Müasir, qüdrətli və zəngin Azərbaycan naminə

 

20 illik fəaliyyətində məhz bu prinsipi rəhbər tutan Yeni Azərbaycan Partiyası ölkəni davamlı yüksəliş və tərəqqi yoluna çıxarmışdır

 

 Cəmiyyətdə mühüm siyasi prosesləri istiqamətləndirən, tarixi inkişafın gedişini əvvəlcədən müəyyənləşdirməyə qabil olan fenomen siyasi liderlər bir qayda olaraq ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. Çoxluğun mənafeyini ideya-məfkurəsində, qarşıya qoyduğu məqsəd və məramlarda təcəssüm etdirən belə nüfuzlu şəxsiyyətlər dövlət hakimiyyətini ölkənin, sadəcə, bugünkü mənafeyi baxımından deyil, həm də gələcək mənafeyi baxımından təşkil etməyə, dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq yeni dünya nizamı ilə çuğlaşan optimal dövlət modeli yaratmağa çalışırlar. Real siyasət də məhz belə siyasi liderlərin davranışlarına, bütövlükdə cəmiyyət həyatına təsir göstərən qərarlarına əsaslanır.

 

İqtisadi tənəzzül və xaos mərhələsi

 

Müasir nəzəriyyələr göstərir ki, ictimai-iqtisadi formasiyadan asılı olmayaraq cəmiyyət və dövlət idarəçiliyi üçün şəxsiyyət-lider amili aktuallığını daim qoruyub saxlayır. Xarizmatik liderlik keyfiyyətlərinə malik şəxsiyyətlər sosial-iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni kataklizmlər dövründə xalqa düzgün yolu göstərən mayak və xilaskar missiyasında çıxış edirlər. Azərbaycanlıların əsrlər boyu cilalanaraq formalaşan güclü, istiqamətverici, gerçək ümummilli lider idealı isə məhz ümummilli lider Heydər Əliyevin şəxsiyyətində həqiqətə çevrildi.

Azərbaycan xalqı soyuq müharibənin başa çatması və ittifaqın süqutu ilə bağlı 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasına nail olsa da, hakimiyyətdə xalqın etimad göstərdiyi, dəstəklədiyi siyasi qüvvənin olmaması ilkin mərhələdə özünü ciddi problem kimi göstərmiş, ölkədə xüsusən də sosial-iqtisadi tənəzzülün dərinləşməsinə gətirib çıxarmışdı. Əmək qabiliyyətli insanların iş yerlərini itirməsi, istehsal-kooperasiya əlaqələrinin qırılması, müəssisələrin əksəriyyətinin fəaliyyətlərini məhdudlaşdırması və yaxud dayandırması, işçilərin kütləvi surətdə işdən çıxarılması, əhalinin gəlirlərinin əsas hissəsini təşkil edən əməkhaqqının səviyyəsinin real ifadədə aşağı düşməsi, inflyasiya prosesinin sürətlənməsi vəziyyəti ağırlaşdırırdı.

Azad sahibkarlığın möhkəm əsaslar üzərində təşəkkül tapmadığı bu dövrdə bazar konyunkturuna uyğun olmayan məhsul istehsalına rəvac verilməsi iqtisadi proseslərin daha gərgin məcraya yönəlməsinə səbəb olurdu. İstehsalın şəraitə uyğunsuzluğu nəticəsində konkret alıcı auditoriyası tapmayan məhsullar tədavül dairəsində əmtəəlik məhsul ehtiyatı kimi yığılıb qalmaqda və iqtisadiyyatın inkişafında əlavə yükə çevrilməkdə idi. İstehsal ilə istehlak arasında yaranmış disbalans iqtisadi böhranın daha da dərinləşməsi ilə xarakterizə olunurdu, problemlərin miqyasını genişləndirirdi.

