Mütərəqqi dəyərlərə
söykənən Konstitusiya
Hüquqi
nizamlama prosesi bəşər tarixində ilk qanunlar qəbul
ediləndən etibarən cəmiyyət həyatının
bütün sferalarında münasibətlərin tənzimlənməsində,
sivil xarakter almasında və tərəqqisində əsas rol
oynayır. Bu prosesdə yer alan qanunlar həm çox, həm
də müxtəlifdir. Hüquqi nizamlamada yer alan sənədlər
arasında ən alisi dövlətin mahiyyətini
açıqlayan, qanunvericilik, icra və məhkəmə
orqanlarının funksiyalarını əks etdirən cəmiyyət,
şəxsiyyət və dövlət arasındakı qarşılıqlı
sivil münasibətləri müəyyən edən
Konstitusiyadır.
Elə buna
görə də Konstitusiya hər bir sivil ölkənin əsas
qanunu kimi ən ali hüquqi qüvvəyə malikdir. Bu ali sənəd
dövlətin quruluşunun və təməlinin prinsiplərini,
cəmiyyətin siyasi, hüquqi və iqtisadi əsaslarını
təsbit etməklə bərabər vətəndaş
hüquqlarını özündə əks etdirir, ölkənin
inkişaf prioritetlərini müəyyən edir. Bu mənada həyatının
hər bir sahəsində dövlət siyasətinin ümumi
istiqamətlərini təsbit edən Konstitusiya
özünün ali hüquqi xüsusiyyətləri ilə hər
bir xalqın və dövlətin həyatında xüsusi rola
malikdir. Odur ki, Konstitusiyanın qəbul edildiyi gün hər
bir ölkədə xüsusi qeyd edilir. Ölkəmizdə də
belədir. Noyabrın 12-si müstəqil Azərbaycan dövlətinin
Konstitusiyasının qəbul olunduğu gündür.
Məlumdur ki,
respublikamızın Konstitusiyanın qəbul olunduğu tarixə
doğru yolu heç də asan olmayıb. Bu yol
qanlı-qadalı günlərdən, təhlükələrdən,
o zaman kövrək olan müstəqilliyimizi yenidən itirmək
təhlükəsindən keçib. Yeni yaranan, müstəqilliyə
qovuşan və ya köklü siyasi-iqtisadi dəyişikliklərin
həyata keçirildiyi ölkələrdə ilk vəzifələrdən
biri məhz Konstitusiyanın qəbuludur. 1991-ci il oktyabr
ayının 18-də qəbul edilən "Azərbaycan
Respublikasının Müstəqilliyi haqqında Konstitusiya
Aktı"nda ölkəmizin yeni Konstitusiyasının
hazırlanması ilə bağlı müddəa öz əksini
tapmışdı. Lakin 1993-cü ilə qədər Azərbaycanda
hakimiyyətdə olan iqtidarlar bu barədə nəinki
düşünmədilər, hətta Konstitusiya
Aktının digər müddəalarını
tapdaladılar.
Yalnız
ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışından sonra müstəqil Azərbaycan
dövlətinin Konstitusiyasının qəbulu məsələsi
gündəmə gəldi. Müstəqilliyin itirilməsi və
vətəndaş qarşıdurması təhlükələrini
böyük siyasi uzaqgörənliklə aradan qaldıran,
siyasi-ictimai sabitliyi bərqərar edən ulu öndər
ölkəmizin yeni qanunvericilik bazasının
formalaşdırılması məsələsini də diqqətdə
saxlayırdı. İlk addım isə yeni Konstitusiyanın qəbul
olunması idi. Digər tərəfdən, Heydər Əliyevin
rəhbərliyi ilə başlanan islahatlar artıq Azərbaycanda
qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi
dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial
qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini
təmin edən yeni milli Konstitusiyanın qəbulunu da gündəmə
gətirmişdi. Bu isə yeni dövrün
çağırış və tələblərinə
cavab verməli, müstəqil Azərbaycan dövlətinin və
onun xalqının milli maraqlarını, ölkənin
özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi
dəyərləri unikal formada özündə əks etdirən
hüquqi sənəd olmalı idi.
