Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Ukraynanın müdafiə naziri Dmitri Salamatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ukraynanın müdafiə naziri Dmitri Salamatin Ukrayna Prezidenti Viktor Yanukoviçin Konstitusiya Günü münasibətilə təbriklərini və salamlarını dövlət başçısına çatdırdı. Ukrayna Prezidentinin Azərbaycan ilə münasibətlərin genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxladığını deyən nazir ölkəsinin respublikamızla ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı.

Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin böyük tarixə malik olduğunu deyən dövlət başçısı ölkəmizin bu münasibətlərin daha da genişləndirilməsinə önəm verdiyini qeyd etdi. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Dövlət başçısı Ukraynanın müdafiə naziri Dmitri Salamatinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Prezident Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 13 noyabr.- S.2.