Həmin dövrdə sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan əməkhaqqının və sosial ödənişlərin yüksəldilməsi cəhdləri, çoxsaylı güzəştlərin tətbiqi inflyasiya prosesinin daha da sürətlənməsinə, hiperinflyasiyaya çevrilməsinə gətirib çıxardı. 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən 2,07 dəfə artdı, növbəti illərdə isə bu artım bir neçə dəfə sürətləndi. 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10,12 dəfə, 1993-cü ildə 1992-ci ilə nisbətən 12,3 dəfə, 1994-cü ildə 1993-cü ilə nisbətən 17,63 dəfə artmışdı. Ümumilikdə 1991-1994-cü illərdə iqtisadiyyatda ümumi daxili məhsul (ÜDM) istehsalı hər il orta hesabla 16,5 faiz azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə 37 faiz, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının, demək olar ki, üçdə ikisini itirmiş, büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1 faizdən 1994-cü ildə 13 faizə çatmışdı. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun, xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsini 250 faizə çatdırması bank sektorunda vəziyyətin idarəolunmaz vəziyyətə düşməsindən xəbər verirdi.

Sosial gərginlik də özünü daha qabarıq biruzə verirdi. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsi və sistemsiz epizodik tədbirlər bazar iqtisadiyyatının aparıcı elementlərindən sayılan sahibkarlıq institutunun inkişafını ləngidirdi. Bu da milli iqtisadiyyatın müxtəlif sahələrinin böhran mərhələsinə düşməsinə təsirini mütləq göstərməli idi. Xarici ticari fəaliyyət, həmçinin zəruri təşkilati-hüquqi baza yaradılması sahəsində təcrübəsizlik ona gətirib çıxarmışdı ki, müəssisələr, xüsusilə yeni yaranmış bazar strukturları dəyəri yüz milyonlarla ölçülən neft məhsullarını, alüminiumu, pambığı və digər strateji əhəmiyyətli məhsulları dünya qiymətlərindən xeyli aşağı qiymətə ixrac edirdi.

Maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını zərurətə çevirsə də, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkəni bürümüş daxili ziddiyyətlər, səbatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirirdi. Eyni zamanda, aparılan danışıqlarda Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu. Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə ilkin mərhələdə aparılan danışıqlar artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi.

 

YAP-ın iqtisadi hədəfləri

 

 Belə ağır sosial-iqtisadi, siyasi və mənəvi böhran şəraitində respublikanın gələcəyini düşünən, reallığı düzgün qiymətləndirməyi bacaran nüfuzlu ziyalılar xalqın düçar olduğu bəlalardan qurtulması üçün çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdülər. Ölkənin xaos və anarxiyaya sürüklənməsindən cana doymuş insanlar Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək üçün Konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər keçirir, dahi strateqin yenidən böyük siyasətə qayıdışını tələb edirdilər. Nəhayət, respublikanın mütərəqqi fikirli ziyalıları 1992-ci ilin iyun ayında yeni siyasi mübarizə yolu seçərək ümummilli liderimizin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayında Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması xahişi ilə müraciət etdilər. Müraciətdə bir sıra vacib məsələlərlə yanaşı, ölkədə sosial-iqtisadi vəziyyətin ağırlığı, ölkənin təbii sərvətlərinin talan edilməsi və digər məsələlər ziyalı yanğısı ilə önə çəkilirdi.

Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial gərginlik xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları ciddi narahat edirdi. Məhz buna görə də Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni partiya yaratmaq təşəbbüsü ilə çıxış edir, xalqın sınanmış lideri Heydər Əliyevin məsuliyyəti öz üzərinə götürməsini istəyirdilər.

