Bakıda Milli Təhlükəsizlik
Nazirliyinin hərbi hospitalı
istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
açılış mərasimində iştirak etmişdir
Noyabrın 12-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Milli Təhlükəsizlik Nazirliyinin hərbi
hospitalının açılışında iştirak
etmişdir.
Milli təhlükəsizlik
naziri, general-leytenant Eldar Mahmudov Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə
raport verdi.
Dövlət
başçısı ümummilli lider Heydər Əliyevin
hospitalın həyətində ucaldılmış abidəsini
açdı. Prezident İlham Əliyev abidənin üzərindən
ağ örtüyü götürdü, önünə
gül dəstəsi qoydu.
Sonra dövlət
başçısı hospitalın rəmzi
açılışını bildirən lenti kəsdi,
yaradılan şəraitlə tanış oldu.
Foyedə ulu
öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin
ölkəmizdə səhiyyənin inkişafına diqqət
və qayğısını əks etdirən fotoguşələr
yaradılmışdır.
Milli təhlükəsizlik
naziri Eldar Mahmudov Azərbaycan Prezidentinə məlumat verdi ki,
yeni tikilmiş hərbi hospitalda quraşdırılan
avadanlıq tibbin ən son nailiyyətlərinə əsaslanır.
Müasir texniki baza ilə təchiz olunan hərbi hospitalın
istifadəyə verilməsi həm də Milli Təhlükəsizlik
Nazirliyi əməkdaşlarının sosial məsələlərinin
həllində mühüm əhəmiyyət
daşıyır. Tibb ocağında yaradılan müasir
şərait bütün növ ağır cərrahi əməliyyatları
aparmağa, müayinə və müalicə işlərini ən
yüksək səviyyədə həyata keçirməyə
imkan verir.
Qeyd edildi ki, 150
çarpayılıq hospitalda poliklinika, klinik laboratoriya, əməliyyat,
reanimasiya və intensiv terapiya bloku, angioqrafiya, radiologiya,
endoskopiya şöbələri yaradılmışdır. Burada
respublikada ilk dəfə olaraq tibbi oksigen istehsal edən
generatorlar qurulmuşdur. Bununla yanaşı, binada pnevmatik
poçt və tibbi tullantıların zərərsizləşdirilməsi
və utilləşdirilməsi avadanlıqları
quraşdırılmışdır.
Prezident İlham Əliyevə məlumat
verildi ki, hospital binasının ümumi sahəsi 34 min 500
kvadratmetrdir. İki yeraltı, yeddi yerüstü mərtəbədən
ibarət binanın damında ölkəmizdə ilk dəfə
olaraq beynəlxalq tələblərə cavab verən helikopter
meydançası inşa edilmişdir. Tibb ocağında
yeraltı avtomobil parkı da yaradılmışdır. Ətrafda geniş abadlıq işləri
görülmüş, yaşıllıq zolaqları
salınmışdır.
Diqqətə çatdırıldı ki,
hospitalın poliklinika şöbəsində mərkəzi
müraciət, ilk yardım, ixtisaslaşdırılmış
müayinə kabinələri yerləşir. Kabinələrdə
səhiyyə qurğuları operativ və dəqiq müayinə
aparmağa geniş imkan verir. Poliklinikanın klinik
laboratoriyasında da müasir standartlara cavab verən
avadanlıq quraşdırılmışdır.
Prezident İlham Əliyev hərbi
hospitalın konfrans salonuna da baxdı. Burada Azərbaycan səhiyyə
sisteminin inkişafında müstəsna xidmətləri olan məşhur
həkimlərin portretləri və onlar haqqında məlumatlar
əks olunmuşdur. Bildirildi ki, 120 nəfərlik konfrans
salonunda müxtəlif seminarların, elmi-praktik tədbirlərin
keçirilməsi üçün hər cür şərait
yaradılmışdır.
Hərbi hospitalın mikrobioloji
laboratoriyası da müasir standartlara cavab verir. Binadakı
apartament və VİP palatalar da yüksək səviyyədədir.
Xəstələrin müalicəsi, istirahəti və asudə
vaxtlarının səmərəli təşkili
üçün zəruri tədbirlər
görülmüşdür. Hospitalın 10 VİP palatası
vardır. Xüsusi zövqlə salınan "Qış
bağı" da müalicə olunanların ixtiyarına
veriləcəkdir. Hospitaldakı bütün şöbələrdə
dünyanın ən qabaqcıl ölkələrində istifadə
edilən avadanlıq və tibbi cihazlar
quraşdırılmışdır.
