Əli HƏSƏNOV: YAP Azərbaycanın
idarəçiliyilə bağlı bitkin konsepsiya
formalaşdırmış yeganə siyasi təşkilatdır
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP
İdarə Heyətinin üzvü Əli Həsənovun yap.org.az
saytına müsahibəsi
- Əli müəllim, bəlli
olduğu kimi, noyabr ayının 21-də Yeni Azərbaycan
Partiyasının yaradılmasının 20-ci ili tamam olacaq və
bu tarixi hadisə artıq ölkənin bütün bölgələrində
ruh yüksəkliyilə qeyd olunmaqdadır. İlkin olaraq, Sizdən
Yeni Azərbaycan Partiyasına olan ümummilli rəğbətin
səbəbləri haqqında
danışmağınızı xahiş edirik...
- Əslində, bu, təbii bir haldır.
Çünki Yeni Azərbaycan Partiyası Azərbaycan
xalqının ehtiyaclarından yaranmış bir partiyadır.
1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali
Sovetinin sədri, sözün həqiqi mənasında, Azərbaycan
xalqının ümummilli lideri olan Heydər Əliyev ölkənin
ictimai-siyasi, daxili ehtiyaclarından, insanların düçar
olduğu gündəlik qayğılardan, problemlərdən,
dövlətin rastlaşdığı gərgin vəziyyətdən
çıxış edərək, bir qrup qabaqcıl
ziyalıların müraciətinə cavab verdi və Yeni Azərbaycan
Partiyasının yaradılmasına, ona rəhbərlik etməsinə
razılıq verdi. Bu partiya həqiqətən, Azərbaycanın
o dövrdəki siyasi çətinliklərindən irəli gələrək
yaradıldı və qısa müddət ərzində
ümummilli partiyaya çevrildi.
Qeyd edim ki, həmin dövrdə Azərbaycanda
partiyaların təsnifatı sağçılar,
solçular, kommunistlər, müəyyən qədər daha
çox fərqli insan təbəqəsini, qruplarını təmsil
edən ideoloji postulatlar üzərində qurulurdusa, Yeni Azərbaycan
Partiyası birbaşa bütün xalqın maraqlarının
ifadəçisi formasında meydana çıxdı və
qısa müddət ərzində təşkilatlanaraq,
bütün xalqın partiyası statusunu aldı. Təxminən,
yarandığı noyabr ayından iyun ayına qədər
olan 6-7 ay ərzində fövqəladə vəziyyətdə
təşkilatlanma kursu keçdi, bütün ölkə ərazisində
partiyanın şəhər və rayon təşkilatlarının
yaradılması istəyilə meydana çıxan
ziyalılar onun təsis konfranslarını keçirdilər.
Baş verən hadisələrin fonunda Heydər
Əliyevin o dövrkü hakimiyyət tərəfindən
Bakıya dəvət olunmasına, xalqın tələbilə
yenidən parlamentə sədr, qısa vaxtdan sonra Prezident
seçilməsinə qədər artıq Yeni Azərbaycan
Partiyası çətin bir şəraitdə təşkilatlanmışdı,
formalaşmışdı və bitkin siyasi təşkilata
çevrilmişdi. Sonrakı hadisələr isə göstərdi
ki, YAP Azərbaycanın taleyini çiyinlərinə
götürməyə, onun idarəçiliyini əlinə
almağa və dövləti, xalqı həmin böhranlı
vəziyyətdən çıxarmağa qadir partiyaya
çevrilmişdi.
Məhz Yeni Azərbaycan Partiyasının
yubileyinin bütün şəhərlərdə, rayonlarda, hətta
kənd və qəsəbələrdə, mərkəzi və
yerli təşkilatlarda, ayrı-ayrı kommersiya
qurumlarından tutmuş müxtəlif ictimai qurumlara qədər
bütün Azərbaycanı təmsil edən institutlarda qeyd
olunması, partiyanın 20 illik fəaliyyətinə nəzər
salınması, onun dövlətçiliyin qorunması və
inkişaf etdirilməsi baxımından işləri yüksək
dəyərləndirilməsi təbii haldır.
Vurğuladığım kimi, YAP ümumxalq partiyası kimi
yaranıb və bu gün də həmin statusda Azərbaycanı
idarə edir, gələcəkdə də
xalqımızın bütün ehtiyaclarına, istək və
arzularına cavab verə bilən partiya kimi qalacaq.