Azərbaycanın bütövlüyünün təhlükə qarşısında qalması, ölkədə hökm sürən hərc-mərclik, vətəndaş qarşıdurması, insanların yaşayış səviyyəsinin dözülməzliyi və bu vəziyyətin getdikcə daha şiddətli hal alması ilə bağlı ziyalıların narahatlığını və həyəcanını bölüşən Heydər Əliyev 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda yaranmış vəziyyəti təhlil etmiş və çıxış yollarını göstərmişdi. Məktubda vurğulanırdı ki, ölkəmizin qarşısında duran vəzifələr - müstəqil dövlətin qurulması, milli-demokratik dövlət atributlarının formalaşdırılması, dövlətin suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması, vətəndaşların dinc, firavan həyat səviyyəsinin təmin edilməsi, iqtisadi böhranın aradan qaldırılması və sair taleyüklü məsələlərdir. Və bütün bunlar həm ölkə rəhbərliyindən, həm də hər bir vətəndaşdan ciddi səylər tələb edir.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın ozamankı durumu və yaranmış təhlükəli vəziyyətdə çıxış yolunu göstərən, onun müdrik tövsiyələrini əks etdirən bu məktubu sonralar YAP-ın fəaliyyətinin əsas prinsip və istiqamətlərini təşkil etmişdi. Ümumilikdə ulu öndərin ziyalıların müraciətinə verdiyi müsbət cavab Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyətin altına girməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqləyirdi. Məhz zamanın reallıqları üzərində qurulan, obyektiv təhlildən qaynaqlanan həmin uzaqgörən həyat proqramı ilə Azərbaycan xilas edilmiş, sabitlik, tərəqqi və yüksəliş yoluna qədəm qoymuşdu. Təsadüfi deyildi ki, 1992-ci il noyabrın 21-də siyasi həyata vəsiqə alan YAP-ın iqtisadi və sosial proqramında ölkənin üzləşdiyi böhranlı vəziyyət dolğun əksini tapmışdı: "Azərbaycan iqtisadiyyatının vəziyyəti barədə statistik məlumatlar insanı dəhşətə gətirir. Respublika tükənməz sərvətlərə: zəngin sənaye, kənd təsərrüfatı və intellektual potensiala, əsaslı istehsal fondlarına, istənilən qədər işçi qüvvəsinə malikdir. Bütün bunlardan Azərbaycanın müstəqilliyini möhkəmlətmək və əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün səmərəli istifadə olunmalıdır".

YAP qısa müddətdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq fəaliyyətə başlayan, cəmiyyətdə özünə möhkəm dayaqlar tapan güclü siyasi təşkilata çevrilərək qarşıya qoyduğu hədəflərə doğru əzmlə irəliləməyə başladı. Partiya Nizamnaməsinin 2-ci maddəsində onun qarşıya qoyduğu iqtisadi hədəflər bir daha dolğun əksini tapmışdı. Həmin maddənin indi də qüvvədə olan bir sıra bəndlərində partiyanın iqtisadi məqsədlərinə nail olması üçün görəcəyi işlər əksini tapmışdır:

- müstəqil, demokratik, hüquqi, dünyəvi və sosialyönümlü dövlətin qurulması naminə birgə səy göstərmək istəyən Azərbaycan vətəndaşlarını öz ətrafında birləşdirmək və partiya işinə cəlb etmək;

- peşəkar idarəetmə və demokratik prinsiplər əsasında dövlət quruculuğunu inkişaf etdirmək, siyasi, hüquqi, iqtisadi və sosial islahatları dərinləşdirmək üçün əsaslı təkliflər, proqramlar və platformalar hazırlamaq;

- Azərbaycan Respublikasının reallıqlarını və xüsusiyyətlərini nəzərə alan mərhələli, davamlı siyasi, iqtisadi və sosial islahatlar bazasında cəmiyyəti tədricən, dinamik surətdə inkişaf etdirmək;

- bazar iqtisadiyyatının və azad sahibkarlığın inkişafı yolu ilə istehsalın yüksəldilməsinə, vətəndaşların rifah halının təmin olunmasına, ölkədə fəal sosial siyasətin həyata keçirilməsinə nail olmaq.

