Qəbələdə «Azərbaycanın
qədim şəhər mədəniyyəti dünya
urbanizasiya kontekstində» mövzusunda beynəlxalq konfrans
başa çatmışdır
Qəbələ şəhərində
"Azərbaycanın qədim şəhər mədəniyyəti
dünya urbanizasiya kontekstində" mövzusunda beynəlxalq
elmi konfrans başa çatmışdır.
AzərTAc xəbər verir ki, proqrama
uyğun olaraq 3 bölmə üzrə keçirilən
konfransda Azərbaycanın Naxçıvan və Qarabağ
bölgələrində eramızdan əvvəl II-I minillikləri
əhatə edən tunc və erkən dəmir dövrlərinə
aid şəhər mədəniyyəti abidələrinin
arxeoloji araşdırmaları, bu şəhərlərin
Qafqazın qədim tarixində mövqeyi, antik dövr şəhərlərinin
arxeoloji, memarlıq və tarixi tədqiqatları mövzusunda
müzakirələr aparılmış, eləcə də Azərbaycanın
orta əsr şəhərlərinin tədqiqatlarına dair məruzələr
dinlənilmişdir.
Proqrama uyğun olaraq konfransın 2 və
3-cü iclaslarında Azərbaycan
arxeoloqlarından İlyas Babayevin "Qafqaz
Albaniyasının paytaxt şəhəri - Qəbələ
qazıntılarının ümumi nəticələrinə
dair", Əkbər Bədəlovun
"Naxçıvanın antik dövr şəhərləri",
Emin Məmmədovun "Antik dövrdə Mingəçevirin
(Samunis) tarixi-mədəni inkişaf mərhələləri",
Rizvan Qaradağlının "Azərbaycanın antik dövr
memarlığı", Təvəkkül Əliyevin
"Qalatəpə şəhər məskənində yeni
arxeoloji tədqiqatlar", Qafar Cəbiyevin "Qəbələdə
yeni arxeoloji tədqiqatlar", Rəna Amenzadənin "Azərbaycanın
orta əsr şəhərlərinin memarlığı",
Akif Quliyevin "Gülüstan qalası -
Şirvanşahların iqamətgahı", eləcə də
Gürcüstandan Vaxtanq Liçelinin "Əhəmənilər
dövründə və eramızdan əvvəl V-IV əsrlərdə
Cənubi Qafqazda yaşayış yerlərinin inkişaf
tendensiyası", Rusiyadan Arçil Balaxvansenin "Ellin
dövründəki Qəbələ Qərb və Şərq
arasındakı ticarət yolları üstündə",
Türkiyədən Yüksəl Sayanın "Azərbaycanın
orta əsr şəhərlərinin Türkiyə
arxeologiyasında rolu", Turan Gökçenin "Övliyyə
Çələbinin qədim Azərbaycan şəhərlərinin
təsvirinə baxışı: Təbriz şəhərinin
əsasında", İrandan Mir Ruhullah Mohommadinin "Cənubi
Azərbaycanın Ərdəbil vilayətindəki Xalxal ərazisində
Əndəbil Səlcuq-Səfəvi qalası",
Qazaxıstandan Ayman Dosımbayevanın "Qazax düzü əhalisinin
mədəniyyətində şəhər və səhra",
Ukraynadan Viktoriya Kolesnikovanın "Orta əsr Kiyev şəhərində
urbanizasiya proseslərinin öyrənilməsi", Almaniyadan
Andrea Riççinin "Örənqala və Mil
düzündə su təchizatının təşkili"
mövzularında məruzələri dinlənilmişdir.
Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu və
SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət
Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı
ilə keçirilən və 3 gün davam edən tədbirdə
Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Koreya Respublikası,
Gürcüstan, Ukrayna, ABŞ, İran, Qazaxıstan, Almaniya,
Fransadan 100-ə yaxın tanınmış tarixçi alim və
arxeoloq iştirak etmişdir.
Sonra konfrans iştirakçıları
Qəbələ Mədəniyyət Mərkəzinin
inşası prosesi ilə, Heydər Əliyev Mərkəzinin,
tarix-diyarşünaslıq muzeyinin, konserv və limonad
zavodlarının, "Beltmann" piano fabrikinin, meyvə-tərəvəz
məhsullarının çeşidlənməsi və
saxlanılması kompleksinin fəaliyyəti ilə
tanış olmuşlar.
Qonaqlar Qəbələyə səfəri
zamanı beşulduzlu "Qafqaz Riverside", "Qafqaz
Resort", "Qafqaz Sport" hotelləri, "Fitnes"
sağlamlıq mərkəzi, "Qəbələnd"
istirahət və əyləncə mərkəzi, rayonda
yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin
füsunkar təbiəti ilə də tanış olmuş,
qonaqlara bölgənin turizm imkanları barədə geniş
məlumat verilmişdir.
Yerli və xarici qonaqlar son illər Qəbələdə
aparılan tikinti-quruculuq və abadlıq işləri, rayonun
sosial-iqtisadi inkişafı istiqamətində həyata
keçirilən tədbirlərlə tanışlıqdan
sonra xoş təəssüratlarla Bakıya yola
düşmüşlər.
Azərbaycan.-2012.-
11 noyabr.- S.7.