Dövlət başçısına məlumat
verildi ki, burada yaradılan şərait ürək cərrahiyyəsi,
travmatologiya və ortopediya, ümumi cərrahlıq, urologiya,
LOR və digər sahələrdə əməliyyatların səhiyyənin
ən son nailiyyətləri əsasında aparılmasına imkan verəcəkdir.
Reanimasiya və intensiv terapiya şöbələrindəki
şərait də müalicəvi tədbirlərin tam və
keyfiyyətlə aparılmasına xidmət edəcəkdir. Tibb
ocağındakı palataların 48-i iki
çarpayılıq, 17-si bir çarpayılıqdır. Burada,
həmçinin Wİ-Fİ internet şəbəkəsi,
İP TV və tibbi heyətin çağırış
sistemi kimi texnoloji yeniliklərdən istifadə olunacaqdır.
Hospitalın radiologiya şöbəsində son nəsil
texnoloji yeniliklərə əsaslanan 3 tesla maqnit-rezonans
tomoqrafiyası, kompyuter tomoqrafiyası, rentgen, densinometr,
mammoqraf, ultrasəs skanerləri və digər avadanlıq
istifadəyə verilmişdir. Bir sözlə, Milli Təhlükəsizlik
Nazirliyinin hərbi hospitalında yaradılan şərait buraya müraciət edənlərin
müayinə və müalicəsinin səmərəli təşkili
üçün ideal imkan yaradacaqdır.
Hospitalda yaradılmış şəraitlə
tanışlıqdan sonra Prezident İlham Əliyev Milli Təhlükəsizlik
Nazirliyinin əməkdaşları və tibb
ocağının kollektivi ilə görüşdü.
Dövlət başçısı
İlham ƏLİYEV mərasim
iştirakçılarını salamlayaraq dedi:
- Mən indi Milli Təhlükəsizlik
Nazirliyinin hospitalının bütün bölmələri ilə
tanış olarkən görürəm ki, doğrudan da,
hospital yüksək səviyyədə tikilmişdir, ən
müasir standartlara cavab verir. Burada ən müasir avadanlıq
quraşdırılıbdır. Yəni burada keyfiyyətli
tibbi xidmət göstərmək üçün
bütün imkanlar vardır, gözəl şərait
yaradılıbdır. Xarici görünüşü də
çox gözəldir, daxili tərtibatı da. Yəni bu hospital deyə bilərəm
ki, dünya miqyasında seçilən bir tibb müəssisəsi
olacaqdır. Mən buna çox sevinirəm, çox şadam.
Çünki bildiyiniz kimi, son illərdə ölkəmizdə
müxtəlif yerlərdə - Bakıda, bölgələrdə
müasir tibb ocaqları yaradılır. Qarşıya məqsəd
qoyulmuşdur ki, hər bir şəhərdə yüksək
tibbi xidmət göstərmək üçün
yaxşı şərait olsun. Yüzlərlə yeni xəstəxana,
hospital, tibb mərkəzi tikilib istifadəyə verilmişdir.
Ölkəmizdə insanlara göstərilən tibbi xidmət
indi yüksək səviyyədədir. Əlbəttə ki, səhiyyə
sisteminin təkmilləşdirilməsi üçün əlavə
tədbirlər görüləcəkdir. Burada həm
poliklinika, diaqnostika, cərrahiyyə, terapiya şöbələrində,
laboratoriyalarda ən son avadanlıqlar
quraşdırılıb. Bir sözlə, kompleksdə
müayinə və müalicə tədbirlərinin
görülməsi üçün çox gözəl
şərait vardır.
Mən sizi bu gözəl hadisə
münasibətilə təbrik etmək istəyirəm.
Çox şadam ki, nəhayət, Milli Təhlükəsizlik
Nazirliyinin işçilərinin özlərinin gözəl
tibb mərkəzi vardır. Mən bilirəm ki, siz əvvəlki
dövrdə başqa qurumların imkanlarından istifadə
edirdiniz, ancaq vaxt gəlib çatıb ki,
özünüzün belə gözəl tibb mərkəzi
olsun. Çünki bu, doğrudan da lazımdır, ölkəmizin
inkişafını göstərir. Milli Təhlükəsizlik
Nazirliyinin işçilərinin sağlamlığını
qorumaq üçün artıq gözəl imkanlar vardır.
Buraya gələrkən ulu öndər
Heydər Əliyevin abidəsinin açılışında
biz bərabər iştirak etdik, bu da təbiidir.