Yeni Azərbaycan Partiyasının 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra qarşıya qoyduğu ən başlıca məqsəd də məhz ölkəni iqtisadi tənəzzüldən qurtarmaqla, vətəndaşların yüksək sosial rifahını təmin etmək, sosial ədaləti qorumaq idi. Sosial ədalət dedikdə, partiya ilk növbədə hamının bilik və bacarığı, imkanları səviyyəsində bərabər bəhrələnə biləcəyi azad bazar iqtisadiyyatının formalaşdırılmasını önə çəkirdi. Partiyanın qənaətincə, hüquqi dövlətdə hər bir insan özünün fərdi keyfiyyətlərindən asılı olaraq hamı üçün yaradılan bərabər şəraitdən, qanun və imkanlar qarşısındakı bərabərlikdən məharətlə istifadə edib maddi və mənəvi tələbatlarını eyni dərəcədə ödəyə bilmir. Lakin sosialyönümlü iqtisadiyyata malik dövlətlərdə dövlət vergi, sosial və məqsədli yardım mexanizmlərindən istifadə edərək, cəmiyyətin ən imkanlı təbəqələrinin imkansızlara yardımını və onların yaşayışı üçün minimum həyat şəraitinin təmin olunmasını təşkil edir. Belə cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir. Yeni Azərbaycan Partiyasının məqsədlərindən birini təşkil edən sosial dövlət yaratmaq ideyası sosial ədaləti partiyanın istinad etdiyi əsas prinsiplərdən birinə çevirmişdir.

 

Sosialyönümlü siyasət prioritetdir

 

 Ulu öndər Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf modeli 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş ilk milli Konstitusiyada da dolğun əksini tapmışdır. Dövlətin diqqət sahəsində olan sosial siyasətin konturlarını və vəzifələrini özündə əks etdirən Əsas Qanunun 16-cı maddəsinin 1-ci bəndində deyilir: "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır".

Planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçid şəraitində ümummilli liderin ölkənin böyük perspektivlərinə hesablanmış strateji inkişaf proqramının başlıca məqsədlərindən biri xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi idi. YAP platformasında əksini tapmış sosialyönümlülük prinsipini daim əsas götürən Heydər Əliyevin bu istiqamətdə qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda ölkə və cəmiyyət reallıqlarını nəzərə alan məqsədyönlü siyasəti cəmiyyətdə özünü göstərən sosial ziddiyyətlərin aradan qaldırılmasına xidmət edirdi. Bunun da nəticəsində 1995-2003-cü illərdə ölkədə sosial təminatlar, sığorta və sosial xidmətlər, hamı üçün mümkün ola bilən təhsil, səhiyyə, mədəniyyət sistemləri inkişaf etdirildi. Vətəndaşlara göstərilən dövlət yardımları artırıldı, əməyin və insanların sağlamlığının qorunması prosesi gücləndi. Məsələn, 1997-ci ildə pensiya qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra 1993-cü ilə qədər təqaüdə çıxmış 650 min vətəndaşın pensiya məbləği 2,2 dəfə artırıldı, əlillərin, tənha, ahıl vətəndaşların və sosial təqaüdçülərin pensiyalarının üzərinə əlavə müavinətlər hesablandı. 1998-ci ilin avqust ayının 1-dən pensiyaların yeni hesablanma mexanizminin tətbiqi nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyalarının məbləği 2 dəfədən çox artırıldı. Minimum pensiya ilə daha yüksək pensiya alanlar arasında uyğunsuzluğu aradan qaldırmaq üçün 1 yanvar 2000-ci ildən 450 min nəfərin pensiyasının minimum məbləğinin artırılması məqsədilə dövlət büdcəsindən müvafiq həcmdə vəsait ayrıldı. Həmin ilin noyabr ayından isə sosial pensiyaçılara dövlət qayğısının nəticəsi olaraq onların pensiyalarının üzərinə aylıq müavinət hesablandı. Ulu öndər Heydər Əliyevin 29 dekabr 2000-ci il tarixli "Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşa dövlət yardımının artırılması haqqında" sərəncamına əsasən, ölkəmizi erməni təcavüzündən müdafiə edərkən və 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə verilən aylıq müavinətlər artırıldı. Növbəti ildə isə bu kateqoriyadan olan insanlara hesablanan aylıq müavinətlər orta hesabla yenidən 50 faizə kimi çoxaldıldı.

