Azərbaycan və Ukrayna
Müdafiə nazirlikləri arasında 2013-cü il
üçün ikitərəfli əməkdaşlıq
planı imzalanmışdır
Ölkəmizdə səfərdə
olan Ukraynanın müdafiə naziri Dmitri Salamatin noyabrın
12-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər
Əbiyev ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, ukraynalı nazir Fəxri
xiyabanda xalqımızın ümummilli lideri, müasir
müstəqil dövlətimizin memarı və qurucusu Heydər
Əliyevin məzarını ziyarət etmiş, xatirəsini
ehtiramla anmışdır.
Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın da məzarı
ziyarət olunmuşdur.
Sonra Şəhidlər xiyabanına gələn
qonaq ölkəmizin azadlığı və suverenliyi
uğrunda mübarizədə canlarından keçmiş qəhrəman
Vətən övladlarının xatirəsini ehtiramla yad
etmişdir.
Nazirlərin əvvəlcə geniştərkibli,
sonra isə təkbətək görüşü
olmuşdur.
Səfər Əbiyev Azərbaycan ilə
Ukrayna arasında müxtəlif sahələr üzrə əlaqələrin
inkişafından söhbət açaraq bildirmişdir ki, son
illər bu əməkdaşlıq hərbi və hərbi sənaye
kompleksində də özünü geniş şəkildə
göstərir.
Görüş zamanı regionda hərbi-siyasi
vəziyyət barədə də ətraflı fikir
mübadiləsi aparılmışdır.
Müdafiə naziri Səfər Əbiyev
qeyd etmişdir ki, Ermənistanın təcavüzkar siyasətini
davam etdirməsi nəticəsində Dağlıq Qarabağ
münaqişəsi bu günədək həll edilməmişdir.
Onun sözlərinə görə, Minsk qrupunun fəaliyyəti
də heç bir nəticə verməmişdir: "20 ilə
yaxın işğal altında qalan torpaqlarda bütün
infrastruktur, maddi mədəniyyət abidələri
darmadağın edilmişdir. Ermənistan silahlı bölmələrinin
Xocalı şəhərində təsəvvürə gətirilməyən
qətliamı bütün dünyaya bəllidir".
Səfər Əbiyev bildirmişdir ki,
Azərbaycan daha bundan sonra işğal faktının
uzanmasına yol verə bilməz. O, münaqişənin
sülh şəraitində həll edilmədiyi halda,
torpaqların başqa vasitələrlə işğaldan azad
ediləcəyini vurğulamışdır.
Görüşün sonunda Azərbaycan
və Ukrayna Müdafiə nazirlikləri arasında 2013-cü
il üçün ikitərəfli əməkdaşlıq
planı imzalanmışdır.
Azərbaycan.-2012.-
13 noyabr.- S.4.