Çünki ulu öndər Azərbaycanın milli təhlükəsizlik
orqanlarının formalaşdırılmasında çox
böyük rol oynamış, əvəzolunmaz xidmətlər
göstərmişdir. Onun həyatının böyük hissəsi
təhlükəsizlik orqanları ilə bağlı
olmuşdur. Həyatının o dövrünü ulu öndər
həmişə çox böyük məhəbbətlə
yada salırdı. Həm onun gənclik illəri olmuşdur.
Eyni zamanda, təhlükəsizlik orqanlarında
çalışdığı dövr ərzində onun xidmətləri,
doğrudan da böyük olmuşdur.
1970-ci illərdə, 1980-ci illərin əvvəllərində
Azərbaycana rəhbərlik edən Heydər Əliyev əlbəttə
ki, bütün işlərdə milli təhlükəsizlik
orqanlarında əldə edilmiş təcrübədən də
istifadə edirdi. Təsadüfi deyildir ki, ölkəmiz
müstəqilliyə qovuşandan iki il sonra Azərbaycan
xalqı ulu öndərə müraciət edib, onu dəvət
edib və öz taleyini ona etibar etmişdir. Həyat onu
göstərdi ki, bu, yeganə düzgün addım idi.
Çünki 1990-cı illərin əvvəllərində
gedən proseslər hamımızın yaxşı xatirindədir.
Bəlkə gənc həkimlər bunu o qədər də
xatırlamırlar. Ancaq biz yaxşı xatırlayırıq,
orqanların əməkdaşları yaxşı
xatırlayırlar ki, 1991-ci, 1992-ci, 1993-cü illər
doğrudan da, faciəvi və çox təhlükəli illər
olmuşdur. Çünki bərpa edilmiş müstəqillik
faktiki olaraq əldən gedirdi. Ulu öndərin qətiyyəti,
cəsarəti, müdrikliyi xalqımızı, ölkəmizi
böyük bəlalardan qurtara bilmişdir və 1993-cü ildən
bu yana ölkəmiz inkişaf yolu ilə gedir.
Bu inkişafda milli təhlükəsizlik
orqanlarının əməkdaşlarının da çox
böyük rolu, çox böyük zəhməti vardır.
1990-cı illərin ortalarında dövlət
çevrilişlərinə cəhdlər, hərbi
qarşıdurma, vətəndaş müharibəsinin
alovlanması demək olar ki, müstəqilliyimizi böyük
dərəcədə sarsıtmışdır. Milli təhlükəsizlik
orqanlarının fəaliyyəti nəticəsində o illərdə
və xüsusilə son illərdə böyük tədbirlər
görülmüş, cinayətkar dəstələr zərərsizləşdirilmiş
və ölkə vətəndaşlarının normal təhlükəsiz
həyatı təmin edilmişdir.
Sizin nazirliyin spesifikası ondan ibarətdir
ki, fəaliyyətiniz geniş ictimaiyyətə bəzi
hallarda o qədər də bəlli deyildir. Bu da təbiidir.
Çünki dünyanın istənilən ölkəsində
xüsusi təhlükəsizlik orqanlarının
spesifikası bundan ibarətdir. Ancaq siz də bilirsiniz, mən
də Ali Baş Komandan kimi bilirəm ki, sizin nə qədər
böyük zəhmətiniz, fədakarlığınız,
peşəkarlığınız olmuşdur ki, vətəndaşlarımız
rahat yaşasınlar.
Son illər ərzində Azərbaycana
qarşı edilən terror, təxribat cəhdlərinə,
xaricdən göndərilən casusluq şəbəkələrinin
nümayəndələrinə Azərbaycan dövləti və
milli təhlükəsizlik orqanları tərəfindən
layiqincə cavab verilmişdir. Azərbaycan dövlətinin
uğurlu inkişafı, Azərbaycan xalqının rahat
yaşaması təmin edilmişdir.
Bu gün Milli Təhlükəsizlik
Nazirliyi inkişaf dövrünü yaşayır. Həm
peşəkarlıq artır, eyni zamanda, Milli Təhlükəsizlik
Nazirliyi tərəfindən xoşagəlməz halların
aşkar edilməsinə və qabağının
alınmasına baxmayaraq, əfsuslar olsun ki, onların sayı
artır. Bu onu göstərir ki, Azərbaycana qarşı edilən
təxribat cəhdləri artır. Bu da təbiidir.
Çünki ölkəmiz inkişafdadır. Azərbaycan
müstəqil siyasət aparır. Bu, heç də
bütün xarici dairələrin ürəyincə deyildir.