1998-ci ilin oktyabrında keçirilmiş prezident seçkilərində YAP-ın növbəti dəfə layiqli qələbə qazanması göstərirdi ki, ölkə rəhbərliyinin həyata keçirdiyi islahatlar cəmiyyətdən ciddi siyasi dəstək alır. Yeni Azərbaycan Partiyasının 1999-cu ilin dekabr ayında keçirilmiş I qurultayı təşkilatın yarandığı gündən böyük ictimai dəyər kəsb edən milli və ümumbəşəri ideyalarla silahlandığını, konkret dövr üçün qarşıya qoyduğu iqtisadi vəzifələrin öhdəsindən əzmlə gəldiyini bir daha təsdiq edirdi. Qurultaydakı dərin məzmunlu çıxışında ölkənin iqtisadi göstəricilərinə xüsusi diqqət çəkən Heydər Əliyev bildirirdi ki, Azərbaycanın dinamik inkişafı Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Birliyinin İqtisadi Komissiyası və digər beynəlxalq təşkilatların hesabatlarında dolğun əksini tapır. Ulu öndər Heydər Əliyev məruzəsində vurğulayırdı ki, milli iqtisadiyyatda islahatların aparılması, insanlara sərbəstlik verilməsi, dünya təsərrüfat sisteminə inteqrasiya, ölkəyə xarici sərmayələrin cəlb olunması kompleks iqtisadi proseslərdir: "Bunları bu qısa müddətdə həyata keçirmək, inanın, asan iş deyildir. Həm də bizim göstəricilərimiz Müstəqil Dövlətlər Birliyi ölkələrinin göstəriciləri içərisində yüksək yerləri tutur. Ona görə də biz son illərdə əhalinin rifah halının yaxşılaşdırılmasına nail ola bilmişik. Ona görə də maaşları, - burada deyildi, - dəfələrlə artıra bilmişik, pensiyaları artıra bilmişik. ...Əgər biz iqtisadi islahatları ağıllı, düşüncəli və uzaqgörənliklə aparmasaydıq, bu nailiyyətləri əldə edə bilməzdik. Məsələn, təsəvvür edin, indi, - mən bu ili götürürəm, - Azərbaycanda əldə olunan ümumi daxili məhsulun 60 faizi özəl sektorun hesabınadır. Bu, islahatların nəticəsidir. Sənayedə 30 faiz özəl sektorun hesabınadır. Kənd təsərrüfatında 98 faiz, ticarətdə 98 faiz, tikintidə təxminən 60-70 faiz, yük daşımalarında təxminən 45-50 faiz özəl sektorun hesabınadır. Demək, bizim iqtisadi islahatlarımız öz konkret nəticələrini verir".

Partiyanın I qurultayının qətnaməsində 1993-1999-cu illərdə əldə olunan uğurlar dolğun əksini tapmışdı. Sənəddə göstərilirdi ki, Heydər Əliyevin altı illik iqtidarı dövründə Azərbaycanın təbii ehtiyatlarından və əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə olunmuş, ölkədə bazar iqtisadiyyatının bərqərar olması məqsədi ilə həyata keçirilən cəsarətli, düşünülmüş və ardıcıl islahatlar uğurlu nəticələr vermişdir. Qurultay ölkədə aparılan iqtisadi islahatları və onların nəticələrini qənaətbəxş hesab edərək bunların xalqın güzəranının yaxşılaşdırılması, sosial müdafiəsi məsələlərinə yönəldilməsinin vacibliyini qeyd edir, bu işlərin davam etdirilməsini zəruri sayırdı. Həmçinin razılıq hissi ilə qeyd edirdi ki, partiyanın fəaliyyət proqramında aparıcı vəzifələrdən biri kimi göstərilmiş hər bir Azərbaycan vətəndaşına dinc, firavan və layiqli həyat bəxş etmək məqsədinin həyata keçirilməsi istiqamətində ötən  illərdə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, onlarca mühüm qərar, sərəncam və fərman imzalanmışdır. Qurultay əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində mühüm dövlət tədbirlərinin həyata keçirilməsini, o cümlədən aztəminatlı ailələrin, əlillərin, şəhid ailələri və ailə başçısını itirənlərin pensiya və müavinətlərinin artırılmasını, təhsil, səhiyyə, kütləvi informasiya vasitələri, bədən tərbiyəsi və sosial təminat sistemində çalışan işçilərin, eləcə də mədəniyyət, incəsənət və elm işçilərinin vəzifə maaşlarının artırılmasını böyük razılıq hissi ilə qeyd edirdi.

