Vieyra, Meksika xarici işlər nazirinin müavini xanım Maria Aranda, habelə ölkənin aparıcı siyasi partiyalarının rəhbərləri və Konqres üzvləri ilə görüşmüşlər.

Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Milli Məclisin deputatları, həmçinin Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, münaqişənin nəticələri və bütövlükdə region dövlətləri üçün yaratdığı təhdid və təhlükə barədə məlumat vermiş, rəsmi Yerevanın qeyri-konstruktiv və təcavüzkar siyasəti nəticəsində indiyədək problemin həll edilmədiyini bildirmişlər.

Senatın Xarici əlaqələr komitəsində keçirilmiş görüşdə tərəflər parlament diplomatiyasının iki ölkə arasında inkişaf edən əlaqələrə mühüm töhfə verəcəyinə əmin olduqlarını ifadə etmişlər. Hər iki ölkənin parlament üzvləri Azərbaycan və Meksika arasında dostluq və əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da genişləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini bildirmişlər.

Deputatlar Palatasının sədr müavini Fransisko Arroyo Vieyra ilə görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin davam etdirilməsi, dostluq qrupları arasında daha sıx əməkdaşlıq əlaqələrinin vacibliyi vurğulanmışdır.

Deputatlar Palatası adından Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdıran F.Arroyo Vieyra Azərbaycan və Meksika arasında yaxın dostluq əlaqələrinin yarandığını bildirmiş, ölkəmizdə davam edən demokratik proseslərə, habelə Azərbaycanın tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə və ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin hörmətlə yanaşıldığını söyləmişdir. Sədr müavini ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün gələcəkdə də əlindən gələni əsirgəməyəcəyini qeyd etmişdir.

Meksika xarici işlər nazirinin müavini Maria Aranda ilə görüşdə iki ölkə arasında geniş spektrdə əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı marağın mövcud olduğu nəzərə çatdırılmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində davam edən danışıqlar prosesinə münasibətini bildirən  nazir müavini M.Aranda Azərbaycanın ərazi bütövlüyünün Meksika tərəfindən tanındığını bildirmiş və münaqişənin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməsinin vacibliyini vurğulamışdır.

Görüşlərdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov da iştirak etmişdir.

 

 

Azərbaycan.-2012.- 11 noyabr.- S.4.