Heydər Əliyev Mərkəzinin binası dünyanın 12 möhtəşəm tikilisi sırasındadır

 

ABŞ-ın nüfuzlu "Architectural digest" jurnalı 2012-ci il üzrə dünyanın ən böyük və möhtəşəm memarlıq nümunələrinin siyahısını tərtib etmişdir.

AzərTAc xəbər verir ki, Bakıdakı Heydər Əliyev Mərkəzinin binası 12 tikili arasında ilk beşlikdə yer almışdır.

Layihə haqqında məlumat verən "Architectural digest" jurnalında qeyd edilir ki, auditoriyalı konfrans zalı, muzeyi olan bu məkan Azərbaycan paytaxtının yeni simasının formalaşmasında mühüm rol oynayacaqdır.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli sərəncamı əsasında yaradılmışdır. Mərkəzin binasının tikintisinə 2007-ci ildən başlanılmış, 2012-ci il mayın 10-da rəsmi açılışı olmuşdur.

Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin və ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin mərkəz Azərbaycan tarixi, mədəniyyəti, Azərbaycan dilinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi və onların inkişaf etdirilməsinə xidmət edən layihələr həyata keçirir.

"Architectural digest" jurnalının tərtib etdiyi siyahıya daxil olan digər binalar bunlardır: MVRDV şirkətinin DNB qrupunun Oslodakı ofisi, Pekindəki Beynəlxalq Mətbuat Mərkəzi, London Bridge Tower, Şençjen Fond Birjası, Filadelfiyadakı Barns Fondu, Əmmandakı Queen Alia Beynəlxalq Hava Limanı, Dalyan Beynəlxalq Konfrans Mərkəzi, Çendudakı Məsaməli Məhəllə (Sliced Porosity Block), Nyu-Yorkdakı  Parrish İncəsənət Muzeyi, Quançjoudakı Pazhou Hotel, Helsinkidəki Kamppi mərkəzi.

 "Architectural digest" ABŞ-da nəşr olunan aylıq jurnaldır. 1920-ci ildə təsis edilən "Architectural digest" dünyanın ən nüfuzlu memarlıq dizayn jurnallarından biri hesab olunur.

 

 

Azərbaycan.-2012.- 13 noyabr.- S.4.