Partiyanın 2001-ci ilin dekabrında keçirilmiş II qurultayında Heydər Əliyev bir sıra iqtisadi məsələlərlə yanaşı, vətəndaşların sosial rifahı baxımından ölkədə inflyasiyanın səviyyəsinin aşağı olması faktına xüsusi diqqət çəkirdi: "Təsəvvür edin. Əgər 1991-1995-ci illərdə inflyasiyanın səviyyəsi ildə 14-18 dəfə, yəni 1800 faiz artırdısa, 1996-2001-ci illərdə, yəni beş ildə artım cəmi 16 faiz olmuşdur. Yəni, demək olar ki, inflyasiya yoxdur və bu 16 faiz də tamamilə təbiidir. Bu, maliyyə sistemində olan təbii bir şeydir. Azərbaycan MDB ölkələri içərisində, demək olar, yeganə ölkədir ki, artıq 5-6 ildir biz inflyasiyanın qarşısını almışıq".

 

 İqtisadi islahatlarda novatorçuluq xətti

 

 2003-cü ilin 15 oktyabrında ulu öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək cəmiyyətə layiqli siyasi varisi kimi təqdim etdiyi cənab İlham Əliyevin prezident seçkilərindəki layiqli qələbəsi Yeni Azərbaycan Partiyasının sosial-iqtisadi proqramının uğurla həyata keçirilməsində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olmuşdur. Partiyanın 2005-ci və 2008-ci illərdə keçirilmiş III və IV qurultaylarında ölkənin sosialyönümlü iqtisadi siyasətinin mahiyyətində insan amilinin dayanması bir daha təqdir olunmuş, həyata keçirilən çoxşaxəli islahatların vətəndaşların mənafeyinə cavab verdiyi birmənalı vurğulanmışdır.

Partiyanın III qurultayının qətnaməsində müstəqil Azərbaycan dövlətinin Heydər Əliyev siyasətinə əsaslanan yeni inkişaf tempi Prezident İlham Əliyevin irəli sürdüyü "müasir, qüdrətli və zəngin Azərbaycan naminə" çağırışı ilə daha da sürətlənmişdir. Bu siyasət real təsdiqini Azərbaycanın milli maraqlarının qorunmasında, siyasi, hərbi və iqtisadi təhlükəsizliyinin təmin edilməsində, sosial-iqtisadi islahatların daha da dərinləşməsində, iqtisadi tərəqqiyə nail olunmasında, vətəndaşların hüquq və azadlıqlarının ardıcıl və davamlı şəkildə qorunmasında tapır. Qurultayda dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev ölkənin iqtisadi uğurlarında 1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi"nin müstəsna rolunu qeyd etmişdir: "Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində ölkəmizə milyardlarla dollar xarici sərmayə gətirilibdir. Yenə də deyirəm, əgər 1994-cü ildə, o çətin şəraitdə "Əsrin müqaviləsi" imzalanmasaydı, ondan sonrakı dövr ərzində bütün infrastruktur layihələri həyata keçirilməsəydi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı, bu gün Azərbaycanda iqtisadi inkişafdan ümumiyyətlə söhbət gedə bilməzdi. Azərbaycanın bir çox sahəsi məhz "Əsrin müqaviləsi"ndən sonra inkişaf etməyə başladı... Bu gün Azərbaycanın valyuta ehtiyatları 2 milyard dollara bərabərdir. Bu, böyük sərvətdir və biz də ondan Azərbaycan xalqının milli maraqlarının qorunması üçün, dövlətimizin möhkəmlənməsi üçün istifadə edirik. Mən hesab edirəm ki, iqtisadi inkişafda müsbət meyillər sürətlə gedir və Azərbaycan öz iqtisadi potensialını günü-gündən gücləndirir".