1994-cü ilin
iyul ayında Milli Məclisin iclasında ulu öndər Heydər
Əliyevin sədrliyi ilə konstitusiya layihəsinin
hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə
başlaması qərara alındı. Heydər Əliyev dəfələrlə
layihənin açıq müzakirəsini təşkil etdi.
Ali sənədin ən yetkin formada olması üçün
ulu öndər layihə hazırlanan zaman onun hər bir
müddəasını şəxsən nəzərdən
keçirmiş, dövlətin gələcək taleyi,
demokratik imici baxımından bu işə son dərəcə
həssaslıqla yanaşmışdı.
Bütün
müzakirələrin nəticəsi olaraq 1995-ci il noyabrın
12-də Azərbaycan vətəndaşları böyük ruh
yüksəkliyi şəraitində ümumxalq səsverməsi
yolu ilə müstəqil dövlətimizin ilk
Konstitusiyasını qəbul etdilər. Ölkəmizdə
belə bir yüksək səviyyəli Konstitusiyanın qəbul
olunması təsadüfi hal olmayıb, çoxəsrlik
dövlətçilik ənənələrinin,
xalqımızın keçdiyi tarixi inkişaf yolunun məntiqi
nəticəsi idi. Bununla ölkəmizin və
xalqımızın dövlətçilik tarixinə yeni bir
şanlı səhifə yazıldı. Uzunmüddətli gərgin
əməyin məhsulu olan Konstitusiya öz demokratikliyi,
humanistliyi və dolğunluğu ilə seçilərək
ölkəmizdə vətəndaşların hüquq və
azadlıqlarının təmin edilməsi və müstəqil
dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli
zəmin yaratdı. Xalqımızın demokratik dövlət
qurmaq və dünya birliyində layiqli yer tutmaq istəyini
nümayiş etdirdi.
Konstitusiyanın
qəbulundan bir il sonra - Konstitusiya Günü münasibətilə
Azərbaycan xalqına təbrikində ulu öndər Heydər
Əliyev demişdir: "Bu Konstitusiya Azərbaycan
xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir.
Konstitusiya ölkəmizdə vətəndaşların
hüquq və azadlıqlarının təmin edilməsi,
müstəqil dövlətçiliyimizin qorunub saxlanması,
möhkəmləndirilməsi və demokratik dəyişikliklərin
həyata keçirilməsi üçün hərtərəfli
zəmin və şərait yaradır. Azərbaycanın tarixi
keçmişini, bugünkü reallıqlarını və gələcək
inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri
və milli dəyərlərə söykənməsi
Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir".
Hakimiyyətin
yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin
bütövlüyünün qorunması, insan hüquq və
azadlıqlarının dövlətin ali məqsədi olaraq bəyan
edilməsi kimi hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğuna imkan verən ideyaların
Konstitusiyasının əsasında dayanması ölkəmizin
bu ali sənədinin son dərəcə mütərəqqi
olmasının əsas xüsusiyyətləridir. Əsas Qanun
ənənəvi hüquqi dövlət ideyalarını
özündə ehtiva etməklə yanaşı, bu
ideyaların inkişaf meyillərini də nəzərə
alıb, onları özünəməxsus milli dəyərlər
və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirib.
Ümumilikdə isə Azərbaycan Konstitusiyasının
hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və
vətəndaş hüquqlarının və
azadlıqlarının təminatı məramı dayanır.
Bu mənada təsadüfi deyil ki, insan şəxsiyyətinin
toxunulmazlığı, onun həyat və
sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin
təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan
Konstitusiyasının başlıca mahiyyətini təşkil
edir. 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan
Konstitusiyasında insan hüquq və azadlıqlarına
geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına
sadiqliyinin göstəricisidir.