- Ümumiyyətlə, Yeni Azərbaycan
Partiyasının yaranma dövrünə nəzər
saldıqda, gözümüzün önündə xaos,
ideologiyasızlaşmış bir mənzərə
canlanır. Həmin dövrün ictimai-siyasi proseslərini təhlil
etmiş olsaq, hansı nəticələrə gələ bilərik?
- Əlbəttə ki, Yeni Azərbaycan
Partiyası nəinki idarəolunmaz, hətta Azərbaycanın
idarəçiliyində ciddi böhranın, anarxiyanın
hökm sürdüyü bir dövrdə
yaranmışdı. Yeni Azərbaycan Partiyası nə
üçün yarandı sualına cavab olaraq bildirilməlidir
ki, o zamankı hakimiyyət Azərbaycanı idarə edə
bilmirdi, ölkəmiz həm daxildən, həm də xaricdən
ciddi problemlərlə qarşılaşırdı. Həmçinin,
Azərbaycan faktiki olaraq, parçalanma və vətəndaş
qarşıdurmasının başlanma ərəfəsində
idi. Eyni zamanda vurğulanmalıdır ki, həmin ərəfədə
respublikada qanunlara riayət olunmurdu, günahsız vətəndaşlar
həbslərə atılırdı, insanların evlərinə
və əmlaklarına quldur basqınları olurdu,
bütövlükdə, cəmiyyət bədbin ruhda
yaşayırdı. Belə bir vəziyyətdə isə
insanlarda idarəçilikdəki böhranla bağlı ciddi
düşüncələr formalaşırdı. Elə bu səbəbdən
idi ki, Azərbaycandakı qabaqcıl ziyalılar,
Naxçıvanda fəaliyyət göstərən ulu öndər
Heydər Əliyev vəziyyətdən çıxış
yolu axtarırdılar.
Xatırlayıram ki, həmin dövrdə
Azərbaycan ziyalılarının bir qrupu ümummilli lider
Heydər Əliyevə etdikləri və gələcəyə
çox bədbin notlarla köklənmiş müraciətlərinə
cavabında ulu öndər o zamanın ciddi siyasi-politoloji təhlilini
vermişdi. Heydər Əliyev cavabında deyirdi ki,
hal-hazırda Azərbaycan dövləti bir yana, xalqımız
digər tərəfə heç kəs ölkənin gələcəyilə
bağlı tələb olunan və görülməsi vacib
olan işlərin yerinə yetirilməsinə
çalışmır. Azərbaycanı idarə edənlər
isə nə edəcəklərini bilmirlər, dövlət
strukturları da situasiyanı nəzərə almadan əsassız
bəyanatlarla çıxış edirlər, bunun nəticəsində
də ölkə daxilində vətəndaş
qarşıdurması yaranır. Həmçinin qanunsuz
silahlı qruplar Azərbaycan xalqına divan tutur, hakimiyyət
uğrunda mübarizədə vətəndaşlarımız
qırılır, ayrı-ayrı düşərgələrə
cəlb olunmuş insanlar dövlətə qarşı istifadə
olunur və xarici antiazərbaycan dairələri ölkəni
tədricən parçalamağa doğru aparırlar. Belə
bir vəziyyətdə isə qarşısıalınmaz
situasiya yarana və Azərbaycan parçalana bilər. Əgər
biz məsuliyyəti öz üzərimizə
götürürüksə, partiya yaradırıqsa, əlbəttə
ki, ilk növbədə, hakimiyyətə gəlməyi deyil,
Azərbaycan xalqını düşdüyü ağır vəziyyətdən
çıxarmaq missiyasını həyata keçirməliyik,
dağılmaq, məhv olmaq təhlükəsilə
üz-üzə olan dövlətimizin gələcək idarəçiliyini
qurmalıyıq.
