Bakı Ali Neft Məktəbində Konstitusiya
Gününə həsr
olunmuş tədbir keçirilmişdir
Noyabrın 12-də Bakı Ali Neft Məktəbində
(BANM) Konstitusiya Gününə həsr olunmuş tədbir
keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdən
əvvəl Milli Məclis Sədrinin birinci müavini Ziyafət
Əsgərov və BANM-in rektoru Elmar Qasımov ali məktəbin
binasında ümummilli lider Heydər Əliyevin büstü
önünə gül dəstələri qoymuşlar.
Sonra təhsil ocağında
yaradılmış infrastrukturla tanışlıq
olmuşdur.
Daha sonra ali məktəbin konfrans
zalında tədbir keçirilmişdir.
Mövzu ilə bağlı
çıxış edən Ziyafət Əsgərov
bildirmişdir ki, 1995-ci ildə müstəqil
respublikamızın ilk Konstitusiyası qəbul olunmuşdur. Məlum
olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş
Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas
Qanununu qəbul edə bilməmişdir. Beləliklə, Azərbaycan
Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən
SSRİ-nin tərkibində olduğu dövrə
düşür. Ancaq Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti
yaranmışdı. Bunun üçün ümummilli lider
Heydər Əliyev başda olmaqla xüsusi komissiya
yaradılmış, Konstitusiya layihəsi ümumxalq
müzakirəsinə verilmişdir.
Azərbaycan Respublikasının ilk milli
Konstitusiyasını işləyib hazırlayan Komissiyanın
işçi qrupunun üzvü olduğunu deyən Ziyafət Əsgərov
qeyd etmişdir ki, Əsas Qanunumuz 1995-ci il noyabrın 12-də
ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul
edilmişdir. Müstəqil Azərbaycanın ilk
Konstitusiyası Azərbaycan Respublikasının dövlət
quruculuğunun əsaslarını yaratmışdır.
Müstəqilliyini bərpa edən Azərbaycan demokratik
dövlət quruculuğu yolu ilə gedərək insan
hüquq və azadlıqlarının qorunmasını
prioritet elan etmişdir. Buna görə də ulu öndər
Heydər Əliyevin tövsiyəsi ilə yeni Konstitusiyada
40-dan çox maddədə insan hüquqlarının
qorunması təsbit olunmuşdur.
Sonra referendumla Konstitusiyaya əlavə və
dəyişikliklər edildiyini xatırladan Milli Məclis Sədrinin
birinci müavini bildirmişdir ki, Əsas Qanunumuzda çoxəsrlik
dövlətçilik ənənələrinin davam etdirilməsi,
"Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında" Konstitusiya Aktında əks olunan prinsiplərin
əsas götürülməsi xüsusilə nəzərə
çarpır. Həmçinin, Konstitusiyamızda Azərbaycan dövlətinin
müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü qorumaq, demokratik quruluşa təminat
vermək, vətəndaş cəmiyyətinin bərqərar
edilməsinə nail olmaq kimi məsələlər öz əksini
tapmışdır. Xalqın iradəsinin ifadəsi kimi
qanunların aliliyini təmin edən hüquqi, dünyəvi
dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara
uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin
etmək, ümumbəşəri dəyərlərə sadiq
olaraq bütün dünya xalqları ilə dostluq, sülh və
əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə
qarşılıqlı fəaliyyət göstərmək
kimi ülvi məqsədlər Konstitusiyada təsbit
edilmişdir.
Sonda müəllimlərin və tələbələrin
mövzu ilə bağlı sualları
cavablandırılmışdır.
Azərbaycan.-2012.-
13 noyabr.- S.4.