Yeni Azərbaycan Partiyasının 2008-ci ilin prezident seçkiləri ərəfəsində keçirilən IV qurultayında həmin dövr üçün əldə olunmuş böyük iqtisadi nailiyyətlərə nəzər salınmışdır. Qurultayın qətnaməsində ölkənin iqtisadiyyatının 2 dəfə, dövlət büdcəsinin həcminin 10 dəfədən çox artması; Azərbaycanın 4 il dalbadal dünyada ən yüksək iqtisadi inkişaf göstəricilərini nümayiş etdirməsi; ölkəmizin birmənalı şəkildə bölgənin lider dövləti kimi etiraf olunması; 650 mindən çox yeni iş yerlərinin açılması ilə ölkədə məşğulluğun mənzərəsinin kökündən dəyişdirilməsi; dövlət büdcəsi hesabına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə dəstəyi ilə 1200-dən çox yeni məktəbin tikilməsi və ya əsaslı təmir edilməsi, respublikanın bütün regionlarında onlarca ən müasir səhiyyə ocaqlarının əhalinin istifadəsinə verilməsi; quruculuq-abadlıq işlərinin və müasir infrastruktur layihələrinın Azərbaycanın simasını büsbütün yeniləşdirməsi və müasirləşdirməsi; Azərbaycanın bütün regionlarının sürətli inkişafına təkan verən yeni konsepsiya əsasında ölkənin tarazlı inkişafının təmin edilməsi; uzun illər Azərbaycanın yaşadığı humanitar fəlakətin acı mənzərəsi olan çadır şəhərciklərinin bütünlüklə ləğv edilərək əvəzində yeni salınan və hər cür şəraiti olan 56 müasir qəsəbənin məcburi köçkünlərin həyatına tamamilə yeni məna verməsi; ölkənin artan iqtisadi gücünün hərbi-siyasi və diplomatik gücə çevrilməsi sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın mövqelərinin həlledici dərəcədə güclənməsi; bunların məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin şəxsi nüfuzunun yüksəlməsi, regional və beynəlxalq proseslərə fəal təsir göstərən lider kimi birmənalı şəkildə etiraf olunması xüsusi vurğulanırdı.

Qurultayda dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev 2004-2008-ci illərdə ölkə iqtisadiyyatının 2 dəfə artmasını mühüm uğurlardan biri kimi dəyərləndirirdi: "Doğrudan da son dörd il ərzində iqtisadiyyatımız 2 dəfə artıbdır. Büdcə xərclərimiz 10 dəfədən çox artıbdır. Ölkədə geniş quruculuq-abadlıq işləri aparılır. Demək olar ki, bütün infrastruktur yeniləşir, yeni sənaye müəssisələri açılır, yollar salınır, Azərbaycanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapıbdır. Biz sosial məsələlərin həlli üçün də çalışırıq və bundan sonra da çalışacağıq. Həm sosial infrastrukturun yeniləşməsi, yaradılması sahəsində görülən işlər, həm də insanların sosial müdafiəsinin güclənməsi sahəsində işlər davam edəcəkdir. Bir sözlə, bizim sosial siyasətimiz çox güclüdür".

 

"Güclü dövlət - sosial rifah!"

 

YAP-ın IV qurultayından ötən illər ərzində müstəqil respublikamız iqtisadi sahədə daha da möhkəmlənmiş, 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vuraraq sosiomədəni modernləşmə mərhələsinə qədəm qoymuşdur. Bir sıra Avropa ölkələrində qlobal böhranın mənfi təsirləri qabarıq duyulduğu halda, Azərbaycan sosialyönümlü siyasətinə sadiqliyini nümayiş etdirir. Ümumilikdə YAP-ın son 20 illik fəaliyyətinin məntiqi yekunu olaraq partiyanın rəhbər tutduğu "Güclü dövlət - sosial rifah" devizinin son illərdə uğurla gerçəkləşdirildiyini əminliklə söyləmək mümkündür.