Xüsusilə vurğulamaq istəyirəm
ki, Heydər Əliyev həmin dövrdə YAP-ı müxalifət
partiyası kimi yaratmırdı. Ümummilli lider Heydər Əliyev
mərhum Əbülfəz Elçibəyə qarşı
çağırışlar etmirdi, əksinə, insanlara səslənərək,
onları prezidentin ətrafında birləşərək
ölkəni vəziyyətdən çıxarmağı
tövsiyə edirdi. Lakin sonrakı proseslər göstərdi
ki, o zamankı hakimiyyət cəmiyyətin sağlam qüvvələrini
dövlətin ətrafında birləşdirərək Azərbaycanı
düşdüyü vəziyyətdən çıxarmaq
iqtidarında deyil. Ona görə də xalq Yeni Azərbaycan
Partiyasını hakimiyyətə gətirdi və bu siyasi təşkilat
dövlətin bütün strukturlarında təmsil olunaraq,
Azərbaycanı həmin çətin situasiyadan
çıxartdı.
- Aydındır ki, Yeni Azərbaycan
Partiyasının yaradılması bir tərəfdən
xalqın sifarişi idi. Digər tərəfdən nəzərə
almaq lazımdır ki, Azərbaycan xalqının ulu öndər
Heydər Əliyevə olan böyük məhəbbəti də
bu işdə yüksək rol oynadı. Məsələyə
bu kontekstdə yanaşıldıqda, hansı qiymətləndirməni
etmək olar?
- Bu kontekstdən yanaşdıqda, Yeni Azərbaycan
Partiyasının yaranma və inkişaf tarixini təxminən
üç mərhələyə ayırmaq olar. Birincisi,
1993-cü ilin 15 iyun tarixinə - Azərbaycan xalqının
qurtuluş gününə qədərki dövrdə
ziyalılar narahatlıqlarını və
çalışmalarını birləşdirərək,
ümummilli lider Heydər Əliyevin ətrafında birləşərək,
qərara gəldilər ki, xalqın mütləq əksəriyyətini
təmsil edəcək, dövlətin gələcəyilə
ürəyi döyünəcək, bütün daxili
ictimai-siyasi və iqtisadi potensialı birləşdirərək,
sözün həqiqi mənasında, bir ümumxalq hakimiyyəti
formalaşdıra biləcək partiyanın yaranmasına
ehtiyac var. Məhz partiya yaranma ərəfəsindən, təxminən,
noyabr ayından iyunadək ciddi təşkilatlanma mərhələsi
keçdi. Yəni bu mərhələdə Yeni Azərbaycan
Partiyası təşkilatlandı, Azərbaycanı öyrəndi,
onun gələcək idarəçiliyilə bağlı bitkin
konsepsiya ortaya qoydu. Həmçinin Yeni Azərbaycan
Partiyası Azərbaycanın perspektiv inkişafı ilə
bağlı fikir və düşüncələrini cəmiyyətə
təqdim etdi.
İkinci mərhələ bilavasitə
1993-cü ilin iyun ayından başlanan YAP-ın hakimiyyətdə
təmsilçiliyilə bağlıdır. Bu dövrdə
Yeni Azərbaycan Partiyası Azərbaycanın perspektiv
inkişafı ilə bağlı hazırladığı
konsepsiyanı reallaşdırmağa başladı. Bu partiya
ölkədə daxili və xarici idarəçiliyi, iqtisadi,
siyasi, sosial və quruculuq sahəsindəki işləri kortəbii
şəkildə, əvvəlki hakimiyyətlər
dövründə bəlli məqsədi, məramı, vahid xətti
olmayan üsullarla deyil, mərkəzdən idarə olunan bitkin
bir konsepsiya ilə reallaşdırdı.
Üçüncü mərhələ isə sonrakı
inkişaf dövrü ilə əlaqəlidir. Bu gün bəziləri
deyirlər ki, Heydər Əliyev Azərbaycanı nədən
xilas etdi və Yeni Azərbaycan Partiyasının ölkənin
inkişafında rolu nədən ibarətdir? Əlbəttə
ki, ilk növbədə, onu qeyd etmək lazımdır ki, Heydər
Əliyev Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi,
o cümlədən Yeni Azərbaycan Partiyası da onunla birgə
bu missiyanın həyata keçirilməsində iştirak
etdi. Bu gün isə reallaşdırılmış bitkin
dövlətçilik konsepsiyası YAP-ın sədri, cənab
Prezident İlham Əliyev tərəfindən həyata
keçirilməkdədir.
