Böyük Britaniya parlamentində Azərbaycanın dinlərarası tolerantlıq modeli
müzakirə edilmişdir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransda iştirak etmişdir
Noyabrın 8-də Londonda,
Böyük Britaniya parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü, bu
ölkədə fəaliyyət
göstərən İngiltərə-Azərbaycan
Cəmiyyətinin və
"Odlar Yurdu" qurumunun təşkilatçılığı
ilə "Avropa multikulturalizminin perspektivləri:
Dinlərarası dialoq
və dini tolerantlığın Azərbaycan
modeli" mövzusunda
konfrans keçirilmişdir.
Konfransda Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişdir.
AzərTAc xəbər
verir ki, Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
(DQİDK) və Azərbaycanın
Böyük Britaniyadakı
səfirliyinin dəstəyi
ilə keçirilən
tədbirin əsas məqsədi Azərbaycanda
din-dövlət münasibətləri,
dini tolerantlıq, dinlərarası əməkdaşlıq
və qarşılıqlı
hörmət modelinin Britaniyanın siyasi və akademik elitasına təqdim etməkdir.
Konfrans Böyük
Britaniyanın siyasi dairələri və dini icmalarının, həmçinin kütləvi
informasiya vasitələrinin
böyük marağına
səbəb olmuşdur.
Tədbirdə Böyük
Britaniya Parlamentinin Lordlar Palatasının nüfuzlu üzvləri, habelə həm hakim Mühafizəkar, həm də müxalif Leyborist partiyalarından parlament üzvləri, hökumət təmsilçiləri,
Londondakı diplomatik korpusun nümayəndələri,
Britaniyanın anqlikan,
yəhudi və müsəlman icmalarının
fəalları iştirak
etmişlər.
Konfransı açan
İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri
Lord Piter Freyzer iştirakçıları və
qonaqları salamlamış,
konfransın mövzusunun
əhəmiyyəti barədə
danışmışdır. BMT-nin "Sivilizasiyaların Alyansı" və İslam Konfransı Gənclər Forumu platformalarından beynəlxalq
səviyyədə mədəniyyətlərarası
dialoq sahəsində mühüm fəaliyyət
göstərən Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycanın tolerantlıq
modelinin Avropada tanıdılması təşəbbüsünü
yüksək qiymətləndirən
natiq konfransın bu sahədəki gələcək fəaliyyətin
uğurlu başlanğıcı
olduğunu bildirmişdir.
Tədbirin həmtəşkilatçısı
olan Britaniyanın
"Odlar Yurdu" təşkilatının sədri
İlham Nağıyev
Azərbaycanda dini tolerantlıq sahəsində
əldə edilmiş
uğurların Avropa üçün nümunə
ola biləcəyini vurğulamışdır. Azərbaycan
Respublikasının Böyük
Britaniyadakı səfiri
Fəxrəddin Qurbanov
müzakirə olunan mövzunun Azərbaycan və Avropanın digər ölkələri
ilə təcrübə
mübadiləsi çərçivəsində
vacib rol oynaya biləcəyi məsələsini önə
çəkmişdir.
London konfransının
tolerantlıq mövzusunda
Azərbaycandan xaricdə
ilk dəfə belə
nüfuzlu səviyyədə
keçirilən tədbir
olduğunu vurğulayan
DQİDK sədri Elşad
İskəndərov qeyd
etmişdir ki, konfransın digər özəlliyi ölkəmizin
dinlərarası dialoq
sahəsindəki təcrübəsinin
Avropada multikulturalizm diskussiyası kontekstində
müzakirə olunması
və məhz Azərbaycan modelinin Avropada tətbiqi məsələsinin müzakirəsinin
xüsusi önəm daşıdığını vurğulamışdır.
İslam Konfransı
Gənclər Forumunun
mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva konfransda məruzə ilə çıxış etmişdir.
Konfrans iştirakçılarını
salamlayan Leyla xanım Əliyeva müasir Avropada multikulturalizm problemi prizmasında tədbirin əhəmiyyətini qeyd etmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti dini tolerantlıq və dinlərarası dialoq probleminin nəzəri əsaslarına geniş toxunmuş, bu sahədə mövcud olan elmi yanaşmalar
barədə ətraflı
danışmışdır. Leyla xanım Əliyeva bu məsələnin ümumbəşəri
problemə çevrildiyini
və onun öyrənilməsi və
həlli yollarının
tapılmasında Azərbaycan
təcrübəsinin uğurlu
model olduğunu vurğulamışdır.
Azərbaycanda dini tolerantlığın
dərin kökləri,
tarixi və bu sahədə hazırkı durum barədə
məlumat verən Leyla xanım ƏLİYEVA
demişdir:
- Dini və
mədəni dözümlülük
bizim üçün
nailiyyət deyildir.
Bu, bizim gündəlik
həyat tərzimizdir.