Konstitusiya da, digər
qanunlar kimi, ehkam deyil, o da bir canlı orqanizm kimi daim
inkişafda olmalıdır. Bu baxımdan ona müəyyən
vaxtlarda dəyişikliklər edilməsi, müasir tələblərə
uyğunlaşdırılması bütün dövlətlər
üçün səciyyəvi haldır. Çünki
normativ-hüquqi aktlardan, qanunlardan daha üstün hüquqi
qüvvəyə malik olan, cəmiyyətin hüquq sisteminin əsasını
təşkil edən Konstitusiya xalqın və dövlətin
inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin
zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv
sosial tələbata çevrilən yenilikləri özündə
əks etdirməli, insan və vətəndaş hüquq və
azadlıqlarına daha etibarlı təminat mexanizmləri
formalaşdırmalıdır.
Ölkəmizdə
iki dəfə konstitusiya islahatı həyata keçirilib.
İlk dəfə - 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə
yaranan ehtiyac məhz bütün sahələrdə qabarıq
nəzərə çarpan sürətli inkişafdan irəli
gəlirdi. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi məqsədilə ümumxalq səsverməsi
(referendum) keçirilməsi haqqında" 22 iyun 2002-ci il
tarixli Fərmanına əsasən 2002-ci il avqustun 24-də
keçirilmiş referendumun nəticəsi kimi Konstitusiyaya bir
sıra mütərəqqi dəyişikliklər edildi. Dəyişikliklər
məhkəmə islahatlarının həyata keçirilməsinə,
Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə,
insan hüquq və azadlıqlarının daha səmərəli
müdafiəsinə xidmət etdi.
Ulu öndər
Heydər Əliyevin layiqli davamçısı Prezident
İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının
bütün sahələrində əldə edilən
uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi,
vətəndaş cəmiyyəti institutlarının,
qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi
ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya,
bütövlükdə respublikanın həyatında
özünü qabarıq göstərən fundamental dəyişikliklər
və pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən
bir sıra əlavə və dəyişikliklər edilməsini
gündəmə gətirdi. Başqa sözlə, sürətlə
bir-birini əvəzləyən uğurlar Konstitusiyaya nəzər
salmağı və onu daha da təkmilləşdirməyi zəruri
etdi.
Bu məqsədlə
2009-cu il martın 18-də keçirilən referendum Azərbaycan
xalqının demokratikləşmə və liberallaşmaya
xidmət edən, insan hüquqlarının qorunmasında əlavə
imkanlar açan konstitusiya islahatlarını dəstəklədiyini
təsdiq etdi. Yeni əlavə və dəyişikliklər mahiyyətcə
Konstitusiyanın daha da təkmilləşməsinə, insan və
vətəndaş hüquq və azadlıqları ilə
bağlı prinsipial əhəmiyyətli məsələlərin
bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət
etməklə yanaşı, onun müddəalarının
liberallığı, demokratik səciyyə daşıması
ilə seçildi. Respublikamızda sosial-iqtisadi inkişafa
paralel şəkildə hüquqi və siyasi islahatların da
genişləndirilməsinə təminat yaradan konstitusiya
islahatı həm də xalqın hakimiyyətə olan
inamının bariz təcəssümü kimi diqqəti
çəkdi. Bütövlükdə isə referenduma
çıxarılan məsələlərin xalq tərəfindən
dəstəklənməsi göstərdi ki, ölkəmizin
nailiyyətlərini gündəlik həyatında hiss edən,
respublikanın əldə etdiyi uğurlarla qürur duyan
xalqımız daha təminatlı gələcəyə,
yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə
aparan mövcud siyasi kursa alternativ görmür.
Bu isə o deməkdir ki, 17 il öncə
ölkəmizdə yüksək səviyyəli
Konstitusiyanın qəbul olunması təsadüfi olmayıb
xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin
və keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi
idi. Elə buna görə də Azərbaycan Konstitusiyası ümumbəşəri
dəyərlərə və mütərəqqi milli ənənələrə
söykənərək bugünün reallıqlarını,
dövlətimizin və cəmiyyətimizin inkişaf
perspektivlərini, xalqımızın sülhə, tərəqqiyə,
bəşəriyyətin sivil inkişafına öz töhfəsini
bəxş etmək əzmini və iradəsini özündə
əks etdirir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2012.-
13 noyabr.- S.7.