Həqiqətən, Yeni Azərbaycan
Partiyası ümummilli lider Heydər Əliyev başda olmaqla
hakimiyyətə gələnə qədər o zamankı
iqtidar nə edəcəyini, nədən
başlayacağını, hara gedəcəyini, hansı məqsəd
və resurslarla bunları edəcəyini bilmirdi. Heydər Əliyev
hakimiyyətə gələndən sonra Yeni Azərbaycan
Partiyasının rəhbərliyində partiyanın bilavasitə
iştirakı ilə dediyim işləri həyata
keçirdi. Ona görə də YAP-ın bu rakursda fəaliyyətinə
və tarixinə yanaşdıqda, bu partiya Azərbaycan
dövlətini parçalanmaqdan xilas edib, başda Heydər Əliyev
olmaqla dövlət quruculuğunu həyata keçirib, Ondan
sonra da bu proses davam etdirilir.
- Əli müəllim, məhz bu kontekstdə
Sizin dahi şəxsiyyət Heydər Əliyevlə
bağlı xatirələrinizi eşitmək istərdik...
- Ulu öndərlə ilk
tanışlığım 1990-cı ilin yanvar ayında olub.
Bilirsiniz ki, həmin zaman sovet ordusu Azərbaycan xalqının
qanını axıtmışdı, Bakıda
qırğınlar törədilmişdi və faktiki olaraq,
insanlarımız yas içərisində idi. Həmin vaxt
ümummilli lider Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələrək, bu hadisəyə qiymət və Azərbaycan
xalqına başsağlığı verdi. O dövrki SSRİ
hakimiyyətinin rəhbərliyində olan Qorbaçov, Bokatin,
Yazov və digərlərini ittiham edərək, onların nə
vaxtsa, Azərbaycan xalqı qarşısında cavab verməli
olacaqlarını bəyan etdi.
Həmin vaxtlarda mən Moskvada aspiranturada təhsil
alırdım və o zaman ümummilli liderimizlə
yaxınlaşmamız baş verdi. Təxminən 1990-cı
ilin may ayının sonu iyunun əvvəllərində Azərbaycana
gələn Heydər Əliyevi müşayiət edən 3
adamdan biri mən oldum. Lakin Mütəllibov hakimiyyəti ulu
öndərimizin qarşısına öyrədilmiş
xüsusi qrup çıxarmışdı və onlar da əsassız
olaraq deyirdilər ki, Heydər Əliyev Azərbaycana
qayıtmasın. Lakin tarixi təcrübə göstərdi
ki, həmin insanların atdıqları addımlar çox
yanlış idi. Çünki həmin vaxtda Azərbaycan
xalqının ümummilli lider Heydər Əliyev kimi dahi siyasətçiyə
ehtiyacı vardı. Amma ona Bakıda yaşamağa imkan vermədilər,
bu səbəbdən də Heydər Əliyev
Naxçıvana getməli oldu.
Mən Naxçıvanda da ümummilli
liderin yanında idim. O zaman ulu öndərin Naxçıvan fəaliyyətini
işıqlandırmaq üçün "Azadlıq" radiosu,
Amerikanın səsi, Alman dalğası və digər beynəlxalq
KİV-ə müraciətlər edirdik. Beləliklə də,
Heydər Əliyevin fəaliyyətinin Naxçıvan
dövrü başlandı.
Həmin vaxtda onun deputatlığa namizədliyi
Naxçıvan əhalisi tərəfindən irəli
sürüldü. Heydər Əliyev deputat seçiləndən
sonra isə mən təhsilimi davam etdirmək
üçün yenidən Moskvaya qayıtdım.
Ulu öndərlə növbəti təmasımız
1992-ci ildə - mən təhsilimi başa vurub
Naxçıvana qayıtdıqdan sonra oldu. O vaxt mən
Naxçıvan Dövlət Universitetində işləyirdim
və Azərbaycanın gələcəyilə bağlı
tarixi qərarın verilməsi üçün
ziyalıların ulu öndərlə görüşlərini,
müraciətini yaxından izləyirdim. Eyni zamanda, Yeni Azərbaycan
Partiyasının təsis konfransının keçirilməsində,
onun Naxçıvanda şəhər və rayon təşkilatlarının
yaradılması və təşkilatlanması prosesində də
iştirak edirdim. 1993-cü ildən Yeni Azərbaycan
Partiyasının ideoloji şöbəsinin müdiri işləməyə
başladım, 1994-cü ilin sonu 1995-ci ilin əvvəllərindən
isə Prezident Aparatının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri kimi fəaliyyətimi davam
etdirdim.