Azərbaycanın son illərdəki dövlət büdcəsinə nəzər saldıqda həyata keçirilən sosial-iqtisadi islahatların səmərəli nəticələri özünü əyani şəkildə nümayiş etdirir. 2003-cü ildən respublikada büdcə gəlirlərinin orta illik artımı 20-30% təşkil etmişdir və bu da regionda ən optimal göstəricilərdən sayılır. Məsələn, 2003-cü ildə təxminən 1 milyard 200 milyon manat təşkil edən Azərbaycanın dövlət büdcəsi ötən illərdə 12 dəfədən çox artaraq 2012-ci ildə 17 milyard manatı keçmişdir. "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi Avropada qlobal böhranın mənfi təsirlərinin hələ də qabarıq duyulduğu bir dövrdə respublikamızın qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyən ölkələr sırasında olduğunu bir daha təsdiqləyir. 2013-cü ilin dövlət büdcəsi ölkənin sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, qeyri-neft sektorunun, sahibkarlığın inkişafına, sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının yaxşılaşdırılmasına maliyyə təminatı yaradır.

Büdcə zərfində diqqət çəkən mühüm məqamlardan biri də sosial və investisiya xərclərinin prioritetliyinin qorunub saxlanılmasıdır. Hər iki sahəyə ayrılan vəsaitlərin həcminin ilbəil artırılması Azərbaycanın sosial dövlət konsepsiyasına sadiqliyini göstərir. 2013-cü ildə sosial xərclərin xüsusi çəkisində də müəyyən artımın olacağı proqnozlaşdırılır. Büdcədən sosial müdafiə və təminat xərcləri üçün 1 milyard 813,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Əməyin ödənişi üçün 2 milyard 822,6 milyon manat, təqaüdlər, sosial müavinətlərə 1 milyard 750,2 milyon manat vəsait yönəldilməsi nəzərdə tutulmuşdur. 2013-cü ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm, elmi-tədqiqat, təhsil, səhiyyə, sosial təminat, kənd təsərrüfatı, hüquq-mühafizə orqanlarında çalışan dövlət qulluqçularının aylıq əməkhaqları, habelə pensiyaların orta hesabla 10-20 faiz artırılması nəzərdə tutulur.

Gələn ilin dövlət büdcəsi müxtəlif sosial layihələrin, eləcə də ipoteka proqramlarında vəsaitlərin artırılması ilə də diqqəti cəlb edir. Əgər 2012-ci ildə ipoteka kreditləşməsi üçün cəmi 20 milyon manat ayrılmışdısa, 2013-cü ildə bu rəqəm 50 milyon manat təşkil edəcəkdir. İqtisadçı ekspertlərin fikrincə, bu vəsait hesabına azı 1300-dən çox ailənin mənzil probleminin həllinə nail olmaq mümkündür.

Bütün bunlar, ilk növbədə, 20 illik yubileyini qeyd edən Yeni Azərbayan Partiyasının iqtisadi nailiyyətlərinin nəticəsidir. Partiyanın hakimiyyəti illərində müstəqil respublikamızın əldə etdiyi böyük nailiyyətlər YAP-ın ictimai dəyər kəsb edən güclü iqtisadi ideyalarla silahlandığını danılmaz həqiqət kimi ortaya qoymuşdur. Partiyanın proqramında irəli sürülmüş başlıca vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, ölkənin ərazi bütövlüyünün bərpası, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Bu mütərəqqi dəyər və ideyalar Azərbaycan xalqının bütün təbəqələrinin ümumi mənafelərini, arzu və istəklərini ifadə edir. 20 ildə böyük inkişafa nail olmuş YAP ideyalarının xalqa daha cəlbedici və yaxın olması ilə ölkənin siyasi həyatında mühüm rol oynamaq qüdrətini tam təsdiqləmişdir. Əminliklə demək olar ki, Azərbaycan hakim partiyanın uğurlu iqtisadi platforması əsasında 2020-ci ilədək qarşıya qoyduğu ən ali məqsədə də nail olacaq, ümumi daxili məhsulu 2 dəfəyədək artıraraq inkişaf etmiş ölkələrlə eyni cərgədə dayanacaqdır.

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-1"

 kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor,

 Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər

Təşkilatının Ali Məclisinin sədri

 

Azərbaycan.-2012.- 13 noyabr.- S.5.