Ancaq biz öz yolumuzla gedirik. Yolumuzu müdafiə etmək,
bizi təhlükələrdən qorumaq üçün Milli
Təhlükəsizlik Nazirliyi çox uğurla, peşəkarlıqla
çalışır. Əminəm ki, bu səviyyə gələcəkdə
də təmin ediləcəkdir. Həm peşəkarlıq
artır, eyni zamanda, orqanların əməkdaşları vətənpərvər,
öz Vətəninə, Azərbaycanın müstəqilliyinə
bağlı olan insanlardır. Eyni zamanda, texniki təchizat indi
əlbəttə ki, əvvəlki illərlə müqayisəedilməz
dərəcədə artıbdır. İndi texniki
imkanlarımız elədir ki, bizə qarşı hətta
planlaşdırılan hər hansı bir təxribatın
qarşısını vaxtında almaq üçün imkan
vardır. Elə imkanları biz yaratmışıq. Həm
texniki təchizat, peşəkarlıq,
düşünülmüş iş, operativ əməliyyatlar
və eyni zamanda, beynəlxalq əlaqələrimiz və təmaslarımız,
əlbəttə ki, bax indiki vəziyyətə gətirib
çıxarıb. Bu gün Milli Təhlükəsizlik
Nazirliyi öz üzərinə düşən funksiyaları
çox şərəflə, ləyaqətlə yerinə
yetirir.
Onu da qeyd etməliyəm ki, biz, eyni zamanda,
dünyada gedən prosesləri izləyirik və bölgədə
təhlükəsizlik tədbirlərinin gücləndirilməsi
üçün öz töhfəmizi veririk. Bu barədə
də əlbəttə ki, açıq danışmaq olmaz.
Ancaq qeyd etməliyəm ki, bu gün Azərbaycan və onun təhlükəsizlik
orqanları bölgədə sabitliyin, sülhün təmin
edilməsi üçün öz dəyərli töhfələrini
verirlər.
Əlbəttə, Milli Təhlükəsizlik
Nazirliyinin əməkdaşlarının bütün məişət,
mənzil məsələləri də öz həllini
tapmalıdır və tapır. Siz bunu yaxşı bilirsiniz. Hər
il bu məsələlərə baxılır, həll edilir.
Bu gün isə belə gözəl tibb mərkəzi sizin sərəncamınıza
verilir. Arzu edirəm ki, siz bu mərkəzdən az istifadə
edəsiniz. Ancaq həyat belədir ki, bunsuz da mümkün
deyildir. Hər bir yeni, xüsusilə bölgələrdə
yeni xəstəxananın açılışında bir
sözü mən təkrarlayıram, bu gün də demək
istəyirəm və arzu edirəm ki, hər bir vətəndaş
ildə bir dəfə müayinədən keçsin,
sağlamlığını yoxlatsın və
çalışsın ki, daim sağlam olsun. Sizin
sağlamlığınız xalqımıza, dövlətimizə
lazımdır.
Bir daha sizi ürəkdən təbrik edirəm.
Milli təhlükəsizlik naziri Eldar
MAHMUDOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Cənab Ali Baş Komandan!
Milli Təhlükəsizlik Nazirliyinin
hospitalının açılışında iştirak
etdiyinizə görə bütün şəxsi heyət
adından Sizə dərin minnətdarlığımızı
bildiririk. Ulu öndər Heydər
Əliyevin apardığı daxili və xarici siyasəti Siz
çox uğurla inkişaf etdirirsiniz. Ölkəmizdə
bütün sahələrdə inkişaf gedir. Dövlət
strukturlarında aparılan islahatlar, o cümlədən də
Milli Təhlükəsizlik Nazirliyində strukturun
formalaşması, onun maddi-texniki bazasının möhkəmlənməsi
və sosial problemlərin həlli daim Sizin diqqət mərkəzinizdə
olubdur. Bu gün Azərbaycanda çox böyük layihələr
həyata keçirilir. Bu hərbi hospitalın
açılışı o layihələrdən biridir və
ilk gündən daim Sizin diqqət və nəzarətinizdə
olub. Həm onun tikintisi, həm də maddi-texniki təminatı.
Möhtərəm Prezident, təhlükəsizlik
orqanlarının əməkdaşları, onların ailələri
bu hospitalın xidmətindən istifadə edəcəklər.
Deməli, tibbi yardım və lazım olan müalicəni ala
biləcəklər.
Mən bir daha bütün şəxsi heyət
adından Sizə dərin minnətdarlığımı
bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm
ki, verilən tapşırıqlar və göstərişlər
bütün şəxsi heyət tərəfindən dərhal
icra olunacaqdır. Çox sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2012.-
13 noyabr.- S.1-2.