Əlbəttə ki, onunla təmasda
olduğum müddətdə bir daha əmin oldum ki, Heydər Əliyev
unikal bir ŞƏXSİYYƏT idi. Azərbaycan dövlətini
və xalqını sevməyin əsl nümunəsini ortaya
qoymuş ən böyük AZƏRBAYCANLI idi. Onun ölkəyə
rəhbərlik etməsi faktı isə dövlət idarəçiliyinin
fenomenal nümunəsini ortaya qoydu. Heydər Əliyev elə
bir dahi siyasətçi idi ki, onun düşüncələri
ölkə sərhədlərini aşaraq, qlobal səviyyəli
idarəçiliyin qurulması qüdrətində idi.
Ümummilli lider xarizmatik bir siyasətçi idi və onun
siyasi rəhbərlik nümunəsi nəinki həmin
dövrün insanları, hətta gələcək nəsillər
üçün də örnəyə çevrildi. Bu mənada
demək istərdim ki, ümummilli liderin qurduğu dövlət
və yaratdığı komanda hələ çox illər
onun ideyaları ilə yaşayacaq. Onun formalaşdırdığı
milli dövlət, siyasət perspektivdə kimlərin hakimiyyətə
gəlməsindən asılı olmayaraq, Azərbaycan
üçün yeganə inkişaf yolu olacaq. Əminəm
ki, gələcək nəsillər və partiyalar da Heydər
Əliyevin fəaliyyətini özlərinə nümunə
kimi götürəcəklər və fikirlərini,
düşüncələrini ulu öndərin təlimi
üzərində əsaslandırmağa
çalışıcaqlar.
- Bu gün isə sevindirici haldır ki,
ümummilli liderin əsasını qoyduğu siyasət
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. YAP-ın III qurultayında partiyanın sədri
seçilməsi, eyni zamanda, ölkə rəhbərliyinə
gəlməsi Azərbaycan üçün hansı dəyişiklikləri
şərtləndirdi?
- Faktiki olaraq, Prezident İlham Əliyevin həm
ölkə rəhbərliyinə gəlməsi, həm də
YAP-ın sədri seçilməsi Heydər Əliyev siyasi
kursunun dönmədən davamının qarantı idi. Təbii
ki, o zaman Heydər Əliyevin opponentləri var idi. İstənilən
zamanda, istənilən şəxsin opponenti olub. Amma siyasi varis
kimi Prezident İlham Əliyevin həm partiya, həm də
hakimiyyət başına keçməsi Heydər Əliyevin əsasını
qoyduğu siyasi kursun dönmədən, ardıcıl davam
etdirilməsi demək idi. Sözün həqiqi mənasında,
Heydər Əliyev siyasi kursunun Azərbaycanda alternativi yox idi və
yaxın 10 il ərzində bir daha gördük ki, ölkəmizin
inkişafında yeni mərhələnin
başlanğıcı oldu. Prezident İlham Əliyev hakimiyyətə
gəldikdən sonra Heydər Əliyevin Azərbaycanın
keçid dövrü üçün müəyyənləşdirdiyi
siyasəti davam etdirdi, dövlətin və xalqın
ehtiyaclarına uyğun olaraq, müəyyən korrektələr
də etdi. Bilirsiniz ki, Heydər Əliyevin əsasını
qoyduğu yeni neft strategiyası bütün gücü ilə
bu gün işləyir, Azərbaycanın imkanları getdikcə
artır və daxili, xarici çərçivəyə
sığmır, ölkəmiz bölgənin tək milli
dövləti yox, regional statuslu gücə çevrilir. Həmçinin,
Azərbaycanın iqtisadi-sosial, siyasi və digər istiqamətli
siyasəti artıq ölkə miqyasını aşmaqla qlobal
xarakter daşımağa başlayır.
Heydər Əliyev siyasətinə
yalnız müəyyən korrektələr edilir, lakin Azərbaycan
dövlətçiliyinin təməl prisiplərinin
qorunması, xalqının milli adət-ənənələrinin
saxlanması və inkişafı, ölkədə vətəndaş
cəmiyyəti quruculuğu prinsipləri və vətəndaşların
vahid düşüncə ətrafında birləşdirilməsi
ideyası nə qədər ölkəmiz var yaşayacaq.
- Prezident İlham Əliyevin YAP-ın sədri
seçilməsi partiya üçün hansı yenilikləri
şərtləndirdi?
