Prezident İlham Əliyev Bakının Yasamal rayonundakı 173 nömrəli tam orta məktəbin əsaslı
təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti
ilə tanış olmuşdur
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 12-də Bakının Yasamal rayonundakı
173 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən
sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin
əsaslı təmir və yenidən qurulması ilə
bağlı nəzərdə tutulmuş tədbirlər
planına uyğun olaraq paytaxtda
məktəblərin əsaslı təmir və bərpa
işləri davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov 173 nömrəli
məktəbdə görülən işlərlə
bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, binası 1939-cu ildə inşa olunmuş 800
şagird yerlik bu məktəbdə 30 sinif otağı
vardır. Hazırda burada 320 şagird təhsil alır. Bu təhsil
ocağında əsaslı təmir və yenidənqurma
işləri qısa vaxt ərzində, yüksək
standartlara uyğun şəkildə başa çatdırılmışdır.
Dövlət başçısı
ayrı-ayrı sinif otaqlarına baxdı, yaradılan şəraitlə
yaxından tanış oldu. Sinif otaqlarında şagirdlərin
təhsil almaları üçün lazımi şərait
yaradılmışdır. Məktəbdəki sinif
otaqları, fənn kabinetləri və laboratoriyalar müasir
avadanlıqla təchiz edilmişdir. Təhsil ocağında təhlükəsizlik
kameraları quraşdırılmışdır. Məktəbin dəhlizinə və
pilləkənlərə yüksək keyfiyyətli mərmər
döşənmişdir. Məktəbdə yeni və
müasir istilik sistemi quraşdırılmış, həyətyanı sahədə
abadlıq və quruculuq işləri
görülmüşdür.
AzərTAc
Azərbaycan.-2012.-
13 noyabr.- S.2.