Heydər Əliyev Fondunun təşkilatçılığı ilə «Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri» layihəsi çərçivəsində növbəti tədbir Fransanın Romorantən-Lantenay şəhərində keçirilmişdir

 

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində növbəti tədbir noyabrın 10-da Fransanın Romorantən-Lantenay şəhərində keçirilmişdir.

Romorantən-Lantenaydakı "Piramide" zalında təşkil olunan sərgini açan şəhərin meri senator Jeanny Lorjo Fransanın bu şəhərində Azərbaycanla bağlı belə mötəbər tədbirin keçirilməsindən məmnunluq hissini ifadə etmiş, bir qrup senatorla Azərbaycanda olarkən onlara göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmiş, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşmüşdür.

Fransanın Azərbaycan ilə tanışlıq coğrafiyasının genişlənməsində maraqlı olduğunu diqqətə çatdıran mer Azərbaycan icmasının Fransada az olmasına baxmayaraq, çox qədim tarixə malik ölkəmiz barədə müəyyən təsəvvürlər əldə etdiklərini və fransızların Azərbaycanla tanışlığa xüsusi əhəmiyyət verdiklərini bildirmişdir.

Senator Jeanny Lorjo demişdir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev öz komandası ilə paytaxt Bakıdan başlayaraq bütün ölkəni fundamental modernləşdirməyə və inkişaf etdirməyə səy göstərir. Qeyd etmək istərdim ki, Azərbaycan bir çox sahələrdə, o cümlədən dini məsələdə böyük tolerant ölkədir. Azərbaycanın bütün dinlərə, həmçinin yəhudi dininə tolerantlığı başqa ölkələrə nümunə ola bilər. Yəhudilər mədəni və digər sahələrdə azərbaycanlılarla və başqa azsaylı xalqların nümayəndələri ilə tamamilə inteqrasiya olunmuşlar.

Sovetlər birliyinin süqutundan sonra Azərbaycanın çətin anlar yaşadığını vurğulayan mer J.Lorjo ölkəmizin ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edildiyini, Dağlıq Qarabağ və ona bitişik rayonlarımızın indiyədək erməni işğalı altında olduğunu, bir milyondan artıq azərbaycanlının doğma torpaqlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur edildiyini, bunun ölkə üçün böyük humanitar problem yaratdığını söyləmişdir.

Qədim və zəngin tarixə malik Azərbaycanın mühüm strateji məkanda, həmçinin böyük İpək yolunun üzərində yerləşdiyini bildirən mer ölkəmizin sürətlə inkişaf etməsindən, qonşu dövlətlər olan İran və Rusiya ilə geosiyasət baxımından yaxşı əlaqələr qurmasından, Azərbaycan Prezidentinin Fransa ilə dostluq münasibətlərinin və digər sahələrdə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirməsindən danışan senator sərgi və konsertin yerli sakinlərdə Azərbaycan, onun mədəniyyəti və incəsənəti  haqqında dolğun təəssürat yaradacağına ümidvar olduğunu, məhz mədəniyyətin xalqlar arasında körpü saldığını qeyd etmişdir. 

Səfir  Elçin Əmirbəyov ölkəmiz barədə xoş sözlərinə  görə merə təşəkkürünü bildirmiş, Azərbaycanın Fransa ilə ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu, hər iki ölkə arasında diplomatik əlaqələrin 20 illiyinin təntənəli surətdə qeyd edildiyini, Fransanın həm  Azərbaycanın müstəqilliyini tanımaqda, həm də ticarət sahəsində tərəfdaşlıqda ikinci ölkə olduğunu diqqətə çatdırmış, "Total", "Qaz de France", "Alstom", "Oreal" və digər fransız şirkətlərinin respublikamızda fəaliyyət göstərməsindən bəhs etmiş, diplomatik sahələrdə əlaqələrin yaxşı olduğunu bildirmişdir.

Fransanın sabiq prezidenti Nikola Sarkozinin keçən il Azərbaycana səfər etdiyini xatırladan E.Əmirbəyov cari ilin sentyabr ayında Prezident İlham Əliyevin Fransanın hazırkı prezidenti Fransua Olland tərəfindən Yelisey sarayında qəbul edildiyini, dövlət başçılarının görüşündə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığını diqqətə çatdırmışdır.

Humanitar çərçivədə xalqlar arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan səfir Azərbaycan ilə bağlı sərginin və konsertin Parisdən sonra Reimsdə, Şalon en Şampanda, Niortda, Konyakda və nəhayət, bu gecə Romorantən-Lantenay şəhərində qeyd edildiyini bildirmişdir.

Elçin Əmirbəyov bu tədbirin iki xalqın yaxınlaşmasında və dostluq əlaqələrinin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə etmişdir.

Azərbaycanın zəngin tarixə malik ölkə olduğunu diqqətə çatdıran səfir respublikamızın Asiya ilə Avropanın qovuşuğunda yerləşdiyini və karbohidrogen ehtiyatları ilə zəngin olan dövlətimizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, Xəzərin enerji ehtiyatlarının Avropaya nəqlində mühüm rol oynadığını, mədəniyyət və tariximizin yeraltı sərvətlərimizdən daha dərin və qədim köklərə malik olduğunu qeyd etmiş, belə tədbirlə Azərbaycanı fransızlara yaxından tanıtmaq işinə töhfələr verən Heydər Əliyev Fonduna təşəkkürünü bildirmişdir.

Romorantən-Lantenay prefektinin müavini Alen Geydan çıxışında məhz belə tədbirlərin Avropa ilə Asiya arasında mədəniyyət sahəsində mübadiləyə imkan verməklə yanaşı, xalqlar arasında təmas yaratmaqda, Qafqazın tarixi və yeraltı sərvətlərlə zəngin ölkəsi Azərbaycan kimi bir respublika haqqında geniş məlumat əldə etməkdə xüsusi əhəmiyyət daşıdığını, Azərbaycanın yalnız mədəniyyət sahəsində deyil, iqtisadi sahədə də zəngin olduğunu bildirmişdir.

Şəhər sakinləri və qonaqlar ölkəmizin zəngin mədəni irsini əks etdirən eksponatlarla tanış olmuş, xalça sənətinə, misgərlik və dulusçuluq nümunələrinə xüsusi maraq göstərmişlər.

Azərbaycanın "Xarı bülbül" instrumental  və respublikanın əməkdar artisti Zahir Qasımovun rəhbərlik etdiyi dövlət rəqs ansambllarının çıxışları fransız tamaşaçılarının böyük marağına səbəb olmuşdur.

Konsertin sonunda mer Jeanny Lorjo yerli sakinlərdə böyük təəssürat yaratmış maraqlı konsert proqramına görə Azərbaycan Prezidentinə dərin təşəkkürünü bildirmiş, ansamblların üzvləri ilə xatirə şəkli çəkdirmişdir.

 

 

 Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Romorantən-Lantenay

 

Azərbaycan.-2012.- 11 noyabr.- S.8.