- Prezident İlham Əliyevin YAP-a sədr
keçməsindən, ölkə rəhbəri seçilməsindən
sonra Azərbaycanın gənclik mühitində ciddi bir
canlanma müşahidə olunmağa başladı. Əlbəttə
ki, Heydər Əliyev dövlətin xilası, qurulması və
inkişafı mərhələsində əvəzedilməz
siyasətçi idi. Azərbaycan dövlətçiliyinin
yeni dövründə isə yəni, 2003-cü ildən
başlayaraq, Prezident İlham Əliyevin dövlət rəhbəri
kimi ölkə gəncliyi mühitinə yeni əhval-ruhiyyə
gətirdi. Həqiqətən də, çəkinmədən
demək olar ki, 2004-cü ildən başlayaraq, Azərbaycanın
inkişafında, YAP-ın fəaliyyətində bütün
parametrlər üzrə yeni mərhələ başladı.
- Söylədiklərinizin fonunda Yeni Azərbaycan
Partiyasının Azərbaycanın siyasi sisteminin
formalaşdırılması, demokratik ab-havanın
yaradılması prosesindəki rolunu qiymətləndirərdiniz?
- Bu, bir faktdır ki, Yeni Azərbaycan
Partiyası Azərbaycanın dövlətçiliyinin
inkişafının bitkin konsepsiyasını yaratdı,
hakimiyyətə gəlmənin sivil ənənələrini
formalaşdırdı. Bu mənada YAP 1995-ci ildə
çoxpartiyalı sistem əsasında yeni parlament
formalaşdırdı, Konstitusiyanı qəbul etdi. Bu
Konstitusiyanın isə təməl prinsipləri Azərbaycanın
demokratik inkişafını şərtləndirir,
insanların hüquq və azadlıqlarının
bütün spektrlərini təmin edir, ölkənin bazar
iqtisadiyyatı yolu ilə dünyanın qabaqcıl dövlətlərilə
inteqrasiya xəttini təlqin edir, dövlətimizi bölgənin
və dünyanın əsas inkişaf etmiş, sülhsevər
ölkələrilə birgəyaşayış
normalarına əsaslanan siyasətin həyata keçirilməsini
təşkil edir. Əlbəttə ki, YAP bütün bu
proseslərin əsasında dayanırdı. Məhz
ümummilli lider YAP-a söykənərək, dövlətçiliyimizin
qorunması və inkişafını həyata keçirirdi.
Bu gün isə Prezident İlham Əliyev YAP-a söykənərək
real siyasət həyata keçirməkdədir.
- Əli müəllim, YAP-ın İdarə
Heyətinin üzvü kimi sonda yubileyini qeyd edən
partiyamızın 600 minə qədər üzvünə
hansı sözləri çatdırmaq istərdiniz?
- Sözün həqiqi mənasında,
Yeni Azərbaycan Partiyası 20 ildə ciddi inkişaf yolu
keçib, təkmilləşib, özünün bütün
milli strukturunu formalaşdırıb. Bu gün ölkəmizin
elə bir yaşayış məkanı yoxdur ki, orada
YAP-ın özək təşkilatları olmasın. Bu mənada
YAP-ın 20 illik yubileyi münasibətilə partiya üzvlərinə
ilk növbədə, yüksək fəallıq arzu edirəm.
YAP-ın qabaqcıl nümayəndələrinin daha çox
dövlət strukturlarında
çalışdığından partiya dövlət
quruculuğu işilə məşğuldur. Lakin buna
baxmayaraq, partiyanın, xüsusilə də, gənclər təşkilatları,
ideoloji strukturları əsas aparıcı tendensiyaların
önündə dururlar. Düşünürəm ki, elə
gənclər cəmiyyətimizin aparıcı qüvvəsi
kimi proseslərin önündə durmalıdır.
Əlbəttə ki, bu gün 600 minə
qədər üzvü olan Yeni Azərbaycan Partiyası
ölkənin həyatında mühüm rol oynayır. Hazırda
olduğu kimi, gələcəkdə də dövlətin
inkişaf etdirilməsi prosesində əhəmiyyətli
mövqe tutacaq. Bu mənada bütün partiya üzvlərinə
uğurlar arzulayıram.
Azərbaycan.-2012.-
13 noyabr.- S.3.