Bu, həm də bizim bildiyimiz yeganə həyat tərzidir.
Zərdüştlük Azərbaycanda yaranıb. Böyük yəhudi icmaları eramızdan əvvəl VII-V əsrlərdə
torpaqlarımızda məskunlaşıblar.
IV əsrdə xristianlıq
dövlət dini olub. Bundan sonra
isə VIII əsrdən
başlayaraq Azərbaycanda
islam dini yayılıb.
Bu gün Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır.
Bununla yanaşı, ölkəmizdə xristian
və yəhudi icmaları, eyni zamanda, demək olar ki, bütün
etiqadları təmsil
edən daha kiçik icmalar da mövcuddur. Siz Azərbaycanda məscidləri, kilsələri,
sinaqoqları və digər dini ibadətgahları yanaşı
görə bilərsiniz.
Buradakı dindarlar heç bir təqibdən qorxmayaraq öz dinlərinə sitayiş edirlər.
Konfransın birinci
plenar iclasında çıxış edən
tarix elmləri doktoru Fəridə Məmmədova, elmlər doktoru Moşe Bekker və Dini Araşdırmalar Mərkəzinin təsisçisi
Elçin Əsgərov
Azərbaycanda islamın,
yəhudiliyin və xristianlığın tarixi
barədə məruzələrlə
çıxış etmişlər.
Bu kontekstdə həmçinin
Qafqaz Albaniyasının
dini-mədəni irsi barədə ətraflı
məlumat verilmişdir.
Azərbaycanda qədim
dövrlərdən başlayaraq
müxtəlif millətlərin,
dinlərin və mədəniyyətlərin nümayəndələrinin
yaşadığı, onların
nadir Azərbaycan mədəniyyətinin
formalaşmasına töhfə
verdiyi və multikulturalizmin Azərbaycan
milli kimliyinin tərkib hissəsi olduğu bildirilmişdir.
Bu qədim tarixi ənənələrin
bu gün də davam etməsini
nümayiş etdirən
konfransın ikinci plenar iclasında ölkəmizin müsəlman,
yəhudi və xristian icmalarının nümayəndələri çıxış
etmişlər. Plenar iclasda məruzələrini
təqdim edən Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin müəllimi,
fəlsəfə elmləri
doktoru Aqil Şirinov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının
katibi Mifodi, Avropa Yəhudilərinin Bakı dini icmasının üzvü
Yevgeni Brenneysen, "Həyat Sözü"
protestant icmasının başçısı
Rasim Xəlilov, habelə Alban-udin xristian icmasının sədri Robert Mobili çıxışlarında Azərbaycanda
dövlət-din münasibətləri
sahəsində, xüsusən,
dini azadlıqların
təminatında olduqca
gözəl şəraitin
yarandığını bildirmiş,
dini icmaların sərbəst fəaliyyəti
kimi məsələlərə
xüsusi diqqət və qayğı göstərildiyini vurğulamışlar.
Tədbirin bu hissəsində Azərbaycanda
müxtəlif dini icmaların fəaliyyəti,
qarşılıqlı əməkdaşlığı
və dövlətlə
münasibətləri məsələləri
ətraflı müzakirə
olunmuşdur.
Çıxışında Qafqazın ilk xristian icması olan tarixi Alban kilsəsinin qısa təqdimatını
həyata keçirən
Robert Mobili, tarixi ədalətsizlik nəticəsində
Azərbaycan xalqının
tarixinin bir parçası olmuş bu kilsənin ləğv edilməsi və erməni millətçiliyi tərəfindən
onun irsinin dağıdılmasını qeyd
etmişdir. Natiq hazırda erməni işğalı altında
olan Azərbaycan torpaqlarında
Alban kilsəsinin irsinə
məxsus 67 dini məbədin olduğunu bildirmiş, başçılıq
etdiyi icmanın tarixi Alban kilsəsinin bərpası istiqamətində
fəaliyyətinə dünya
ictimaiyyətinin dəstəyinə
ümid bəslədiyini
vurğulamışdır.
Azərbaycanda dinlərarası dialoq modelinin Avropa üçün önəm
daşıdığını vurğulayan məruzəçilər
və xarici iştirakçılar bu münasibətlərin beynəlxalq
səviyyədə təbliğ
edilməsi məqsədi
ilə ölkəmizdə
dinlərarası dialoq
və tolerantlıq mərkəzinin yaradılması
təklifini irəli sürmüşlər.
Sonda məruzəçilər
sualları cavablandırmışlar.
Həmin gün axşam konfransın
qonaqları Londonun "Bakı" Mədəniyyət Mərkəzində
DQİDK-nın dəstəyi ilə təşkil edilmiş
"Azərbaycan - mənəvi ənənələr və
tolerantlıq məkanı" adlı fotosərgi ilə
tanış olmuşlar.
Azərbaycan.-2012.-
11 noyabr.- S.5.