ATƏT ilə Azərbaycan
Respublikasının Daxili İşlər
Nazirliyi arasında işgüzar əməkdaşlıq əlaqələri
mövcuddur
Noyabrın
9-da daxili işlər naziri general-polkovnik Ramil Usubov
ölkəmizdə səfərdə olan ATƏT-in media
azadlığı üzrə nümayəndəsi xanım
Dunya Miyatoviç ilə görüşmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
qonağı salamlayan nazir noyabrın 9-nun ölkənin həyatında
əlamətdar bir gün - Dövlət Bayrağı
Günü olduğunu qeyd etmiş və bayram günündə
bu görüşdən məmnunluğunu bildirmişdir.
Daha sonra ATƏT ilə Daxili İşlər
Nazirliyi arasındakı işgüzar əməkdaşlıq
əlaqələrinin mövcudluğu
xatırladılmışdır. Qeyd olunmuşdur ki, təşkilatın
Bakı ofisinin fəaliyyətə başladığı
2000-ci ildən etibarən nazirlik digər hüquq-mühafizə
orqanları kimi, regionda və respublikada təhlükəsizliyin,
insan hüquq və azadlıqlarının təmin edilməsi,
ictimai asayişin qorunması, transmilli mütəşəkkil
cinayətkarlıqla mübarizənin daha da səmərəli
aparılması məqsədi
ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosu, Bakı ofisi və qonşu ölkələrdə
yerləşən missiyaları, onların rəhbərləri
ilə sıx əməkdaşlıq və dostluq əlaqələri
yaratmış, aparılan islahatlar nəticəsində polis
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi
sahəsində bir çox layihələr həyata
keçirilmişdir. Respublikada və xarici dövlətlərdə
təşkil olunan təlim və seminarlarda iştirak etmiş
əməkdaşlarımız əldə edilmiş təcrübənin
praktiki fəaliyyətdə tətbiq olunması istiqamətində
işləri davam etdirirlər.
ATƏT-in Bakı ofisinin dəstəyi
ilə müxtəlif istiqamətlərdə həyata
keçirilən layihələrin hər biri polisin fəaliyyətinin
təkmilləşdirilməsində önəmli rol
oynayır. Ümumiyyətlə, ATƏT-in təşkilatçılığı
ilə keçirilən tədbirlərdə nazirliyin 2000-ə
yaxın əməkdaşı iştirak etmişdir.
Daha sonra qonağa polis-media münasibətlərinin
və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi
ilə bağlı ətraflı məlumat verilmişdir.
Daxili işlər naziri onu da qeyd
etmişdir ki, orqan və hissələrdə
qanunçuluğun vəziyyəti mütəmadi olaraq təhlil
edilir, ümumiləşdirilir, hüquqazidd hərəkətlərə,
polisin adına ləkə gətirən əməkdaşlara
qarşı daxili işlər orqanlarında xidmətdən
xaric edilməyə, hətta cinayət məsuliyyətinə
cəlb olunmağadək prinsipial tədbirlər
götürülür.
Daxili İşlər Nazirliyi hər
cür mənfi təzahürlərə qarşı mübarizəni
davam etdirir və hər belə fakt üzrə qanunla müəyyən
edilmiş ən ciddi tədbirlərin görülməsində
maraqlıdır.
Qonağa hüquq-mühafizə sahəsində
həyata keçirilən tədbirlər, insan və vətəndaş
hüquq və azadlıqlarının qorunması, demokratik
prinsiplərin önə çəkildiyi yeni qanunların qəbulu
sahəsində görülmüş işlər və
mövcud kriminogen durum barədə də məlumat
verilmişdir.
Səmimi görüşə və ətraflı
məlumata görə minnətdarlığını bildirən
xanım Dunya Miyatoviç Dövlət Bayrağı
Günü münasibətilə təbriklərini
çatdırmışdır. Bütövlükdə Azərbaycanda
görülmüş işləri müsbət qiymətləndirərək
polis-media münasibətlərinə toxunan qonaq jurnalistlərin
normal və təhlükəsiz şəraitdə fəaliyyət
göstərmələrinin vacibliyini vurğulamış, bu
istiqamətdə həyata keçirilən tədbirlərdən
razı qaldığını bildirmişdir. O, qeyd
etmişdir ki, ATƏT vahid bir ailədir, hər bir ailənin
isə öz qayğıları, problemləri vardır. Biz
birlikdə çalışaraq bu problemləri həll etməliyik.
ATƏT-in Bakı ofisinin rəhbəri səfir
Koray Tarqayın da iştirak etdiyi görüşdə tərəfləri
maraqlandıran bir sıra digər məsələlər
müzakirə olunmuşdur.
Azərbaycan.-2012.-
11 noyabr.- S.5.